Azərbaycanda qadına hörmət
günü-gündən artır - müsahibə
Hicran Hüseynova: “İnsanlar
qadının cəmiyyətdəki rolunun əhəmiyyətini
daha da dərindən dərk edə bilirlər”
Bu
gün 8 mart beynəlxalq qadınlar günüdür.
Qadınların ölkənin ictimai-siyasi həyatında rolu,
onların fəaliyyəti və gördüyü işlərlə
bağlı Ailə, Qadın və Uşaq problemləri
üzrə dövlət Komitəsinin sədri Hicran
Hüseynova “Kaspi”-nin suallarını cavablandırıb.
-
Hicran xanım, ilk olaraq sizin qadınlar bayramınızı təbrik
edirik. Bu gözəl gündə sizin ürək sözlərinizi
eşitmək xoş olardı.
- Təşəkkür
edirəm. Mən də sizin bayramınızı təbrik edirəm.
Bütün Azərbaycan qadınlarını təbrik edirəm!
Qoy bu gözəl bayramda hamının evində şadlıq,
sevinc olsun.
-
Bayram günündə işdən danışmazlar, amma bizdə
olan məlumata görə, sizin Komitənin bütün əməkdaşları
gərgin qrafiklə çalışır.
- Elədir,
axı qarşıdan Azərbaycan qadınlarının IV
qurultayı gəlir və indi rayonlarda qurultayqabağı
konfranslar keçirilir, tanınmış qadınlarla
görüşlərimiz olur. Ən başlıcası isə
bu il Ümummilli Lider Heydər Əliyevin anadan olmasının
90 ili tamam olur. Bizim Komitə tərəfindən bu məqsədlə
bir sıra hazırlıq işləri həyata keçirilib.
- Bəlkə elə söhbətimizi
bu yöndən davam etdirək: Heydər Əliyev və Azərbaycan
qadınları. Bununla bağlı nə deyə bilərsiniz?
-
Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinin
birinci mərhələsinə nəzər salsaq, görərik
ki, əslində sosial-siyasi məsələlərin və
gender problemlərinin həllinin əsası elə o vaxtdan
qoyulmuşdur. Hələ Birləşmiş Millətlər Təşkilatı,
Avropa Şurası qadın problemlərini, gender məsələlərini
istənilən səviyyədə müzakirə edərək
müəyyən nəticəyə gələ bilmədiyi
halda, Ulu Öndərin müdrik siyasi uzaqgörənliyi Azərbaycanda
bu məsələlərin mütərəqqi həllinə təkan
vermişdi. Bu nə ilə xarakterizə edilirdi? Heydər Əliyev
əvvəl qadınların cəmiyyətdə sosial statusunu
təhsil, səhiyyə, dövlət idarəçiliyi və
digər sahələrdəki təmsilçiliyində
görürdü. Elə bir sahə yox idi ki, orada
qadınların iştirakı olmasın. Bu da qadın hərəkatında
bir inkişafa səbəb oldu, eyni zamanda onlar
üçün bir stimul rolu oynadı.
- Heydər Əliyev
qadınların rəhbər vəzifələrə irəli
çəkilməsinə həmişə
yardımçı olub.
- O
zaman qadınların rəhbər vəzifələrə irəli
çəkilməsi üçün ölkədə hər
bir şərait mövcud idi. Qadın akademiklər, qadın
nazirlər, qadın ali məktəb rektorları o illərdə
irəli çəkilmişdilər. Heydər Əliyev Azərbaycanda
yüksək səviyyəli cəmiyyət qura bilən, onu
beynəlxalq miqyasda təmsil etməyi bacaran, milli və ictimai
mənafeyi öz şəxsi mənafeyindən üstün
tutmağa hazır olan qadınların idarəetmədə
iştirakını daha da genişləndirirdi. Məsələ
burasında idi ki, qadınlarımız da onlara göstərilən
etimadı doğruldaraq çalışdıqları sahədə
nümunə göstərir, uğurlar qazanırdılar. Hələ
müstəqillikdən əvvəlki illərdə ölkənin
müxtəlif təşkilatlarında, idarə və müəssisələrində
4 minə yaxın qadın şuraları fəaliyyət
göstərirdi. Şurada birləşən 30 min nəfərədək
qadın uşaq və yeniyetmələrin tərbiyəsi ilə
məşğul olur, qadınların əmək və məişət
şəraitinin yüngülləşdirilməsi
üçün təşəbbüskarlıq göstərir,
respublika qadınları arasında yenilikçilər hərəkatının
təşkilində böyük rol oynayırdı. O illərdə
qadınlarla bağlı ən yaddaqalan hadisə Azərbaycanda
qadın qurultaylarının keçirilməsi idi. Sonrakı
illərdə qadınlarımız xüsusi fəallıq
göstərərək geniş quruculuqla məşğul
olmuşlar. Elmdə, əməkdə, fəaliyyət göstərdikləri
bütün sahələrdə görkəmli qadınlara fəxri
adların verilməsi, milli-mədəni irsimizin təbliği,
bu əsaslar üzərində müasir mədəniyyətimizin
inkişafına nail olunması Heydər Əliyevin xalq
qarşısındakı əvəzsiz xidmətlərindən
idi.
- Bir qədər də
qadınların qurultayları barədə məlumat verərdiniz?
-
1998-ci ilin 14-15 sentyabrında Azərbaycan Respublikası
Pre¬zidentinin rəhbərliyi, Qadın Problemləri üzrə
Dövlət Komitəsinin təşkilatçılığı
ilə müstəqil Azərbaycan qadınlarının 1-ci
Qurultayı keçirildi. Qurultayda respublikanın bütün
şəhər və rayonlarından 2 mindən artıq
nümayəndə iştirak edirdi. Qurultay qadınların fəallığı
və onların həll edilməmiş problemlərinin təhlili
baxımından mühüm əhəmiyyət
daşıyırdı. Qadınlara qarşı
ayrı-seçkiliyin ləğv edilməsi üzrə gələcək
strategiya barədə qeydlər edən Ulu Öndərin
çıxışı qurultay
iştirakçılarının proqram sənədinə
çevrildi. Həm də onunla əlamətdar oldu ki, Pekin
Konfransının müddəalarına əsaslanaraq
qadınların sosial-iqtisadi həyatının
yaxşılaşdırılmasına da öz töhfəsini
vermiş oldu. Heydər Əliyevin müvafiq Sərəncamı
ilə təsdiq edilmiş BMT-nin Ümumdünya İnsan
Hüquqları Bəyannaməsinin 50 illiyi münasibəti ilə
hazırlanmış tədbirlər proqramında da birbaşa
və bilavasitə qadınların hüquqları, azadlıq
və bərabərlikləri istiqamətində atılacaq
addımlar əksini tapırdı. Həmin Proqramda Azərbaycan
Respublikası Prezidentinin İcra Aparatı, Nazirlər Kabineti,
Bakı şəhər İcra Hakimiyyəti ilə
yanaşı, Qadın Problemləri üzrə Dövlət
Komitəsinin də təmsil olunması qadın hərəkatının
dövlət idarəçiliyində fəal
iştirakını təsdiqləyirdi. Qeyd etməliyik ki, o
illərdə Qarabağ müharibəsi ilə əlaqədar
qadın hərəkatında bir qədər boşluq yaransa
da, bu, tezliklə vətənpərvər, ictimai cəhətdən
fəal qadınların hesabına öz yerini aldı. Azərbaycan
qadınları həyatımızın bütün sahələrində
ciddi fəaliyyətə başladılar. 2003-cü ildə
keçirilmiş Azərbaycan qadınlarının II
qurultayı ölkədə qadın hərəkatının
fəallaşmasının təsdiqi olmaqla, eyni zamanda Heydər
Əliyev qadın siyasətinin təntənəsi kimi tarixə
çevrildi.
- Elə sizin Komitənin
yaradılması da Heydər Əliyev siyasi kursunun təntənəsi
kimi yaddaşlarda qalıb. Bu barədə nə deyərdiniz?
-
2006-cı il fevralın 6-da prezident İlham Əliyevin
imzaladığı Fərmanla Ailə , Qadın və
Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
yaradılması əslində qadın məsələlərinə
kompleks yanaşmanın nəticəsi idi. Bu o deməkdir ki,
ailə, qadın və uşaq problemləri dövlət siyasətinin
prioritet istiqamətlərinin əsasını təşkil
edir. İndi qadınlar həyatımızın aparıcı
qüvvəsinə çevrilib. Dövlət qadın siyasətinin
bariz nümunəsi kimi qadınların rəhbər vəzifələrə
irəli çəkilməsini, parlamentdə qadın
deputatların sayının artmasını, bələdiyyə
seçkilərində və qeyri-hökümət təşkilatlarında
qadınların artan sürətlə təmsilçiliyini
xüsusi qeyd etmək lazımdır.
Həyatımızın
bütün sahələrini əhatə edən “Gender
(kişi və qadın) bərabərliyinin təminatları
haqqında” ölkə Prezidentinin 10 oktyabr 2006-cı il tarixli
Fərmanı, əslində Müstəqillik
dövrünün ən önəmli Qanunlarından birinin təsdiqinə
şərait yaratmış oldu. Buradan belə nəticəyə
gələ bilərik ki, “Gender (kişi və qadın) bərabərliyinin
təminatları haqqında” Qanun təkcə qadınlara
şamil olunmur, həm də cəmiyyətin bütün
üzvlərini əhatə edir. Fərəhli haldır ki, Azərbaycanda
Gender büdcələşməsi təsdiq olunmuşdur.
Müstəqilliyin ilk illərində ağır müharibə
şəraiti və iqtisadi çətinliklərə
baxmayaraq Azərbaycan bir çox Qərb ölkələrindən
daha əvvəl BMT-nin “Qadınlara qarşı
ayrı-seçkiliyin bütün formalarının ləğv
edilməsi haqqında” və “Uşaq hüquqları
haqqında” Konvensiyalara qoşulmuşdur. Bu, Heydər Əliyevin
müdrik siyasətinin nəticəsi idi. Azərbaycan
Respublikası həmin Konvensiyalara üzvlüklə
bağlı vaxtaşırı BMT-yə hesabat təqdim edir.
Hesabatların beynəlxalq strukturlar tərəfindən yüksək
qiymətləndirilməsi Ümummilli Liderin parlaq
ideyalarının həyata keçirilməsinin əyani
sübutudur.
- İlham Əliyevin rəhbərliyi
dövründə də qadın problemləri həmişə
diqqət mərkəzində olub. Bir neçə kəlmə
də bu barədə məlumat verərdiniz.
-
Prezident İlham Əliyevin 2 oktyabr 2010-cu il tarixdə
imzaladığı Fərmanla “Məişət
zorakılığının qarşısının
alınması haqqında” Qanunun qəbulu qadın məsələlərinin
hər zaman dövlət başçımızın diqqət
mərkəzində olduğunun təzahürüdür. Həmçinin
Ailə Məcəlləsində qızların nikah
yaşının 17-dən 18-ə qaldırılması ilə
bağlı dəyişiklik də dediklərimizi bir daha təsdiq
edir. Bu Qanunların və Məcəlləyə dəyişikliklərin
edilməsində birinci xanımı Mehriban Əliyevanın
xüsusi dəstəyi olub. Mehriban xanım Azərbaycan
qadın hərəkatının lideri kimi dövlətimizin tərəqqisi
naminə geniş fəaliyyət göstərir. Həm
ölkəmizin daxilində, həm də ölkə
hüdudlarından kənarlarda bir sıra beynəlxalq təşkilatlar
tərəfindən yüksək mükafatlara və
orden-medallara layiq görülməsi onun öz xalqına,
dövlətinə sədaqəti, yerinə yetirdiyi şərəfli
missiyanın göstəricisidir. Mehriban Əliyeva həm
ictimai fəaliyyətində, həm də şəxsi həyatında
Azərbaycan qadınlarına həmişə nümunə
olmuşdur. O, ailə ənənələrinə, milli-mənəvi
dəyərlərə, azərbaycançılıq
düşüncəsinə könüldən bağlıdır.
Ulu Öndər Heydər Əliyevin ideyalarını daim
yaşadan İlham Əliyev və xanımı Mehriban Əliyeva
böyük şəxsiyyətin əməllərini ləyaqətlə
davam etdirirlər.
- Sonda Azərbaycan
qadınlarına nə demək istəyərdiniz?
-
Sözümü Ümummilli Liderin hamıya örnək
olası bir fikri ilə bitirmək istəyirəm: “Qadın
çox ülvi varlıqdır. Ona hörmət hər bir
insanın yüksək mənəvi borcudur”. Mən məmnuniyyət
hissi ilə deyə bilərəm ki, bizim ölkəmizdə -
Azərbaycanda qadına hörmət günü-gündən
artır və insanlar qadının həyatda, cəmiyyətdə
rolunun əhəmiyyətini daha da dərindən dərk edə
bilirlər.
Aygün Cəfərli
Kaspi.-2013.-8 mart.-S.5.