Kino tariximizin bilmədiyimiz səhifələri 

 

 Azərbaycanın böyük dramaturqu və rejissoru Cəfər Cabbarlı kinostudiyada işləyərkən burada çox ədalətsiz hadisələrin şahidi olmuşdu. Ona görə də o, milli kadr məsələsi ilə bağlı məqalələrinin birində yazmışdı: «Azərbaycan kinosunun simasını yalnız milli kadrların iştirakı təmin edə bilər».

20-ci illərin kino sənətindən söhbət açarkən qeyd olunmalıdır ki, o dövrdə I Dövlət kinofabrikində çəkilən filmlər mühüm və aktual problemlərə toxunsa da öz bədii səviyyəsinə görə heç bir şeylə fərqlənmirdi. Bununla belə 20-ci illərin II yarısından sonra müasir mövzuda və klassik ədəbi əsərlər əsasında çəkilmiş «Bismillah». «Hacı Qara», «Sevil» bədii filmləri irəliyə doğru atılmış bir addım idi.

İndi isə oxucuları 20-ci illərdə bizim «Azdövlətkino» da baş verən qəribə hadisələrlə tanış etmək istəyirəm.

Həmin illərdə Tiflisdə yaşayan mühəndis Nikita Arutynov günlərin birində «Azdövlətkino» birliyinin rəhbərliyinə məktub yazıb bildirir ki, o, Zaqafqaziya Dövlət Təşkilatlarında «Azdövlətkino»nun nümayəndəliyi vəzifəsini pulsuz-parasız öz üzərinə götürməyə hazırdır.

O vaxtlar bu təşkilatlar Tiflisdə yerləşirdi. Birliyin idarə heyəti nəinki Arutynovun fikri ilə razılaşır, hətta ona maaş da təyin edir.

1926-cı ildə Gürcüstan Dövlət Kino Sənayesi «Azərbaycan» adlı 7 hissəli kinodram istehsal edir. Filmin ssenari müəllifi və rejissoru İvan Perestiani, operatoru Diqmelov idi. Həmin filmə Tiflisdə reklam plakatı da hazırlanır və ölkənin hər yerinə, o cümlədən Azərbaycana göndərilir. Bu plakatda rəqs edən yarı çılpaq qadın təsvir edilmişdi.

Qəribə burası idi ki, həmin şəkilin altında filmin adı- «Azərbaycan» yazılmışdı. Bu plakat bizim respublikamıza göndəriləndən sonra Gürcüstana, «Dövlətkinosənaye»nin idarə heyətinə aşağıdakı məzmunda məktub göndərilir. Məktubda yazılmışdı: «…Yarıçılpaq marionetin altında sovet respublikası (Azərbaycan) adlı sözlər yazılmışdır. Biz hesab edirik ki, bu plakatı çap edən şəxslər tərəfindən senzurasız tərtib olunmuş kobud aktdır.

Reklamın müəlliflərində bu məsələ ilə bağlı nəinki siyasi durum yoxdur, hətta qonşu respublikaya aid həmin təsvirlərə münasibətdə onlar etika haqqında elementar anlayışa belə malik deyillər.

Biz hesab edirik ki, əgər «Azdövlətkino» və ya hər hansı bir təşkilat belə bir məzmunda plakatı «Gürcüstan» başlığı altında buraxsaydı, yəqin ki, Gürcüstan SSR Dövlət Kinosənayesi də qəti etiraz edəcəkdi.

Biz sizin çap etdiyiniz reklamın («Dövlətkinosənaye»nin nəşri) ümumi məzmununa qarşı qəti etirazımızı bildiririk və sizin nəzərinizə çatdırırıq ki, Azərbaycana göndərilmiş bütün plakatlar, harada olursa-olsun, bizim tərəfimizdən yığılacaq və ləğv ediləcəkdir.

«Azdövlətkino» İdarə Heyətinin sədri Mahmudbəyov. 8 noyabr 1926-cı il».

Bəli, bu da mühəndis Arutyunovun bizə göstərdiyi «təmənnasız köməkliyi». Ruslar buna «Ayı xidməti» deyirlər.

Bu azmış kimi, həmin il martın 29-da Azərbaycandan Moskvaya, SSRİ Dövlətkinosənaye nümayəndəliyinə, Arustanov soyadlı erməni kino işçisinə aşağıdakı məzmunda məktub göndərilir. Məktubda deyilirdi: «Əziz yoldaş, «Azdövlətkino»nun istehsal etdiyi filmlərin RSFSR ərazisində uğurlu prokatı məqsədilə, əvvəlcədən danışdığımıza əlavə olaraq, sizə xahişlə müraciət edirəm. ASSR Xalq Maarif Komissarlığı Moskvada daimi nümayəndəliyini təyin edənə kimi mövcud işlə bağlı bütün məsələləri – prokatın yeri və müddətini, anonsları, reklamları, senzuranı və s. öz üzərinizə götürəsiniz. Görülən işlərə görə «Azdövlətkino» sizə hər ay əldə olunan gəlirdən müəyyən faiz ayıracaq.

Kommunist salamı ilə «Azdövlətkino» İdarə Heyətinin sədri Ş.Mahmudbəyov».

Bu həmin o Arustanovdur ki, sonralar kinomuzun rəhbərlərinin dəvətilə Bakıya işləməyə gələcək, adı C.Cabbarlının «Kinofabrikin əcnəbi işçiləri barədə qeydlər»inə düşəcəkdir. Bu, həmin o Arustanovdur ki, 1928-ci ildə «Zarya Vostoka» qəzetində dərc etdirdiyi «Zaqafqaziyada kinolaşdırma problemləri» məqaləsində Azərbaycanda kinolaşdırmanın yaşını azaldaraq 8 il irəli çəkmiş, 1905-ci il tarixini göstərmişdir. Halbuki bu tarix 1896-cı ilin II yarısından sonra başlanır.

Qayıdaq 20-ci illərdə çəkilən və diqqəti cəlb edən filmlərə. «Bismillah» filmi yenicə çəkilib başa çatdığı vaxt Almaniya kino şirkətinin nümayəndələri Bakıda imiş. Onlar İrandan Berlinə qayıdarkən şəhərimizin qonağı olurlar. Kinofabrikdə qonaqlara «Bismillah» filmi göstərilir və film onların çox xoşuna gəlir.

Hətta qeyd edirlər ki, Azərbaycanın məişət və ənənələrini göstərən epizodlar yüksək keyfiyyətlə həll edilib, çəkilən toy dəstgahı və məhərrəmlik mərasimi onlarda dərin təəssürat yaratmışdır. Onlar indiyə kimi kino aləmində belə ənənəvi epizodlar görməyiblər.

Nümayəndə heyətinin başçısı Maks Bruxmüller onu da deyib ki, təchizat cəhətdən o qədər yüksək səviyyədə olmayan kinofabrikdə belə bir filmin çəkilməsi böyük uğurdur.

O vaxtlar kino Azərbaycan kinematoqrafçıları üçün təzə bir sahə idi. Onlar Əlahəzrət kino deyilən binanın özülünü qoyurdular. Onların çəkdikləri filmlər çox vaxt primitiv olurdu. Eybi yoxdur. Bunun üçün onları günahlandırmaq lazım deyil. Çünki bu insanlar heç nədən kino yaradırdılar. Onlar film çəkə-çəkə özləri də öyrənirdilər.

1970-ci ildə rejissor R.Təhmasib «Ədəbiyyat və incəsənət» qəzetinə verdiyi müsahibədə demişdi ki, o zamanlar bizə kömək əli uzadan dost sənətkarların Azərbaycan kinosunun yaranmasında əməyi böyükdür. Buna yalnız minnətdar olmalıyıq. Lakin həmin müsbət cəhətlərlə bərabər, bunun mənfi cəhəti də var idi. Onlar filmi çəkən kimi öz şəhərlərinə qayıdırdılar, milli kino kadrlarının yetişməsi ilə məşğul ola bilmirdilər.

Kino xadimlərindən yalnız Vsevolod Pudovkin kollektivə, milli kadrların yetişməsinə yaxından kömək edirdi. O, kino sənətinə aid məruzələr oxuyur, bizimlə öz təcrübəsini bölüşürdü.

Rejissor R.Təhmasibin dediklərindən göründüyü kimi, ilk dövrlər Azərbaycanın kino işçiləri əsasən çəkiliş meydançasında müxtəlif eksperimentlər aparmaqla, çoxlu mütaliə etməklə kinonun incəliklərini öyrənir, ruhdan düşmür, həvəslə işləyirdilər. Onlar milli kinomuzu yaradırdılar.

Biz bu adamları heç vaxt yaddan çıxara bilmərik.

30-cu illərdə kino işçilərimiz film çəkərkən hər hansı bir məsələnin həllinə çox çətinliklə nail olurdular. Bu həm şəraitlə bağlı idi, həm də bəzən kino işçilərinə göstərilən təzyiqlərlə əlaqədar idi.

Misal üçün, 1930-cu ildə rejissor Q.Braginskinin çəkdiyi «Bizim payız əkinimiz» təbliğat filmi haqsız olaraq mətbuatda möhkəm tənqid edilmişdi. Film payız əkini kampaniyasının təşkil olunmasına, kolxozların təşkilinə, kəndlilərin kolxoza yazılmalarına həsr edilmişdi.

«Bakinski raboçi» qəzeti həmin il 8 oktyabr tarixli nömrəsində «Azərkino»nun opportunistləri sinfi mübarizəni görmürlər» rubrikası altında dərc etdirdiyi «Bizim payız əkinimiz» məqaləsində partiya çağırışına düzgün cavab vermədiklərinə görə filmin müəlliflərini tənqid etmişdir. Məqalədə deyilir: «Filmin əsas və həlledici səhvi onun həqiqətən canlı və konkret Azərbaycan kəndindən uzaqlaşması, burada ilk növbədə qolçomaq olmaması, kəndimizdə gedən amansız sinfi mübarizənin olmamasıdır. Lakin filmdə təkcə qolçomaq deyil, həm də kəndli, kooperativ, kənd soveti də yoxdur.

Bu film kütlənin intizamını pozur, sinfi nifrət hissini kütləşdirir, partiya xəttini anlaşılmaz edir. Buna görə də bu çətin işdə partiyaya kömək etməli olanların hamısı öz vəzifə borclarını dərindən dərk etməlidirlər…»

Sovet ideologiyasının xidmətində duran kinomuzun digər məhsulu – «Azərbaycan aşıqları» sənədli filmi barədə söz açmaq istəyirəm. Bu filmi rejissor N.Bədəlov çəkmişdir, operatoru S.Bədəlovdur.

Filmin dəyəri ondadır ki, biz burada sevimli sənətkarımız, görkəmli müğənni Bülbülü görürük. O, filmdə aşıqların II qurultayının açılışı ilə bağlı çıxış edir. Görkəmli şair Səməd Vurğunu, ustad xanəndə Cabbar Qaryağdıoğlunu və digər tanınmış incəsənət və ədəbiyyat xadimlərini əks etdirən xronikal kadrlar qiymətli arxiv sənədləridir.

Sonrakı kadrlarda biz aşıqların yaradıcılığı ilə tanış oluruq. El aşığı həmişə xalqın içində olub, xalqa xidmət eləyib. Burada isə biz aşıqların sovet hökumətinə, sovet ideologiyasına xidmət etdiyini görürük. Burada iki aşıq arasında qəribə söhbətin şahidi oluruq.

Əvvəlcə aşıq Mirzə Stalin haqqında mahnı oxuyur. Sonra aşıq İbrahimlə aşıq Avak deyişirlər.

İbrahim soruşur: «Kim verdi xalqa xoşbəxtliyi

Avak deyir: «1818-ci ildə anadan olan Marks

İbrahim soruşur: «Kim aparır bizi düz yolla

Avak deyir: «Lenin tapşırıb Stalinə, o da düşmənlərə qalib gələrək bizi aparır bu yolla».

30-cu illərdə aşıqlar Gəncədə tarixdə ilk dəfə olaraq xor təşkil edirlər. Filmdə həmin aşıqlar xoru Stalin haqqında mahnı ifa edir.

Göründüyü kimi, «Azərbaycan aşıqları» sənədli filmi sırf sovet ideologiyasının tələbləri baxımından yaradılsa da burada təsvir olunan insanlar, qaldırılan məsələlər, əldə etdiyimiz informasiyalar nəinki kino tariximiz, ümumiyyətlə tariximiz üçün müəyyən əhəmiyyət kəsb edir.

Bu baxımdan «Komsomol nəsli», «Çəyirtgə ilə mübarizə», «Malyariya», «Neft fontanı», «Neft zərbəçiləri», «Üzümçülük», «Komsomol neft cəbhəsində», «Qara şəhərdə neft çənlərində yanğın», «Samur-Dəvəçi kanalı» sənədli və elmi-kütləvi filmlər diqqəti cəlb edir.

Filmlərin adlarını sadalayarkən ən çox neft sözünü işlətdim. Bu da təsadüfi deyil. Çünki kinomuz yaranan gündən – yəni 1898-ci ildən bu günə kimi neft mövzusu kino sənətimizdə aparıcı mövzu olub. Azərbaycan dedikdə ilk növbədə gözlərimiz önündə neft buruqları meşəsi, dənizin ortasında salınmış əfsanəvi Neft Daşları canlanır. Neft bizim fəxrimizdir, neft bizim varlığımızdır. Neft bizim sərvətimizdir.

Bəli, neft bizim sərvətimizdir. Amma çox təəssüflər olsun ki, bu sərvət Azərbaycan Demokratik Cümhuriyyətinin süqutundan sonra bolşeviklərin əlinə keçdi. Azərbaycan nefti Rusiyanın sənayesinin bərpa olunmasına sərf edildi. SSRİ yaradılandan sonra Bakı bütün SSRİ-nin yanacaq bazasına çevrildi.

Müharibə illərində Azərbaycan nefti ilə təyyarələr, tanklar, digər nəqliyyat vasitələri hərəkətə gətirildi. Hitler faşizmi üzərində qələbə çalınmasında Azərbaycan neftinin, Azərbaycan neftçilərinin misilsiz əməyi oldu.

Bu gün bizim istər dənizdə, istərsə də quruda neftin çıxarılması üçün istifadə etdiyimiz neft avadanlıqları, ən yeni texnika o vaxtlar yox idi, ona görə də bütün işlər çətin bir şəraitdə, neftçilərimizin ağır fiziki əməyi sayəsində yerinə yetirilirdi.

Neftlə bağlı xronikalarımız çoxdur. Bu xronikaların bir hissəsi neftin fontan vurmasına, insanların hansı şəraitdə işləmələrinə həsr olunmuşdur.

Təsadüfi deyil ki, Azərbaycan neftçiləri həmişə, bütün dövrlərdə tanınıb, onlara bədii və sənədli filmlər həsr olunub, ədəbiyyatda və təsviri sənətdə geniş şəkildə öz əksini tapıblar. Musiqimizdə dönə-dönə tərənnüm olunublar. Şübhə yoxdur ki, bundan sonra da neftçilərimizə layiq sənət əsərləri yaradılacaq, onların qəhrəman obrazlarını ekranda tez-tez görəcəyik.

Bir neçə il bundan əvvəl televiziya ilə verilən xəbərlərdə çəyirtkələrin əkin sahəsinə hücum etmələrindən, yetişməkdə olan məhsulları yararsız hala salmalarından söhbət açılmışdı.

Halbuki 20-30-cu illərdə çəyirtkə əhvalatı respublikamızda tez-tez baş verirdi. Hətta bu barədə «Azərbaycanda çəyirtkə ilə mübarizə» elmi-kütləvi təbliğat filmi istehsal olunub ekranlara buraxılmışdı. Həmin filmdə yeni kimyəvi dərmanlarla ziyanvericilərə qarşı mübarizə üsullarından bəhs olunurdu.

Bu film haqqında məlumat əldə edəndən sonra o dövrün mətbuatını nəzərdən keçirməli oldum. Qəzetlərdə yazılmışdı ki, çəyirtkələr hücum çəkəndə tarlaların üstünə sanki bulud çökürdü. Çəyirtkələrin hücumları nəticəsində kənd təsərrüfatına böyük ziyan vurulurdu, taxıl zəmiləri məhv edilirdi. Taxılın çox az hissəsi salamat qalırdı.

30-cu illərin sonunda Samur-Dəvəçi kanalının tikintisi və açılışı barədə film çəkilmişdir. Onlardan birini rejissor-operator Muxtar Dadaşov lentə almışdır.

Kino ölkənin tarixidir. Sənədli kino həm də tarixin canlı təcəssümüdür. Bu tarixi araşdırmaq, öyrənmək və gələcək nəslə çatdırmaq bizim borcumuzdur.

 

 

Aydın Kazımzadə,

Azərbaycan Dövlət Mədəniyyət və

İncəsənət Universitetinin dosenti

 

 Kaspi.-2013.- 8 mart.- S.16.