“Seter” (hekayə) 

 

 Aydarbek SARMANBETOV

 

(Hekayə son mərhələsi Türkiyədə keçirilən II Beynəlxalq Kaşğarlı Mahmud Hekayə Yarışmasında 2-ci mükafata layiq görülüb)

 

Adan səs-küyə oyandı. Atasıyla anası adətləri üzrə səhər azanından bəri mübahisə edirdilər. Hər gün belə başlayırdı.

-Allah qəhr etsin! Bu əziyyətli həyatdan nə vaxt qurtaracağam? Hər gün belədi, bezdim artıq. Nə vaxt adam kimi bir həyatımız olacaq? Ərim adam kimi bir adam olsaydı, belə olmazdı, ölüsü də, dirisi də eynidi. Əlindən heç bir iş gəlmir! Hamı mal-mülk sahibi oldu, gündə bir maşın minirlər... Mənim nəyim onların arvadlarından əskikdi? Universitet qurtarsam da uşaqlara baxmaqdan başım açılmadı. Onların sahibləndiklərinə mən də sahiblənə bilərdim! Belə həyat sürməkdənsə dul qalmaq daha yaxşıdı! Birtəhər keçinərdim!

-Belə eləmə, bu qədər üzülmə, Allah bizə də verər… Buna da şükr, pis-yaxşı dolanırıq. Uşaqlarımız sağ olsunlar, yetər...

-Of, övladların nə etmişlər? Olmaz olaydılar!..

-Qurtar, qarım, belə danışma, onlar bizim balalarımızdı...

-Of, başqalarının uşaqları kimi fərasətli olaydılar də! Küçələri ölçürlər...

-İş tapa bilmirlər, nə etsinlər? Böyüklərin hamısı öz yaxınlarını işə götürürlər, görmürsənmi?!

-Ağızlarını ayırıb gəzirlər. Ömürüm boyu sizlərə eşşək kimi xidmətmi edəcəyəm?! Sən də digər kişilər kimi olsaydın nə olardı ki...

-İnsanı puluyla qiymətləndirmə...

-Bəsdi, sən allah! İndiki zamanda insanı pulu ilə deyil, bəs nəyi ilə dəyərləndirirlər?! Pulun varsa, hər şeyin var, insanı belə satın alarsan. Of, haydı, seter, dur sən də, gün günorta oldu, yatıb qalma!Barı bazarda hamballıq elə. Bu da atasına çəkib...

-Tamam, yetər! Uşaqları rahat burax. Hər gün mənim başımın ətini yediyin yetər...

-Aa, sən mənim deyil, mən sənin başının ətini yeyirəm, eləmi?! Hamısı sənə çəkib. Öz çörəklərini belə qazana bilmirlər, yük olmaqdan başqa bir şeyə yaramırlar...

“Yenə başladı. Artıq axşama qədər dayanmaz, - deyə düşünən Adan geyindi və küçəyə çıxdı. - İkisi də yaxşı adamdı, amma niyə mübahisə edirlər? Bir-birlərindən xoşları gəlmirsə, niyə evləndilər o halda?”

Adanın hər şeydən artıq anasının onu adıyla yox, “seter” deyə çağırmasına acığı tuturdu. Buna alışa bilmir, çox əziyyət çəkirdi. Uşaqkən bunu o qədər ciddi qəbul etmirdi. Böyüyəndən sonra, altıncı, ya da yeddinci sinifdəykən atası müəllim olan Kubanıç adlı sinif yoldaşıgildəki bir lüğətdə seter sözünü tapıb mənasını oxudu. Seter sözü anasının əmizdirmədiyi, yanına belə buraxmadığı erkən doğulmuş quzu mənasını verirmiş. Bu yazıq quzuya kimsə sahib çıxmadığı üçün ağıldakı digər qoyunlar da onu buynuzlar və ya təpiklərmiş... Aydındı ki, qoyun da quzusunun yarımcan olduğunu, yaşaya bilməyəcəyini bildiyinə görə yanına buraxmazdı. Təbiətin nə böyük mərhəmətsizliyi! Yalnız güclülər yaşamaq haqqı qazanırlar. Adan da yeddi aylıq dünyaya gəlmişdi. Bu ad da ona buna görə verilmişdi, bu günə qədər onu tanıyanlar ona Adan deyil, “Seter” deyirdilər.

Qışın soyuğu erkən gəlmişdi, oktyabr ayı təzə başlasa da hava sərindi, yağış havasıydı. Adan uşaqlıqdan soyuq və yağışlı havaları xoşlamırdı.

Ana və atasının bu cür dava-dalaş salması Adanı çox üzürdü. Ağlı kəsəndən bəri belə idi. Bundan heç cür xilas ola bilmirdi, çarəsizdi. Pulsuzluqdan universitetə girmək nədi, litseyi belə yarıda buraxmaq məcburiyyətində qalmışdı. Ürəyinə yatan bir iş də tapmamışdı. Yaxşı işlərin hamısına əlaqədar adamların yaxınları, tanışları yerləşdirilmişdi. Kənar şəxsləri yaxına belə buraxmırdılar. Və yaxud rüşvət vermək lazım gəlirdi. Hər yerdə eyni vəziyyətdi. Adan nə etməliydi? Tək istədiyi işləmək, güzəranını təmin etməkdi.

Hər şey dəyişdi, yaxşılaşdı, demokratiya gəldi deyilməsinə baxmayaraq zənginlərin və iqtidar sahiblərinin zamanı bərqərar oldu. Adi adamların həyatı isə eləcə qaldı, heç bir dəyişiklik yoxdu. Bu, əzəldən belədimi? Tanrı nə üçün insanları bu cür iki yerə ayırıb?

Böyük, yeddimərtəbəli evlərin yerləşdiyi bu məhəlləyə Vostok 5 adı verilmişdi. Şəhərin “məşhur” bölgələrindən biriydi. Bişkekin təhlükəli məhəllələrinin qabaqda gedəniydi. Xüsusilə gəncləri pisdi. Axşam qaranlığına qalsan, başın bəlaya girmədən sağ-salamat evinə çatmağına şübhə vardı. SSRİ zamanındakı Frunzenin “Karpinka” adlı “məşhur” bölgəsinin tam qarşısında, o “karpinkalıların” çoxu oradan ev almışdı. Qırğızlar və Uyğurlar qardaş xalqlardı axı...

Heç kim Adana fikir vermədi. Üfürsən, yıxılacaq qədər cılız, paltarları çirkli və ütüsüz, saçları uzanmış zəif biriylə kimin nə işi ola bilərdi axı?!… Hər kəs öz işiylə məşğuldu. Şəhərdə vəziyyət beləydi, ölsən belə, səni tanımırlarsa, heç kim dönüb baxmaz. İnsanlar davamlı bir qaç-qov halındaydı. Belə etməsən, aç qalarsan, biri halına acıyıb üzünə baxmaz.

Adan dərin düşüncələr içində belini əyərək küçədə gedirdi. Üşüyən əllərini qoltuqlarının altına qoymuşdu...

 

* * *

 

Bu gün on səkkiz yaşına girən Sergey günortaya doğru çətinliklə oyandı. Başı ağrıyırdı, dünən ağlını itirənə qədər içmişdi. Gözü qaralırdı. Ağzı boş quyu kimi quru idi. Evə nə vaxt gəldiyini heç xatırlamırdı. "Balamut"la küçədəki bağın kafesində pivə ilə başlamış, sonra Cindi və Çılapçın ilə qarşılaşaraq araqla davam etmişdilər. Sonra daha bəzi başqalarıyla qarşılaşmışdılar, sonra yenə...

Mətbəxdən səs eşidildi, kişi səsi kimi gur çıxan səsin anasına aid olduğunu anladı. Salonda anasının yatağı boş idi, demək, sübhdən birini tapmışdı.

Sergey güc-bəla qalxıb, hamama getdi, başını uzun müddət suya verdi. Az qala başı donacaqdı, yalnız bu zaman gözləri açılıb özünə gələn kimi oldu. Mətbəxə baxdıqda hələ qırxı belə keçməmiş dişləri tökülmüş, sir-sifəti şişmiş anası saçını belə daramağa macal tapmamış bir halda siqaret tüstülətdir və bir nəfərlə danışırdı. Böyük adammış kimi qıçını qıçının üstünə aşırmışdı, sanki qarşısındakına özünü göstərirdi. Yanındakı adamın üzü qurumuş qarpız qabığı kimi əzilib-büzülmüş, zəif, saçı-saqqalı bir-birinə qarışmış, araqdan gözləri qızarmışdı. Ciddi bir görkəmlə anasını dinləyirdi. Masanın üstündə ucuz araq, boz siqaret tüstüsü, turş bir qoxu...

Sergeyi ötəri süzən anası qalın səsiylə sözünə davam etdi:

-...Demək, belə. O axmağın çantasında nə vardısa hamısını götürdüm, ödü qopdu. Mən onun uşağına baxmaq məcburiyyətindəykən o, nədən rifah içində yaşamalıdı... Tanrının hüzurunda hamımız bərabərik...

-Bərabərik... demək, onamı getdin yenə? Deməmişdinmi bir daha oraya getməyəcəksən?! - Sergey anasına hirsləndi. Onun atası haqqında danışırdılar. Anasını və onu atıb getdiyi üçün ona ata deməyə dili gəlmirdi. Onu heç bir zaman bağışlamayacağını söyləyirdi həmişə.

-Kəs səsini! Ondan pul almasaq, biz necə dolanarıq? - Anası ona çəmkindi.

-Sənin kimi ananın... - Sergey masanın üstündəki şüşəni götürüb başına çəkdi.

Şüşənin gözgörəti boşalmasına dözə bilməyən anası:

-Bəsdi! Bizə də saxla, hamısını içmə, - deyə ayağa qalxaraq oğulunun əlindən şüşəni çəkib aldı.

Sergey üzünə və üstünə tökülən arağı paltarının qolu ilə silib:

-Öz payınıza düşəni çoxdan içmisiniz ... - dedi. Qonağın onu dikilmiş alçaldıcı baxışına əsəbiləşərək, - sən işini bilənsən, bir şüşə də aldırarsan, - dedi anasına.

Anası ayağa qalxıb qapını göstərdi.

-Çıx çölə! Başımı ağrıtma, - dedi kişi səsi ilə.

Tamam. Bir damla araq üçün ölümü gözə alır. Araq onun üçün həyat suyudu.

Sergey çölə çıxarkən anasına baxıb:

-Bu gün mənim ad günümdü, - dedi.

-Rədd ol!

-Qancıq! - Daha da hirslənən Sergey qapını çarpıb çölə çıxdı. Bu onların adi, gündəlik danışıqlarından biriydi. Armud dibinə düşər, sözü doğrudu, uşaq nə görsə, onu da təkrarlayar.

Açqarına içdiyi araqdan keyfi duruldu. “Önəmli deyil. Gün pis başladı, amma hər halda, bu gün mənim ad günümdü, Allah yetirər.”

Hava olduqca sərindi. Günorta olsa da göy üzü tutqun, hava soyuq idi. Sergey köynəyinin yaxasını qaldırıb, boynunu qısıb “görüş yeri”nə yollandı.

Yoldaşları Sabiz ilə Qala oradaydılar.

-Aha! Yaxın dostlara alovlu salam! - Sergeyin kefi kökəldi. Kimsəni tapmasam, nə edərəm, hara gedərəm, fikriylə gəlmişdi.

-Salam!

-Liderimizə salam!

Sergey tərifdən xoşhallandı. Kölgədə qalmağı xoşlamazdı. Hər zaman qabaqda, birinci olmağa cəhd edərdi. Hörmət etməz, hirsləndirərdin, işin bitərdi. Xasiyyətini yaxşı bilən yoldaşları lider deyib ona yarınmağa çalışardılar.

Üçü siqaret çəkməyə başladı, söhbətləri get-gedə qızışdı, son yeniliklərdən bəhs edirdilər. Açqarına içdiyi araqdan və indi çəkdiyi siqaretdən keyfi durulan Sergey boş söhbətdən sıxılmağa başladı. Bu zaman Qala diqqətini çəkdi. Nədənsə o bu gün gözünə çox sevimli göründü. Gözəl qoxulu boyalar sürtdüyü üçünmü, yoxsa o da sübhdən araqmı içmişdi, səbəbini bilmirdi, Qala bu gün gözünə çox cazibədar göründü. Bu vəziyyəti təcrübəli və heç bir zaman fürsəti qaçırmayan Qala da dərhal duyub nazlanmağa başladı.

-Sabiz, - dedi Sergey, - dükana get, gəl. Bu gün mənim ad günümdü.

-İndi, sənə...

-Oo. Qeyd edərik!...

Sergey ciblərini yaxşıca axtardıqdan sonra bütün pulunu Sabizə verib:

-Bilirsən, çatmasa, özün düzəlt, - dedi. Bu söz, borc al, oğurla, nə edirsən, et, üstünü düzəlt, deməkdi.

Sabiz yaltaqlıqla dərhal yoxa çıxdı. Sergey sözə necə başlayacağını bilmirdi. Bu zaman Qala:

-Hm, başlayaqmı, - deyib siqaretindən bir qullab vurdu və onu masanın üstündə söndürdü. - İndi mən səninim, al məni...

Sergey Qalanın belə açıq-saçıqlığından əvvəl bir az çəkindi, ancaq gənc qızın qoxusu onu məst etdi. Birdən Qalanı qucaqladı və küncdəki döşəkcənin üstünə yıxıldılar...

 

* * *

 

Ayaqları Adanı şəhərin cənub-şərqindəki unudulmuş, köhnə müsəlman qəbiristanlığına gətirdi. Bu qəbiristanlığa tez-tez gəlirdi. Qəbiristanlığın yanında kiçik bir çay da vardı. Çayın kənarında ağaclar sıralanmışdı və bütün bunlar bir bütünlük hissi yaradırdı. Bu mənzərə insanın diqqətini çəkirdi. Kim bilir bu qəbiristanlıqda kimlər yatırdı və burada insanların bilmədiyi çoxlu sirlər gizlənmişdi...

Xalqın çoxdan unutduğu bu qəbiristanlığa ondan başqa heç kim gəlməzdi. Adan gətirdiyi ədyala bürünüb yatdı. Dodaqları titrəyirdi. Şəhərin səs-küyündən uzaq, təbiətlə baş-başa olmaqdan, çayın şırıltısından və ağacların xışıltısından xoşlanırdı. Məzarlar insanı ürpətməklə bərabər dərin düşüncələrə qərq edirdi. Adan uzaqlardakı insanların həyatı, ulduzları düşünür, öz gələcəyi haqqında şirin xəyallar qururdu. Lakin həyat tamam fərqli idi...

Adanın ac olduğu yadına düşdü, qarnı quruldayırdı. Səhərdən bəri quru çörək və çaydan başqa mədəsinə bir şey girməmişdi. Ana və atası axşamüstü də adətləri üzrə mübahisə edəcəkdilər. Ancaq məsələ bunda deyildi. Məsələ, Adanın heç kimə gərək olmamasında idi. Bu, acı həqiqətdi. Onun bu dünyada olub-olmamasıyla heç kim maraqlanmırdı. Heç olmasa Tanrıdan sonra ən müqəddəs varlıq kimi qəbul edilən anası, övladım, deyə bir az şəfqət göstərəydi! Belə etmək əvəzinə hər gün onu danlayırdı. Övlad üçün bundan daha böyük bir acı ola bilərmi? Atası isə, yazıq, balasını qorumağa çalışan toyuq kimi onu qorumağa çalışır, amma anasına söz deyə bilmirdi. Nəysə, bunlar da problem deyil, iki ay daha səbr edə bilsə, orduya gedər, əsgərlikdən qayıtdıqdan sonra iş tapıb işləyərdi. Bu dünyada hər şey var: yaxşılıq da pislik də, xoşbəxtlik də, sevgi də… Onlar olmasaydı, kitablarda onlardan bəhs edilməzdi, filmlərə mövzu olmazdı… Məsələ, Adanın hələ onlarla qarşılaşmamasında idi. Hökmən xəyallarını həqiqətə çevirəcəkdi!

 

* * *

 

Sergey oyananda yanında heç kim yox idi. Qala da ətrafda görünmürdü. Güc-bəla qalxıb paltarlarını geyinərkən Sabiz bir nəfərlə gəlib çıxdı.

-Hər şey öz qaydasında gedir, liderimiz. Budu, bax, özünü unudan bir qadının pulqabısını cildim, - deyib masanın üstünə iki şüşə araq, dörd-beş şüşə pivə, çörək, konserv qoyaraq gülümsədi.

-Yaşa, Sabiz! - Sergey pivənin birini açıb içməyə başladı.

Liderinin bu tərifindən Sabiz xoşhallandı. Yanındakı adam Baltek idi. Sakit, başına vur çörəyini al, qismindən bir dəliqanlı idi. Sabiz adəti üzrə ona əmr verib:

-Konservi, pivəni aç. Stəkan tap gətir! - dedi.

Üçü oturdu. Sabiz böyük adam kimi yerindən qalxıb Sergeyin ad gününü təbrik etdi. Çox pul, gözəl bir avtomobil, gözəl qızlar dilədi və stəkanını qaldırıb adəti üzrə yaltaqlandı. Spirt cana yayılandan sonra söhbət qızışdı, zarafatlar, qışqırıq, bağırtı ortalığı doldurdu. Daha iki-üç nəfər gəldi, çığır-bağır, səs-küy aləmi başına götürdü. Siqaret tüstüsündən heç nə görünmürdü. Artıq nəfəs almaq olmurdu. Bu zaman bir nəfər Sergeyə meydanda diskoteka olacağını söylədi. Hallanmış Sergey:

-Onda getdik! - deyib qəhrəmanlar kimi qışqırdı. - Heç kim qalmasın, hamımız gedirik! Ad günümü qeyd etməyi orada davam edəcəyik!..

Hallanan qızlar, oğlanlar təklifi qəbul edib səs-küylə çölə çıxdılar. Gələcək heç, sabahkı günü belə düşünməyən gənclər bu günü gözəl keçirsəydilər, yetərdi. Yalnız yaxşı görünmək, güclü və fərqli olmağa çalışmaq onlar üçün kifayətdi, öyünəcəkləri elm də, ağılları da bu idi.

 

* * *

 

Adan özünü unutmuş, yuxuya getmişdi. Diksinərək oyananda hava qaralmışdı. Şəhərin işıqları, ulduzların parıltısı olmasa, ətraf heç görünməzdi. Adan nə edəcəyini bilmədən isti ədyalın arasında bir az düşündü. Ətrafındakı məzarlar, qaranlıq, dərin düşüncələr və aclıq Adanı şəhərə istiqamətləndirdi. Bu zaman uzaqdan musiqi səsləri eşidildi. “Bu gün şənbə, diskoteka günüdü. Ora gedim, mən qayıdana qədər anam, atam da yatar…” - deyə düşünən Adan şəhərin mərkəzinə doğru yollandı. Nə qədər olmaya gəncdi, səs-küylü musiqi, dəlisov rəqs edən qızlar, əyləncə onu daha da həyəcanlandırdı, üstəlik onu evdə kimsə gözləmirdi.

Gecənin soyuğunda əllərini qoltuğuna vurdu və getdi. Adan mərkəzə yaxın dar bir küçədən keçdiyi zaman birdən qarşısına bir dəstə çıxdı. Dəstədən biri Adana:

- Sən kimsən, böyük qardaşlarına niyə yol vermirsən? Tələsirsən? Sən hara, rəqs hara, xiyar!

-Bu rəqs etməyəmi gedir? Ha, ha ha...

-Ha, ha...

-Ciblərinə bir baxın, qızlara çatacaq qədər pulu varmı?

Uzun boylu, iri bədənli dəliqanlı Adanı boynundan tutdu, yerə əydi, dizi üstə çökdürdü. Qarnına bərk bir yumruq vurdu. Biri ciblərini axtarmağa başladı. Adan özünə gəlib qaçmaq istədi, badalaq vurdular. Adan yerə yıxıldi. Təkrar qalxmaq istəyərkən başqa bir dəliqanlı Adanın üzünə bərk bir yumruq çaxdı. Adanın gözündə şimşəklər oynaşdı, sonra hamısı Adanı bəsdi deyincə təpiklədi...

Bir müddətdən sonra Adan özünə gəldikdə küçənin kənarındakı arxda yatdığını gördü. Xeyli var burdaydı. Qaranlıq qatılaşmışdı. Ətrafda kimsə yox idi, küçə sakitdi. Musiqi davam edirdi...

Adan zorla ayağa qalxdı, ağzı-burnu qan içində idi, başı zoqquldayırdı. Möhkəm döyülmüşdü. Kimsənin kömək etməməsinə əsəbiləşdi. Bu ara gözünün qabağından ata-anası və bəzi qohumları keçdi. Onlardan bir fayda yoxdu. Canı ağrıyırdı. Öz həyatına hirsləndi, kimsəsizliyinə üzüldü. Belə bir həyat nəyə gərəkdi?! Nə zamana qədər bu belə davam edəcəkdi?! Artıq yetər, daha dözə bilmirəm, yetər, - deyə içindən keçdi.

Adan özünə gələrək cibindəki sarı saplı uzun bıçağını çıxarıb diskoteka olan tərəfə getdi. Onu döyənlər böyük ehtimalla orada idilər. Rəqs edən gənclər görünməyə başlayanda qarşısına dörd-beş nəfər çıxdı. Yaxınlaşanda onlardan biri:

-Oo, Sergey, bax bir, bu bizim həminki qəhrəmanımız deyilmi? - deyərək güldü.

-Bəli, odu, Sabiz, qaç, səndən hayıfını almağa gəlir. Ha, ha!.. - deyib qəhqəhə çəkdi.

Adan səsi dərhal tanıdı. Bu səs bir az əvvəl boynundan tutub onu diz çökdürən və üzünə yumruq atan dəliqanlı idi. Qarşı-qarşıya gələrkən dəliqanlı əlini qaldıranda Adan əlindəki bıçağı onun sinəsinə sapladı. İsti qan Sergeyin sinəsindən şora verdi.

-Ah! Ananı...

Bıçaqlanan Sergey əllərini sinəsinə basıb yerə yıxıldı. Yanındakılar nə baş verdiyini anlamadan donub qaldılar.

-Aaa!...

-Öldürdü-ü-ü...

-Polis-s-s...

-Qaçın-n! - deyib qaçdılar.

Yerdə iməkləyən Sergey qalxmağa çalışdı. Özünü itirən Adan onun yanına gəlib Sergeyi təkrar bıçaqladı.

-Al! Aall!.. Özünü nə sanırdın sən, hə?! Haydı, göstər, baxaq! Yetər artıq, yetər-r-r!.. – Adan taleyindəki bütün pisliklərin qisasını bıçaqladığı Sergeydən çıxırdı...

Meydanda musiqi səsləri əks-səda verirdi...

 

 

Qırğızdan türkcəyə çevirən: Xalid Aşlar

 

Türkcədən Azərbaycan dilinə uyğunlaşdıran: Eyvaz Zeynalov

 

 

Kaspi.-2013.-8 mart.-S.24.