Piri babanın nağılları
Kino sənətkarlarımız
Xalqımızın sevimli sənətkarı,
Azərbaycanın xalq artisti, respublika komsomolu mükafatı
laureatı Hüseynağa Ələsgər oğlu
Sadıqov. İstər teatr və kinonun, istərsə də
radio və televiziyanın tarixinin müəyyən səhifələri
bu görkəmli sənətkarın adı ilə
qırılmaz tellərlə bağlıdır.
Vəfatından
bir il əvvəl, 1982-ci ildə Kürdəmir şəhərində
rejissor T.Tağızadənin “Babamızın babasının
babası” kinokomediyasının ilk baxışını
keçirirdik. Şəhərin yay kinoteatrı
ağzınacan adamla dolu idi. Kürdəmir zəhmətkeşləri
filmin yaradıcı heyətinin hər bir üzvünün
çıxışına maraqla qulaq asırdılar. Söz
qocaman aktyor Hüseynağa Sadıqova veriləndə salonda
oturanlar öz sevinclərini açıq-aşkar bildirir, “Piri
babadır”, “Xoruz babadır”, “Cəbidir” nidaları
eşidilirdi. O, kürsüyə qalxıb
tamaşaçılara film üzərindəki işindən
danışdı, duzlu-məzəli əhvalatlar söylədi.
Elə o anlarda kənarda durub onu dinləyərkən ürəyimdən
belə bir arzu keçdi: Bakıya qayıdandan sonra onun
haqqında bir məqalə yazım. Uzun illər keçsə
də bu arzumu həyata keçirirəm. Amma təəssüf
ki, özü aramızda yoxdur.
Hüseynağa
Sadıqov 1914-cü ilin ən gözəl günlərindən
birində – Novruz bayramı günü - martın 21-də
Bakıda dünyaya göz açmış, atası tacir Ələsgərin,
babası Sadıq kişinin ailəsinə bir ümman sevinc bəxş
etmişdi. Ata Ələsgər uşağın adını
Hüseynağa qoydu və bir gün uşağa diqqətlə
baxıb dedi: “Adını biz verdik, taleyini Tanrı versin!”
Valideynlərinin
xeyir-duası ilə böyüyən balaca
Hüseynağanın 6 yaşı olanda anası onu teatra
aparır. Tamaşa uşağa o qədər təsir edir ki,
anası onu sakitləşdirib deyir: “Ay bala, bu teatrdır, səhnədəkilər
də aktyorlardır. Bu oyundur!” Bu söhbəti eşidən
ata isə teatr haqqında başqa cürə
düşünür: “Yox, tamaşa oyun deyil. Bu həyatdır.
Onlar oynayanda yaşayırlar”.
Beləliklə,
Hüseynağa hələ yeniyetmə vaxtlarından
özü üçün yəqin edir ki, teatr həyatdır.
Həqiqətən
də, hər şeydən əvvəl, hər bir
tamaşaçı tamaşada və ya filmdə
özünü görür. Çünki
tamaşaçı hər hansı hadisəni öz həyat
prizmasından keçirir və başa düşür ki,
gördüyü hadisələr hər kəsin başına
gələ bilər. Ona görə də tamaşaçı
gördüyü hadisə ilə qarşılaşmamaq
üçün özü qərar verməli olur.
H.Sadıqov bütün bunları çox yaxşı
başa düşür, teatrda işləyəndə
yaratdığı obrazlara canını qoyurdu.
Qayıdaq
bir qədər geriyə. Hüseynağa orta məktəbi
bitirəndən sonra Bakıdakı teatr texnikumuna daxil olur. O,
burada kimləri görür, kimlərlə tanış olur:
dramaturq C.Cabbarlı, rejissor A.Tuqanov, rejissor və aktyorlardan
R.Təhmasib, İ.Hidayətzadə, aktyor A.D.Qurbanov və
başqaları gənc tələbəni heyran edirlər.
1997-ci
ildə gənc Bakıdakı Dənizçilər Mədəniyyət
Evində “Fırtına” adlı tamaşada rol alır. Bundan
sonra Hüseynağa Bakı Uşaq Teatrında fəaliyyət
göstərməyə başlayır. 1928-ci ildə
yaradılmış bu teatr sonralar Azərbaycan Gənc Tamaşaçılar
Teatrı adlandırılmışdır.
Vaxtilə
H.Sadıqovun həmkarı, yaxın dostlarından biri
olmuş qocaman aktyor Məmmədağa Dadaşovdan
aldığım müsahibədən bir parçanı
oxucuların diqqətinə çatdırıram:
“Hüseynağa bizim Gənc Tamaşaçılar
Teatrının yaradıcılarından biri olmuşdur. O,
bizim teatra 1930-cu ildə gəlmişdir. Onun boyu balaca,
özü də arıq idi. Akrobatik hərəkətləri
də çox ustalıqla yerinə yetirirdi. Hüseynağaya
uşaq rolları tapşırılırdı. Bundan başqa
o, alleqorik- ayı, meymun, div rollarında da müvəffəqiyyətlə
çıxış edirdi. Cəsarətlə deyə bilərəm
ki, respublikamızda alleqorik rolların ən mahir
ifaçısı məhz Hüseyağa Sadıqov
olmuşdur. Təsadüfi deyil ki, bir çox animasiya filmlərinin
əsas personajlarını mərhum sənətkar
ustalıqla səsləndirmişdir.
Onun
Gənc Tamaşaçılar Teatrının səhnəsində
yaratdığı komik və xarakterik rollar
teatrımızın tarixində həmişə özünə
layiq yer tutacaqdır.”
Görkəmli
tragik aktyor Abbas Mirzə Şərifzadənin gənclər
arasından seçdiyi və onun xeyir-duası ilə teatra gələn
H.Sadıqov ömrünün sonuna kimi teatrdan ayrılmadı.
O, 50 il bu sənət ocağında fəaliyyət göstərdi.
Düzdür, arada fasilə də oldu. Böyük Vətən
müharibəsi başlananda Hüseynağa Sadıqov da cəbhəyə
getdi. O, odlu, alovlu cəbhə yollarından keçərək
Berlinə qədər gedib çıxdı. Aktyor müharibə
illərini xatırlayaraq müsahibələrinin birində
demişdi: “Aktyorun cəbhəyə getməsi
döyüşçülərin qələbə arzusunu
daha da artırır. Mən də onları
ruhlandırırdım.” Cəbhədə sakitlik yarananda əsgərlərin
əhval-ruhiyyəsini qaldırmağa
çalışırdı. Əsgərlərin arasından
bacarıqlı olanları seçib kiçik səhnələr
qurur, döyüşçülərin əhvalına xoş
dəqiqələr bəxş edirdi. Ona görə də cəbhədə
sakitlik olanda hamı Hüseynağanı axtarırdı.
H.Sadıqov
cəbhə yollarında iki dəfə yaralanmış,
hospitala düşmüşdü. Lakin sağalandan sonra yenidən
cəbhəyə yollanmışdı.
H.Sadıqov
cəsur adam idi. O, həyatı çox sevir və onu qiymətləndirirdi.
Aktyorun qızı Tamilla xanımın dediklərindən:
“Atam danışırdı ki, müharibə qurtaranda,
SSRİ qələbəni elan edəndən sonra Almaniyada o,
alman əsgəri ilə üz-üzə gəlir. Hər
ikisi avtomatını bir-birinə tuşlayır. Bir neçə
saniyə onlar bir-birinin gözünə baxırlar.
Sonra
eyni vaxtda silahı aşağı salırlar. Cəmisi bir
neçə an keçməsinə baxmayaraq atama elə gəlir
ki, onun gözləri qarşısından bütün həyatı
gəlib keçir. “Biz hər ikimiz başa düşdük
ki, ölüm mənasız bir şeydir! Bir-birimizi
öldürməyin mənası yoxdur. Axı, heç kim
ölmək istəmirdi... Və atam həmin an bir daha başa
düşdü ki, müharibə ən qorxulu bir şeydir.”
H.Sadıqov
yalnız 1946-cı ildə doğma Bakıya qayıtdı. Və
qayıdan kimi də teatrda fəaliyyətini davam etdirməyə
başladı. Onun yaradıcılıq fəaliyyəti
çoxşaxəli idi. O, teatrda 100-dən artıq
tamaşada müxtəlif səpgili rollarda
çıxış etmişdir. Xasay, Eloğlu (“Xasay”,
“Eloğlu”), Mirzə Qoşunəli (“Bəxtsiz cavan”), Murad
(“Partizan Məmməd”), Jeront (“Skapenin kələkləri”),
Truffaldino (“İki ağanın bir nökəri”), Mirpaşa
(“Komsomol poeması”), Cəbi (“Hacı Qəmbər”), Səlim
(“Anacan”) aktyorun teatrda yaratdığı maraqlı
obrazlardır.
O,
teatrda işləməklə yanaşı, kinoya da çəkilirdi.
Aktyorun kino fəaliyyəti onun
yaradıcılığının bütöv bir qolunu təşkil
edir. Biz ilk dəfə onu rejissor H.Seyidbəylinin 1962-ci ildə
çəkdiyi “Telefonçu qız” filmində kiçik bir
epizodda – təhlükəsizlik mühəndisi rolunda
gördük. Onun ikinci rolu rejissor Ə.Atakişiyevin
1964-cü ildə yaratdığı “Sehirli xalat” fantastik macəra
filmində oldu. O, bu filmdə yaltaq vəzir rolunda çəkilmişdir.
Məşhur
illüzioist İo-Kionun köməkliyi ilə uşaqlar
keçmişə və gələcəyə səyahət
edirlər. Rəşid adlı pioner oğlan keçmişdə
olarkən xanın sarayına düşür. Burada ədalətsiz
bir hadisənin şahidi olur. Vəzir– H.Sadıqov
günahsız kəndliləri cinayətkar kimi qələmə
verir. Bu vaxt pioneri görcək ona yaltaqlanır: “Xoş gəlmisən,
səfa gətirmisən, ya cin, qədəmlərin mübarək.”.
“Sehirli
xalat” filmində H.Sadıqov vəziyyətlə bağlı
haldan-hala düşən, gah əzazil, gah da qorxaq və yaltaq
olan vəzirin surətini məharətlə
yaratmışdır.
O,
başqa bir filmdə də buna oxşar vəzir rolunda
oynayıb. Bu barədə
bir qədər sonra.
Bundan
sonra Hüseynağa Sadıqov “Yenilməz batalyon” tarixi-inqilabi
filmində özünün xasiyyətinə, rəftarına,
təbiətinə xas olmayan bir obraz yaratdı.
Görünür rejissor H.Seyidzadə bu həlim və
mülayim xasiyyətli aktyorun nələrə qadir olduğunu
hiss edirmiş.
Bu filmdə
çar hökuməti tərəfindən o vaxt ucqar hesab
olunan Azərbaycanın kiçik şəhəri Zaqatalaya
sürgün edilmiş “Potyomkin” zirehli gəmisinin üsyankar
matroslarının başlarına gətirilən müsibətlərdən
danışılır. Filmdə H.Sadıqov çar ordusunun əsgəri-feldfebel
rolunda çəkilmişdir.
Bu obrazla
bağlı aktyor Məmmədağa Dadaşovun da fikirləri
maraqlıdır: “Biz həmkarları onu “Yenilməz batalyon”
filmində görəndə doğrusu bir qədər təəccübləndik.
Çünki teatrda formalaşmış bir aktyor
üçün kinoya çəkilmək o qədər də
sadə məsələ deyil. Amma Hüseynağa kinonun qanunlarını
elə sürətlə mənimsəmişdi ki, ekranda əsl
təcrübəli kino aktyoru təsiri
bağışlayırdı. Onun ifa etdiyi çar ordusunun
feldfebeli nə qədər inandırıcı və təbii
alınmışdı. Təbiətcə çox mülayim
və xeyirxah insan olan Hüseynağa bu rolda necə də əzazil
və qəddar idi.
Biz
dostları, həmkarları onun kinoda yaratdığı hər
bir yeni işi ilə maraqlanır, uğurlarına sevinirdik.”
70-ci illərdə
H.Sadıqovun kino yaradıcılığı daha məhsuldar
olmuşdur. O, 1970-ci ildə rejissor H.Seyidbəylinin “O
qızı tapın” detektiv filmində dalandar, rejissor
T.Tağızadənin “Yeddi oğul istərəm”
tarixi-inqilabi filmdə Novruz bayramında camaatı şənliyə
çağıran Kosa, 1975-ci ildə rejissor Ş.Mahmudbəyovun
lentə aldığı “Dörd bazar günü” televiziya
filmində Əsəd dayı, rejissor A.Babayevin “Alma almaya bənzər”
kinokomediyasında Nadir baba, rejissor R.Ocaqovun 1977-ci ildə
yaratdığı “Ad günü” televiziya filmində Əlinin
atası, rejissor C.Fərəcovun 1978-ci ildə istehsal etdiyi
“Arvadım mənim, uşaqlarım mənim” novellasında kənd
sovetinin sədri rollarında çıxış etmiş, bəziləri
epizodik olsa da bir-birindən maraqlı surətlər
yaratmışdır.
H.Sadıqov
“O qızı tapın” filmində kiçik epizodik rolda
çıxış edir. Lakin onun dalandarı digər iri
rollarla birgə yadda qalır, filmin süjeti ilə
bağlanır. Rejissor A.İsgəndərov H.Sadıqovun
kinoda oynadığı epizodik rollarla bağlı demişdir:
“Balaca rolları oynamaq daha çətindir. Aktyorda
böyük istedad, məharət gərəkdir ki, epizodik
ifalar əsərə “yamaq” olmasın. Bu baxımdan
Hüseynağanın ifaları diqqətəlayiqdir.”
“Alma
almaya bənzər” lirik kinokomediyası ömrü boyu
bağbanlıq edən və nəhayət tumsuz alma
yetişdirməyə nail olan Nadir babanın başına gələn
əhvalatlardan bəhs edir. Əslində film Nadir babanın gərgin
zəhmətindən söz açmaqla insanları
düzlüyə, bir-birinə hörmət etməyə
çağırır, xoşbəxtliyin yalnız halal zəhmətdə
olduğunu göstərir.
1981-ci ildə
çəkilmiş “Babamızın babasının babası”
kinokomediyası insan taleyi barəsindədir. Rejissor
T.Tağızadə bu filmi çəkərkən baş rola
– Əziz baba roluna tərəddüd etmədən
Hüseynağa Sadıqovu dəvət etmişdi.
Azərbaycan
kəndlərinin birində uzun ömür sürmüş Əziz
baba yaşayır. Bütün kənd onun qohumu olmasına
baxmayaraq, heç kim qocanın yaşını dəqiq
bilmir. O, kolxozun qoyunlarını otarır, hərdən
ötüb keçənləri – başına gələn əhvalatları
xatırlayır, ilk məhəbbətini yada salır.
Əziz
baba dağlar, məhəbbət qədər əbədidir.
160 yaşlı qoca filmdə məhəbbət və əbədilik
ideyalarının daşıyıcısı kimi göstərilmişdir.
Tamaşaçılar Əziz babanı üç zaman kəsiyində
görürlər. Birincisi, balaca Əziz özündən
xeyli böyük olan gənc qız Zeynəbə vurulur. Bir
müddət keçir, Zeynəb ərə gedir. Əziz
uşaq olsa da onun ərə getməsindən məyus olur,
qanı qaralır. İkincisi, çoban Əziz artıq
böyüyüb. Onun Zeynəb adlı sevgilisi var. Lakin
günlərin birində bəy oğlu Cəfər Zeynəbi
zorla qaçırır, Əziz tək qalır.
Üçüncüsü, qoca Əziz başqasına, yəni
vəzifəli şəxsin oğluna zorla ərə verilən
gənc Zeynəbi toy günü atın tərkinə alıb
dağlara üz tutur və qızı qaçırır.
Zeynəb Əziz babanın nəvəsinə ərə gedir.
Əziz baba özünə qismət olmadıqlarını nəvəsində
gördüyü üçün xoşbəxt olur.
İstər
“Alma almaya bənzər”, istərsə də “Babamızın
babasının babası” filmləri o qədər uğurlu
alınmasa da bu kinokomediyalarda görkəmli aktyorumuzun ifa
etdiyi ekran rolları diqqətdən yayınmır. Bu filmlərdə
H.Sadıqovun qəhrəmanları təmiz qəlbli, xeyirxah,
namuslu insanlardır. Onlar üçün zəhmət, qeyrət,
namus hər şeydən ucadır. Nadir baba da, Əziz baba da
pis əməllərlə məşğul olanlara, öz
xoşbəxtliyini başqasının hesabına qurmaq istəyənlərə,
gözdən pərdə asanlara, yaltaq, acgöz və
qoluzorlulra qarşı mübarizə aparır, haqq işinin
qalib gələcəyinə inanırlar.
Əziz
baba ilə Nadir babanın hərəkətlərində nə
qədər şuxluq və oynaqlıq vardır, bu obrazlarda
yumor hissi, koloriti çox güclüdür. Ən
başlıcası, bu babalara baxanda inanırsan ki, onlar azərbaycanlıdırlar.
Onlar bizim babalarımızın ən gözəl insani keyfiyyətlərini
özlərində əks erdirmişlər.
Hüseynağa
Sadıqov kinoda vəzir rolunda iki dəfə
çıxış etmiş, hər ikisi də
tamaşaçıların yaddaşında
qalmışdır. “Sehirli xalat” filmindəki yaltaq vəzir barədə
yuxarıda məlumat vermişik.
Aktyor
ikinci dəfə vəzir rolunu, özü də baş vəzir
rolunu M.Qorki adına kinostudiyada 1966-cı ildə rejissor Boris
Rıtsarevin çəkdiyi “Ələddinin sehirli
çırağı” film-nağılında
oynamışdır. Bu rol onu bütün Sovetlər İttifaqında
məşhurlaşdırmışdır. O, bu filmdə məşhur
sovet kino aktyorlarından Aleksandr Fayt, Otar Koberidze və Georgi
Millyarla gözəl aktyor ansamblı yaratmışdır.
Filmdə
çoxlu gürcü aktyorlarının iştirak etməsinə
baxmayaraq bu nağıl şərq nağılıdır.
Çünki bu film məşhur “Min bir gecə”
nağılının əhvalatlarından birinin
ekranlaşdırılmasıdır. H.Sadıxovu bu filmdə
baş vəzir roluna təsdiq etməkdən əlavə həm
də şərq üzrə baş mütəxəssis təyin
etmişdilər.
Filmdə
nağılvari Bağdadı dəqiqliyi ilə göstərmək
lazım idi. Burada nağıldan, Şərq mədəniyyətindən
və onun əsrarəngiz gözəlliyindən söhbət
getsə də, müəlliflər bütün bunları “Ələddinin
sehirli çırağı” filmində parlaq şəkildə
əks etdirə bildikləri üçün film-nağıl
bu gün də maraqla baxılır.
Aktyor
H.Sadıqov teatrda işləməklə, kinoya çəkilməklə
yanaşı radioda və televiziyada da maraqlı tamaşalarda
çıxış edirdi. Tamaşaçıların
yaşlı və orta nəsli məşhur “Piri babanın
nağılları” televiziya verilişini yəqin ki,
yaxşı xatırlayırlar. Bəs Xoruz babanı necə?
Bilirsinizmi, çoxları ona o vaxtlar “Xoruz baba” deyə
müraciət edirdi. H.Sadıqov bu sözə elə
alışmışdı ki, heç kimdən incimirdi.
Ümumiyyətlə,
kino rejissorlarımız H.Sadıqovun sənətindən xəsisliklə
istifadə etmişlər. İncəsənət sahəsində
çalışdığı əlli il ərzində o nə
qədər qəhrəmana ekran həyatı verə bilərdi.
Dramaturqlarımız onun hərtərəfli istedadını
nəzərə alıb, H.Sadıqov üçün
xüsusi kinossenarilər yaza bilərdilər. Əlbəttə,
belə aktyor milli kinomuz üçün çox iş
görə bilərdi. Nə etmək olar, keçənə
güzəşt deyərlər.
H.Sadıqov
uşaq psixologiyasına dərindən bələd olan,
uşaqları sonsuz bir məhəbbətlə sevən bir sənətkar
idi. Səhnə ilə zalda oturan yüzlərlə uşaq
arasında asanlıqla əlaqə yarada bilirdi. Bakıda
olduğu kimi, rayonlarımızda da uşaqlarla keçirilən
görüşlərə məmnuniyyətlə, həm də
təmənnasız gedirdi. Hər yerdə də onu doğma
adam kimi qarşılayır, mehribanlıq göstərirdilər,
tez-tez Piri babanın nağıllarından
danışmasını xahiş edirdilər.
Bəli,
Hüseynağa Sadıqovu böyükdən tutmuş
kiçiyə kimi hamı sevirdi, hamı onun yolunu gözləyirdi.
Vaxtilə Gənc Tamaşaçılar teatrında bir yerdə
çalışmış böyük komik Ə.Ağayev sənət
dostu haqqında belə demişdir: “Həyatda fağır,
lal-dinməz olan Hüseynağanı səhnəyə
çıxanda tanımaq mümkün deyildi. Özü qətiyyən
gülməzdi, güldürərdi. Artıq jest, mimika etməzdi.
Yerişində, duruşunda elə incə detallar, nüanslar
tapardı ki, seyrçiləri ovsuna salardı. Mən sənət
dostumla həmişə fəxr etmişəm.”
H.Sadıqov
isə aktyor sənəti barədə belə deyirdi: “Aktyorluq
çox ağır sənətdir, gərək bütün
rollarını öz ürəyindən keçirəsən”.
Aktyor istər tamaşalarda, istər ekran rollarında, hətta
ifa etdiyi rolların səsləndirilməsində bu fikrə əməl
edirdi. “Ələddinin sehirli çırağı” filmində
rus dilində özü danışır. O, bunu rejissor
B.Rıtsarevin təklifi ilə etmişdi. Bizim filmlərə
gəldikdə isə o, çoxlarının rolunu səsləndirmişdir.
Məsələn. “Bəxtiyar” filmindəki (1955) Yusif, “Qara
Daşlar”dakı Teymur, “Kazbak qutusu”ndakı tələbə Əliyev,
“Böyük dayaq”dakı Nəcəf, “Əmək və
qızılgül”dəki inzibatçı, “Əhməd
haradadır?”dakı Ramiz aktyor H.Sadıqovun ifasında gözəl
səslənir. İstedadlı aktyor “Mozalan” satirik
kinojurnalındakı bir çox personajları da ustalıqla səsləndirmişdir.
Hüseynağa
Sadıqov xalqımızın sevimli sənətkarı idi.
Onun populyarlığı ilə bağlı qızı
Tamilla xanım müsahibələrinin birində maraqlı əhvalat
danışmışdı: “Bu hadisə Bakıda ilk neft sərgilərinin
birində olmuşdu. Bizim kompaniya digərləri ilə birgə
ölkə Prezidenti Heydər Əliyevin gəlişini həyəcanla
gözləyirdi. Budur, Prezident sərgidə
görünür. O, diqqətlə sərgi ilə
tanış olur. Bizim sərgiyə yaxınlaşıb baxanda
birdən iti baxışları ilə mənə nəzər
salıb qadın köməkçisinə nəsə deyir və
gedir. Xeyli vaxtdan sonra mən bu qadına yaxınlaşıb
hörmətli Prezidentin mənim barəmdə nə dediyini
öyrənmək istədim. Sən demə o, məni
tanımışdı və sadəcə olaraq dəqiqləşdirmək
istəyirdi ki, mən “Xoruz babanın” qızıyam ya, yox. Təsəvvürünüzə
gətirməzsiniz ki, mən həmin an hansı hissləri
keçirdim. Sevincimdən ürəyim köksümə
sığmırdı. Möhtərəm Prezident atamı
yaddan çıxarmamışdı. Deməli, atama hörməti
vardı.”
H.Sadıqov
istər ailəsinə, istərsə də işinə və
insanlara münasibətdə çox böyük məsuliyyət
hiss edirdi. O özünü heç vaxt başqalarından
üstün tutmurdu. Hüseynağa müəllim həmişə
deyərdi: “Yadınızda saxlayın, dağa qalxanda təkcə
özünüzü görməklə kifayətlənməyin.
Çünki elə an gəlib çatar ki, sən dağdan
enməli olarsan. Yanında da sənə əl tutan heç kəs
olmaz.”
Görkəmli
sənətkar Hüseynağa Sadıqov, dünya
görmüş bu böyük İnsan başqalarına məsləhət
gördüklərinə ilk növbədə özü əməl
etdiyinə görə otuz il bundan əvvəl dünyasını
dəyişsə də unudulmayıb, yaddan
çıxmayıb, bir aktyor kimi, bir insan kimi həmişə
sevilib, bu gün də sevilir, sabah da seviləcək.
Çünki belə sənətkarlar, belə insanlar
tamaşaçıların qəlbində əbədi
yaşayırlar.
Aydın Kazımzadə,
Azərbaycan Dövlət Mədəniyət
və
İncəsənət
Universitetinin dosenti
Kaspi.-2013.-2-4 mart.-S. 22-23.