Anarın 75 anı
«Ən gözlənilməz
mükafatım Heydər Əliyev Mükafatı oldu»
Anar:
«Uzun yaşın pis cəhəti var ki, cavanlıqda
qazandığın dostlarını yaş artdıqca bir-bir
itirməli olursan»
Martın
14-də Xalq yazıçısı, dramaturq, ssenarist,
kinorejissor, publisist, ictimai xadim, Azərbaycan
Yazıçılar Birliyinin sədri Anarın 75 yaşı
tamam olur.
O,
baharda dünyaya gəlib. Təbiətin yenidən dirildiyi,
cana gəldiyi bir vaxtda. Bəlkə də o səbəbdəndir
ki, ötən əsrin 60-cı illərində nəsrimizə,
publisistikamıza, bir sözlə, ədəbiyyatımıza
yeni nəfəs gətirdi. “Keçən ilin son gecəsi”,
“Bayram həsrətində” hekayələri ilə ədəbiyyata
qədəm qoyan Anar çox keçmədi ki, “Ağ liman”
povesti, “Beşmərtəbəli evin altıncı mərtəbəsi”
romanı, “Mən, Sən, O və telefon” hekayəsi ilə
oxucuların qəlbinə yol tapdı. “Vahimə”,
“Yaxşı padşahın nağılı”, “Otel
otağı”, “Mütləq görüşərik”,
“Qırmızı limuzin”, “Gürcü familiyası” və
onlarca kitabları əl-əl gəzib-dolaşdı. 50-dən
artıq kitabı dünyanın müxtəlif ölkələrində
çap olunaraq yazıçıya şöhrət
qazandırdı. Bu gün Anar tək Azərbaycanın yox,
bütövlükdə türk dünyasının sevimli
yazıçısı kimi tanınır, oxunur və
sevilir...
Beləliklə,
müsahibimiz ömrünün 75-ci baharını
qarşılamağa hazırlaşan yazıçı
Anardır.
- Anar müəllim, oxucu
üçün yazıçının yaşı olmur. Bu gün özünüzü hansı yaşda hiss
edirsiniz?
- Mən
yaşa o qədər də əhəmiyyət vermirəm. Günlər keçir, aylar, illər ötür,
insanın yaşı artır, amma insan bunu hiss etmir. Mən
də bunu heç hiss etmirəm. Özümü bir neçə
il öncə necə hiss edirdimsə, 75
yaşımda da eləcə hiss edirəm. Əsas
da məni yaşadan, həvəsləndirən budur ki,
planlarım çoxdur, elə işlər var ki, onları
görmək istəyirəm.
- Taqor
deyirdi ki, varlığım mənim üçün bir
möcüzədir. Həyat da elə budur ki,
var. 75 illik ömrünüzdə həyat sizi hansı
möcüzələrlə qarşılaşdırdı.
Bu möcüzələrdən ən birincisi
sizin valideynləriniz idi. Onlar bu millətin
ədəbi zövqünün formalaşmasında və milli
şüurun oyanmasında böyük xidmətləri olan
ziyalılar idi. Xahiş edirik, yerdə
qalan möcüzələr barədə özünüz
danışın.
- Həyat
başdan-ayağa möcüzədir. İnsan az
qala hər gün bir möcüzə ilə rastlaşır. Möcüzənin yaxşı tərəfi də
olur, pis tərəfi də. Pis
möcüzələr odur ki, arzulamadığın, istəmədiyin
hadisələrin şahidi olursan. Bəzən
insanların dönüklüyünü görüb pərişan
olursan. Möcüzənin müsbət tərəfləri
də sevincli hadisələrdir. Son aylarda həyatımda
kədərli hadisələr olub, yaxın qohumlarımın
itkisi ilə üzləşmişəm, eyni zamanda, xoş
hadisələrin də şahidi olmuşam. Həyat
şahmat taxtası kimi ağ və qara
damalardan ibarətdir. Biz ona günlər deyirik.
- Anar müəllim, keçdiyiniz həyat
yoluyla yaxından tanış olarkən
maraqlı faktlarla qarşılaşdıq. İlk
ədəbi nümunələrinizi Şuşada qələmə
almısınız. Niyə məhz
Şuşada?
- O vaxtlar
tətil zamanı biz ailəliklə Şuşaya gedərdik. 14 yaşım olanda yenə Şuşaya
getmişdik. Mən şəhər
uşağı olduğum üçün Bakı
üçün çox darıxırdım. Atam
başımızı qatmaq üçün bacımla mənə
dedi ki, gördüyünüz insanlar, mənzərələr
barədə yazın. Bilmirəm, bacım
yazdı, ya yox, mən o vaxt Amerika həyatından bir pyes
yazdım. O dövrdə Amerika həyatı haqqında
ancaq qəzetlərdə dərc olunan məlumatları
oxuduğumdan səthi təsəvvürlər əsasında
bir yazı yazdım. Yazını atamla anama
oxuyanda təəccübləndilər, dedilər ki, deyəsən,
sən də yazıçı olmaq istəyirsən. Beləcə, mənim yazıma ilk qiyməti və
ilk xeyir-duanı onlar verdilər.
- Maraqlı faktlardan biri budur ki, siz
Bülbül adına orta ixtisas musiqi məktəbini
gümüş medalla bitirmisiniz. Burda mütləq bir
haşiyə çıxmalıyam: “Üzeyir ömrü”
filminin həm ssenari müəllifi, həm də quruluşçu
rejissoru olmusunuz. Üstündən uzun illər keçməsinə
baxmayaraq, hər dəfə bu filmə baxanda filmin ümumi ahəngi,
harmoniyası adamı heyran edir. Sizin musiqi təhsiliniz
bu filmin uğurlu alınmasında yəqin ki, əsas
açarlardan biri olub. Musiqi məktəbinin
hansı şöbəsini bitirmisiniz?
- İlk əvvəl musiqi məktəbinin fortepiano
şöbəsinə qəbul olunmuşdum. Məndən
kiçik bacım həmin məktəbə daxil olanda vəziyyət
dəyişdi. Həmin dövrdə qəribə
bir qərar çıxarılmışdı. Bir ailədən iki nəfər eyni şöbədə
oxuya bilməzdi. Ona görə də evdə
belə qərarlaşdırdılar ki, mənim fortepiano
bacarığım elə də yüksək deyil, ona görə
də məni skripka şöbəsinə keçirsinlər.
Sonralar mən alt alətini seçdim. Sonra ondan da bir şey çıxmadı, keçdim
musiqi nəzəriyyəsi şöbəsinə, burada da
heç nə alınmadı. Musiqidən
uzaqlaşdım. Amma ömrümün
sonrakı illərində təkrar musiqiyə qayıtdım,
son 20 ildə musiqi məni daha çox cəzb edir. Saatlarla klassik musiqiyə, bizim
muğamlarımıza, dahi bəstəkarların əsərlərinə
qulaq asıram. Bu musiqilər məni sakitləşdirir.
Bu gün musiqi mənim üçün
böyük bir təsəllidir.
- Ən çox kimlərə
qulaq asırsınız?
- Saysam
siyahı uzun olar, ən çox Avropa bəstəkarlarına
- Baxa, Vivaldiyə, Korelliyə, Motsarta, Albinoniyə, Şopenə
qulaq asıram. Eyni zamanda rus bəstəkarlarına
və bizim bəstəkarlardan Üzeyir bəyi, Qara Qarayevi,
Fikrət Əmirovu, Niyazini, muğamlarımızı dinləyirəm.
Bəzən caz və estradanı da dinləyirəm.
- Sizin həyatınızda “Qobustan”
jurnalının öz yeri var. Bu toplu ədəbi mühitdə
yeni bir cığır açdı və həyatınızın
bir parçası oldu. Bu tarixdən baxanda həmin
dövrü necə xatırlayırsınız?
-
Doğru deyirsiniz, “Qobustan”ın mədəniyyət tariximizdə
öz yeri var. Görkəmli teatrşünas, tənqidçi
alim, mənim müəllimim, həm də atamın dostu Cəfər
Cəfərov o dövrdə Mərkəzi Komitədə
ideologiya üzrə katib işləyirdi. Bir gün məni
çağırıb təklif etdi ki, “Azərbaycan incəsənəti”
adlı jurnalın cəmi üç nömrəsi
işıq üzü görüb, redaktoru Xalq artisti Mehdi Məmmədovdur,
amma Mehdi müəllimin teatrda işi çoxdur,
redaktorluğu sənə həvalə etmək istəyirik. Mən təklifi qəbul etdim, eyni zamanda təklif
etdim ki, jurnalın adını dəyişdirək. Dedi,
bəs hansı adı təklif edirsən? “Qobustan”
adını təklif etdim, dedim ki, Qobustan sənət abidəsidir
və bir çox sənət növləri bu abidədə
öz əksini tapıb. Ona görə də
toplu çox sahələri əhatə edəcək. Fikrimlə razılaşdı. Büronun
qərarı dəyişdirildi və toplu yeni adla nəşrə
başladı. “Qobustan”ın birinci nömrəsində
biz çalışdıq ki, həm sənətimizin qədim
növlərini təbliğ edək, həm də dünya
xalqlarının incəsənətini Azərbaycana tanıdaq.
Dil məsələləri ilə bağlı
bir çox problemlərlə qarşılaşırdıq.
Çünki bizdə dəzgah rəssamlığında,
heykəltəraşlıqda, kinoda, simfonik musiqi sahəsində
terminlərimiz az idi ona görə də
biz dilimizin qanunlarına uyğun olaraq yeni terminlər
tapmağa başladıq. Elə ilk olaraq
jurnalın adını məcmuə, almanax yox, toplu yazdıq.
Müvəffəqiyyət əvəzinə
uğur, müqəddimə əvəzinə ön söz
yazdıq. İlk dəfə mən
“Qobustan”da inkar sözünün əvəzində danılmaz
sözünü işlətdim. Tamaşanın
təsviri əvəzinə yozumu sözünü də o vaxt
ilk dəfə dilimizə biz gətirdik. Bir
sözlə, bir xeyli yeni sözlər gətirdik dilimizə.
O vaxt etirazla qəbul olunsa da, bu gün bu sözlər
artıq dilimizdə işlək sözlərə
çevrilib və qəbul olunub.
- Anar müəllim, siz Azərbaycan ədəbiyyatının
ayrılmaz bir parçasısınız, nəsil-nəsil
insanlar sizin əsərlərinizlə böyüyüb,
onların ədəbi zövqünün formalaşmasında
bu əsərlərin böyük rolu olub, kitablarınız
dünyanın müxtəlif ölkələrində nəşr
olunub. Ancaq ədəbiyyatla yanaşı kinoda
da böyük xidmətlər göstərmisiniz. 12 bədii, 10 sənədli filmin ssenari müəllifi
olmusunuz. Kino sizin üçün nədir?
- Kino mənim
üçün elə ədəbiyyat qədər əhəmiyyətli
bir sahədir. Mənim kino təhsilim var.
1970-72-ci illərdə Moskvada ssenari kurslarında və rejissor
emalatxanasında oxuyaraq kino rejissoru diplomu almışam. Mən film çəkəndə buna hüququm
çatırdı. Üç filmə
quruluş vermişəm. Birinci filmim olan “Dantenin
yubileyi”ni rəhmətlik Gülbəniz Əzimzadə ilə
birlikdə çəkmişəm, “Üzeyir ömrü” və
“Qəm pəncərəsi” filmlərini isə özüm təkbaşına
çəkmişəm. Rejissorla nə qədər
yaxın olsan da, ssenaristin baxışı ilə rejissorun
baxışında mütləq fərqlilik olur. Mən bununla razılaşıram. Amma özün çəkəndə bu film yüz
faiz sənin olur. Digər filmlərimin də
rejissorlarına minnətdaram. Dünyasını dəyişənlərə
Allah rəhmət etsin, Şamil Mahmudbəyovu, Tofiq
Tağızadəni, mənim yaxın dostlarım Arif Babayevi,
Rasim Ocaqovu hörmətlə anıram, sağ qalanlara isə
Allah uzun ömür versin.
- Bəs sonralar niyə öz ssenarilərinizi
özünüz çəkmədiniz?
- Bir az yaş, bir az da vaxt məsələsi imkan
vermədi. O vaxtlar mən Yazıçılar Birliyinin sədri
deyildim. Amma indi əsas iş yerim Yazıçılar
Birliyidir və kinoya vaxt ayıra bilmirəm. Həm
də mən, necə deyərlər, öz istədiyim kimi
filmləri çəkən rejissora rast gəldim. Bu da Ramiz Həsənoğludur. O filmləri məhz
mənim gördüyüm kimi çəkdiyi
üçün artıq mənim çəkməyimə
ehtiyac qalmadı.
- Anar
müəllim, yaradıcılığınızın bir
hissəsi də teatrla bağlıdır. Elə
bu günlərdə - martın 10-da milli teatrımızın
140 yaşı tamam oldu. Təkcə Akademik Milli Dram
Teatrında sizin beş əsəriniz -
"Şəhərin yay günləri", "Adamın
adamı" (bu pyesin quruluşçu rejissoru da Anarın
özüdür - red.), "Səhra yuxuları", "Sizi
deyib gəlmişəm", "Təhminə və Zaur"
tamaşaya qoyulub. Bundan əlavə, Ramiz Həsənoğlu
sizin ssenariniz əsasında çox gözəl teletamaşalara
imza atıb. Bunlar bizim teatr tariximizdə
xüsusi yeri olan tamaşalardır. Bu
baxımdan teatrla bağlı fikirləriniz də maraqlı
olardı.
- Son illər
teatrdan demək olar ki, bir az
uzaqlaşmışam. Səbəb də odur ki, mənim nəslimin
aktyorları - Həsən Turabov, Səməndər Rzayev, Fuad
Poladov, Şəfiqə xanım Məmmədova, Amaliya
xanım Pənahova, onların indi heç biri teatrda yoxdur. Əsas da rejissor Tofiq Kazımov. Mənim
ilk əsərimi o səhnəyə qoymuşdu. Ona görə son illər teatrdan
uzaqlaşmışam. Amma gələcəkdə ola bilər, yenidən teatrla əlaqələrimiz
bərpa olunsun.
- Ötən
il Türkiyənin Elazığ şəhərində
“Elazığ-Bakı mədəniyyət və sənət
görüşü” keçirildi. Türkiyədə sizə
o qədər böyük sevgi, hörmət, məhəbbət
gördüm ki, sözün doğrusu, bu sevgi
qarşısında utandım...
- Sözlərinizə
görə çox sağ olun. Vaxtilə mən tez-tez Türkiyəyə gedirdim.
Gedən kimi də xeyirxah bir mühitə
düşürdüm. O vaxt mən Ramiz Həsənoğluna
dedim, mən iki yerdə özümü rahat hiss edirəm, bir
Türkiyədə, bir də sənin çəkilişlərində.
Ramizin çəkilişlərində sənət
mühitinə düşürdüm. Ona görə də
özümü rahat hiss edirdim. Türkiyədə də az qala məni əllərinin üstündə
gəzdirirlər.
- Bir çox dövlət və beynəlxalq
mükafatların sahibisiniz, maraqlıdır, bu mükafatlardan
hansı sizin üçün daha gözlənilməz olub?
- Ən gözlənilməz mükafat mənim
üçün Heydər Əliyev Mükafatı oldu. Çünki
biz Yazıçılar Birliyindən tamam başqa namizəd
irəli sürmüşdük. Mən bu
mükafatı heç gözləmirdim. Bir
gün bildim ki, hörmətli Prezidentimiz məni təklif edib
və komissiya üzvləri də bu təklifi qəbul ediblər.
Mənim üçün bu çox xoş
sürpriz oldu. Əvvəla, ona görə
ki bu mükafat Heydər Əliyevin adını
daşıyır. Mən Heydər Əliyevi
həmişə çox yüksək qiymətləndirən
insan olmuşam. Həmişə onun
qayğısını hiss etmişəm və heç bir təmənnam
olmadan mən bu böyük adama həmişə hörmət
bəsləmişəm. O da mənə həmişə
hörmət edib, qayğıma qalıb, bu münasibətlər
qarşılıqlı olub. Onun mənim
haqqımda dediyi sözlər elə mənim onun haqqında
dediyim sözlər qədərdir. Buna
görə də onun adını daşıyan mükafata
hörmətli Prezidentimizin təşəbbüsü ilə
layiq görülməyim məni çox sevindirdi.
- Son illər “1500 ilin oğuz
şeiri” antologiyasını hazırladınız. Bu da böyük bir missiya idi. Hazırda
nələr üzərində işləyirsiniz?
- “1500 ilin oğuz şeiri”ndən əlavə mən
Türkiyədə “Min ilin yüz şairi” adlı Azərbaycan
şairləri haqqında kitab hazırladım. Son zamanlar isə
rus dilində bir kitab üzərində işləyirəm,
artıq iki cildi çapdan çıxıb. Kitab “Literatura, iskusstvo, kultura Azerbaydjana” adlanır.
Kitabda Azərbaycanın ədəbiyyatı, sənəti,
mədəniyyəti bir araya gəlib. Burada
mənim müxtəlif illərdə yazdığım esselər,
tələbə vaxtı yazdığım “Aldanmış kəvakib”
adlı məqaləm və bu kitab üçün məxsusi
olaraq son vaxtlar yazdığım esselər daxil edilib. Birinci cild ancaq ədəbiyyat haqqında
yazılardan ibarətdir. Bura həm
çağdaş, həm də klassik yazıçılar
daxildir. İkinci cild musiqi, teatr, rəssamlıq,
kino sahələrini əhatə edir.
Üçüncü cildə isə tarix, elm, mətbuat və
mədəniyyət, din haqqında məqalələr daxil
edilib. Yəqin ki, bir iki aya
üçüncü cild də işıq üzü görəcək.
- Bu qədər işi görmək,
gerçəkləşdirmək nələrin hesabına
başa gəlir?
- Mən
cavan yaşlarımdan zəhmətə alışmış
insanam, istirahət etdiyim yadıma gəlmir. Yay
tətilinə çıxanda da əsas işim elə
yaradıcılıqla məşğul olmaq olur. Ona görə də mənim heç zaman boş
vaxtım olmayıb. Həmişə
yazı-pozu ilə məşğul olmuşam. Elə yazıçılar var ki, yüz cildləri
var, onlara baxanda mənim yazdıqlarım hələ yüzə
çatmayıb (gülür).
- Rəsul
Rza “Dəniz nəğmələri” şeirində
yazırdı:
Qoca dənizçi
danışdı mənə:
fikirli
olur, - dedi -
məkrli
olur, - dedi -
sirli
olur, - dedi -
kirli
olur, dedi - dəniz”
Sonra da əlavə
etdi:
“İnsan kimi”.
İnsanın pisliklərdən, kirlərdən, mənən
təmizlənməsi üçün ədəbiyyat daha nələri
etməlidir?
- Desək
ki, kimsə bir kitab oxuyandan sonra yaxşı adam
olacaq, bu, düzgün fikir olmazdı. Ancaq
insanlarda müəyyən hisslərin təqdir, tərbiyə
olunması ədəbiyyatın missiyasıdır. İndi elektron kitablar var. Bu çox yaxşı
haldır. Amma deyəndə ki, bunun
yaxşı tərəfi odur ki, tıxac olanda maşında
qoyub dinləyirsən, ədəbiyyata belə münasibəti
düzgün hesab etmirəm. Kitab başqa
şeydir. Onu qarşına qoyub sakit şəkildə
oxuyub düşünməlisən. Sovet
vaxtı deyirdilər ki, sovet xalqı ən çox kitab oxuyan
xalqdır, hətta metroda da oxuyur. Metroda
oxunan kitabı necə qavramaq olar? Bəzən
çox cahil fikirlər olur, deyirlər, yazıçılar
elə əsərlər yazsınlar ki, o əsərlər
alınsın. Ədəbiyyata bu meyarla
yanaşmaq olmaz. İndi kitab bazarına
getsək, görərik ki, Dostoyevskinin kitabından çox
yüngül kitablar alınır, amma bu o demək deyil ki,
Dostoyevski belə müəlliflərdən zəif
yazıçıdır. Satılmayan
kitabın da öz zamanı, öz oxucusu var. Füzulini xalq bu
gün almasa da, amma 400 ildir, o, ədəbiyyatda yaşayır.
Elə kitab da var ki, bu gün alıb oxuyursan, sabah
unudulur. Əsl kitab oxuyub unutmadığın
kitabdır.
- Sizin ailədə
həmişə yazarlar olub. Bu gün də var.
Zemfira xanımın musiqi tariximizlə bağlı çox dəyərli
kitabları var. Günel gənc yazıçı kimi kifayət
qədər tanınır, Turalın kitabları çap
olunur. Siz həyat
yoldaşınızın, övladlarınızın
kitablarını oxuyanda hansı hisslər keçirirsiniz?
- Əlbəttə ki, qürur hissi keçirirəm. Tural tamam
başqa üslubda, satirik hekayələr yazır. Güneli indi məndən çox tanıyırlar, əlbəttə,
buna sevinirəm. Bəzən böhtan
atırlar ki, Anar öz övladlarına təqaüd verir.
Gəlsinlər, görsünlər, mən nə
vaxt övladlarıma Yazıçılar Birliyindən təqaüd
ayırmışam. Onlar bu günə kimi
bu birlikdən bir qəpik də pul qazanmayıblar. Nəyə
nail olublarsa, öz gücləri hesabına nail olublar. Hər halda onların əvəzinə mən
yazmıram. Hətta onların
Yazıçılar Birliyinə üzvlüyünü də
Fikrət Qoca məndən xəbərsiz həyata
keçirib. Mən valideynlərimə minnətdaram
ki, mənə təhsil veriblər, məni böyüdüblər,
mən ədəbi mühitdə püxtələşmişəm,
yazıçılarla ünsiyyətdə olmuşam, amma
onların da mənim yazıçı olmağımda
heç bir köməklikləri olmayıb.
- Dostluqla bağlı dəyərli
fikirlərinizə tez-tez rast gəlirik. Bu
gün Anar müəllimin ətrafında sadiq dostları
varmı?
- Təəssüf
ki, dostlarımın çoxu o dünyadadır, bu dünyada
onların az bir hissəsi qalıb. Uzun yaşın daha pis bir cəhəti var ki,
cavanlıqda qazandığın dostlarını yaş
artdıqca bir-bir itirməli olursan. Dostların
bir hissəsini bizdən ölüm aparır, bir hissəsini də
həyat. Amma yenə də çox şükür edirəm
ki, mənim 4-5 çox sadiq dostlarım həyatdadır,
yaşayır, Allah onlara cansağlığı versin.
- Dostluğun resepti varmı?
-
Dostlarınıza xəyanət etməyin ki, onlar da sizə xəyanət
etməsinlər.
-
Keçən il siz 50 ildən sonra yenidən bəylik
masasına əyləşdiniz. Uzun illər
tanıdığınız xanımınızla yenidən bəylik
masasına əyləşmək insanda hansı hisslər
yaradır?
-
Xoş bir hissdir. Hər halda 50 ildə bir-birimizə
dözmüşüksə, demək, xoş hiss
olmalıdır. Ailə odur ki, gərək bir-birini başa
düşəsən, bir-birinə mane olmayasan, dərdinə
də, sevincinə də şərik olmağı bacarasan. O
da sənət adamıdır, mən də sənəti sevən
insanam, bizim maraqlarımız da uyğun gəlir. Bu
baxımdan evdə də həmişə mənəviyyat
söhbətləri olub, insanların uzun zaman birlikdə
yaşamalarına əsas səbəblərdən biri də
budur.
- Bir yazıçı, ata, baba
kimi özünüz özünüzə nə
arzulayırsınız?
-
Arzulayardım ki, Allah mənə hələ bir neçə
il də möhlət versin, görmək istədiyim işləri
başa çatdırım. Planlarım çoxdur, onları
həyata keçirmək istəyirəm və ən əsası
yaşadığım müddətdə heç bir itkiyə
məruz qalmayım. Yaxın adamlarımın,
dostlarımın, gözəl insanların uzun müddət
yaşamasını istəyirəm.
Müsahibimiz
Anar idi. Ömrünün yarım əsrdən çoxunu ədəbiyyata,
kinoya, teatra, publisistikaya və bütövlükdə Azərbaycan
mədəniyyətinə həsr edən, bəzən bir
hekayəsi qədər millət qarşısında xidməti
olmayanların hücumlarına, təqiblərinə,
böhtanlarına tuş gəlsə də, yenə də əzəmətini,
böyüklüyünü itirməyən Anar. Biz əfsanələri
çox vaxt uzaqlarda axtarırıq, lütfən, hərdən
ətrafınıza baxın, diqqətlə baxın...
Təranə Vahid,
Lalə Azəri
«Mədəniyyət» qəzeti
Kaspi.-2013.-14 mart.-S.9.