Əli bəy Hüseynzadə erməni fitnəkarlığı haqqında 

 

 “Mənə elə gəlir ki, siz erməniləri səkkiz yaşında çox təmiz və günahsız bir qız uşağına bənzədirsiniz... Ermənilər, xüsusən son vəhşilikləri ilə nə qədər əzazil bir millət olduqlarını bizə öz əməlləri ilə isbat etmişlər”.

 

Lord Curron

 

Burada avropalı, həm də xristian bir senatorun fikirlərini ona görə xatırlatdıq ki, mənfur erməni milləti haqqında söylənənlər təkcə türk və müsəlmanların deyil, öz dindaşlarının, dünyanın humanist düşüncəlilərinin münasibətidir! Xocalı qətliamında xüsusilə azyaşlılara qarşı törətdikləri vəhşiliklərə görə bütün yaradılmışlardan fərqləndiklərini sübut etdilər...

“Böyük Ermənistan” yaratmaq xəyalı ilə ruhlanan mənfur ermənilər 1905-1907-ci illərdə azərbaycanlılara qarşı bu dəfə gizli deyil, artıq açıq şəkildə və genişmiqyaslı qanlı aksiyalar həyata keçirməyə başladılar. Özlərinin etdiyi bu vəhşiliklərin açılmasına, ona düzgün hüquqi və siyasi yöndən qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmış, öz uydurma torpaq iddialarını ört-basdır etmişlər. Bu cəhətdən erməni mətbuatı olmazın fitnəkarlıqlarını edir, cinayətkar bir millətin törətdiklərinə haqq qazandırırdı. O zaman erməni naşirlərinə ilk və tutarlı cavab verənlərdən biri də türk dünyasının mücahidi kimi qiymətləndirilən, müstəmləkəçilərin bir əsrdən çox mübarizə apardığı Əli bəy Hüseynzadə idi. O, “Həyat” (1905-1906) qəzeti və “Füyuzat” (1906-1907) dərgisi ilə azərbaycanlıların və ümumiyyətlə, türklərin müdafiəsinə qalxmış, bu ulu xalqın şanlı keçmişini onlara xatırlatmış, düşmənlərimizə qarşı səfərbər olmağa çağırmışdır.

 

“Təcili olaraq Azərbaycan və erməni dillərini bilən senzor təyin edilsin!..”

 

Ə.Hüseynzadə irsinin tanınmış tədqiqatçısı Ofelya Bayramlı yazırdı ki, Qafqaz Senzura Komitəsinin gizli müşaviri A.P.Qakkel erməni xəfiyyələrinin – Kişmişevlərin, Qaraxanovların təkidilə Qafqaz canişini qraf Voronsov-Daşkova göndərdiyi məxfi məruzələrdə “Həyat” qəzetini türkçülük və islamçılığın ifadəçisi kimi qiymətləndirərək onun bağlanmasını tələb etmişdi. Həmin məxfi sənədin dərkənarında isə canişinin bu sözləri yazılmışdır: “Təcili olaraq Azərbaycan və erməni dillərini bilən senzor təyin edilsin. “Həyat”ın sərlövhəsini dəyişmək, “türk” sözünü “Azərbaycan” sözü ilə əvəz etmək zəruridir. Qəzetdə panislamizmin təbliği dözülməzdir”. Ancaq Ə.Hüseynzadə rus və erməni millətçilərinin yasaq etdiyi “türk” və “islam” kəlmələrini nəinki qəzetdən çıxartdı, əksinə, türk adını bir daha təsdiqləmiş oldu.

Ermənilərin Azərbaycanda törətdiyi qətliamlara etiraz səsini qaldıran Ə.Hüseynzadə mənfur xalqın simasız naşirlərinin fitnə-fəsadlarının üstünü açır, haqqı, ədaləti təhrif edənləri lənətləyirdi. Bu böyük azərbaycanlı “Həyat” qəzetinin 1905-ci il 21-ci nömrəsində çap etdirdiyi “Erməni vətəndaşlarımıza tövsiyə və ixtaratımız (xəbərdarlıq)” adlı məqalədə Azərbaycanın çörəyini yeyib ona qənim kəsilən bu nankor məxluqatı yola gətirməyə çalışırdı. Müəllif məqalənin əvvəlində fars dilində bir beyt vermiş və ermənilərin mənfurluğuna bələd olduğundan, onları “əhle-nar”, yəni “cəhənnəm əhli” kimi qiymətləndirmişdir. 1905-ci ildə Bakıda yaradılan “Bakı sülh və nifaq komitəsi” əslində ermənilərin soyqırımı siyasətinin qarşısını almaq məqsədilə təşkil olunmuşdu. Ancaq bunlara baxmayaraq, ermənilər hər hansı bir dincliyə, sülhə olan çağırışlara qətiyyən məhəl qoymurdu. Ə.Hüseynzadə yazırdı: “Erməni üdəbasından bəzisi ittihadi-islam qorxusu saiqəsilə rast gələn qəzetlərə kizb və böhtandan ibarət məqalələr yazdıqları bir zamanda biz:

 

Dövri-islahatdır, sülh və səlah əyyamıdır,

Arkadaşlar, sülh edin, sülh etməyin həngamıdır.

 

beytini ...təfriqi-din və məzhəbi ümumi vətəndaşlarımıza xitabən təkrarlamaqda idik”. Müəllif eyni zamanda görkəmli satirik şair M.Ə.Sabirin məşhur “Beynəlmiləl” şeirinin “Həyat” qəzetində nəşr olunduğunu diqqətə çatdırırıdı. Təəssüfünü dilə gətirirdi ki, erməni mühərrirləri bir dəfə də olsun buna əhəmiyyət vermədilər, bir şeir, bir məqalə yazmadılar. “...bu günədək erməni lisanında çıxan və erməni mürəvvici-əfkarı bulunan qəzetlərə dörd gözlə diqqət etdigimiz halda sədrə şəfa verəcək bir sözə rast gəlmədik”. Böyük türkçü bir şeyi müşahidə edirdi ki, erməni müxbirləri və qəzet naşirləri özlərini “haqlı, insaniyyətli, bigünah və əlhasil məsum bir quzu kibi (Əvvəldə Lord Currondan gətirdiyimiz fikirdə olduğu kimi – F.Y.) göstərməgə, bizi isə bütün bunun əksi-övsaf ilə tövsif etməgə qeyrət ediyorlar, qəzetlərlə, teleqraflarla, ajanslarla Avropanın bir ucundan o biri ucuna, bəlkə ta Amerika və Avstraliyaya qədər o yolda fəryadlar ediyorlar” .

Ə.Hüseynzadənin məqaləsində erməni fitnəkarlığının miqyasını göstərəcək faktlardan biri də o zaman Tiflisdə erməni dilində nəşr olunan “Mşaq” (1872-1920) qəzetində görkəmli publisist və ictimai xadim Əhməd bəy Ağayevlə (1868-1939) bağlı verilən son dərəcə xəyanətkar bir məlumat idi. O mənada ki, fitnəkarlıq yayan bu erməni qəzeti Ə.Ağayevin azərbaycanlıları ermənilərə qarşı təşkilatlandırmaq, “fəsad çıxarmaq” məqsədilə Qarabağa getdiyini yazmışdı. Fikrimizcə, burada da məqsəd görkəmli Azərbaycan ziyalılarını erməni millətçi-qatillərinin hədəfinə çevirmək idi (Necə ki, 1920-ci ildə F.Köçərlini məhv etmişdilər). Və bəlli olduğu kimi, Ə.Ağayev 1905-ci ildə erməni-müsəlman qarşıdurmalarının önlənməsində böyük rol oynamışdı. Bir qədər sonra o, erməni daşnaklarının təhdidlərinə cavab olaraq "Difai" adlı özünümüdafiə təşkilatı yaratmışdı.

 

Panislamizmi yaradan şərqlilər deyil...

 

Ə.Hüseynzadə erməni yazarların və jurnalistlərin pantürkist və panislamizmin guya onlara qarşı yönəldiyini əsas gətirərək bu məfhumlara qarşı nifrət hissi yaratmağına da etiraz edirdi. Erməni naşir Niksosofa bildirirdi ki, “panislamizm ləfzini icad edənlər şərqlilər degil, qərblilərdir... Siz bütün Avropayı təlaşa düşürməklə bizi təhdid etdiginiz üçün biz: - xeyr, əstəğfürullah, qələt etdik” deyə bilmərik. Bir çox müasir tarixçi elə həmin ərəfələrdə ermənilərin törətdiyi vəhşiliklərə diqqət çəkmiş, xalqımızın başına gətirilən müsibətləri arxiv sənədləri əsasında Azərbaycan və dünya ictimaiyyətinə təqdim etmişlər.

 

Erməni kilsəsinin təəssübü

 

“Həyat” qəzetinin 1905-ci il 110-cu nömrəsində çap etdirdiyi “Gəncə və Tiflis vüquatına dair əfkarımız” adlı məqaləsində Ə.Hüseynzadə erməni azğınlığının səbəbini çoxlarından fərqli izah edirdi. O, burada əsas səbəbləri belə qiymətləndirirdi: “Birincisi, bəzi ermənilərin azğınlığı və zəlaləti idi. Ermənilər bir az kəsbi-məarif və sərvət etdiklərindən naşı kibrləndilər, qürur peyda etdilər. Bu qürur bunlara ola bilir ki, ingilislərdən də sirayət etdi... Çünki ermənilər avropalıların cümləsindən ziyadə ingilislər və amerikalılarla alış-verişdə bulunuyorlar... Ermənilər bizdən ziyadə asiyalı olduqları halda başlarına şapka geyməklə və boğazlarına qalstuk taxmaqla özlərini avropalı zənn etdilər... Bu hallarına bir də təsirati-kəlisaiyyə qarışdı... ermənilər aləmi-islamın ortasında bulunduqları halda dini-islamdən qətiyyən bixəbər qalmağa və təəssübi-kəlisaiyyələri son dərəcələrə vardırmağa cəhd və qeyrət ediyorlardı”. İkinci səbəb kimi isə müəllif köhnə üsul-idarənin–çarizmin ermənipərəst, anti-türk mövqeyini göstərirdi. Bu münasibət daşnakları arxayınlaşdırmış, onlar da qanlarındakı vəhşiliklə soydaşlarımızı qırmaqla böyük bir millətin yer üzündən silinməsinə cəhd göstərmişlər.

 

“Bizə fədai lazımdır!..”

 

Bütün bu hücumların daha sonralar da davam edəcəyi təhlükəsini nəzərə alan Ə.Hüseynzadə yazırdı: "Bizə fədai lazımdır! Türk hissiyyatlı, islam etiqadlı, Avropa (müasir) qiyafəli fədai!" Bu fikir füyuzatçı mətbuat orqanları tərəfindən təkmilləşdirildi və "Tazə həyat", "İrşad", "Yeni füyuzat", "Həqiqət", "Tərəqqi", "İqbal", "Sədayi-həqq", "Şəlalə", "Açıq söz", "Bəsirət", "Qurtuluş", "Dirilik", "Azərbaycan", "Övraqi-nəfisə" mətbuat orqanları tərəfindən "Türkləşmək, islamlaşmaq, müasirləşmək" şəklində formulə edilərək təbliğ olundu...

Ümumiyyətlə, türkçülüyün dünyadakı yerini, nüfuzunu obyektiv şəkildə müəyyənləşdirən görkəmli azərbaycanlı qaraniyyətli erməniçiliyin də xarakterini dəqiq ifadə etmiş, bu fitnəkar siyasətə qarşı daim ayaqda olmağı tövsiyə etmişdir. Bu mənada Ə.Hüseynzadə haqlı olaraq yazırdı ki, “Qalib olmaq o camaatındır ki, həyata açıq göz ilə nəzər edər, zəmanənin ruhunu, icabatını anlar, dərk edər...”

 

 

Fariz Yunisli

 

Kaspi.-2013.-2-4 mart.-S.7.