III Beynəlxalq Muğam Festivalına hazırlıq gedir

 

Heydər Əliyev Fondu, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə “Muğam dünyası” III Beynəlxalq Muğam Festivalının keçiriləcəyi tarixə çox az günlər qaldı. Festivalın bədii rəhbəri olaraq Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə zəngin və rəngarəng proqramlar hazırlayır və bütün festivalların konsepsiyasını müəyyənləşdirir. Azərbaycan Bəstəkar İttifaqında ötən ilin noyabrın ayından bu möhtəşəm tədbirə hazırlıq gedir.

2009 və 2011-ci illərdə təşkil olunan I və II Beynəlxalq Muğam Festivalında qazanılan təcrübə bu tədbirin üçüncü dəfə böyük uğurla baş tutacağına bizdə əminlik yaradır. Aparılan hazırlıq işlərindən, məşq proseslərindən və festival öncəsi keçirilən konfranslardan da aşkar hiss olunur ki, “Muğam Dünyası”nın yolunu səbirsizliklə gözləyənləri bu dəfə bir çox sürprizlər gözləyir. Sevindirici haldır ki, bu il festivala qatılmaq arzusunda olanların sayı, həmçinin müraciət edənlərin elmi, ifaçılıq göstəricilərinin yüksək olması festivalın beynəlxalq mühitdə hansı nüfuza malik olmasından xəbər verir və anoloji festivallar arasında öz statusunu daha da qaldırır. Bütün bu yüksək göstəricilər böyük zəhmətin, planlı şəkildə aparılan məhsuldar işlərin sayəsində baş verir.

Bu dəfəki festivalda bütün konsertlər muğam dəstgahları ilə açılacaq. Bu dəstgahların ifasında şərq ənənəsinə məxsus müqəddəs müəllim-tələbə simvolizmindən istifadə ediləcək. Hər xanəndə öz tələbəsi ilə çıxış edəcək. Bundan başqa ustad xanəndələr  Hacı Aqil Məlikov. Mələkxanım Eyyubova və gənc muğam ifaçıları 7 əsas muğamlarımızın müəyyən hissələrini bir ifada birləşdirib təqdim edəcəklər.  Ustad xanəndələrə bu işdə xalq artistləri tarzən Möhlət Müslümov, kamançada isə Fəxrəddin Dadaşov dəstiək olacaq.

“Muğam dünyası” III Beynəlxalq Muğam Festivalı çərçivəsində baş tutacaq əsas tədbirdən biri də beynəlxalq elmi simpozumdur. "Azərbaycan muğamlarında və Şərqin oxşar ənənəvi janrlarında musiqi alətlərinin rolu" mövzusunda təşkil ediləcək simpoziumda elmi çıxışların istiqaməti milli alətlərin problemlərinə həsr edilib. Simpozium öncəsi Azərbaycan Bəstəkarlar İttifaqında keçirilən konfranslarda ölkəmizi bu simpoziumda təmsil edəcək məruzə müəllifləri müəyyən edilmişdir. Belə qərara gəlinib ki, Azərbaycan Milli Konservatoriyasının prorektoru, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Akif Quliyevin “Azərbaycan muğam rənglərinin dramaturji əhəmiyyəti və ifaçılıq məsələləri”, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun baş elmi işçisi, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sürəyya Ağayevanın “Çəğanə və kamança. Tarix və müasir dövrdə”, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Lalə Hüseynovanın “Müasir dövrdə Azərbaycanda virtuoz  tar ifaçılığı”, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru İradə Köçərlinin “Azərbaycan tarının yaranmasında aşıq sazının tarixi rolu haqqında”, Azərbaycan Milli Konservatoriyasının laboratoriya müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Abbasqulu Nəcəfzadənin “Muğam ifaçılığında nəfəs çalğı alətlərinin rəngarəngliyi”, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri, sənətşünaslıq üzrə elmlər doktoru Sevil Fərhadovanın “Azərbaycan muğam dəstgahı Şərq musiqi alətlərinin müqayisəli öyrənilməsi üçün konseptual əsas”, Sənətşünaslıq doktoru, professor Səadət Abdullayevanın “Azərbaycan instrumental muğam ifaçılığı - ənənələrin varisliyi kontekstində”, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alla Bayramovanın “Milli musiqi alətləri: mətnlərin və ikonoqrafiyanın düzgün şərhi problemi haqqında”, Bakı Musiqi Akademiyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Seyran Qafarovun “Azərbaycan nəfəs musiqi aləti Ney: tarixi retrospektiv və mərasimlərdə tətbiqi”, Azərbaycan Milli Konservatoriyasının müəllimi, əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru Təranə Əliyevanın “Azərbaycan muğam ifaçılıq sənətində qanun aləti” mövzusundakı məzuləri daha məqsədə uyğundur və bu məruzələr simpoziumun prqramına salınıb.

Qeyd edək ki, Kanada, Tunis, Rusiya, Çin, İran, Yaponiyalı mütəxəssislərin, o cümlədən Şərq musiqi elminin görkəmli alimləri fransalı Jan Dürinq, almaniyalı Yurgen Elsnerin də bu simpoziumda iştirakı gözlənilir.

 

 

Kaspi.-2013.-1 mart.-S.9.