“Bir kağız parçası kimi düşmüşəm çayın axarına...”
Alim
Qasımov: “...eşqə gəlib bir ağız oxudum, bir də
baxdım ki, ətrafımdakılar ağlaşır...” -
fotolar
Fərqanə
Qasımova: ”... o baxışlar təkcə səhnədə
deyil, həyatda da mənimlədi...”
SÖZ
ruhun, SƏS tənhalığın rəsmidi.
SƏS
tənhalığın rəsmidi – rəngləri AHdan, NALƏdən,
İNİLTİdən...
SƏN
rəsm çəkirsən göy üzünün
boşluğuna...
Tanrım!
Artıq ürəyimdə deyil, ürəyimin içindəki
qandasan. Boğulursanmı? Oxu, Alim!
Rüstəm
Behrudinin Alim Qasımova məktubundan...
...SƏSin
ağladığını hiss edirsən.
Gözyaşları ürəyinə süzülür. Sənə
elə gəlir ki, SƏS başını sinənə qoyub
dincəlmək istəyir, “başıma sığal çək”
deyə yalvarır. SÖZ yetirir özünü. Yükü
isə sənindi. Daşı daşıya bilsən. Bax belə
yerdə O çatır harayına. Bir də dönürsən
ki, yerdə bardaş qurub, əlini atıb qulağına,
SÖZlə SƏSə layla deyir.
SƏS, SÖZ və ALİM, birlikdədilər.
Seyr edirsən
onları. Sən hardasan bu an? Haralardasan?
Bilmirsən...
Ya da bilirsən əslində. Sən SƏSlə
SÖZün Alimlə birgə Tanrıya uzanan yolundasan. Geri dönüşün imkansızdı. GET! gedə bildiyin qədər...
Evin tikilsin, səs yiyəsi, dəli elədin RUHUMU. Çatladım
axı, bu nə səsdi, aldı başını üzü
Tanrıya yol alır? Yazığın gəlsin,
canımdakı CAN əridi....
Allah
eşqinə, bu adamı getdiyi yoldan geriyə qaytaran ola, bir dayandırıb deyən ola, insafın
olsun, zalım adam, bu camaat yazıqdı axı...
Alim Qasımovun evində qonağıq. Yerdən
hazırlanmış çay süfrəsinin arxasında
söhbətə başlayırıq. Kənddən
çıxandan bardaş qurmağı unutmuşdum. Buranın havası da başqadı. Vallah, düzünü desəm, nə
soruşacağımı bilmirəm. Eləcə gəlmişəm
ruhumu doyurmağa...
-Alim
müəllim, xoş gördük sizi.
-Xoş
günlərdə görüşək.
-Siz Azərbaycanın fərqli sənətçilərindənsiniz. Mən
çox insanlar arasında bunu görürəm, sizi ifadə
edəcək bir titul tapa bilmirlər. Nə
sənətçi kimi bu çərçivəyə
sığmırsız, müğənni kimi müğənnilik
heç sizə yaxın düşəsi deyil. Fərqlisiz
və ən əsası bu fərqi sənətə
daşıyırsız...
-Onu
görənlər görür. Mən həyatın
ən sadə tərəfini yaşamağa
çalışıram. Bəlkə fərqliliyim
də elə bundadır. Hamı yeniliyə
dartınır, müasirliyə qaçır, mən isə əksinə.
Bilirəm ki, gedəcəyim yer oradır, ona
görə də torpağa daha da yaxın olmaq istəyirəm.
-Mənim
təbirimcə isə Alim Qasımov sənətin dəliliyini
tam üzə çıxaran bir adamdı...
-Canlı
aləmdən ayrılanda ağıl artıq azalır və
sənin elədiyin HAL-dan xəbəri olmayanın
gözünə dəlilik kimi görünür. Təbii ki, ariflər anlar, arif olmayanlar isə dəli
deyər. Sənətin elə çalarları var ki, ora
düşəndə bilməyən adam
üçün dəliyə bənzəyirsən.
-Nədi
o çalarlar?
-Qapısını
rahat aça bilsən sənət özü bir növ
atılayıb ayranın yağını çıxarır.
Amma sən o qapının harda olduğunu bilmədən
açılması üçün elə hey yalvarırsan.
Bir də baxırsan ki, içəridəsən.
Yalnız ondan sonra rahatlıq yaranır. Əks halda oxuyanın o aləmin ətrafında
vurnuxduğu, nə qapısını, nə pəncərəsini
tapa bildiyi açıq görünür. Hissiyyatlı adam da bunu dərhal hiss edir.
-Bəs o
qapını nə ilə açmaq lazımdı?
-O bir
EŞQdi, bir ilhamdı ki, həmən açıb girmək
olmur. ZİKR eləməklə, özünə
qapılmaqla, bir də tarın, kamançanın, nağaranın
təsiriylə o aləmə girirsən.
-Sizin
musiqidə bir az da sufilik var...
-Bunu
İranda da dedilər. Səreyn adlı bir yerdə
istirahət edirdim. Bir kişi
yaxınlaşdı ki, “sən Alim deyilsən?” Mən də
heç kim görməsin, rahat olum deyə
hamıdan gizlənirdim. Daha qaça bilmədim, gördü
elə oxşayıram, mənə dedi ki, “qardaş, sən
artıq musiqidən, muğamdan çıxmısan, sufi, dərviş aləmindəsən”.
Özümü sufi saymıram dedim, o təriqəti
duyuram, amma bilmirəm yolunu, yaşamıram. Bu
cür sualları xaricdə də çox verirlər. Ola bilsin ifa zamanı o əlamətlər
görünür.
-Siz eyni
zamanda Hacısız. Musiqinizdə İslam
çalarları necə, varmı?
-Mənim
musiqim paklığa, saflığa
tamaşaçıların dediyinə görə Allaha
qovuşdurursa, insanın ürəyindəki kin-küdurəti
təmizləyirsə elə bunun özü ilahi EŞQdi. Hərdən bu səsimlə bəlkə mən də
Allah yolunda oxuyardım, deyə düşünürəm.
Sonra da fikirləşirəm ki, Quran oxuyanlar
çoxdu, gözəl avazları da var. Bəlkə Rəbbim
məni bu yolda ora gedən adamlarçün bir körpü
edib? Allah, dərgahına getmək istəyənlər
üçün o qədər yollar qoyub ki...
-Alim
müəllim, bizim Qədir Rüstəmovumuz vardı. Bir az kəndçivarı desək, onunla
üz-üzə iki kəlmə danışmaq mümkün
deyildi. Amma oxumağa başladımı...
-Mənim
özüm də Qədirə həmişə qulaq
asıram. Allah rəhmət eləsin. Heç inanmıram ki, “Sona bülbüllər” in səsi
gələndə kimsə ayaq saxlamasın.
-Özün
o sənətin zirvəsində deyilsənsə səndən
çıxan necə olur ki, səndən böyük olur?
-Onun
özünə məxsus qəlizliyi olduğuna görəydi
bunlar. Jurnalistlər də, tamaşaçılar da ola bilsin ona hamıya yanaşdıqları kimi yanaşıblar
və onun aləminə girə bilməyiblər. Bunu edə bilsəydilər görərdilər Qədirdə
nə aləmlər var. Qədir eləydi, sual verəndə
deyərdi ki, mənə sual vermə.
-Azərbaycan
musiqisini, bütövlükdə götürəndə Azərbaycan
mədəniyyətini mənim ağlıma, düşüncəmə
görə bir çərçivəyə salmaq
imkansızdı...
-Bir arxiv
kimi bu bəlkə də mümkündü, musiqiyə baxan
insanlar bu işi görüblər də. Amma
inkişaf üçün o bir yerdə qala bilməz.
-Bəs
bu mənəviyyatı tədris etmək necə mümkün
olur? Siz həm də dərs deyirsiz...
-Dərsin
özündə də o əhval-ruhiyyə olmalıdı.
Biri var aşağı siniflər biri də var ali
məktəblər. HAL da yaşa uyğun
olmalıdır.
-Ola bilərmi
ki, uşağın səsi var amma o HAL onda yoxdu?
-Azərbaycanda
indi əksər oxuyanlar belədir. Səsi var,
amma eşqi, halı yoxdu. Muğamın bir
sirri də bundadır ki, əvvəl o səsin gücü ilə
oxuyursan, amma sonra səsdə o şaqraqlıq qalmırsa,
yığa bildiyin ustalıq harayına çatır.
Usta ola bilmirsənsə vay halına.
-Harda dərs
deyirsiz?
-Asəf
Zeynallıda, bir də Milli Konservatoriyada.
- O Asəf
Zeynallıda ki, bir vaxt sizə “üç” vermişdilər.
-Yox,
“üç”ü Sumqayıt musiqi məktəbində
vermişdilər, burda da əla pul istəmişdilər. İndi elə burda dərs deyirəm.
-Muğam Azərbaycan mədəniyyətinin səsidir. Siz isə
xaricdə Azərbaycan muğamı deyiləndə ağla ilk
gələn isimlərdən, bu mədəniyyətin
aparıcılarındansınız. Necə
düşünürsüz bu eyni zamanda
torpağımızın verdikləri ilə ilahi bir ruhun sizdə
təzahürü deyilmi?
-Nə
gözəl ifadə elədin. Ola bilsin qandan,
candan, torpaqdan gələn bir HAL var, EŞQ var,
özünü oxumaqda biruzə verir. Təbii
ki, bunu aşılamaq da lazımdır. Mənim
bir neçə tələbəm var ki, onlar o hala dalıb
dinləyənə hiss etdirə bilirlər Alim
bulağından su içdiklərini.
-Sizi dinləmək
üçün türk olmaq lazım deyil...
-Amerikada
konsertlərin birində soruşdular ki, sizə oxumaq
üçün nə qədər vaxt lazımdır? Dedim
ki, 7 dəqiqə. Bir az zümzümə
etməyimi istədilər, mən də eşqə gəlib
bir ağız oxudum, bir də baxdım ki, ətrafımdakılar
ağlaşır...
(Alim
Qasımovu az da olsa tanıyanlar yəqin edər
ki, Alim bəy bu əhvalatı sözlərlə deyil,
özünəməxsus hərəkətlərlə
danışır)
Məndən bunu soruşan amerikalı qadın idi,
ağlaya-ağlaya gəlib məni qucaqladı ki, bu nədi
belə? Mən
də dedim, əşi, oxumaqdı da. Milliyyətindən
asılı olmayaraq o HALI yaşayan adamlar var. Necə dinin, eləcə
də bu folklor musiqisinin də xəstələri var. Əgər
hansısa sənətkar o aləmdən bir balaca tuta bilirsə
adamları da arxasınca aparır.
-Alim
müəllimin söykəndiyi ədəbiyyat zirvəsi...
Fizulimi, Nəsimimi?
-Vallah, mən
ədəbiyyatçı deyiləm, bir balaca sözü hiss
eləmək qabiliyyətim var. Elmim yox, savadım yox. Sözə baxıram.
-SÖZ nə
deyir sizə?
-O söz
ki, tutur məni, ifa zamanı çalışıram onu
yaşayam, o sözün halına düşəm. Bəlkə
də mənim bu cür olmağım bir az
da savadsızlığımdan irəli gəlir,
çünki çox savadlı olsaydım dərindən gedərdim,
çox adam da o dərinə gedə bilməzdi. Ona görə də o üzdə olanla musiqini
qarışdıranda artıq orda bir qığılcım əmələ
gəlir. Gərək məni də bir
balaca yandırsın.
-Alim
müəllim, Azərbaycan mədəniyyəti
yazılmamış bir qanundu...(sözümü
kəsir)
-Yəni
zəncirə vurulması imkansız bir şeydi. Vaxtilə nə qədər söz deyənləri,
kəsib töküblər amma yazdıqları qalıb və
qalacaq.
-Və bu
mədəniyyət başqa bir millətdə yoxdu (yenə kəsir
sözümü...)
-Yoxdu
sözü deməyək, ola bilsin bizimkindən
də gözəlləri var. Baxın, mən aşıq musiqisinə
adi musiqi kimi baxırdım. Amma bir az zəhmət
çəkib dinlədim, gördüm, ayrı aləmdi. İndi bu musiqiyə muğam kimi qulaq asıram.
Elə aşıqlar ola bilər ki,
muğam ona cavab verə bilməz. Biz də yad mədəniyyətlərə
hələ gedib çıxmamışıq. Hindistanın musiqisini necə inkar eləmək olar?
Milli musiqinin ifası gözəl olanda onu
parladır, dünyəvi edir. Bu cür ifa
edəninin olmaması o mədəniyyətin geridə
qalmağı demək deyil. Ravi Şankarı misal
çəkim, az qala bütün dünya
gitaraçıları ondan bəhrələnib. Amma sənin sözünə qüvvət verəcəm
- bizim musiqimiz həcmimizə görə bütün mədəniyyətlərdən
yüksəkdə dayanır.
-Mən
millətçiyəm Alim müəllim, məndən
ötrü hər şeydən əvvəl millətim gəlir...
-Vallah
millətlərin hamısı yaxşıdır. O
yaxşının içində pisin olması da normaldır.
Qızılgülün yanında tikan
olmazmı? Bir də ki, indi bütün
dünyaya siyasət bulaşıb. Allah
bizi düz yollara yönləndirsin.
-Mənim
gəlmək istədiyim bir məqam var. Bizim şairlərimiz,
Ramiz Rövşən var-dəlidi, Rüstəm Behrudi var-dəlidi,
oxuyanımız da... (sözümü kəsir)
-Elə o
da dəlidi də...
(Müsahibəm müsahibə olmaqdan çıxır. Ümumi qəhqəhə
imkan vermir ki, söhbətimi davam elətdirim...)
-Axı
biz bu işləri normal çərçivədə bacara
bilmərikmi?
-Xəbərin
doğrusu dəlidən çıxır da...
-R. Behridi
deyir ki,
“Sevda nədi
soran adam,
deyim, bədən
bil, can olur.
zaman, zəmanə
dayanır,
min il
dönüb, bir an olur”
Sizin musiqiniz Azərbaycan xalqına dərmandı,
ilaçdı, əlacdı. Bu nə cür
sevdadı ki, nə oxuduğunuzu bilməyənlərin belə
içindəki sarı simi tərpədir?
-Qəşəng
sualdı. Bax, mən televizorda qulaq asıram,
oxuyan cavanları dinləyirəm, baxıram ki, oxuyur,
notları göstərir, amma təsiredici bir şey yoxdu.
-İnsanımızmı yaralıdı, musiqimi hədəfə
dəyir?
-Musiqi hədəfə
dəyəndə yaraya ehtiyac yoxdu. Mən
özüm də bu haqda çox fikirləşirəm, musiqi
insanın elə bir orqanına dəyir ki, adamın
gözündən yaş gətirir. Qəribə
bir şeydi, şillə vurmursan, qulağını çəkmirsən
amma ağladırsan. Eləcə də
gözəl bir söz. Mən bunun sirrini
aça bilmərəm, bu Allahın qəribə bir sirridi.
Alim Qasımovun musiqisinin təsir elədiyi
insanlar duyurlar ki, o çılpaq musiqi oxumur, eşqli,
ilhamlı oxuyur. Bizim cavanlarımız arasında da bu
cür duyumlular çoxdur, eləsi var ki, lap dəli
aşiqdi. Sənətin cavan
tamaşaçısı da çoxalır.
-Sizi
parçalayan bir təbəqə varmı? Yoxsa
Alim bəy bütündümü?
-Mən
kasıb ailəsində doğulmuşam elə indi də o təbəqədənəm.
-Necə
yaşayırsız?
-Əla.
Əladan da əla. Çox
olsa azdırar axı. Allah nizamlayıb hər
şeyi. Məni nə valideynlərim nə
də özümün ağlım yönəltməyib.
Bir kağız parçası kimi
düşmüşəm çayın axarına, o da gətirib
buralara çıxarıb. O çayı da Allah
axıdır. Çox şükür,
düşündüklərimdən də
artığını qismət eləyib.
-Ailə
içində irad tutulurmu sizə?
-Deyirlər
amma sonda yenə mən deyənə gəlirlər. Çünki həyatın dadı elə sadə
yaşamaqdadır. Bilirsiz, hər şey qədərində
gözəldir.
-Qızınız
Fərqanə xanım...
-O məndən
də betərdi, dərvişlərin dərvişidir.
-Səhv
eləmirəmsə konsertlərin birində avazla
çağırmısız onu...
-(gülür)
hə, Fərqanə fasiləyə
çıxmışdı. Onlar nə bilir mən muğamla
nə oxuyuram?, Əlində alma yeyə-yeyə,
nömrəyə hazırlaşır, bir də baxır ki, mən
oxuyuram, aman eyyy, qızım gəlsin ey, mənim bu halıma
kömək eləsin ay aman.
(... məndə gülməkdən hal qalmayıb.
Özümü toplayıb üzümü Fərqanə
xanıma tuturam)
-Fərqanə
xanım, Alim Qasımovun qızı olmaq...(sözümü
kəsir),
-Vallah, bu
sualı o qədər veriblər ki,
(Alim
müəllim sözə qarışır)
-Bu dəfə
kişi kimi cavab ver də, denən ki, həm
şərəfdi, həm məsuliyyət. Mən
həm öz adımı qorumalıyam həm də onun
adının şərəfini daşımalıyam.
Canımı, həyatımı verməliyəm ki, onun adına xələl gəlməsin. De də bu
cür...
(...artıq
aləm qarışıb)
F.Q - O nə
dedisə onun dediklərini mənim adımdan deyin.
-Mən
bunu istəmirəm. Alim müəllimin səhnədə sizə
bir məmnun-məmnun baxmağı var. O an
nə hiss edirsiz, yanınızda duran adam həm Alim
Qasımovdu, onun bir çəkisi var, eyni zamanda da evdə dədə
dediyiniz adamdı, atanızdı...
-Vallah
onun varlığının mənim üçün nə qədər
əziz olduğunu hərdən xəyalımda da
düşünürəm. Bəzi duyğular
var ki, insan onu dilə gətirib ifadə edə bilmir amma
özünə bəllidi. O baxışlar təkcə
səhnədə deyil, həyatda da mənimlədi. Hər an,
hər dəqiqə içimdən keçirirəm ki, bu adam başqa adamdı.
-Sizin
ata-bala oxuyanda getdiyiniz yer haradı? Əllərinizi Tanrıya
açıb dua edirsiniz sanki...
-Atam
gedir, məni də aparır özüylə. Ta hara gedir, bilmirəm.
İşığı tutur, yolu göstərir.
Biz də düşürük arxasınca.
-Səhnədə
çox rahat görünürsüz. Amma yəqin ki, bu
rahatlığın arxasında gərgin bir əmək var...
A.Q: - Orda
oturana qədər zülümlər çəkirik. Çəkməyib oturanda o zülümü orda
çəkirik.
-Fərqanə
xanımın xanım olmağı səhnədə çətinlik
yaratmır ki?
-O
abır-həyanı qorumaq o qədər də asan deyil, mən
kişi xeylağıyam, azadam. Amma o örpəyi başında, həyası əlində,
mən bilirəm nələr çəkir.
-İstədiyinizi ala bilirsizmi ondan?
-Döyə-döyə.
Ciddi deyirəm, biz səhnədə
vuruşuruq. Kim yıxdı-yıxdı,
ata-bala deyilik orda. Sülhə doğru
getdiyimizə görə qalib yoxdu. Fərqanə
maşallah çox öhdəsindən gəlir, hətta mən
o aləmə girib gedirəm, heç düşünmürəm
ki, o arxamca gələ bilər, ya yox.
-Bu eyni
zamanda bir Azərbaycan xanımının abır-həyasını,
dəyərlərini dünyaya daşımaqdı...
-Amerikanın
bir şəhərində Leyli-Məcnun oxuyurduq. Bir nəfər gəldi ki, sizin konsertdə dünən
olmuşam, bu gün də gedib ailəmi gətirmişəm
ki, sizin qızınıza baxıb
başıbağlıların terrorist
olmadığını görsünlər. Görsünlər ki, nə aləm yaradır.
-Fərqanə
xanım, günümüz gəncləri hicabdan
qaçırlar. Sizi necə, baş örtmək
yormur ki?
(Alim
müəllim, sualımı məhv eləyir)
-Niyə
yorsun, qrimə pul vermir, makiyaja pul vermir, tənbəl
adamın malıdı e o yaylıq, bağlayıb gedir.
(artıq qəhqəhə tufanının
önünü ala bilmirəm və deyəsən söhbəti
yekunlaşdırmağın vaxtıdır)
-Allah sizi
var eləsin Alim müəllim. Onu da deyim ki,
müsahibəmiz Türkiyə mətbuatında da
yayımlanacaq. Sizin ordakı oxucularımıza xüsusi
bir sözünüz varmı?
-Bizim musiqimizi
Türkiyədə duyan adamlar çoxdu, orda silsilə konsertlər
vermişik, hər dəfə də gəlib deyiblər ki,
bizim əsl musiqimiz budur. Həm İranda, həm
Türkiyədə musiqinin kökü bizimki ilə eyni olub.
Mən onlara öz salamımı yetirirəm və
deyirəm ki, tezliklə İstambulda görüşmək
üzrə salamat qalın.
F.Q:- Allah
Alim müəllimi bizə çox görməsin, səsi həmişə
var olsun, biz də onun ardıcıllarından olaq.
Ayrılıram bu ocaqdan. Mənə elə gəlir ki,
çəkim artıb, boyum ucalıb, ürəyim az qala dağ boydadı. Təzələnib
dəli ruhum, dünya da başqa dünyadı. Ürəyimə yığdıqlarımla
danışıram. Gözlərimdən süzülənlər
isə Rəbbimə təşəkkürümdü!
Nə
yaxşı ki, muğam var!
Nə
yaxşı ki, Alim var
və nə
yaxşı ki...
Azərbaycan
var!!!
Nigar İsfəndiyarqızı
Kaspi.-2013.-12 mart.-S.9.