ƏDƏBİYYATIMIZIN SƏMƏNDƏR QUŞU 

 

 (Xalq yazıçısı Mehdi Hüseyn)

 

…Ömrünün sübhü də, qürubu da yazın nübar çağı ilə – mart ayı ilə bağlıdır. Dünyamıza "salam" deməsi bir əsr əvvələ – 1909-cu il Novruzun yurdumuza qədəm qoyduğu, tonqalların təzəcə öləzidiyi vaxta düşür. Əli Əfəndinin evində oğlan uşağının dünyaya göz açması İkinci Şıxlı camaatının böyük sevincinə səbəb olmuşdu. Kənd ürəkdən şadlanmışdı, bir də yaxında, uzaqda olan dostları, doğmaları.

Dünya ilə vidalaşanda isə bütün Azərbaycan matəmə bürünmüşdü, göz yaşları ürəklərə axırdı. Xalqımız Mehdi Hüseyn kimi qüdrətli, azman bir sənətkar itirmişdi…

1965-ci il, 10 mart… O sazaqlı gün indi də gözümün qabağındadır. Günəş azca işıldasa da, şaxta adamı kəsirdi. Yollar buz bağlamışdı. Şəhərin mərkəzindən ehtiyatla tərpənən izdiham – qəmli, mükəddər insan nəhri addım-addım qədim Bakının Çəmbərəkənd deyilən yerindən Park küçəsilə yuxarı qalxırdı.

Öndə gedən maşındakı tabutun dörd dövrəsindən boylanan gül-çiçəyin rəngini də, ətrini də don vurub dondurmuşdu. Tabutun baş tərəfində oturanların ikisi də – İsmayıl Şıxlı da, İsa Hüseynov da Mehdi Hüseyn məktəbinin ləyaqətli yetirmələri idi.

Onlar ürəkdən, candan sevdikləri böyük sənət fədaisini, öz ustadlarını bu əzəmətli matəm karvanı ilə birgə son mənzilə yola salırdılar.

Həftələr dolanıb aylar keçəcək, fəsillər təzələnəcək... İsmayıl Şıxlı tələbəlik çağlarından üzü bəri dostluq, qardaşlıq elədiyi, bəlkə də Allahı qədər sevdiyi, inandığı Mehdi Hüseynlə ilk tanışlığını, onun yanında necə ədəbi məktəb keçdiyini, bir-birinin əsərləri ilə bağlı mübahisələri xatırlaya-xatırlaya yazı stolunun arxasına keçəcək və böyük şəxsiyyətlə bağlı fikir və düşüncələrini, ona olan sahilsiz sevgisini kağız üzərində əbədiləşdirmək istəyəcəkdi. Xəyalı yaxınlarda, uzaqlarda qanad çalsa da, o ağlar-sızlar vida anlarının ağrı-acısı yenidən köksündə qövr eləyəcək, bu soyuyub səngiməyən dərd kül altdan işaran köz kimi ürəyini yandırıb-yaxacaqdı: "Biz əklillərlə dolu olan maşında, tabutun yanında oturmuşduq. Onunla axırıncı dəfə yoldaşlıq edirdik. Zehnimiz bizə deyirdi ki, Mehdi Hüseyn artıq yoxdur, amma hisslərimiz ona bağlı idi. İnana bilmirdik. İnanmaq istəmirdik. İnanmaq çətin idi!

İsa Hüseynov tabutun baş tərəfində mənimlə üzbəüz oturmuşdu. Dirsəklərini dizinə, çənəsini isə əllərinə söykəmişdi. Barmaqlarının arasındakı papiros müştüyə qədər yanmışdı. O, bundan xəbərsiz idi. Elə bil beli də azacıq əyilmişdi. Onu hələ belə məhzun görməmişdim. Hətta atası faciəli şəkildə həlak olanda da toxtaqlığını itirməmişdi.

Artıq son mənzilə yaxınlaşırdıq. Fəxri xiyabanın girəcəyinə çatanda hələ torpağı tamam yaprıxmamış qəbirin baş tərəfindəki şəkil nəzərimizə çarpdı. Səməd Vurğun idi. O bizə baxırdı. Gülümsər gözlərində gizli bir kədər duyulurdu. Hiss olunurdu ki, ürəyi qubarlıdır. Baxışları ilə dostunu danlayır ki, "Axı mən tələsdim, əlli yaşında dünyadan köçdüm, bəs sən nə tez gəldin?"

… O, ədəbiyyata seçilən bir səslə, gur, qaynar nəfəslə gəlmişdi. 1927-ci ildə işıq üzü görən "Yun qırxımı" hekayəsi sənət aləminə yeni bir istedadın gəlişindən müjdə verirdi. O zaman müəllif 18 yaşın içindəydi. Yaxınları, doğmaları artıq imzasını tanıyırdılar. Nəsrdə qələmini sınamazdan əvvəl isə Qazax Müəllimlər Seminariyasının ikinci kursunda oxuyarkən Tiflisdə çıxan "Yeni fikir" qəzetində məqalələr dərc etdirmişdi.

"Yun qırxımı"nın ayaqları uğurlu, qanadları möhkəm oldu. Aradan vur-tut üç il keçəndən sonra – 1930-cu ildə "Azərnəşr" dalbadal "Bahar suları" və "Xavər" kitablarını çapdan buraxdı. Bununla da xalqımız arasında yazıçı kimi tanınmağa başladı. Əsil şöhrəti isə "Tərlan" romanından və "Kin" povestindən sonra gəldi. Yazıçı qırx yaşını adını ellərdən-ellərə, dillərdən-dillərə, ölkələrdən ölkələrə yayan, şöhrətini uca zirvələrə yazan məşhur "Abşeron" romanı ilə qarşıladı. Bu, ədibin əsil sənət qələbəsi idi. "Abşeron" təkcə Azərbaycanın deyil, bütün sovet ədəbiyyatının ən parlaq uğurlarından sayılırdı. Çox keçmədi ki, roman SSRİ Dövlət mükafatına layiq görüldü.

Mehdi Hüseyn XX əsr Azərbaycan ədəbiyyatının qüdrətli yaradıcılarından biri sayılır. Onun sənət aləmində alınmaz, basılmaz zirvəsi vardır. Mehdi Hüseyn bu halal zirvəyə böyük istedadı, çoxlarına möcüzə kimi gələn titanik zəhmətilə, sənət hünərlərilə ucalmış və orada qranit abidəyə dönərək gələcək nəsillərə, əsrlərə üz tutmuşdur.

Mən Mehdi Hüseyn adını 40-cı illərin axırlarında, orta məktəbdə oxuduğum çağlarda eşitmişəm. Yaxın qohumum var idi – Əli Rəsulov. İxtisasca tarixçi olsa da, ədəbiyyatı ürəkdən sevirdi. Özü də şeir yazırdı. O, Mir Cəlal Paşayev ilə birlikdə Gədəbəyə ilk maarif işığı aparan ziyalılardan sayılırdı.

Yadımdadır, neçə gün idi ki, "Abşeron" romanı əlimdən düşmürdü. Onu su kimi içirdim. Əli müəllim kitabı məndən alıb vərəqləyə-vərəqləyə:

– Maraqlı əsərdir, – dedi. – Mən də təzəcə oxuyub başa çıxmışam. – Kitabı mənə qaytaranda gülümsədi. – Nahid, bəlkə də bu taleyin bir işidir. Mən Osman Sarıvəlli və Mehdi Hüseynlə Qazax Seminariyasında bir yerdə oxumuşam. Səməd Vurğun bizdən yuxarı kursda idi.

Mən marağımı boğa bilmədim.

– Mehdi Hüseynin oxumağı necəydi?

– O, seminariyanın gözü sayılırdı. Atası Əli Əfəndi direktorumuz idi. Uşaqlar arasında belə deyənlər var idi ki, Mehdi atasına görə əlaçıdır. Əslində belə deyildi. Oxumağına, mütaliəsinə söz yox idi. Danışığı, davranışı da öz yerində. Bir gün lövhədə onun seminariyadan qovulması əmrini görəndə gözlərimizə inanmadıq, matımız-qutumuz qurudu. Kimsə Mehdinin siqaret çəkdiyi barədə direktora xəbər vermişdi. O da bunu dürüstləşdirmiş və əmri dərhal divardan asdırmışdı. Bu sarsıdıcı xəbərdən sonra seminariyanın müəllimləri, eləcə də şəhərin nüfuzlu ziyalıları Əli Əfəndiyə minnətçi düşdülər ki, əmri ləğv eləsin. O isə dediyində dururdu: "Mənim haqqım yoxdur ki, onu bir də dərsə buraxım. Axı, deməzlərmi ki, Əli Əfəndi öz oğluna tərbiyə verə bilmirsə, onda başqalarının uşaqlarını necə tərbiyələndirər?

Biz çox məyus halda onu Bakıya yola saldıq. Mən bir də onunla Bakıda ali təhsil aldığım vaxt görüşdüm. Seminariyada oxuduğumuz günləri xatırladıq. Mehdi Hüseyn gülə-gülə dedi: "Atamın çoxlarına pislik kimi gələn bu hərəkəti bəlkə də mənim üçün ən böyük yaxşılıq oldu. Qaynar Bakı mühitinə düşdüm. Məni bu mühit pərvazlandırdı".

Mehdi Hüseyn görüşlərinin birində bu fikri bir daha dilə gətirdi.

Mən qəlbən sevdiyim bu sənətkarla çox görüşlərdə olmuşam. Ayrı-ayrı məqamlar ürəyimə köçüb, yaddaşımda nəqşələnib. Yazıçının dilindən eşitdiyim bu sözlər yadımdan necə çıxa bilər? "Mən təbiətən sərt adamam. Məni sarsıtmaq o qədər də asan deyil. Ancaq ömrümdə bir dəfə bütün varlığımla ağlamışam – arxivimdə "Şeyx Şamil" pyesinin əlyazmasını görəndə. Bu əsər mənə həmişə dərd gətirib".

Doğrudan da "Şeyx Şamil"in qubarı heç vaxt ürəyindən getmirdi. Bunu özünə kiçik qardaş sandığı İsmayıl Şıxlı da yaxşı bilirdi. O, "Azərbaycan" jurnalının baş redaktoru olanda ağlına gəlmişdi ki, "Şeyx Şamil"i çap eləsin. Bununla ustadının ruhunu sevindirmək istəyirdi. Ancaq istəyi baş tutmadı. Senzor iki ayağını bir başmağa dirədi: "İcazə verə bilmərik. Əgər içində ayrı niyyət olmasaydı, yazılan vaxtda səhnə ömrü yaşayardı. Əsər rusların əleyhinədir. Durduğumuz yerdə niyə özümüzü cəncələ salaq".

İsmayıl Şıxlı da sərt cavab vermişdi: “Jurnala mən cavabdehəm. Əgər hər şeyi siz həll edəcəksinizsə, daha orada mən niyə oturmuşam. Bilin ki, mən siz istədiyiniz redaktor ola bilmərəm”.

O, ruhən yaxınlığına, zövq, fikir və əqidə uyarlığına görə bir sıra qələm dostları ilə sıx ülfət bağlamışdı. Bu sırada Əli Vəliyev, Əbülhəsən, İlyas Əfəndiyev və başqaları var idi. Sadəliyinə, xeyirxahlığına və ürək genişliyinə görə Əli Vəliyevə rəğbəti var idi. Yorğun, əsəbi vaxtlarında onunla ürək söhbəti eləməyə, zarafatlaşmağa ehtiyac duyurdu. İlin sakit payız günlərində Şüvəlan Yaradıcılıq Evinə çəkilir, birgə dincəlir, yanaşı otaqlarda qələmə sarılıb yazıb-yaradırdılar. Qələm yorulanda bir-birini səsləyirdilər. Sonra da başlayırdı ənənəvi zarafatlar, atmacalar…

"Yeraltı çaylar dənizə axır" romanının son fəsilləri yazılırdı. Onlar yenə bir yerdəydilər. Mehdi Hüseyn bütün varlığı ilə inanırdı ki, illərlə ürəyində gəzdirdiyi, indi isə şövqlə, ilhamla kağıza köçürdüyü bu əsər onun taleyində yeni bir səhifə olacaq.

Hərdən bağ qonşusu, ürək dostu Ələsgər Ələkbərovla sözü bir yerə qoyub dənizə üz tuturdular. Balıq tutmaq bir bəhanə idi. İkisinin də ürəyi sözünə baxmırdı. Həkimlər ona da, Azərbaycan səhnəsinin Allahı sayılan Ələsgər Ələkbərova da məsləhət bilmişdilər ki, bacardıqca dəniz qırağında çox olsunlar, bol-bol təmiz hava udsunlar.

...Biz, bir dəstə söz-sənət adamı, qızmar yayın öz yerini barlı-bərəkətli payıza verdiyi günlərin birində burada – onların ocaq yerində süfrə açmışdıq. Çox yazıçılardan söhbət düşdü, xatirələr bir-birinə calandı. Ənvər Məmmədxanlı fikirli-fikirli gözünü qürub mənzərəsindən ayırmayaraq: "Mənim əzizilərim, – dedi. – Biz indi elə bir yerdə məclis qurmuşuq ki, bir vaxt burada Mehdi Hüseyn ilə Əldəsgər Ələkbərov üzbəüz oturar, danışar, gülər, günəş görünməz olanda onlar da dərdlərini bu qayalar üstündə qoyub gedərdilər".

Mehdi Hüseynlə Əli Vəliyevin mərc gəlməsi də xoş bir əhvalat kimi yazıçıların dilindən düşmürdü. İsmayıl Şıxlı da buna həlim bir məzə qatırdı: "Mehdi Hüseynin hər dəqiqəsi hesabda idi. "Yeraltı çaylar dənizə axır" romanına nöqtə qoymağa çalışırdı. Günlərin birində rezin çəkmələrini geyinib, tilovunu götürüb pillələri enərkən arxadan Əli Vəliyevin səsini eşitdi:

– Mehdi, səndən balıq tutan olmaz, özünü nahaq yerə yorma.

– Əli, inanmırsan?

– Yox, inana bilmərəm.

– Sübut etsəm, bəs onda necə?

– Çox yox, ikicə balıq gətirsən, sənə bir konyak alaram.

– Sən ki içən deyilsən?

– Siz içərsiniz.

– Demək mərcləşdik.

Qaranlıq düşəndə həyətdən Mehdi Hyseynin səsi gəldi:

– Əli, haradasan, düş aşağı, gör lələşin necə balıq tutub?

Əli Vəliyev özünü ona yetirəndə təəccübünü gizlədə bilmədi:

– Afərin, afərin! Adam heç inana bilmir. Ancaq ay Mehdi, düzünü de, bunları özün tutubsan, yoxsa?..

– Əli, bunu heç səndən gözləməzdim.

Mehdi Hüseynin sərt baxışları qarşısında Əli Vəliyev geri çəkildi:

– Sən Allah mənə belə qanlı-qanlı baxma.

– De görüm uduzdun, ya yox?

– Nə deyirəm, söz vermişəm, yerinə də yetirəcəyəm.

– Yetirməsən də olar, Əli Qaroğlu. Əsas budur inandın.

– Mehdi, mən sənə həmişə inanmışam.

O, bu sözləri ürəkdən deyirdi. Çünki Mehdi Hüseyn onun gözündə dünyanın ən müdrik insanlarından biri idi.

Qəlbinin dərinliklərində ona vurğunluğunu gizlətmirdi. Sağlığında da, haqq dünyasına qovuşanda da ondan geniş ürəklə danışırdı: "Mehdi Hüseyn bizlərin tayı deyil. Yeri gələndə filosofdur, tarixçidir, siyasətçidir. Yazıçılığına da söz olmaz.".

Yazıçılar İttifaqında hamının ana-bacı bildiyi Kübra xanımın "Mehdi, Mehdi!"deyib haray-həşir qopardığı o məşum anlarda Əli Vəliyevin ürəyi yenicə döyüntüsünü itirmiş qələm dostundan aralanıb, qolu-qanadı sınmış quş kimi üzünü pəncərəyə tutaraq uşaq kimi hönkür-hönkür ağlaması otaqdakıların hamını sarsıtmışdı...

Əli Vəliyevlə bir söhbətim yadımda-yaddaşımda hərdən göyərir.

…Radio günü idi. Bir dəstə ziyalını verilişə dəvət etmişdik. Videoçəkilişdən qabaq mənim iş otağımda cəm olmuşduq. Əli Vəliyev üzünü mənə tutub:

– Yoldaş Nahid Hacıyev, – dedi, – heç bilirsənmi ki, sənin işlədiyin bu Komitənin yerləşdiyi küçənin adı necə qoyulub?

– Yox, Əli müəllim, bilmirəm.

– Bilsən yaxşıdır. Vaxt gələr, yazarsan, sənin kimi bilməyənlər də bilər.

– Əlbəttə, bilsəm yaxşıdır. Bu bizim Komitənin tarixidir.

– Onda yaxşı-yaxşı qulaq as. Demək məndən, yadda saxlamaq da səndən.

– Mən hazır, Əli müəllim.

– Hə, məsələ belə olub, – əlini çənəsinə söykədi. –Bizim Yazıçılar İttifaqının Rəyasət Heyətində Mehdi Hüseynin adının əbədiləşdirilməsi haqqında təqdimat müzakirə olunurdu. Gəlib çatdıq Bakıda adına küçə qoyulması məsələsinə. Fikirlər haçalandı. Mən deyəndə ki, gəlin Park küçəsinə onun adını verək, dönüb təəccüblə üzümə baxdılar. Bu baxışların mənası o idi ki, bu Əli Qaroğlu özgə vaxt Mehdi Hüseyn adı çəkiləndə dili ağzına sığmır. İndi bu Çəmbərəkənd haradan düşdü yadına. – Əli Vəliyev barmaqlarını daraqladı. – Mən başladım təklifimin canını-cövhərini ortaya qoymağa. Dedim ki, hər gün bura axın-axın insanlar üz tutur, yüzlərlə məktub gəlir. Bundan sonra Mehdi Hüseynin adı radioda, televiziyada hər gün çəkiləcək. Bu onun haqqıdır. Ömrü yarımçıq qırılsa da, zaman həmişə onun tərəfində olacaq.

Şair dostum Tofiq Bayram bir gün gəldi ki, sizin küçəni dağların başına qoymuşam. İstəyirəm verilişlərin birində oxuyum. Məhəbbətimi həm Mehdi Hüseynə, həm də radio və televiziyaya izhar eləyim.

Şeir belə adlanırdı: "Mehdi Hüseyn küçəsi".

 

Bir küçə var –

dünyanı gətirir evimizə.

Özü görünməsə də,

Ərzi göstərir bizə.

"Azərbaycan himni"nin

Gur səsilə oyanıb,

Səhər-səhər yaratmaq

Həvəsilə oyanıb,

Ekrandan, ya efirdən

Hər gün eşidirəm mən

Bu küçənin adını.

Nə yaxşı ki, bu yerə

Verdik sənin adını.

Mehdi Hüseyn küçəsi, –

Ən sevimli bir ünvan.

Mehdi Hüseyn küçəsi, –

Arzular dalğa-dalğa,

Məktublar ümman-ümman.

Hər zərfin üzərində

Adın yazılır sənin.

Sənətini, özünü

Varlığı tək sevənin

Evində eşidilir

Hər gün diktorun səsi:

Ünvanımız belədir –

Mehdi Hüseyn küçəsi.

 

…Ölməz Ukrayna şairi Taras Şevçenkonuvn yubileyinə hazırlıq görülürdü. Bu ərəfədə Kiyevdən bir məktub aldıq. Ukraynalı həmkarlarımız xahiş edirdilər ki, "Kobzar Azərbaycanda" mövzusunda çıxış hazırlayıb Kiyevə göndərək. Mehdi Hüseynin yanına düşmək o qədər də asan deyildi. Birtəhər özümü içəri saldım. Başını qaldırıb diqqətlə məni süzdü.

– Cavan oğlan, eşidirəm səni.

Zəhmi məni basmışdı, özümü toplayıb çəkinə-çəkinə:

– Mehdi müəllim, mən Radiodan gəlmişəm, – dedim.

– Xoş gəlmisən, oğlum, mənə görə nə qulluq.

Üzündəki təbəssüm məni ürəkləndirdi. Gəlişimin səbəbini izah etdim. Azca fikrə gedib:

– Şevçenko mənim çox sevdiyim sənətkarlardandır, – dedi. – Deyəsən elə mən özüm danışmalı olacağam.

Kabinetindən sevinə-sevinə çıxdım. Deyilən gündə, saatda onu Komitənin həyətindəki hovuzun yanında qarşıladım. Mikrofon arxasına keçəndə, səliqəli əl xəttilə yazılmış çıxışını qoltuq cibindən çıxarıb gözucu baxaraq: " Mən hazır!", – dedi.

O, Şevçenkonun Azərbaycanda sevilməsindən, əsərlərinin tərcüməsindən, kitablarının çapından konkret faktlarla söz açdı. Süleyman Rüstəmin tərcüməsində "Vəsiyyət" şeirindən iki misranı söylədi:

 

"Mən öləndə məni dəfn edərsiniz,

Əziz Ukraynanın uca yerində"…

 

Bundan sonra böyük sənətkarla aramızda şirin "salam-əleyk" başladı.

…Mehdi Hüseyn geniş diapazonlu bir sənətkar idi. O, nasir, dramaturq, publisist və tənqidçi kimi ədəbi mühitlə nəfəs alır, hər yerdə mübariz bir əsgər kimi sənətin keşiyini çəkirdi. Mötəbər sözü meyar sayılırdı. O, bunu həyatı boyu mübarizələr, ədəbi döyüşlər burulğanında çarpışa-çarpışa qazanmışdı. Çox geniş mütaliəsi var idi. Dünya ədəbiyyatını dərindən bilirdi. Buna görə də onunla döş-döşə gəlmək çox da asan deyildi. Yazıçıların Natəvan klubunun divarları şahiddir ki, o, çox tənqidçiləri, sənətşünasları, yazıçı və şairləri ağlı, zəkası, analitik düşüncə tərzi ilə ram eləmiş, susdurmuşdur.

Biz tələbə olanda çox sevdiyimiz, fəxr etdiyimiz Mir Cəlalın neçə illər üzərində çalışdığı "Yolumuz hayanadır" romanı təzəcə çapdan çıxmışdı. Ölməz Sabirin keşməkeşli həyatından bəhs edən bu maraqlı əsər oxucuların əlindən düşmürdü. Gözlənilməz halda "Kommunist" qəzetində əsərin daşını daş üstə qoymayan bir məqalə çıxdı. Bu ədəbi mühiti də, oxucuları da heyrətə saldı: "Axı "Yolumuz hayanadır" ölməz Sabirə böyük məhəbbətlə yazılıb. Özü də sanballı romandır. Belə sərt tənqid çox birtərəflidir, tendensiyalıdır".

Təbiətən çox xeyirxah, həlim bir insan, pedaqoq olan Mir Cəlal müəllim həyəcan keçirirdi. Yazıçılar İttifaqında roman geniş müzakirə olundu. Burada əsər əsil qiymətini aldı.

Aradan çox illər ötəndən sonra bu müzakirə yada düşdü. Mir Cəlal müəllim dedi:

– Mehdi Hüseynin başına dönüm. O, romanı xilas elədi.

– Necə, ay Mir Cəlal müəllim?

– Zəng elədi ki, kitabı mənə göndər. Göndərdim. İkinci zəng mənə qanad verdi: "Qardaş, səni ürəkdən təbrik edirəm. O tənqid romanın heç həndəvərindən də keçmir. Hazırlaş, Natəvan klubunda romanın geniş müzakirəsini keçirəcəyik. Məruzəçi də bu lələşin olacaq".

Müzakirə çox maraqlı keçdi. Mehdi Hüseyndən sonra duranlar əsər haqqında müsbət fikirlər söylədilər. Qərəzli tənqiddən beləcə xilas oldu "Yolumuz hayanadır".

Yaşından asılı olmayaraq hər bir söz adamının yaradıcılıq uğuru Mehdi Hüseyni qəlbən sevindirirdi. Yeri düşdükcə öz sevincini mətbuat səhifələrində məktublarda, radio və televiziya çıxışlarında oxucularla bölüşürdü.

İsmayıl Şıxlıya qürur hissilə yazdığı bu məktub dediklərimizə gözəl bir illüstrasiyadır: "Əzizim İsmayıl! "Dəli Kür" əsərini dünən gecə oxuyub qurtardım. Düzünü deyim ki, mən səndən yaxşı əsər gözləyirdim, amma bu cür qüvvətli və təsirli bir əsər yazacağını (məhz indi, bu illərdə!) gözləmirdim. Əhsən, bərəkallah! Son on ildə bizim ədəbiyyatımızdan oxuduğum heç bir əsər məni bu cür sarsıtmamışdı. Təəssüf ki, sənə məlum bəzi xırda səbəblərə görə, mənim "Dəli Kür" haqqında mətbuatda yazmağıma imkan yoxdur. Elə həmin səbəblərə görə də öz fikrimi məktubla bildirməyi özümə borc bildim. Belə romanlara xalqımızın necə böyük ehtiyacı olduğunu sübuta ehtiyac varmı? Yəqin ki, sən ilk kitabın ahəngini və təsirini zəiflətmədən, əksinə, romanı axıracan daha böyük bir ilhamla yazmağa çalışacaqsan. Çalışacaqsan ki, romanın qəhrəmanları get-gedə daha dərindən açılsın, daha yaxşı ətə-qana dolsun, dilin daha çox zənginləşsin, hadisələrin epik inkişafı daha yaxşı vüsət kəsb eləsin. Xüsusən hələ yenicə başlanan "maarifçilik" xətti layiqli dramatizmlə (Cahandar ağa xətti kimi!) inkişaf eləsin. Birinci kitabın göstərir ki, sən bunun necə zəruri olduğunu dərk edə biləcək bir səviyyəyə gəlib çatmış bir sənətkarsan. Gün o gün olsun ki, romanı qurtarasan və mən də artıq məktubla yox, məqalə ilə (mən həmişə bu vəziyyətdə qalmayacağam ki!) öz rəyimi ifadə edim.

Səni öpürəm və qələbəni birlikdə bayram edəcəyimiz günü səbirsizliklə gözləyirəm.

Qardaşın Mehdi,

12.XI.62"

Mehdi Hüseyn! Ədəbiyyat aləmində zirvə sənətkarlardan biri sayılan bu adın üfüqlərə sığmayan siqləti vardır. Böyük söz ustasının yaradıcılığında "Tərlan", "Daşqın", "Abşeron", "Səhər", "Qara daşlar", "Yeraltı çaylar dənizə axır" romanları, "Nizami", "Cavanşir", "Şeyx Şamil", "İntizar", "Qardaşlar" pyesləri, kinossenariləri, "Bir ay və bir gün" adlı yol xatirələri, "Ədəbiyyat və həyat" tənqidi məqalələr kitabı uzaqlardan görünən silsilə dağları xatırladır. Bu əsərlər öz müəllifinə ölməzlik, əbədilik bəxş etmişdir.

…O, ədəbiyyatımızın səməndər quşu idi. Doğrudan da müəllifinə böyük hörmət və şöhrət gətirən "Alov" pyesinin qəhrəmanı Kamalovun qəfil güllədən həyatının söndüyü anlarda dilə gətirdiyi əfsanə Mehdi Hüseynin özünü, taleyini yada salır: "Səməndər adlı quş əbədi odlar-alovlar içində yanır, amma heç zaman ölmür". İnsan bu əfsanəni yaradanda özünün böyük əməllərini nəzərdə tutub. İnsan ölsə də bu əməllər yaşayır, yaşayacaq".

 

 

Nahid HACIZADƏ,

Yazıçı

 

Kaspi.-2013.-8 mart.-S.22-23.