Döyüşçü
sözü - (hekayə)
Yayın qızmarında axtardığım ünvanı tapmaq üçün şəhəri xeyli dolaşmalı oldum. Üstündə heç bir yazı göstəricisi olmayan binaların yanından keçdikcə əsəbləşib öz-özümə deyinirdim: «Əşşi, bu küçələrə də gündə bir ad qoyurlar. Təzə qoyulmuş adları çoxu tanımır. İstədiyin evi, binanı tapmaq üçün gərək küçənin həm köhnə, həm də təzə adını biləsən».
Nəhayət, axtarışım nəticə verdi, əziyyətim hədər getmədi. Mənə lazım olan binanı və mənzili tapdım. Amma müsahibə götürəcəyim professorun halı pis idi. Dünən ona zəng vurub danışanda belə deyildi, görüşün vaxtını da özü ilə dəqiqləşdirmişdim. Amma professor gecə qəflətən xəstələnmişdi. Yazıq kişi qızdırma içində yanırdı. Vəziyyəti yaxşı olmadığından, söhbətimiz bir neçə gündən sonraya qaldı.
Bayaqdan əl-ayaqdan düşüb ünvanı axtarırdım. Tapandan sonra da işin belə alınması bir az qanımı qaraltdı. Redaktor da çox möhkəm üstümə düşmüşdü ki, mütləq onunla görüş, müsahibə al. Deyəsən, hansısa qohumunun professora işi düşmüşdü - kiməsə qiymət yazdırmağı xahiş edəcəkdi. Kor-peşiman geriyə – redaksiyaya qayıdırdım.
Bilirdim ki, redaktor yenə həmişəki kimi uzun-uzadı deyinəcək. Amma neynəməliydim, daha burada mənlik bir iş yox idi. Boş-boşuna küçələri çox gəzdiyimdən həm yorulmuş, həm də möhkəm susamışdım. Dilim ağzımda yanırdı. Növbəti nömrəyə veriləsi elə bir materialım da yox idi. Redaksiyaya da əliboş belə tez qayıtmaq istəmirdim. Fikrim bu idi ki, yolu adlayıb bağın içindəki çayxanada həm bir az oturub dincəlim, həm də yaxşı bir çay içim.
Həmişəki kimi yenə də şəhərin küçələrində sıxlıq idi. Yollarda tıxacda qalmış maşınların uğultusu, aramsız siqnal səsləri adamı təngə gətirirdi. Səs-küy aləmi başına götürmüşdü. Cibimdəki mobil telefonun səsini belə eşidə bilmirdim. İsti də bir tərəfdən adamı qarğ edir, nəfəs almaq da olmurdu. Nəfəs çəkəndə də adamın ciyərlərinə təmiz hava əvəzinə sanki bürkü dolurdu. Nədənsə, bu yay Bakının həmişə əsib kəsməyən dəli küləyindən də bir xəbər yox idi.
Səkilərin kənarındakı yaşıl otlar da istidən saralmışdı. Bürküdən qarsımış və qovrulmuş ağacların yarpağı da tərpənmirdi. Hava dayanmışdı. Elə bil onu iri bir mismarla yerə bərkitmişdilər. Sanki göydən yerə od tökülürdü. Avqust ayının son günləri olsa da, sərinlik düşmürdü. Günəş üfüqdən boylanandan az sonra hava təndir kimi qızırdı. İsti və hərarətin əlindən tərpənmək olmurdu. Bir balaca hərəkət edib, addımlarını yeyinlədən kimi adamın kürəyinin ortasından tər sel kimi axırdı.
Darısqal yolda bir-birinin ardınca düzülmüş maşınların qarşısında işıqforun sarı işığı bir anlıq sayrışandan sonra qırmızı yandı. İstidən tıncıxan, hava almaq üçün başlarını pəncərədən çölə çıxarımış sürücülər könülsüz-könülsüz əyləci basdılar. Qarşılarında yaşıl işığın yandığını görən piyadalar isə yolu keçmək üçün tələsdilər. Mən də onlara qoşulub iti addımlarla o tərəfə – Zorge bağına adladım. Asfalta çəkilmiş ağ zolaqların üstü ilə o tərəfə keçəndən sonra bir az rahatlanıb asta addımlarla çayxanaya yaxınlaşdım. Ağacların kölgəsinə qoyulmuş boş stollardan birində oturub çay sifariş verdim. Çayçı «baş üstə», - deyib tələsik geri döndü. Az keçmiş balaca bir çaynik gətirib stolun üstünə qoydu.
Çayı stəkana süzdüm ki, tez soyudub içim, dil-dodağımı yaşlayım, susuzluğumu yatırdım. Bir stəkan çay içəndən sonra elə bil gözlərim işıqlandı. Mənə elə gəldi ki, deyəsən, hava da bir az sərinlədi. Hələ deyəsən, haradansa lap uzaqlardan meh də əsdi. Elə bil ağacların yarpaqları da astaca yelləndi. Deyəsən, hava da bayaqdan mismarlandığı yerdən tərpəndi.
Çay içdikcə hiss edirdim ki, yaxındakı stolda oturan oğlan mənə diqqətlə baxır. Yanında balaca bir uşaq da var idi. Ha altdan-altdan ona baxsam da, mənə tanış gəlmirdi. Başımı aşağı salsam da, gözümü qonşu stoldan çəkmirdim. Hiss edirdim ki o, məni tanıyır və bir azdan oturduğum stola yaxınlaşacaq. Çox keçmədi ki, ağlıma gələnlər baş verdi. Bayaqdan kənardan məni süzən həmin oğlan ayağa qalxıb asta-asta və bir az da utancaq baxışlarla stola yaxınlaşdı. Salam verib icazəsiz-filansız yanımdakı boş stolların birində oturdu. Gözlərini üzümə zilləyib dedi:
- Siz hərbi
jurnalistsiniz?
Onu
çox intizarda saxlamayıb «bəli», - dedim.
Məndən bu sözü eşidən kimi sevindi. Elə bil
dünyanı ona verdilər. Tez ayağa
qalxıb uşağı da, çaynik və stəkanları
da götürüb stoluma «köçdü». Bu anlarda ha fikirləşir, beynimdə
götür-qoy edirdim ki, axı görəsən bu kimdir?
Məni haradan tanıyır? İsti-isti ondan heç nə soruşmadım, eləcə,
səbrimi basıb bu işin axırını gözləməyə
başladım. O, stolda yerini rahatlayıb özünə
də, mənə də çay süzdükdən sonra
tanışlıq verdi:
- Mən
keçmiş döyüşçüyəm, adım da
Firdovsidir. Yadınıza gəlirmi, doxsan
üçüncü ilin dekabrında çəkiliş
aparmaq üçün ön mövqelərə – Haramı
düzünə gəlmişdiniz. Biz həmin
vaxtlar ermənilərin bir neçə tankını
vurmuş, xeyli canlı qüvvəsini məhv etmişdik.
Ağır itki vermiş düşmən isə
döyüş meydanından qaçmışdı. Tanklardan ikisini mən vurmuşdum. Buna görə mənə orden də vermişdilər.
Vurduğum tanklardan birinin yanında siz mənim
şəklimi də çəkmək istədiniz. Amma yağıların əks-hücuma keçməsi
buna imkan vermədi.
Keçmiş döyüşçü
danışdıqca ötüb keçənlər kino lenti
kimi gözlərim önündə canlanırdı. Bir anlıq da
olsa, geridə qalmış, yaşanmış o qanlı illəri,
gərgin döyüşləri yaddaşımda vərəqləyib
həmin çətin günləri yadıma salmağa
çalışırdım. Zarafat deyildi, artıq
aradan on beş ilə yaxın vaxt
keçmişdi. Ötüb arxada qalmış
hadisələri isə bir anın içində xatırlamaq
heç də asan deyildi. Dəqiqələr
keçdikcə yavaş-yavaş həm bu keçmiş
döyüşçü, həm də o günlə
bağlı başqa hadisələr yadıma
düşürdü. On beş il əvvəl
çiynində qumbaraatan olan vəziyyətdə şəklini
çəkdiyim əsgərin sir-sifəti dəyişilsə
də, gözləri, baxışları və bir də səsi
olduğu kimi qalmışdı. Ancaq zaman mənim
kimi, onun da saçlarına əl gəzdirmişdi. Seyrək
də olsa, qara saçlarına adda-budda ağ
dənlər düşmüşdü.
Həmin günü xatırlayan kimi ayağa qalxıb təzədən
görüşdük. İstər-istəməz həm onun, həm
də mənim gözlərim yaşarmışdı.
Bir az ayaq üstdə qaldıqdan sonra
yerimizə oturduq. Daha da mehriban, lap belə
doğma adamlar kimi söhbət etməyə başladıq.
On beş il əvvəl baş vermiş
hadisələri birlikdə çözələdik. Sanki o anları təzədən yaşadıq.
Firdovsi söz-söhbəti ilə məni o gərgin günlərə
- top-tüfəngdən od püskürən
Haramı düzünə, atəş səsindən titrəyən
ucsuz-bucaqsız yovşanlı çöllərə
apardı.
- Bir
neçə gündən sonra erməni
işğalçıları itkilərinin əvəzini
çıxmaq üçün güclü əks-hücuma
keçdilər. Əvvəlcə mövqelərimiz
toplardan atəşə tutuldu, - deyə keçmiş
döyüşçü ötənləri xatırladı.
– Amma hər hansı kiçik bir hücumla bizi geri oturtmaq
mümkün deyildi. Çünki biz artıq səngərləri
möhkəmlətmişdik. Artilleriya
hazırlığından sonra qarşımızda
düşmən piyadaları görsəndi. Atəş səsləri Haramı düzünü
başına götürdü. Atılan mərmi
və güllələrin əlindən baş qaldırmaq
mümkün deyildi. Bir az yaxına
buraxdıqdan sonra qəflətən yağıların üzərinə
yeridik. Düşmən bu əks-hücumu
gözləmirdi, ona görə də nə edəcəyini
bilməyib başını itirdi. Elə
bizə də bu lazım idi.
Gərgin döyüş başlandı. Az sonra
ermənilər qarşımızda duruş gətirə bilməyib
geri çəkildilər. Biz də onları təqib
etdik. Həmin döyüşdə
işğal olunmuş xeyli ərazi düşməndən
azad olundu. O gün itikimiz olmadı. Uğurla
başa çatan əməliyyatda yalnız bir neçə əsgər
yüngülcə yaralandı. Növbəti
döyüşdə isə düşmən iriçaplı
pulemyotla məni vurdu. Odlu güllə sağ çiynimi
deşib keçdi. Uzun müddət müalicə
olunsam da, sağlamlığım bərpa olunmadı.
Yenidən cəbhə bölgəsinə qayıtmağa can
atırdım. Amma həkimlər buna icazə
vermədilər.
Müharibədən
qayıtdıqdan sonra nə ilə məşğul
olduğunu soruşanda keçmiş
döyüşçü dedi ki, kiçik yaşlarımdan
dülgərliyə böyük həvəsim olub. Əsgərliyə çağırılana qədər
həmin peşəni yaxşı-pis öyrənmişdim.
İndi qapı-pəncərə düzəltməklə
dolanıram. Beş-üç manat pulumuz
olur. Allaha min şükür,
dolanışıqdan şikayətçi deyiləm. Əvvəllər bizə babat baxırdılar,
qayğı göstərirdilər. Amma nədənsə
indi elə deyil.
Biz söhbət etdiyimiz vaxt Firdovsinin oğlu ayağa
qalxıb, yaxınlıqda gəzişir, ora-bura
qaçır, bir yerdə qıçını qatlayıb
oturmurdu. Sözünü bitirən Firdivsi onu yanına
çağırdı. Yenə
tapşırdı ki, stoldan aralaşmasın.
Bu dəcəl və gülərüz uşaqdan
çox xoşum gəldi. Başını
sığallaya-sığallaya atasından onun adını
soruşanda dedi:
- Cəlaldır.
İlk ağlıma gələn bu oldu ki, yəqin
keçmiş döyüşçü oğluna bu adı
«Yeddi oğul istərəm» filmində Cəlal obrazından
xoşu gəldiyinə görə qoyub. Özündən bu barədə
soruşanda bir anlıq duruxdu və nədənsə kövrəlib
dedi ki, yox, elə deyil. Bu sualı mənə
çox yerdə veriblər. Düzdür,
həmin personaja mənim də rəğbətim
böyükdür. Amma Cəlal mənim rəhmətlik
döyüşçü dostumun adı idi. Oğluma da onun adını qoymuşam. Bunu məndən o, özü xahiş eləmişdi.
Bu
sözləri eşidəndə bayaqdan boşalmış stəkanlara
bu dəfə mən çay süzüb bir az
ona yaxın oturub xahiş etdim ki, döyüşçü
dostu barədə bir az ətraflı danışsın.
Firdovsi
sanki ötənləri xatırlayırmış kimi bir
anlıq nəzərlərini uzağa dikib dilləndi:
- Cəlal
çox igid və cəsur bir əsgər idi. Biz onunla
yaxın dost idik. Ağdam, Kəlbəcər və
Füzuli rayonları uğrunda gedən döyüşlərdə
bir səngərdə olmuşduq. Yadıma
gəlir, ermənilər Ağdam istiqamətində
hücumlarını genişləndirəndə bizi də ora
göndərdilər. Düşmən qəflətən
Muğanlı kəndinə aşağı tərəfdən
soxulmuşdu. Kəndi qoruyan
döyüşçülərin həyatı təhlükədəydi,
yağılar onları mühasirəyə salıb əsir
götürməyə cəhd edirdilər. Cəlal heç kəsin gözləmədiyi bir səmtdən
qabağa gedib qumbaraatanla daşnakların mövqelərini
vurdu. Çaş-baş qalan ermənilərin
geri çəkilməyə tələsdilər. Cəlalın igidliyi sayəsində
döyüşçülər mühasirədən
çıxa bildilər.
Amma Cəvahirli kəndi uğrunda gedən
döyüşdə Cəlal ağır yaralandı. Həm həmin
gün, həm də sonrakı ağır günlər
qanlı döyüşlər oldu. Daşnaklar
getdikcə Ağdama yaxınlaşırdılar, hücumlar səngimək
bilmirdi. Torpaqlar addım-addım ermənilərin
əlinə keçirdi. Çox
çalışsaq da Ağdamı qoruya bilmədik.
Yağılar şəhəri ələ keçirdilər...
- Bəs Cəlal necə oldu, sonra ondan bir xəbər
tuta bildinizmi?
– deyərək keçmiş
döyüşçüdən dostunu soruşdum. Bayaqdan
süzülmüş və artıq soyumuş çaydan bir
qurtum içib boğazını yaşlayan Firdovsi
döyüşçü dostunun sonrakı taleyindən
söz açdı:
- Cəlal
müalicə olunurdu, həyatı üçün ciddi təhlükə
yoxuydu. Bir neçə gündən sonra vaxt
tapıb hospitala gedib ona baş çəkdik. Ağır yaralanmış
döyüşçü dostumun sifəti də
yanmışdı. Yaxınlığına
düşən mərmi onun sir-sifətini
odlamışdı. Vəziyyəti
ağır olsa da, yanmış çöhrəsi
gülürdü, yenə döyüşə can
atırdı. Ağdamın işğal
olunduğunu eşidəndə pis hala düşdü. Çox keçmədi ki, Cəlal sağaldı, hərbi
hissəyə – yanımıza qayıtdı. Onun gəlişinə hamımız sevindik. Artıq həmin vaxt Füzuli istiqamətində –
Haramı düzündə mövqe tutmuşduq. Düşmən bir neçə kilometr geri
oturdulmuşdu. Döyüşlər bizim
üçün çox uğurla gedirdi. Hər
tərəfdə onları üstələmişdik.
Bir neçə gündən sonra məğlubiyyəti
ilə barışmaq istəməyən düşmən
gözlənilmədən güclü əks-hücuma
keçdi. Hücum gecə yarısı başlandı. Əvvəlki günlər dayanmadan irəliləyən
yağılar ciddi müqavimətlə
qarşılaşdılar. Mövqelərimizdə
möhkəm dayanıb hücumu dəf edirdik. Səhər açılar-açılmaz
düşmən tankları kimsəsiz boz çöllərdə
nərilti-gurultu qoparıb hücuma qoşuldu. Qəsbkarlar belə səs-küy salmaqla bizi qorxutmaq
istəyirdilər. Amma biz belə qanlı
döyüşlərə alışmışdıq. Qorxunun nə olduğunu da çoxdan yaddan
çıxarmışdıq.
Tanklar yaxınlaşan kimi onların ovuna
çıxdıq. Zirehli texnikalardan da üstümüzə
mərmi yağırdı. Buna baxmayaraq,
tanklar yaxınlaşanda qumbaraatanı çiynimə qoyub
onlardan birini vurdum. Texnika tüstüləməyə,
sonra da yanmağa başladı. Vaxt itirmədən
ikincisini də nişangaha götürdüm. Bu dəfə də mərmim hədəfə dəydi.
Həmin gün işğalçıların
yeddi tankı vuruldu. Onlardan ikisini mən,
üçünü Cəlal, qalanlarını isə
başqa döyüşçülər vurdular. O biri
texnikaları idarə edən quldurlar mövqelərin
keçilməz olduğunu görüb geriyə üz
qoydular. Qanlı döyüş üç gün ara vermədi. Düşmənin
müqaviməti tamamilə qırıldı. Dayanmadan irəli gedirdik. İşğal
altında olan torpaqları addım-addım ermənilərdən
azad edirdik.
***
Növbəti əməliyyata
hazırlaşırdıq. Bir az boş
vaxtımız var idi. Cəlalla oturub ordan-burdan
danışdıq. Ötüb-keçənlərdən
söz saldıq. Sonra Cəlal məndən soruşdu:
- Firdovsi,
düzün de, istədiyin varmı?
Onun gözlənilməz sualından çaşdım. Utandığımdan
əvvəlcə həqiqəti demək istəmədim.
Amma sonra fikrimdən daşınıb:
- Hə
var, Cəlal nə olub ki?
Döyüşçü dostum sualıma cavab verməyə
tələsmədi. Nişanlı olduğumu eşidəndə sanki bir az da sevinən kimi oldu. İti
baxışlarını uzaqlara dikib dedi:
- Firdovsi,
görürsən də, son günlər vəziyyət necə
də gərginləşib. Hər dəqiqəmiz
təhlükəlidir. Ölüm iti
qılınc kimi başımızın üstündən
asılıb. Havanı odlayıb keçən
güllələr hər an ömrümüzü yarıda
qıra bilər. Ona görə istəyirəm
səninlə bir şərt kəsək. Səndən
nə gizlədim, mən də nişanlıyam. İnşallah bizlərdən birimiz müharibədən
sağ çıxa bilsək gələcəkdə ailə həyatı
quranda övladlarmıza bir-birimizin adını qoyaq. Mən şəhid olsam, sən oğlunun
adını Cəlal qoyarsan. Yox sən
şəhid olsan, mən oğlumun adını Firdovsi qoyaram.
Beləcə, ömrümüz boyu bir-birimizi
xatırlayarıq.
Cəlalın bu sözləri məni yaman kövrəltdi. Amma üzdə
bunu büruzə vermədim. Ayağa qalxıb əlimi
onun kürəyinə vurub dedim:
- İnşallah, müharibə qələbəmizlə
başa çatandan sonra ikimiz də sağ-salamat geri dönərik. Gözəl
toy edib, ailə həyatı qurarıq.
Dediyim bu sözlər onu fikrindən döndərmədi. Nəzərlərini
uzaqdan çəkib gözlərimin içinə baxaraq «yox
Firdovsi, son vaxtlar nə isə ürəyimə damıb.
Elə bilirəm ki, çox dəhşətli,
gözlənilməz hadisələr olacaq. Elə bilirəm
ki… Sən söz ver ki, oğlun olsa,
adını Cəlal qoyacaqsan». Sözümün
üstündə duracağıma onu əmin etdim.
Düşməni geri sıxışdırdıqca daha
da həvəslə vuruşurduq. Gündən-günə
təcrübəmiz artırdı. Buna
görə bir-birinin ardınca Füzulinin kəndlərini
azad edirdik. Qazanılan bu uğurlar isə
qurbansız ötüşmürdü. Qanlı
savaşlarda bir səngərdə vuruşduğumuz dostlarımızı
itirirdik. Bu ölümlər hər
birimizin ürəyini ağrıdır, qəlbini göynədirdi.
O gün olmurdu ki, evlərə meyit yola salmayaq. Bunları
gördükcə yağılara qarşı daha qətiyyətli
olurduq.
Doxsan
üçüncü ili sağ-salamat yola
saldıq. Təzə ilin ilk günlərində
də döyüşlər səngimək bilmirdi. İtki verib geri çəkilən quldurlar
ara-sıra olub-qalan gücünü cəmləyib müxtəlif
istiqamətlərdən əks-hücuma keçirdilər.
Onların bütün cəhdlərinin
qarşısı alınırdı. Yeni
ilin ilk həftəsində başıma dəhşətli bir
hadisə gəldi. Həyatımın ən
ağır bir gününü yaşadım. Həmin faciə bütün ömrüm boyu məni
yandıracaq. Yanvar ayının bu soyuq və
şaxtalı günündə mən neçə vaxtdan bəri
çiyin-çiyinə vuruşduğum, xətrini
dünyalarca istədiyim döyüşçü dostum Cəlalı
itirdim. O, torpaq uğrunda şəhid oldu.
- Həmin
dəhşətli hadisə necə baş verdi,
Cəlal hansı şəraitdə şəhid oldu? – deyə kədər hissi ilə Firdovsidən
soruşdum.
- Cəlalın
şəhid olduğu qanlı savaş səhər tezdən
başlandı. Ermənilərin qəfil
hücumunun qarşısını almaq üçün irəli
atıldıq. Həmişəki kimi
döyüşçü dostum yenə də öndəydi.
Daşnaklar dayandığımız ərazini
güclü atəşə tutmuşdular, baş
qaldırıb yeriyə də bilmirdik. Atəş
səslərindən yer-göy titrəyirdi. Silahlar gurlayanda dərə-təpələr də
diksinirdi. Mərmilərin istisindən,
od-alovundan torpaq qarsıyırdı. Özümüzə
əlverişli mövqe tutduğumuza görə
yağıların güllələrindən
yayınırdıq. Müqavimətin zəif
olduğunu görən qəsbkarlar yavaş-yavaş irəliləyirdilər.
Çətin olsa da, xüsusi düzəldilmiş
təhlükəsiz yerə qalxıb atəş
açmağa başladıq. Cəlal
sürünə-sürünə xeyli qabağa getdi. Artıq düşmənə atəş açmaq
olardı. Cəlal qumbaraatanı çiyninə qoyub hədəfi
nişan alıb tətiyi çəkdi. Atəş səsləri daha da gücləndi.
Mərminin partlamasından xeyli düşmən
əsgəri məhv oldu. Buna görə qəsbkarların
hücumu bir az zəiflədi. Ara qarışdı. Vaxt itirmədən
düşmən üzərinə hücuma keçdik. Bu qarışıqlıqda
döyüşçü dostum gözümə dəymirdi.
Əvvəlcə elə zənn elədim ki, yəqin
o, atəş açandan sonra mövqeyini dəyişib.
Amma sonra gördüm ki, yox, Cəlal hərəkətsiz
vəziyyətdə elə bayaqkı yerində döşəli
qalıb.
İlk ağlıma gələn bu oldu ki, yəqin
yaralanıb. Sürünə-sürünə özümü
ona çatdırdım. Gördüyümdən
dəhşətə gəldim. Düşmən
snayperi onu başından vurmuşdu. Artıq
Cəlal həlak olmuşdu. Döyüşçü
dostumun belə faciəli ölümü məni yaman
sarsıtdı. Gözlərimdən axan
yaş yanaqlarımı isladırdı. Onun
hələ də soyumamış meyitini qucaqlayıb
hönkür-hönkür ağlayırdım. Amma ağlayıb-sızlamaqla heç nəyi geri
qaytarmaq mümkün deyildi. Artıq Cəlal
dünyasını dəyişmiş, əbədi olaraq bizi tərk
etmişdi. Onun ölüm xəbəri
hamını kədərləndirdi.
Səhər ertədən başlanan döyüşsə
hələ də dayanmamışdı. Bir neçə
gün əvvəl itirdiyi mövqeləri geri qaytarmağa
çalışan quldurlar güclü hücuma
keçmişdilər. Əgər möhkəm
dayanmasaydıq, düşmən məqsədinə çata
bilərdi. Əlverişli məqam yetişən kimi,
komandir yenə də hücum əmri verdi.
Ləngimədən silahları işə
salıb atəş açdıq. Cəlalın
ölümünə qəzəblənən əsgərlər
intiqam hissi ilə vuruşurdular. Bir
neçə saat çəkən qanlı savaş qələbəmizlə
başa çatdı. Düşməni təqib
edib mövqelərindən də xeyli geri qovduq. Ogünkü döyüşün ən ağır
itkisi Cəlal oldu. Göz yaşları
içində onun meyitini maşina qoyub evlərinə yola
saldıq. Döyüşçü dostumun
ölümündən sonra sanki özümü tənha və
arxasız hiss edirdim. Çətin gündə ən
yaxın silahdaşını itirmək çox
ağırdır.
Firdovsinin acı xatirəyə dönmüş söhbəti
bitib-tükənmirdi. Onun danışdığı hadisələr
o qədər maraqlıydı ki, bir anlıq havanın isti
olduğunu da unutmuşdum. Çaynik də
boşalmışdı. Çayçını
səsləyib təzəsini gətirməsini xahiş etdim.
Hiss olunurdu ki, Firdovsinin ürəyi doludur, hələ deyiləsi
sözləri var.
-
Yaxşı yadımdadır rəhmətlik həmişə
deyirdi ki, Firdovsi, müharibə qurtarandan birlikdə siz tərəflərə
gedərik, - deyə keçmiş döyüşçü
əsgər dostu haqqında yenə də xatirələrini
çözələdi. - Görməli yerləri gəzib,
dolanarıq. Təəssüf ki, bu, ona qismət
olmadı. Sonralar öyrəndim ki, yumaq
üçün onun meyitini Beyləqana yox, necə olubsa, bizim
rayona - İmişliyə aparıb çıxarıblar.
Onu buradakı məsciddə yuyublar. Cəlalın ölümündən sonra yenə də
döyüşlər qızışdı. Addım-addım erməniləri torpaqlarımızdan
qovurduq. Təəssüf ki, bir müddətdən
sonra mən də ağır yaralandım. Xəstəxanalarda çox yatsam da, tibb elmi
sağlamlığımı bərpa etməkdə aciz
qaldı.
Haradasa altı aydan sonra döyüşçü
dostlarımla əlaqə saxlayıb Göyçay rayonuna – Cəlalın
məzarını ziyarət etməyə getdik. Əvvəlcə
evlərinə baş çəkib valideynləri ilə
görüşdük. Sonra qəbiristanlığa
yollandıq. Məzarının
üstünə gül-çiçək dəstələri
qoyduq. Cəlalın son
döyüşündən söz açıb vəsiyyətindən
danışdım. Onunla bağlı xatirələr
dilə gəldi.
Çox keçmədi ki, ailə həyatı qurdum. Şükürlər
ki, elə ilk övladım oğlan uşağı oldu.
Bu hadisədən bir gün əvvəl Cəlalı
yuxuda görmüşdüm. Elə bil rəhmətlik
vəsiyyətini yadıma salmaq üçün yuxuma
girmişdi. Ona söz verdiyim kimi,
oğlumun adını Cəlal qoydum. Uşağın
ayağı yer tutandan sonra yenə də Göyçaya
getdim. Onu apardım ki, qoy əsgər
dostumun valideynləri balaca Cəlalı görsünlər.
Ötən vaxt ərzində Cəlalgilin ev
və həyətlərində heç nə dəyişilməmişdi.
Təkcə dəyişən o idi ki, Saab ana, Hətəm ata
bir az yaşlaşmışdılar. Elə bil Cəlalın yoxluğundan istifadə edən
zaman onları vaxtından əvvəl qocaltmağa
çalışırdı.
Döyüşçü dostumun ata-anası bizi ən əziz
adamları kimi qarşıladılar. Oğlumu da onlarla tanış
elədim. Dedim ki, indi balaca Cəlal həm sizin, həm də mənim övladımdır. Hər ikisi balaca Cəlalı qucaqlayıb
öpüb oxşadılar. Uşağı əzizlədikcə
hiss edirdim ki, onları qəhər boğur, danışa
bilmirlər. Saab ana diqqətlə oğluma baxanda heyrətlənib
əlini-əlinə vurub dedi:
- Aman
Allah, bu körpə necə də Cəlalın
uşaqlığına oxşayır. Elə
bil bir almanı iki yerə bölüblər.
Sonra oğlunun uşaqlıq şəkillərini
tapıb gətirib bizə göstərdi. Qəribə
bənzərlik var idi. Şəkillərə
baxanda doğrudan da, balaca Cəlalın
döyüşçü dostum Cəlala nə qədər
oxşadığını gördüm. Kim
nə bilir bəlkə oğlum Cəlala onun ruhu hopmuşdu.
Əvvəllər Cəlalı yuxuda tez-tez
görürdüm. Amma evlərinə gedib
qayıdandan sonra döyüşçü dostum daha yuxuma
girmirdi. Yəqin ki, artıq ruhu rahatlıq
tapmışdı.
Bir
neçə gün əvvəl oğlum Cəlal bir az xəstələnmişdi. Rayondakı
həkimlərə göstərsəm də, dərdini tapa
bilmədilər. Nə qədər dava-dərman
eləsək də, uşaq sağalmır, öskürəyi
keçmir. İndi şəhərə həkim
yanına gəlmişəm. Yaxın dostum
yaxşı bir uşaq həkiminin ünvanını mənə
verib. Xəstəxana haradasa buralarda -
stadionun yanında olmalıdır. Rayondan təzəcə
gəlib çatmışam. Bir az
çay içib özümə gələndən sonra xəstəxanaya
gedəcəm.
Övladına döyüşçü dostunun
adını qoymuş Firdovsi sözünü burada
tamamladı. Söhbətimizə o qədər də məhəl
qoymayan balaca Cəlal isə elə hey
yaxınlığımızda ora-bura qaçır, bir yerdə
qərar tuta bilmirdi. Şəhərə gəldiyindən
elə bil uşaq xəstəliyini də unutmuşdu.
Eşitdiyim söhbət ürəyimcə oldu. Firdovsinin həm
igidliyinə, həm də döyüşçü kimi
verdiyi sözə əməl etməsinə heyran qaldım.
Professor xəstə olduğundan ondan müsahibə ala
bilməmişdim. Firdovsi ilə rastlaşıb
söhbət etməyim lap yerinə
düşmüşdü. Keçmiş
döyüşçünün başına gələnləri
yazıb nömrəyə çatdırmaq üçün
sağollaşıb ondan ayrıldım. Şəhərin
isti və səs-küylə dolu küçələrindən
keçib redaksiyaya çatdım və dərhal da kompyuterin
arxasında oturdum...
Vahid MƏHƏRRƏMOV
Kaspi.-2013.-8 mart.-S.21.