“Münasibətlərin
inkişafı üçün lazımi əlaqələr
sistemini qurmağa nail olmuşuq”
Nikolay Patskeviç Belarusla Azərbaycan
arasında əməkdaşlığın yüksək səviyyədə
olduğunu düşünür
Belarusun Azərbaycandakı fövqəladə
və səlahiyyətli səfiri Nikolay Patskeviç “Kaspi”nin
suallarını cavablandırıb
- Cənab səfir, əvvəlcə
Azərbaycanla Belarus arasındakı ikitərəfli
münasibətlərin hazırkı vəziyyəti
haqqında fikirlərinizi paylaşardınız?
-
Ölkələrimiz arasında strateji əməkdaşlıq
xarakteri daşıyan dostluq münasibətləri qurulub. Bunun
təsdiqi yüksək səviyyədə olan aktiv dinamik
dialoqdur. 2006-cı ildən Azərbaycan Respublikası Prezidenti
İ.Əliyevin Belarusa üç rəsmi səfəri,
Belarus dövlət başçısı A.Q.Lukaşenkonun Azərbaycana
iki rəsmi səfəri baş tutub. Bu il də ölkələrimiz
diplomatik əlaqələrin qurulmasının 20 illiyini qeyd
etdiyi ərəfədə, Belarus liderinin Bakıya gəlişi
gözlənilir. Hökumətlər, parlamentlər, müəssisələr
səviyyəsində davamlı münasibətlər qurulub,
ikitərəfli münasibətlərin hüquq-müqavilə
bazası formalaşdırılıb. Müntəzəm
olaraq, ticari-iqtisadi əməkdaşlıq üzrə
hökumətlərarası komissiyanın görüşləri
keçirilir. Növbəti, səkkizinci iclasın bu il
Bakıda keçirilməsi planlaşdırılır.
Bütün səviyyələrdə sıx
qarşılıqlı əlaqələrin mövcudluğu,
bizim əməkdaşlığın çox vacib xüsusiyyətlərinin
ortaya çıxmasına səbəb olur ki, bu, cənab
İlham Əliyevin də diqqətindən kənarda
qalmayıb. Cənab prezident belə hallar haqqında konkretliyin
yüksək səviyyədə olduğu, praktiki nəticəyə
meylliliyin olması və ən əsası planlar və
onların həyata keçirilməsi arasında qısa məsafənin
olduğunu vurğulayıb. Buna baxmayaraq, biz münasibətlərimizdəki
ənənəvi səmimiliyi, etibarı itirmirik.
- Sizcə, iki ölkə
arasındakı iqtisadi əlaqələrin potensialından yetərincə
istifadə olunurmu ?
-
Diplomatik münasibətlərin 20 illiyində geriyə baxmaq və
bizim kontaktların nəticələrinə yekun vurmaq
aktualdır, o cümlədən iqtisadi sahədə. Bu
gün əminliklə demək olar ki, Belarus-Azərbaycan
münasibətləri quruluş mərhələsini artıq
keçiblər və strateji əməkdaşlıq səviyyəsinə
çıxıblar. Qarşılıqlı maraq kəsb edən
bütün istiqamətlər üzrə əməkdaşlığımız
etibarlıdır.
Son 6
il ərzində ölkələr arasında mal dövriyyəsi
neft sahəsində 6 dəfə qalxıb və təxmini 250
mln. dollara yaxınlaşıb. Qarşılıqlı ticarətdə
250-dən çox müəssisə iştirak edir,
çatdırılmalar 350-dən çox istiqamət üzrə
həyata keçirilir.
Onu
da qeyd etmək çox vacibdir ki, bizim iqtisadi əlaqələrimiz
bu gün ancaq xammal mübadiləsi üzrə qurulmur. Belarus
və Azərbaycan arasında əməkdaşlıq istehsalat
kooperasiyası sahəsində, investisiya və innovasiya sahəsində
aktiv inkişaf edir. Bizim ölkələrin elmi dairələri
arasında da uzunmüddətli əlaqələr qurulub. Xidmət
sahəsində əməkdaşlıq genişlənir, o
cümlədən tibb, təhsil, nəqliyyat, İKT sahəsində
də.
Düşünürəm ki, bu illər ərzində xeyli yol qət edilib və əhəmiyyətli nəticələr əldə olunub ki, bu da ən əsası iki ölkənin dövlət idarəetmə orqanları və biznes qurumları, iş adamları arasında aktiv, daimi qarşılıqlı əlaqələrin yaranıb, möhkəmlənməsinə xidmət edib. Yəni ki, biz xalqlarımız arasında iqtisadi və humanitar əlaqələrin inkişafı üçün lazımı əlaqələr sistemini qurmağa nail olmuşuq. Sonrakı mərhələdə iş yeni layihələrin üzərinə düşür. Mən əminəm ki, onların sayı artacaq.
Mümkün perspektiv layihələrin spektri olduqca genişdir, ancaq bir şey dəyişilməz olaraq qalır - Belarus Azərbaycanla qarşılıqlı maraq oyadan bütün sahələrdə əməkdaşlığa açıqdır.
- Ölkələr
arasındakı mədəni və humanitar sahədəki əməkdaşlıq
hansı səviyyədədir?
- Məmnuniyyətlə
deyə bilərəm ki, Belarusla Azərbaycan arasındakı
humanitar əməkdaşlıq yüksək səviyyədədir.
Bu, əsasən akademik A.Mehdiyevin rəhbərliyi altında Azərbaycan-Belarus
Dostluq və Əməkdaşlıq Cəmiyyətinin təşəbbüsləri
və aktiv fəaliyyəti nəticəsində mümkün
olub. Cəmiyyətə Azərbaycanın elm, mədəniyyət,
incəsənət, təhsil və biznes dairələrinin
nümayəndələri daxildir.
Həyata keçmiş mühüm proyektlərdən biri, cəmiyyətin səyi nəticəsində 2010-cu ildə Bakı Slavyan Universitetində Belarus prezidentinin səfəri zamanı onun iştirakı ilə açılmış “Belarus Dili Mərkəzi”nin fəaliyyətə başlamasıdır. Mərkəzdə Belarus dilinin tədrisi 2011-ci ilin fevral ayından etibarən həyata keçirilir. Eyni zamanda, M.Tank adına Belarus Pedaqoji Universitetində “Azərbaycan Dili Mərkəzi” yaradılıb. İki ölkənin teatr kollektivləri arasındakı əməkdaşlıq yüksək sürətlə inkişaf edir. Xüsusən opera teatrlarımız səmərəli surətdə qarşılıqlı fəaliyyət göstərir. Belarus artistlərinin Bakıda və Azərbaycan peşəkarlarının Minskdəki çıxışları xoş ənənəyə çevrilib. 2012-ci ildə Belarusda böyük uğurla Azərbaycanın Mədəniyyət Günləri keçirildi. Minsk şəhərinin teatr həyatının gözə çarpan hadisələrindən biri, Belarus tamaşaçılarına xüsusi təəssürat bağışlayan “Yeddi gözəl” baleti oldu. Azərbaycan və Belarus arasında elmi sahədə sanballı təcrübə qazanılıb. İki ölkənin Elmlər Akademiyasının səyi nəticəsində iqtisadiyyat, fizika, kimya, genetika və zoologiya sahələrində tətbiqi xarakter daşıyan elmi-texniki işlər görülüb. 2013-cü ilin yanvar ayında Azərbaycan Prezidenti yanında Elmin İnkişaf Fondu, Belarusun Fundamental Tədqiqatlar üzrə Respublika Fondu, Belarus MEA birgə yeni elmi layihələr müsabiqəsi elan etdi. Zaman keçdikcə, Azərbaycan gəncləri ali təhsil almaq üçün Belarus ali məktəblərini daha çox seçirlər. Hal-hazırda Belarusda tibb, informasiya texnologiyaları, tikinti və arxitektura, kənd təsərrüfatı istiqamətlərində 140-dan çox Azərbaycan vətəndaşı təhsil alır. Daxili İşlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin xətti ilə digər proqramlar üzrə təhsil müəssisələrində 200-dən çox kursant təhsil alır. 2012-ci ildə dörd Belarus ali məktəbi “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsil proqramı”na daxil edilib.
Tibb sahəsində də
davamlı əlaqələr qurulub. Müntəzəm olaraq, Belarus mütəxəssisləri müxtəlif
sahələrdə azərbaycanlı həmkarları ilə
birlikdə yüksək texnologiyalı əməliyyatlar həyata
keçirirlər. Ümumilikdə qeyd etmək
olar ki, ikitərəfli
Belarus-Azərbaycan əməkdaşlığının humanitar və mədəni tərkibi o dərəcədə rəngarəngdir
ki, bu müsahibəmiz
onun bütün
aspektlərini əhatə etmək gücündə deyil.
- Bəzi ölkələrin
yürütdüyü xarici siyasət xəttində Azərbaycana
qarşı ikili standartlar açıq-aydın
görünür. Bunu nə ilə əlaqələndirmək
olar?
- Bir
sıra ölkələrin və beynəlxalq təşkilatların
nümayiş etdirdiyi ikili standartlar var və bu, bizə məlumdur.
Dövlətlərimizə qarşı olan qərəzli diqqətin
səbəbi də sirr deyil. Belarus və Azərbaycan ilk
növbədə milli maraqlara istiqamətlənərək,
müstəqil siyasət aparır və bu müstəqillik
bir çox ölkələrin xoşuna gəlmir. Eynitipli hərəkətlərə
müxtəlif ölkələrdə fərqli qiymətlərin
verilməsi çox vaxt insan hüquqları sahəsində
rast gəlinir. Bununla bağlı qeyd etmək istərdim ki,
burada nə inkişaf edənlər, nə geridə qalanlar, nə
müəllimlər, nə şagirdlər var, heç
olmayacaq da. Bunu Belarus Xarici İşlər Nazirliyinin “2012-ci
ildə dünyanın müxtəlif ölkələrində
insan hüquqları pozuntusu” adlı hesabatı çox
aydın şəkildə göstərir. Bu hesabatda özlərini
ənənəvi “inkişaf etmiş demokratiya tipli ölkələr”
kimi qələmə verən dövlətlərdə insan
hüquqları pozuntusu üzrə konkret faktlar yer alıb.
- Səfir təyin edilənə qədər Azərbaycanda olmuşdunuzmu? Təəssüratlarınız necə idi?
- Səfir təyin olunmamışdan öncə Azərbaycanda olmamışdım, ona görə ölkə haqqında təsəvvürlərim sovet dönəmindən olanlar idi: Neft Daşları, Heydər Əliyev, Rəşid Behbudov, Müslüm Maqomayev, “Neftçi” futbol klubu. Mən çox şadam ki, tale mənə Azərbaycan haqqında biliklərimi xeyli genişləndirmək imkanı verdi. Əlbəttə ki, ölkədə gedən tikintinin genişliyi, heyranedici arxitektura və təbiət landşaftının müxtəlifliyi məndə xoş təəssürat oyatdı. Lakin mənim üçün ən böyük ixtira Azərbaycan millətinin xarakterik cəhətləri oldu. Azərbaycanlılarda olan özünəhörmət hissi başqa millətlərə, dinlərə qarşı tolerantlıq və səmimi hörmət hissi ilə harmoniya təşkil edir və bu Azərbaycanın xaricilər üçün olan xüsusi cəlbediciliyini aydın şəkildə izah edir. Birgə layihələrimizin həyata keçməsi prosesindəki iştirakım mənə azərbaycanlıların əməksevər, işləməyə həvəsli və bacarıqlı, səmərəli və yaradıcı olduqlarına əmin olmaq imkanı verdi.
- Boş
zamanlarınızı necə dəyərləndirirsiniz?
- Belarusda olduğum
zaman təbiətdə dincəlməyi çox sevirəm. Cavan
yaşlarımdan çayda qayıq
sürmək, balıq tutmaq ilə
maraqlanıram. Avtomobil idarə etməkdən
həzz alıram. Bu səbəbdən,
asudə vaxtımda uzaq səyahətə
avtomobil ilə gedirik.
Bakıda iş qrafikim
sıx olduğundan hərdən iş günü gecə
saatlarına qədər davam edir. Regionlararası əməkdaşlıq
üzrə səfərlər müəyyən dərəcədə
vəziyyəti dəyişməyə imkan
verir. Təəssüf ki, son vaxtlar regionlara səfər etmək üçün vaxt tapmaq problemdir. Bu, ilk növbədə daim diqqət tələb edən səfirliyin yeni binasının tikintisi ilə bağlıdır. Lakin asudə
vaxt olan kimi gərgin şəhər ritmindən
dincəlmək üçün
təbiətdə vaxt
keçirirəm.
- Azərbaycan musiqisi, ədəbiyyatı
ilə maraqlanırsınızmı?
- Azərbaycanda olarkən, ölkənizin ədəbiyyatının
və musiqisinin gözəl dünyasına
dalmamaq mümkün deyil. Bəlkə də, mən
Nizaminin poemalarının
gözəlliyindən, Natəvanın
şeirlərinin lirikasından
tam ləzzət ala bilmirəm.
Ona görə ki, onları rus dilinə tərcümədə
oxuyuram, ancaq Azərbaycan klassik ədəbiyyatından keçən
müdriklik və humanizm mənə tam aydındır və heyrət oyadır.
Eyni sözləri
musiqi haqqında da demək olar. Janrlardan,
istiqamətlərdən, üslublardan
asılı olmayaraq (klassika, müasir estrada xitləri
və s.) xeyir, məhəbbət və ümid mövzusu qırmızı xətlə
salınıb. Mən sizdə
qəzəb, aqressiya və neqativ gətirən musiqiyə rast gəlməmişəm.
Və bu da çox
vacibdir, bununla mədəni xüsusiyyət,
Azərbaycan koloriti saxlanılır.
- Digər şəhərlərə səfər
etmək imkanınız
olubmu? Təəssüratlarınız necədir?
- Mənim Azərbaycan
üzrə səyahətlərimin
coğrafiyası genişdir. Göyçay,
Qusar, Quba, İvanovka, Lahıc, Lerik, Mingəçevir, Naxçıvan, Samux, Şəki - bunlar mən olduğum yerlərin natamam siyahısındadır.
Səyahətlərimdən həmişə bol və xoş təəssüratlarım olur. Hər bir
regionun özünəməxsus
cəlbediciliyi var. Azərbaycanın
istənilən yerində
bizi çox mehriban və istiqanlı qarşılayırlar.
Regionlara
səyahətlərim zamanı
Belarus və onun sakinləri haqqında müsbət rəylər
eşitmək çox
xoş olur.
Elcan Salmanqızı
Kaspi.-2013.-5 mart.-S.4.