Adın da Yaqut, səsin
də...
Muğam
və xalq mahnılarımızın məlahətli
ifaçısı, Əməkdar artist, Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universitetinin
dosenti Yaqut Abdullayeva ilə
tanışlığımızın, dostluğumuzun 40 ili
tamamlanır. Bu illər ərzində dostluğun
duz yükünü sulardan salamat keçirməyi bacaran Yaqut
Abdullayeva dərdlərimin şərikinə, sevincimə fərəhlənən
qəlb həmdəmimə çevrildi. Oğlumun
toyunda onun ayaqyalın oynaması, necə ürəklə
oxuması gözlərimdən çəkilmir. 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə
həmişə doğmalarımı - anamı,
bacımı, rəfiqələrimi təbrik etməyi
çox sevirəm. İndi anamın da, bacımın da can yanğısını öz üzərinə
götürən sədaqətli dostuma bu əlamətdar
gündə söz çələngi göndərmək istədim.
İlk dəfə səsinə vurulmuşdum. Onun
ifasında eşitdiyim «Ay bülbüllər» xalq
mahnısının yanıqlı avazı ruhumu dara çəkmişdi.
İllər boyu bu mahnının ahəngində
kədərimi, qəmimi axtarmışdım. Əlbəttə, Yaqut Abdullayeva hamı
üçün oxuyur. Amma onun
mahnıları ilə baş-başa qalanda elə sanıram
ki, bu səs yalnız mənə ünvanlanıb. 40 il öncə eşitdiyim nəğməsinə
bu gün başqa ovqatda qulaq kəsilirəm:
Oba
keçdi oymaqdan, ay bülbüllər,
Su yorulmaz
axmaqdan, ay bülbüllər,
Yar yardan
necə doysun, ay bülbüllər,
Pəncərədən baxmaqdan, ay bülbüllər?!
Əslində bu, məhəbbət şərqisidir. Gəncliyimdə
də onu bu mənasına görə sevmişdim. Amma
indi Yaqutun səsi vətən bağından ayrı
düşüb yad diyarda qızılgülün
tikanlarında dəlmə-deşik olmuş bülbül
harayıdır! Bu mahnını çoxu oxuyub.
Bu qüdrət hər kəsin səsində
yoxdur. Yalnız son vaxtlarda Bəyim
xanım Vəliyevanın ifasında səslənən «Ay
bülbüllər» mənə xoş gəldi.
Hər dəfə Yaqut xanıma qulaq asanda xiffətli
duyğuların qanadları məni hara aparmır? Ana yurdu Cəbrayılın
adi qara daşı üçün əsim-əsim əsən,
göz yaşları leysana dönən Yaqut Abdullayevanın səsində
adamın ruhuna bir od ələnir. Hər dəfə ona qulaq asanda Vətənlə
görüşürəm. Anam yadıma
düşür, uşaqlığımı
xatırlayıram. Qəribə deyilmi?
Yaqutun səsi səni ancaq paklığa
aparır, mənəvi təmizliyə
çağırır. Hərdən bu səsin
içində əriyib buxarlanmaq, buludlara çəkilmək
istəyirsən, yağış kimi sinəsi
dağlanmış çölünə-çəməninə
ələnəsən.
İnsanın
kədərə, qəmə can atmasını mən ilk dəfə
rəhmətlik Rübabə Muradovanın səsinin ahəngində,
qüdrətində duymuşdum. Bu səsin mənə
gətirdiyi tənhalıqda bir könül rahatlığı
tapırdım. Rübabə Muradovadan sonra
bu məftunluğumu, vurğunluğumu məhz Yaqut
Abdullayevanın ifasında duydum. Hər
ikisinin səsində qəribə oxşarlıq var, onlara
qulaq asdıqca insan özünə qayıdır, hissinə,
duyğusuna bələdçi tapır bu avazda. Araz çayı Rübabə xanımın da, Yaqut
Abdullayevanın da göz yaşları deməkdir. Biri Təbrizin həsrətini çəkdi, ikincisi
də Cəbrayılın adı gələndə titrəyərək
ruhu bədəndə oynayır.
Yaqut
Abdullayeva ilə necə tanış
olduğum günü indi də xatırlayıram. Bu barədə bir neçə dəfə
yazmışam, hətta onun barəsində kitab da qələmə
almışam. Amma bir doyumsuzluq
tapmışam. Yaxşı
yadımdadır. Anası Bahar xala ilə ali
məktəbə qəbul imtahanı verməyə gəlmişdi.
Biz də - jurnalistika fakültəsinin tələbələri
həmin il Bakıda qəzetdə təcrübə
keçirdik. Yataqxanada bizimlə qalmalı oldu.
Bir axşam Bahar xala mənə dedi: «Qızım, buralarda
televizor olmaz? Yaqut oxuyacaq. Balamı
ilk dəfədir ki, televizorda göstərəcəklər».
Ananı yataqxananın «Qırmızı guşə»sinə
apardım. Televiziyada Cəbrayıl rayon mədəniyyət
evi özfəaliyyət dərnəyinin konserti verilirdi.
Diktor elan etdi:
- Xalq
mahnısı «Ay bülbüllər». Oxuyur Yaqut Abdullayeva.
Baxışlarım ekranda yox, ananın sifətində
dolaşırdı. Allah, necə bəxtiyar
görünürdü. Üz-gözündən
süzülən fərəh hərdənbir dodağından
qopan «can bala» sözlərinə qarışaraq mənə də
sirayət edirdi. Açığı, mən də
kövrəlmişdim. Hər gün
gördüyüm, heç əhəmiyyət vermədiyim bu
sadə qızın nə xoş nəfəsi, nə ruh
oxşayan səsi varmış?! Oxuyub
qurtarandan sonra özünəməxsus təmkinlə,
utancaqlıqla başını aşağı saldı.
Biz isə bir xeyli yerimizdə tərpənməz
qaldıq. Səs bizi elə
ovsunlamışdı ki, tərpənməyə
ehtiyatlanırdıq. O səsin ovsunundan ayrılmaq istəmirdik.
İndi o günlərdən illər keçib. Yaqut Abdullayeva
sənətdə özünü təsdiqləyən, sevilən,
seçilən bir müğənni kimi minlərlə
musiqisevərin qəlbində yurd salıb. Yaqut Abdullayeva 1978-ci ildən - Azərbaycan Dövlət
İncəsənət İnstitutunu bitirən vaxtdan həmin
təhsil ocağının (indiki Mədəniyyət və
İncəsənət Universitetinin) vokal kafedrasında
çalışır. Tələbələrə
muğam və xalq mahnıları fənnindən dərs
deyir. Televiziyadakı ilk
çıxışından sonra Opera və Balet Teatrı dəfələrlə
onu bu ocağa dəvət edib. 1982-ci ildə
Yaqut xanım Opera və Balet Teatrına gəlib.
«Oxuya bildiyim gündən arzum olan Leyli obrazını bir
neçə dəfə səhnədə oynadım. Qəlbimin
bütün fərağını arzuları, istəkləri
külə dönmüş Leylinin qəminə qataraq
muğamlarla əritdim. Nə göz
yaşlarım sözə baxırdı, nə də səsim.
İkisi də bir-birinə qarışaraq
axırdı. Niyə o zaman nə mən, nə o səhnə
od tutmadı, bilmirəm. Bu qədər alışasan,
yanasan, yenə də salamat qalasan! Amma bircə onu hiss etdim ki,
mən Leyli dərdinə çox dözə bilmirəm.
Ölüb-dirilməyin bir həddi var. Ürək daş
deyil ki?!»
Yaqut Abdullayeva Opera və Balet Teatrında uğurlu fəaliyyət
göstərmişdir. Doğrudur, bu teatrda
çalışması elə uzun çəkmədi. «Leyli və Məcnun»da Leyli obrazını
yaratmış, «Şah İsmayıl»da Ərəbzənginin,
«Gəlin qayası»nda Sənəmin partiyalarını
böyük məharətlə ifa etmişdir.
Televiziyamızın «Qızıl fondu»nda bir neçə
solo-konsertinin, radio fondunda isə yüzlərlə xalq
mahnısının, təsnif və muğamın lent
yazıları var. O, pedaqoji fəaliyyətlə
yanaşı, xalq mahnılarımızın da mahir təbliğatçısıdır.
Vaxtilə Yaqut xanımın səsi bir sıra xarici ölkələrdə
- Almaniyada, Polşada, Macarıstanda, Bolqarıstanda, Türkiyədə
və s. dövlətlərdə eşidilib. İndi
də gözümdən çəkilmir ki, Yaqut xanım
televiziyanın bir sıra ədəbi verilişlərində
milli libasda məclisin ruhuna uyğun mahnılar oxuyardı.
İndi isə onu ayda-ildə bir dəfə
teleekranda görə bilirik. Onun sinəsindən
gələn adi səs deyil. Klassikadır,
muğamlarımızın, xalq mahnılarımızın ləyaqətli
sədasıdır. Bir var, hamı kimi oxuyasan, neçə
səsin, nəfəsin xallarını yada salasan, bir də var
ki, özün olasan, təkrarsız, əvəzsiz, bənzərsiz!
İstər şəxsiyyəti, sənəti, istərsə
də səsinə görə Yaqut Abdullayeva xalqın ruhuna, qəlbinə
çox yaxındır. Elə xalq mahnılarımız kimi millətin
köksündən çıxan bir
çırpıntıdır. Bu
çırpıntının yaratdığı xoş
duyğulardır ki, o oxuyanda həmişə xiffət
keçiririk. Əlimiz-ünümüz
yetməyən doğmalarımızı
xatırlayırıq. Həmişə də
ovqatımın pərişan çağında
sığındığım onun səsi olur. Yaqut Abdullayevanın yanıqlı səsi dərdlərimə
sığal çəkir. Yaqut xanımın Almas İldırımdan oxuduğu bir
mahnısı var:
Toxunma,
toxunma, dərdlidir başım,
Burax, öz dərdimə dərman edim mən.
Uzaqda qalıbdır
torpağım, daşım,
Cənnət olsa bu dünyanı nedəm mən.
Mənim
ümmanım bir, eşqim, özüm bir,
Bir çeşmədən axan közüm bir.
Türk oğlu türkəm mən, mərdəm,
sözüm bir.
Yol ver, yol ver, öz yurduma gedəm mən.
Gözlərim önündə ana torpağın min bir
mənzərəsi açılır. Yaqut oxuduqca
uşaqlığıma qayıdıram, saçımda
anamın əllərini, qulağımda nəfəsini hiss
edirəm, laylasını duyuram.
Bir dəfə televiziyada Yaqut Abdullayevanın konsertinə
baxırdım. «Şur» muğamını oxuyurdu. «Segah»a keçəndə elə bil məni odun
içinə atdılar. Müğənninin
yanıqlı ahəngində qovurulan sözlərim məni atəş
kimi pörşələdi. Anamın xatirəsinə həsr
etdiyim misralar Yaqutun qəlb evindən süzülərək
aləmə yayılırdı:
Orda bir
evimiz bizlərə həsrət,
Yurddan didərginik,
qonağıq dedin.
Yönümüz
dağlara, düzlərə həsrət,
Getməsək
ölərik, qınağıq dedin...
Bir anda mənə elə gəldi ki, bu dərdli
harayı çəkən Yaqutun simasında görünən
anamın ruhudur. Gözlərimi yumdum, özümü səsin
ixtiyarına verdim. Yaqut məni
yandırırdı. Öz sözümlə yaxamdan tutub
silkələyirdi: «Yollar açılsa bir ovuc torpaq gətir».
Bu, nə ittiham idi, Allah! Başımı
qollarıma söykəyib hönkürdüm. Yaqut oxuyurdu. Elə bil öz səsi ilə
ötən günlərimin bəxtəvərliyini yada salmaq
istəyirdi:
Sevgilim,
seyrə çıxaq burda ilk baharın,
Dil açsın qəlbimizin ən şirin arzuları.
Anadır
arzulara hər zaman Qarabağ,
Danışan
dil, dodağım, tar, kaman Qarabağ,
Qarabağ,
can Qarabağ, ana yurdum!
Yaqutu tanıyandan bilirdim ki, ən çox sevdiyi nəğmələrdən
biri Şəhriyarın «Heydərbabaya salam» şeiridir. Muğam
ustadı Rübabə Muradovanın şahanə ifasından
sonra Yaqut Abdullayeva dərdindən öldüyü mahnıya
yaxın gəlməyə çəkinirdi. Öz
sözüdür: «Bu nəğməyə Rübabə
xanım möhürünü vurub. Mən də
çox sevirəm o ifanı. Ürəyimdən
keçir ki, oxuyum, amma...» Görünür, elə
nəğmələr var ki, sən həqiqətən onu
möhtəşəm ifa etməkdən ötrü həmin mətnin
ahəngindən gələn qəmin
ağırlığında əzilməlisən. Həsrətdən özün üzülməlisən
ki, çəkdiyin ahlar da, amanlar da təbii alınsın və
ürəklərdə əks-səda tapsın. Yaqut Abdullayeva nə oxuyubsa, yaddaqalan və təsirli
alınıb. Bir məsələ də
maraqlıdır ki, insanlar yaşlaşdıqca illər səsə
təsir edir. Bilmirəm, bu, taleyin
yazısıdır, Allahın vergisidir, yoxsa Yaqut
xanımın öz naxışıdır ki, onun səsi ildən-ilə
gözəlləşir, təravətlənir, daha da məlahətli
olur.
Yaqut sənətə gələndən özünəməxsus
və fərqli tərzdə oxuyub. Səsinin qəribəliyi
həmişə diqqət çəkib. Bununla bərabər,
20-30 il əvvəlki səslə indiki səs
arasında çox fərq var. Bu, kiçik işartı ilə
nəhəng bir tonqal arasındakı fərqlə müqayisəyə
gələ bilər. Gənclik illərində ona
qulaq asanda səsindəki lətafətə, oxumaq qabiliyyətinə,
ifaçılıq məharətinə, səhnə mədəniyyətinə
valeh olmuşdum. İndi isə... Vallah,
Yaquta sakit ürəklə qulaq asmaq mümkün deyil. Səsi sənin bütün
hiss-duyğularını əlindən alaraq Vətən
adlı dərdin sacında qovurur. Belə xiffətli
günlərin birində Yaqut Abdullayeva illər boyu
yaxınlaşmağa çəkindiyi «Heydərbabaya
salam»ı oxudu: «Bilməz idim döngələr var,
dönüm var». Bu, nə haray idi, Allahım?
Rübabə Muradovadan sonra inana bilməzdim ki,
kimsə bu mahnını belə yana-yana, yandıra-yandıra
oxuya bilər. Demək, bu nəfəsə çatmaq
üçün təkcə insanlar arasındakı məhəbbət,
ünsiyyət az imiş. Gərək səni
təpədən-dırnağa
alışdırıb-yandıran, hissində-duyğunda əbədilik
ocaq çatan Vətən həsrəti ola!
Yaqut yana-yana əriyirdi. Kim bilir,
özünü Cəbrayılın hansı guşəsində
hiss edirdi? Bəlkə də
başını anası Baharın dizləri üstünə
qoyaraq onun əllərinin sığalını istəyirdi?
Yaqut sadəcə oxumurdu, özü boyda yurd
ağısına dönmüşdü:
Heydərbaba,
yolum səndən kəc oldu,
Ömrüm keçdi, gələmmədim, gec oldu.
Heç
bilmədim gözəllərin nec oldu,
Bilməz
idim, döngələr var, dönüm var,
İtkinlik var, ayrılıq var, ölüm var.
Xalq şairi Xəlil Rza Ulutürk Yaqut xanımın səsini
çox sevərdi. 1981-ci ildə müğənniyə
bağışladığı kitabında belə
yazmışdı: «Gözəl müğənnimiz Yaqutun səsində,
nəfəsində, zənguləsində Azərbaycan
yanğıları alovlanır. Mən bu pak,
ülvi, hər iki mənada ucaboy müğənni gözəlimizi
dinləyəndə kövrəlirəm. Bəzən
göz yaşımı güclə saxlayıram. Məncə, yalnız dərdli, qüdrətli sənətkar
bu cür yanıqlı, bunca təsirli oxuya bilər».
Bakı
Dövlət Universitetinin professoru Tofiq Hacıyev Yaqut
Abdullayevanın sənəti ilə əlaqədar çox
maraqlı fikir söyləyir: «Yaqut xanımın «Qaragilə»sini
dinlədikcə mən bir tərəfdən Təbrizi,
böyük Şəhriyarı xatırıma gətirirəm,
Təbrizin dolanbac küçələrini yadıma
salıram, bir tərəfdən də sovet dövründə
Araz boyu uzanıb bizi cənubumuzdan ayıran tikanlı məftillər,
bu gün cəhənnəm uçurumuna düşmüş
Xudafərin yadıma düşür. Axı Cəbrayıldan
Təbrizə gedən yol Xudafərindən,
Diridağından, Aşıq Qurbaninin məzarına baxa-baxa
keçir».
Yaqut
Abdullayeva mənim üçün əlimyetməz,
ünümçatmaz Vətənimdən bir nişanə deməkdir.
Mən onun səsinin ahəngində də, dolu gözlərinin
dərinliyində də həmişə itirilmiş yurd yerlərimizin
əksini görürəm. Buna görə də sözü
hansı tərəfdən çəkmək istəsəm də,
özümü bu ovqatdan xilas edə bilmədim. Məni Vətən
dərdi üstündə kökləndirən öz həsrətim
olsa da, Yaqut xanımın mahnıları bütün
varlığıma od salan, alovlandıran bir tonqaldır. Ən
böyük arzularından biri qələbə xəbərinin
müjdə kimi ellərimizə yayıldığı
günü görməkdir. Deyir ki, onda mən nəinki Cəbrayılı,
Qarabağın bütün kəndlərini ayaqyalın gəzərəm.
Daşını, qayasını oxşayaraq «Heyratı»
çəkərəm. Arazın sularında qoşa ovucla su
götürüb üzümə çırparam. O yollara iz
düşəcək, Yaqutun səsindəki qəm
yükü çəkiləcək. Arzuladığı
«Heyratı»nın sədaları Ağdamdan başlayaraq,
Şuşadan keçərək Laçın
qayalıqlarında, Cəbrayılın ormanlarında,
Arazın sularında, Zəngəzurun dağlarında əks-səda
verəcək! O tək balası Nəzrinin də tez-tez
anasına təsəlli kimi söylədiyi «biz Cəbrayıla
qayıdacağıq, ana» kəlmələri də gerçəkləşəcək!
Yaqutun səsi
gəlirdi: «Vətən bağı al-əlvandı, yox
içində Xarıbülbül!»
Flora Xəlilzadə,
Əməkdar
jurnalist
Kaspi.-2013.-8 mart.-S.17.