Mənə bir şans verin, alınmasa, ora
bir də üzümü döndərmərəm...
Ağakişi Kazımov: «78
yaşlı, 62 il teatrda təcrübəsi olan bir insan êèìè
deyirəm - teatrı müasir əsərlər xilas edəcək»
«Bəri
başdan deyirəm, heç kimi tənqid etməyəcəyəm.
Bir dəfə tənqid etmişdim aləm bir-birinə
qarışdı. Demişdim ki, əvvəllər
Yazıçılar İttifaqının qabağından
keçəndə oradan Səməd Vurğun
çıxırdı, indi biz oradan fit çala-çala
keçirik. Bir də demişdim ki, müasir dramaturgiya yoxdur.
Buna görə hətta iki nəfər xalq
yazıçısı mənə zəng edib incikliklərini
bildirdilər. Sonra bütün qapılar üzümə
bağlandı. Danışanda da, hamı mənlə
düşmən olur».
Xalq
artisti, tanınmış rejissor Ağakişi Kazımovla
müsahibəmiz bu sözlərlə başladı. Özünə
“düşmən” qazanmaqdan ehtiyat edən rejissorun bəzi
fikirləri “qızım sənə deyirəm, gəlinim sən
eşit” məsəli kimi səsləndi.
Bir az
gözümüz yoldadır
- Bu il Azərbaycan
teatrının 140 illik yubileyidir. Real mənzərə
nə vəd edir?
- Son
zamanlar mənə elə ümid gəlib ki, Azərbaycan
teatrı yaxşılığa doğru dəyişib. Çünki dünyanın hər yerindən
rejissorlar dəvət edirlər. O rejissorların
tamaşalarına baxmaq üçün
tamaşaçıları cəlb etmək yaxşı yoldur.
Ölkə başçısının Azərbaycan
teatrının inkişafı barədə sərəncamı
da var. Mədəniyyət və Turizm Nazirliyi bütün
imkanlarını teatrlarımızın və mədəniyyət
məkanlarımızın inkişafına yönəldib və
bunlar da çox gözəl nəticə verir. Ona görə də məndə belə bir fikir
yaranıb ki, Azərbaycan teatrının gələcəyi
parlaq olacaq. Təsəvvür edin, hər
bir teatr öz tamaşaçısını tapmaq
üçün müxtəlif variantlar axtarıb tapır.
İnsanlara uşaqlıqdan teatrı sevdirmək
lazımdır. Çünki uşaqlar
tamaşaları görməsələr, heyran olmasalar yaşa
dolduqca bu heyranlığı başa düşməyəcəklər.
Ona görə indi teatrlarımızın çoxunda bəzən
tamaşaçı az olur. Çox vaxt
maraqlı bir tamaşa zamanı zala istənilən qədər
adam gəlmir. Bu ona görə
deyil ki, teatr zəif işləyir. Ona
görədir ki, 1990-cı ildən bu günlərə qədər
məktəblilərin teatrlara gəlməklərinə şərait
yaratmırlar. Bundan əlavə, həm ermənilərlə
müharibə, həm Dağlıq Qarabağın əldən
getməsi – hamısı bir-birinə qarışdı və
adamlarda qəribə bir yadlaşma əmələ gəldi.
İnsanların başı
dolanışığa, müharibədən gələn bəd
xəbərlərə qarışdı. Mən belə
deyirəm: zəmanə Azərbaycan xalqının teatra olan məhəbbətini
tərgitdi. Keçən istirahət günü
gənclər Fontanlar bağına mitinqə
yığışmışdı. Bu, düzgün
iş deyil. O uşaqların hamısını
yığıb “heç olmasa, bir teatrda olmusunuzmu?” deyə
soruşsan, inanın ki, deyəcəklər «yox». Axı teatr ta qədimdən məbəddir, mədəniyyət
ocağıdır. Bu yaxınlarda məndən
soruşdular ki, «Vaqif» əsərini tamaşaya qoymaq olar, ya
yox? Dedim ki, olar. Hətta, məni də dəvət
etdilər. Vaqif Səmədoğlu razı
olmadı və düzgün də elədi. Çünki vaxtilə o tamaşalar o qədər dərin,
mənalı şəkildə və o qədər
istedadlı rejissor və aktyorların vasitəsilə səhnədə
canlandırılıb ki, indiyə qədər hətta, o
tamaşanı görməyənlər belə «Vaqif»i əzbər
bilirlər. Buna görə də
tamaşaçı teatrla hansı formadasa
qaynayıb-qarışmalıdır. Bunun
yolunu teatrın rəhbərləri tapmalıdırlar.
Digər tərəfdən, hörmət etdiyim Elçin və
Anar müəllim, Əli Əmirli, Firuz Mustafa – hər biri
heç olmasa, ildə bir dəfə Azərbaycan teatrı
üçün maraqlı bir əsər yazsınlar. Elçin müəllim yazır, dərhal da
bütün teatrlar xəbər tutur. Xüsusən
də Rus Dram Teatrı əsəri əldə edib tamaşaya
qoyurlar. Ya da əsər əsasında film
çəkirlər. Qalanları isə
pyes yazmırlar. Arzum budur ki, hörmətli
qələm sahiblərimiz teatr üçün pyes
yazsınlar.
- Belə
fikirlər də var ki, teatrları klassik əsərlər
xilas edəcək.
-
Teatrları müasir əsərlər xilas edəcək. Bunu
78 yaşlı, 62 il teatrda təcrübəsi
olan bir insan deyir. Teatrı həmişə
müasir əsər xilas edir. Müasir əsər
o demək deyil ki, onun mövzusu da müasir olsun. O əsərdir
ki, onu müasir dramaturq yazsın. Azərbaycan
teatrı elə müasir dramaturqların üzərində
dayanmışdı. Nəcəf bəy Vəzirov, Cəlil
Məmmədquluzadə, Cəfər Cabbarlı, Hüseyn
Caviddən bəri Mehdi Hüseyn, Səməd Vurğun,
Süleyman Rüstəm, daha sonra İlyas Əfəndiyev və
başqalarının əsərləri ilə
dayanmışdı. Onlar hansı mövzuda
yazırlar yazsınlar, həmin mövzular “müasir
yazıçımızın gözü ilə” olduğu
üçün tamaşaya hazırlayırdıq.
İndi bizim bir az gözümüz
yoldadır. Milli Teatr təmirdən qurtarandan
sonra içi mən qarışıq rejissorların
hamısına dedilər ki, «Sizin dəvət
olunmağınız, teatrın daimi rejissoru kimi
çalışmaqdan daha sərfəlidir». Amma il yarım keçib hələ ki,
çağırmırlar. Eybi yoxdur, biz gözləyərik.
Çağırarlar gedərik,
çağırmazlar yox. Təki Azərbaycan
teatrı inkişaf etsin. O teatra ki, məhəbbət var
idi və mən onu görmüşəm, o hörmət, o məhəbbət
yenidən tamaşaçılar tərəfindən teatra
qaytarılsın.
Orijinal yox, yamsılama
- Bir az əvvəl
dediniz ki, «Vaqif» əsərini səhnələşdirməyə
razılıq olmadı. Səbəb nə idi?
- «Vaqif» əsəri romantik drama janrında
yazılıb.
Bu əsəri çox böyük bir şair
yazıb və onu səhnələşdirməyə Ədil
İsgəndərov kimi böyük bir rejissor kömək
etmişdi. Tamaşada da böyük
aktyorlar oynayırdı. Mən həmən
tamaşanın iştirakçısıyam. 1952-ci ildən bəri o tamaşada 3-4 rol
oynamışam. O tamaşanı 1980-ci ildə Milli Dram
Teatrda bərpa etmişəm. Əgər rəhmətlik
Ədil müəllim gəlib baxsaydı, deyərdi ki, bu, elə
mənim hazırladığım tamaşadır. Amma
burada incə bir məqam var: bir var Ələsgər Ələkbərov,
bir də var ona oxşar aktyor. Bir var Sidqi Ruhulla,
bir də var ona oxşar aktyor. Bir var Fatma Qədri,
bir də var ona oxşar aktrisa. Oxşar
adamların təbiəti, istedadı, gücü o aktyorlarla
uyğun gəlmir. Digər tərəfdən,
bir vaxtlar zəmanəsinin düz ürəyindən vuran
tamaşanı ikinci dəfə bərpa edəndə gərək
tamamilə başqa cür qurasan. Mən Vaqif Səmədoğluna
dedim ki, icazə ver tamaşanı
hazırlayım və onu qısaldacağam. O da dedi ki,
tamaşanın bir vergülünə də toxunmaq olmaz. İnsanlar o qədər bu əsərin eşqi ilə
yaşayıblar ki, hətta məndən 40 yaş cavan adamlar
«Vaqif» əsərini əzbərdən bilir.
- Sizcə, müasir teatr nə deməkdir?
-
Müasir teatr Azərbaycan xalqının müasir dərdlərini,
müasir sevincini, müasir qələbələrini,
müasir vəziyyətini, ümumiyyətlə, müasirlikdə
hansı aura varsa, onu ədəbi, teatr dilində, parlaq,
emosional şəkildə ifadə edə bilən teatr
müasir teatrdır. Mən o rejissorun
qarşısında diz çökəcəyəm ki,
onların bizim teatrlara gətirdikləri üsul bugünkü
günümüzü olduğu kimi təsvir etsin. Onda buna müasir teatr deyirlər. Müasir teatr müasir xalqın ifadəsidir. Teatr xalqın dərdlərini, ehtiyaclarını,
sevincini əks etdirməlidir. Elə bir
teatr varsa, biz onu müasir teatr adlandırırıq. Həmin müasir teatra da gərək müasir
dramaturgiya gəlsin. Əgər dramaturgiya
olmasa, biz onu necə tətbiq edə bilərik? Ona görə də biz çətinlikdə
qalırıq. Mən heç rəssam, bəstəkar
davası eləmirəm. Vaxtilə Qara Qarayev, Fikrət Əmirov
kimi bəstəkarlar teatrlar üçün musiqi
yazırdı. Fikrət Əmirov mənim
hazırladığım «Aydın» tamaşası
üçün elə bir musiqi yazmışdı ki, 1969-cu
ildə tamaşa Kazanda keçirilən festivalda SSRİ
üzrə birincilik qazandı. İndi
Cavanşir Quliyev, Siyavuş Kərimi kimi bəstəkarlar
yaxşı musiqi yaza bilirlər. Mən
bunun dərdini çəkmirəm, mənim dərdim əsər
dərdidir.
- Söz düşmüşkən,
xaricdən rejissorların dəvət olunması da birmənalı
qarşılanmır. Məsələn, fikirlər var ki, onlar
bizim əsərlərimizi öz rejissorlarımız kimi duya
bilməzlər.
- Xaricdən
gələn rejissor dahi də ola bilər,
ad-sanlı da. Ancaq indiyə qədər bura kim
gəlibsə, onlar burada öz ölkələrində
hazırladıqları tamaşaların surətini
çıxarıblar. Bu isə orijinal yox,
yamsılama olar. Ona görə bu fikirlərdə
azacıq da olsa həqiqət var. Çünki tamaşanı
səhnəyə qoyandan sonra gərək rejissor onu 2-3 ay izləsin.
Mən İlyas Əfəndiyevin «Büllur
sarayda» tamaşasını «Azdrama»da səhnələşdirəndə
3 ay dalbadal tamaşanı izlədim. 300-cü
tamaşada yenə anşlaq idi. İlyas Əfəndiyev
dedi ki, bunun səbəbi odur ki, sən hər tamaşanı
izləyirsən. Tutaq ki, xaricdən bir rejissor gəlir.
O, tamaşanı hazırlayıb çıxıb gedir. Tamaşa istər-istəməz laxlayır.
Aktyor özündən söz artırır, dekorasiya
cırılır yamağını düz vurmurlar və s.
problemlər yaranır.
Vermirlər verməsinlər
- Siz həmçinin pedaqoji işlə
məşğulsunuz. Nə üçün 4-5 il auditoriyada vaxt keçirən tələbələrin
yalnız 2-3-ü sənət aləminə gəlir? Bəs qalanları?
- Bu, həqiqətdir.
140 ilin içərisində barmaqla saysaq rejissorlu, aktyorlu 30-40
istedadlı adam çıxmaz. İndi bunlar da istəyirlər ki, biz hər kursdan
sidqilər, ələsgərlər, hökumətlər,
fatmalar buraxaq. Bu, düzgün fikir deyil.
Bir də görürsən ki, biri hərbi xidmətə
getməmək üçün instituta gəlir. Biri
ümumiyyətlə, oxumur, birinin istedadı çatmır və
s. Bu, müəllimlərdən asılı deyil. Bir də bura gələnlər çıxıb səhnəyə
oynamağı bacarmalıdır, yalnız kitab oxumaqla aktyor
olmaq olmur. Bəzən görürsən
ki, tələbənin zahiri görünüşü
aktyorluğa tam uyğundur, ancaq ifadəliliyi yoxdur. Məcbur olub onu ayrı ixtisasa keçirirsən.
Bilirsinizmi, insanlar uzun müddət teatrdan uzaq
düşdüyündən çox vaxt bunun
günahını institutda axtarırlar. Bu
fikrin instituta aidiyyatı yoxdur.
- Teatrlarda hazırlanan tamaşalara yəqin
ki, baxırsınız. Xoşunuza gələn
və bəyənmədiyiniz nədir?
- Bunu deyə
bilməyəcəyəm. Qane edəni də desəm,
mənimlə düşmən olacaqlar, qane etməyəni də.
Mən teatrlara adi bir tamaşaçı kimi
gedirəm. Axı mənim əlimdə
professor səlahiyyətimdən başqa ayrı bir şey
yoxdur. Əgər mən yenə teatrda
rejissor işləsəydim, onda deyərdim. İndi desəm, fikirləşəcəklər ki,
paxıllıq edir, gözü götürmür.
- «Məni nə üçün
çağırmırsınız?» - deyə heç teatr rəhbərlərinə
müraciət etmisiniz?
- Mən
ömrümdə bunu etməmişəm. Heç
vaxt deməmişəm mənə niyə rol, tamaşa, orden
və ya pul vermirsiniz? Görürlər verirlər, görmürlərsə
yox. O zaman ulu öndər Heydər Əliyev mənim
tamaşalarımın çoxuna baxdı. 57 yaşımda Əməkdar
incəsənət xadimi, 60 yaşımda Xalq artisti, daha sonra ev, prezident təqaüdü verdilər. Hər halda mən hökumətin gözündə
varam, olmasaydım, sadaladığım şeyləri mənə
verməzdilər.
- Bəs çatışmayan nədir?
-
Enerjim var, fikrim aydındır, teatrda məşq aparmaq
üçün burnumun ucu göynəyir.
-
Amma bunu verən yoxdur...
-
Bunu mənə vermirlər. Eksperiment etmək, işləmək
təşəbbüsünü məndən
uzaqlaşdırdıqlarına görə narahatam. Gedib deməyəcəyəm
ki, mənə niyə tamaşa vermirsiniz? Vermirlər verməsinlər.
- Sualım kobud səslənərsə,
üzr istəyirəm: bəlkə sizin dəst-xəttinizi bəyənmirlər?
- Necə
olur ki, indiyə qədər dəst-xəttim
xoşlanılıb, teatra təzə rəhbərlik gələndən
sonra bəyənilməyib. Almaniya, Kazan, Aşqabad və s.
ölkələrdə tamaşalar qurmuşam. 120 teatr
tamaşası, 30 televiziya tamaşası
hazırlamışam. Ola bilsin ki, mən bir adamın
xoşuna gəlmirəm. Sizin dediyiniz də ola bilər. Səmimi
deyirəm, ola bilər. Kazanda da bu sualı mənə verdilər.
Dedim ki, yəqin mənim sənətim mənə rəhbərlik
edənlər üçün maraqlı deyil. Bundan artıq nə
deyim? Dava etmək olmaz. Demişəm, mənə bir dəfə
şans verin. Həmin tamaşa 50 dəfə anşlaq olmasa,
daha o teatra üzümü döndərmərəm.
Təranə Məhərrəmova
Kaspi.-2013.-14 mart.-S.12.