«O böyürtkən kolu tutur adamın
yaxasından...»
Musa
Yaqub: “Bəlkə də qara daşın altındakı
toxumları cücərtməyə ümidlərimizin
gücü yetər...”
“Yol gözləmə dəyirmanım,
Yolun bura gəlməz daha.
Çuval-çuval qızıl dənin
Dolub bura gəlməz daha...”
Bu dünyanın qara daşını dilinə gətirib daşa dönən bəxtimizi bizə sevdirən, inamımıza işıq tutan bir şair var: Musa Yaqub.
Başdan-ayağa torpaq qoxuyan, Vətən
qoxuyan yaradıcılığıyla illərdir şeirləri-dildən
dilə dolaşan Musa müəllimdən ustad
düşüncələri almaq istədik. İstədik bilək
ki, bu qədər cılızlaşmağımıza səbəb
nədi? Axı, bizim ədəbiyyatın bir nümunəsinin
bircə cümləsinin gücü yetər bizi millət
olaraq bəzi duyğulardan arındırmağa. O halda...
-Musa müəllim, siz təbiətə
daha çox istinad edən şairlərimizdənsiniz. Nə
düşünürsüz, göyərəcəkmi bu
dünyanın “qara daşı”?
-Daş, dəyirman, ağac... bunlar mənim
obrazlarımdır. O
qara daş əslində insan taleyidi. Göyərməyəcək,
mümkün də deyil. O elə bir daşdı ki, nə qədər
ümidlə göyərtsən belə, göyərməyəcək.
Amma insanın ümidi özünə yetər. O qara
daşı danışdıran da, göyərdən də,
onu taleyinə yazan da elə insan özüdür. Heç
eşitmisən deyir, ürəyimə daş
bağlamışam? Yəni o ağırlıq həmişə
səninlə gedəcək. Bu, ömürdü,
gündü. Onu biz göyərdə bilərik, ümidimizdə,
taleyimizdə, yeni məhəbbətimizdə. Bəlkə
özümüzünkü olmaz amma
balalarımızınkı olar. Bəlkə də qara
daşın altında olan toxumları cücərtməyə
ümidlərimizin gücü yetər. Belə bir şeir var,
bir qara daş gəlib düşür çəmənə,
o çiçəklər göyərib, qara daşı
itirir. Demək ki, o daş göyərmədi amma o çəmən
göyərdi.
-Bu o deməkdimi ki, şair ümidini
insanlardan üzüb, daşa, kəsəyə, ota, yarpağa
tutub üzünü?
-Düzdü,
yorulub ümidimiz, yeriyə bilmir. Amma ümid də sevgi
kimidir, heç bitmir. Necə ki, başqa şeylər hədərdi,
dünyanın ömrü EŞQin yaşamağı qədərdi.
Belə olduğu üçün ümid də həmişə
olacaq. Zəif olur, ardınca çatmadıqlarımız
olur, amma ölmür ümidlər. Sən gedib çata bilməsən
də kimsə yetişəcək ona. Ümidin özü də,
insanın yaşayış tərzindən, cəmiyyətdən,
mühitdən asılıdır. Çünki insanların
içərisindən keçir. Siz bir baxın, bu
yaxınlarda bahar bayramını keçirəcəyik. Bu təbiətin
bayramı deyilmi? Birdən-birə düşünün ki, yaz
gəlir, amma ağacların heç biri çiçək
açmır, yarpaq göyərmir. Görün, biz nə hala
gələrik, tale bizi nə qədər bədbəxt eləyə
bilər? Ümid də beləcə, zəifləyə bilər
amma cəmiyyətin içindən, təbiətin içindən
keçən ümid həmişə göyərməlidir.
-Bütün Azərbaycan xalqı
sizin siyasi keçmişinizi də, bu gününüzü də
bilir. Onu da bilir ki, nə olur-olsun, Musa müəllim həmişə
haqqın, ədalətin tərəfində olub. Bu cür
olmaq, bu cür yaşamağı bacarmaq çoxmu çətindir?
Musa müəllim yorulubmu?
- Yorulub.
Admın ümidi daşa vurulanda yorulur. Cəmiyyətdə elə
işlər görürəm, insanların yanında heç
nə tapa bilmirəm, ağaclara, meşəyə, daşa,
suya meyl edirəm, onlarla danışıram. İnsan öz sifətini
saxlaya bilsə onlarla danışarsan da, niyə təbiətlə
danışasan ki, axı təbiət dil bilmir. Yenə insan
insanı, ürək ürəyi duymalıdır.
Düzdür, bəzən bunlar payimal olur, həmişə
belə olur cəmiyyətdə, ümid bölünür,
yenidən dünyaya gəlir. Mən də bəzi şeylərdən
əlbəttə ki, yorulmuşam. Mən bunu yenə misal
çəkəcəyəm, məhərrəm ayı gəlir,
imamlar üçün zəncir vurub ağlayırlar, bunlar
haqq yolunda, Allah yolunda ömürlərini fəda eləyiblər
deyə. Digər yandan da müsəlman ölkələrində
bir-birilərini qırıb tökürlər. Bəs o yas
saxlamağımız nəyə dəydi? Bunlar bir-birinə əksdi.
İnsanın özünün-özünə qulaq
asmamağıdı. Bu, ümidin ölümüdü,
günahın böyüklüyüdür. Fərqindəsinizmi,
cəmiyyətdə qəzəb böyüyür, yumruq
böyüyür, silahlar böyüyür, tamah
böyüyüb, qol-qanad açır. Bunlar
böyüdükcə də SAVAB azalır, ÜMİD
azalır, insanlar öz sifətini itirir. Bunları görmək
təbi ki, adamı yorur.
-Hara fırlanır “Dövrün dəyirmanı”?
-O dəyirman
yaxşı ki, yol getmir, fırlanır. Dəyirman çox
müqəddəsdir, mən onun ayağına heç bir
günah yaza bilmərəm. Sadəcə dabanını
qaldırmaq olur onun, kimin üçünsə
üyütdüyü buğdanın ununu göyə sovurur, bəzilərinin
suyunu kəsir, bəziləri daşını əngəlləyir.
O da insanların əlindədir. Amma dəyirman halallıq
sevir. “Şahab” (şahidsiz götürülən dəyirmançı
haqqı) götürəndə haqqına götürməlidir,
yarılığa yox. Bu gün insanlara inanmaq olmur. Vaxt
vardı dəyirmançıya inanırdılar ki, o dəyirmançı
ömründə günah eləməz, heç kimin
haqqını yeməz. İndi günah o qədər
böyüyüb ki, dəyirmançının şahabı
bunların yanında heç nədir. Bu mənada
dövrün dəyirmanı yol gedir, fırlanır, onun da
fırlanğıcında çox qəbahətlər
dünyaya gətirir.
Elə bu
niyyətlə kitabımın adını belə qoydum. Br az
fəlsəfi mənada cəmiyyətə həsr olunmuş
şeirlərimi toplamışam. Dövrün dəyirmanı
cəmiyyətdi:
“Nə
hal varsa təbiətdə,
Onu
gördüm cəmiyyətdə”
Cəmiyyətdə
də var, təbiətdə də. Onun hasilatını biz dəyirmana
salırıq, hasil eləyib insan ruzisini qazanırıq. O
şeirlərdə də öz hisslərim, duyğularım
var. Keçmiş şeirlərimi oxuyub görürəm dərd
yenə həmin dərddi. Bu mənada ağır söhbətlər
keçir ürəyimdən bu da məni ümidsizliyə
aparır. Ümidsiz yaşamaq da mümkün deyil, axı. Ədaləti
hər yerdə qorumaq lazımdır. Bizim şairlərin də
işi nədi? Şairlik, yazıçılıq
özü-özü ilə danışmaqdı, etirafdı.
Ürəyindəki ən kövrək hisslərini tərənnüm
edir. Sən qəzəbli ürəklə nə yaza bilərsən?
Dünyanın gözəlliyinə, elə bircə dəfə
qürub yerinə baxanda o gözəllik səni alıb
aparır:
“Ürəyimin
küncündə bir hüzün var,
Lap kəpənək
gücündə bir hüzün var,
Bu
axşamın içində bir hüzün var,
Bu
axşamı özüm üçün yaratdım...”
Hüzünü
də, yaxşı mühiti də, bütövlükdə
dünyamızı da özümüz yaradırıq. Cəmiyyət
nə qədər saf olsa, gözəl olsa o gözəl hisslər
də elə bizimlə yürüyəcək. Belə olmasa o
da yorulub yolda qalacaq. Həm cəmiyyətdə, həm məhəbbətdə,
həm kəmiyyətdə bu məhəbbət şeirlərini
yazdıranlar var. Bu birinci növbədə anadan olduğum
torpaqdan gəlir. Amma insanların sifətini görəndən
sonra bu sevgini bir-birinin sifətinə
köçürmüşəm. O məhəbbəti də,
sədaqəti də, o palıd vüqarını da...
“O qədər
qoşalar var dünyada,
Özü
qoşa ola-ola tənhadı...”
Çinarlar
həmişə yola çıxır, tənhalığını
basdırmaq üçün... Bu da insanın özündən
asılıdır. Ailə məsələsində bəzən
nəsihət edirlər, qanuna salırlar. Bunu necə eəd
bilərsən ki, insanın bircə baxışının
min qanunu var. O məhəbbət dünyasına gərək xəyanət
qatmayasan.
Mənəvi
dünyamız korlanıb. Biz məhəbbəti də,
şeiri də kitabı da saldıq bazara. Mənəviyyat
aşınıb gedir. Hər şeyə xeyir gətirmək
gözü ilə baxırıq. Belə olmaz. Axı, ruhu
bazara salmazlar...
- Azərbaycanın
daşından, kəsəyindən, torpağından, o ANA
qoxan yerlərindən qopub gəlib Bakıda bu qədər
kiçilməyimizə gətirən səbəb nədir?
Bizim axı, mayamız, tamdı, bötüvdü...
-Mənim
həmişə yadıma düşür, o müəllimlikdən
çıxıb gəlib burda işləməyim. Sonra yenə
qayıtdım amma, qoy bunu da təbiətlə deyim:
“Uğurlu
günədir, niyyətim, yolum,
Gələrəm,
gəlmərəm, bağışla məni.
Tutdun ətəyimdən
böyürtkən kolum,
Yox, qala
bilmərəm, bağışla məni...”
Doğrudan
da, o böyürtkən kolu tutur adamın yaxasından ki, getmə
bu təmizlikdən, hara gedirsən? Amma dünya inkişaf elədikcə
sən də mütləq o axına qoşulmaq məcburiyyətində
qalırsan. Əgər belə olmazsa sənə qeyri-adi
baxacaqlar.
“Daha izim
qalmaz çaylaq daşında,
Sel oynar
üstündən, daş atar məni,
O köhnə
dərdlərim bağrım başında,
Sızlaya-sızlaya
yaşadar məni...”
O
sızıltılar o qədər xoşdu, gözəldi ki, səni
yaşadır. Axı, məhəbbətdən gəlir. Amma zərbə,
insanı duymamaq məhv edir. Təəssüflər olsun ki,
bizdə zərbələr məhəbbətdən
güclüdür, düşünülməzdir.
-Son günlər cərəyan eləyən
hadisələr göstərdi ki, bizim o sapı
özümüzdən olan baltalar, əllərinə imkan
keçən kimi, ilk zərbəni elə özümüzə
vururlar. Buna səbəb nədir?
-Əslində
insanlar bir-birinə yaxşılıq üçün
yaranıb. Gör neçə yüzillərdir ki, Quran oxunur,
nəsihətlər verilir, peyğəmbərin hədisləri
deyilir, hamı da bununla razılaşır. Amma qurtaran kimi də
yaddan çıxır gedir. Qəbiristana gedirsən ürəyin
kövrəlir, düşünürsən ki, bu
qırğın-qiyamət nəyə lazımdır, axı,
hamımızın gələcəyi yer buradır. Ordan
çıxan kimi hər şey unudulur. İnsanlara şeirlə
deyirsən, şeiri eşitmir, mehirlə deyirsən, mehri
eşitmir, xeyirlə deyirsən, xeyiri eşitmir. Elə bil ki,
insanlar eşidilməz qalır. Bax, min ildi toxumda təmizlik
gedir. Amma yenə də içində var. Çünki alaqla
da şərikdi dünya. Bir əli də alağa qulluq eləyir.
Necə ki, şeytan da mütləq öz işi ilə məşğuldur,
o öz niyyətini yerinə yetirir, insan öz niyyətini.
Gülün yanında tikan olduğu kimi. Yəqin bu dünya fəlsəfəsidir.
Amma şər xeyiri üstələyəndə bu bizə əzab
olur.
Mən həmişə
bunu misal çəkirəm, hələ uşaq vaxtndan bir əhvalat
yadımdadı. Dağıstandan bir kumık gəlmişdi kəndimizə,
qalayçılıq eləyirdi. Deyirdi ki, “mən bu Azərbaycana
gəldi, yaman “bij” luxlar öyrəndi, yaman “bij”luxlar...”. Hələ
o vaxt adi bir kənddə o bunları öyrənmişdi, indi
kəndlər böyüyüb, maşınlar çoxalıb.
İnsanlar sıxlaşıb, vəzifəbazlıq
yarandıqca, sahibkarlığın tamahı döndükcə
bir-birini inkar eləmək daha da böyüyür. Bəlkə
də yenə bu da cəmiyyətin məsələlərindən
asılıdır.
-Oxucularımıza bir ustad nəsihəti
verəkmi?
-Çox
deyirlər ki, mənəviyyat gözdən düşüb,
kitab oxunmur. Doğrudur, bu gün texnika o qədər
çoxalıb ki, kitaba bir az tələbat azalıb. Amma mən
insanlardan, şeirsevərlərdən çox inamlı və
razıyam. Ona görə ki, harda olur-olsun, fikirlər
eşidirəm, yoldaşlardan, dostlardan, gənclərdən.
Öz-özümə deyirəm ki, bunların işi-peşəsi
yoxdumu, doğrudan bunlar məni oxuyurlar? Vaxtları
hardandır? Bir də görürəm şeirlərim
onların dilində yeriyir, gedir. Mən oxuculardan narazı
deyiləm. Heç vaxt xalqdan, eldən narazı olmaq olmaz.
Heç belə bir narazılığım da yoxdur. Əsl
şeirlər öz yerini tutur. Təki şeirciklər
tünlük yaratmasın o halda əsl şeirlər daha
aydın görünər.
-Bə
bizim şeir payımız hanı? Heç şairdən də
şeir payı almamış ayrılarlarmı?
-Gəlin
yenə təbətdən deyim:
Burda hər
meşənin min cür ağacı,
Burda hər
ağacın yamyaşıl tacı.
Burda hər tac üstə sarmaşıq saçı,
Hər saçın küləkdən darağı vardır.
Burda hər budağın şeyda bülbülü,
Burda hər bülbülün qönçə bir gülü,
Burda hər qönçənin yaşıl bir tülü,
Hər tülün xırdaca saçağı vardır.
Burda hər yamacın çiçəkdir daşı,
Burda çiçəklərin şehdir göz yaşı;
Burda şeh damlası bir üzük qaşı,
Hər qaşın qızılı qurşağı vardır.
Burda sərər düzə lalələr xalı,
Burda hər xalının qara bir xalı…
Hər xalda şirin bir şair xəyalı,
Burda hər xəyalın oylağı vardır.
Burda qayaların daşdır suvağı,
Burda hər daş üstə qartal caynağı,
Caynaqlı hər daşın bir buz bulağı,
Burda hər bulağın qonağı vardır,
Harda bu
saydığım gözəllik olsa,
Orda Azərbaycan
torpağı vardır!!!
-Siz həmişə
var olun, Musa müəllim!!!
Nigar İsfəndiyarqızı
Kaspi.-2013.-2-4 mart.-S.15.