Teatrı tarixləşdirən məbəd
- Dövlət Teatr Muzeyi
Azərbaycan teatrı - 140
Qısa tarixçısi
C.Cabbarlı
adına Azərbaycan Dövlət Teatr Muzeyinin təməli
milli teatrımızın cəfakeşi Ağakərim Şərifov
tərəfindən 1927-ci ildə qoyulsa da rəsmən
1934-cü ildə yaradılıb. Muzeyin ilk direktoru da Ağakərim
Şərifov olub. Muzey 1935-ci ildən Cəfər
Cabbarlının adını daşıyır.
Azərbaycan
Dövlət Teatr Muzeyi 1963-cü ildə ləğv edilərək
Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyinin nəzdində
Teatr və dramaturgiya şöbəsi kimi fəaliyyətini
davam etdirib.
1968-ci ildə hökumət
yenidən həmin şöbənin bazasında
"C.Cabbarlı adına
Azərbaycan Dövlət
Teatr Muzeyinin təşkili haqqında"
qərar qəbul edib. Və Nizami adına Azərbaycan
Ədəbiyyatı Muzeyi
binasının IV mərtəbəsindəki
otaqlar yeni yaradılmış muzeyə
verilib.
Nəhayət, 1991-ci ildə Muzey layiqli binaya köçüb. Dənizkənarı
parka baxan “Lenin muzeyi” tarixi missiyasını başa vurduqdan sonra azadlıq və müstəqilliyimizi
əks etdirən “İstiqlal muzeyi”, azəri qadınlarının
gözünün nuru,
barmaqlarının incəliyi
çökmüş “Xalça
muzeyi” ilə yanaşı, milli teatrımızın yolunda
canlarını fəda
etmiş, qurur duyduğumuz sənətkarlarımızdan,
sənət məbədlərimizdən
söz açan “Teatr muzeyi” də
bu əzəmətli binaya köçürülüb.
Bələdçi
Bu gün Teatr muzeyinin əsas fondunda 130.000-dən artıq
eksponat qorunur. Bunlar milli
teatrın yaranma tarixini, inkişaf yollarını, teatr korifeylərimizin həyat və yaradıcılığını
özündə əks
etdirir. Muzeydə
üç fond: arxiv
– memuar, eskiz – maket, foto – neqativ
fondları, iki şöbə – fonoteka, ekspozisiya – kütləvi şöbələri, bir
kitabxana və foto – laboratoriya fəaliyyət göstərir.
Muzeyin ekspozisiyası
yeddi zalda nümayiş etdirilir. Birinci zalda
əsası 1873-cü ildə
qoyulmuş milli peşəkar teatrımız
haqqında, ilk teatr truppaları, dramaturqlar haqqında sənədlər,
peşəkar teatrımızın
ilk tamaşasının afişası
və sair nadir eksponatlar sərgilənir.
Burada milli teatrımızın görkəmli xadimləri
Nəcəf bəy Vəzirov, Həsən bəy Zərdabi, Əsgər bəy Adıgözəlov, Əbdürrəhim
bəy Haqverdiyev, Cahangir Zeynalov, Hüseyn Ərəblinski,
Səkinə Axundova, Murad Muradov, Əbdülhəsən Anaplı,
Ələkbər Hüseynzadə,
Əhməd Qəmərlinski
və Gövhər Qazıyevanın fotoşəkilləri
teatrımızın ilk qaranquşları
haqqında təsəvvür
yaradır. Bununla yanaşı, professor Cəfər
Cəfərovun teatrımızın
yolunda zəhməti olan şəxslər haqqında dəyərli fikirləri, 1913-1927-ci illərdə
çap olunan kitablar, əski əlifba ilə olan tamaşa proqramları, H.Ərəblinskinin
1907-ci ildə oynadığı
“Ağa Məhəmməd
Şah Qacar” tamaşasında istifadə
etdiyi qılıncı,
tacı, libası və eləcə də qədim musiqi alətlərindən
tar, kamança, nağara,
caqanaq, balaban, ney, tütək kimi maraqlı eksponatlar nümayiş olunur.
Muzeyin ikinci zalı Akademik Milli Dram Teatrına həsr edilib. Burada nümayiş
olunan materiallar Azərbaycan peşəkar
teatrının formalaşması
və yüksəlişində
əvəzsiz xidməti
olan qüdrətli sənətkarların həyat
və yaradıcılığından,
oynanılmış tamaşalardan
bəhs edir. Zalın bir guşəsində isə Akademik teatrda tamaşaya qoyulan rus və
qərb dramaturgiyası
nümunələrinin səhnə
təcəssümü əksini
tapıb.
Dramaturgiyadan bəhs edən
gusənin bir hissəsində C.Cabbarlının
ailə portreti, əsərlərindən “Dönüş”,
“Aydın”, “Od gəlini “, “Sevil”, “1905-ci ildə”, ”Solğun çiçəklər”, “Oqtay
Eloğlu” tamaşalarından
fotoşəkillər, “Dönüş”
tamaşasındakı evin
maketi(1944), digər bir güçədə isə Hüseyn Cavidin həyat və yaradıcılığı,
eləcə də ailəsinin əbədiyyətə
dönmüş bir anını əks etdirən foto şəkilləri nümayiş
etdirilir. Bu guşədə
1978-ci ildə kəşf
edilmiş planetə Rusiya EA-nın Nəzəri Astronomiya İnstitutu tərəfindən
1997-ci ildə H.Cavidin
adının verilməsini
əks etdirən foto şəkillər isə hər bir azərbaycanlıda qürur hissi doğurur.
Azərbaycanın teatr tarixində böyük xidmətlər
göstərmiş Abbas
Mirzə Şərifzadənin
həyat və yaradıcılığından bəhs edən guşə həmin dövrün kəşməkəşli,
ağrılı-acılı günlərini gözlərimiz
önündə canlandırır. Teatrımızda
ilk dəfə kişi
rolunu ifa edən cazibədar və fitri istedadlı
aktrisamız Barat Şəkinskayaya
məxsus albom onun mənalı ömür və yaradıcılıq yoluna
işıq salır..
Ulu öndərimiz
Heydər Əliyevin teatrımızın inkişafı
üçün xidmətlərini
əks etdirən fotoşəkillər isə
onun milli teatarımıza və cəfakeş səhnə
ustalarımıza xüsusi
önəm verdiyini nümayiş etdirir.
İkinci
zalda həmçinin,
Kamil Qubuşovun “Yatmış gözəl və yeddi qardaş”
(A.S.Puşkin) tamaşasında
Kral rolunda, Nəcibə Məlikovanın
“Küləklər“ (S.Rəhman)
tamaşasında Firuzə
rolunda, “Ağasadıq
Gəraybəylinin Şeyx
Sənan”da (H.Cavid) Platon rolunda, Səməndər Rzayevin
“Qılınc və Qələm“də (M.S.Ordubadi)
Əmir İnanc rolunda geyindikləri paltarlar altında ehtiramla mühafizə olunur.
Bu zalda nümayiş olunan Ə.İskəndərovun,
M.Məmmədovun, T.Kazımovun,
Ə.Şərifovun, Ə.Quliyevin
quruluş verdiyi Lope
de Veqanın “Rəqs müəllimi”, “Seviliya ulduzu”, Şekspirin “Kral Lir”, “Atonio
və Kleopatra”, ”Qış nağılı”,
Çexovun “Vanya dayı” və digər tamaşalardan müxtəlif səhnələrin
fotoşəkilləri həm
rejissorlarımızın, həm
də aktyor və aktrisalarımızın
yaradıcılığını gözlərimiz qarşısında
canlandırır.
Opera və Balet teatrına həsr olunmuş üçüncü
zalda dünya şöhrətli Azərbaycan
musiqiçilərinin yaradıcılığı
ilə muzeyə gələn seyrçiləri
maraqlı tanışlıq
gözləyir. Belə ki, Ü.Hacıbəyovun,
Bülbülün, Q.Qarayevin,
F.Əmirovun, A.Məlikovun,
R.Hacıyevin, habelə
P.İ.Çaykovskinin əsərlərinin
səhnə təcəssümünü
əks etdirən fotoşəkillər, heykəltəraş
F.Əbdürrəhmanovun hazırladığı
Ü.Hacıbəyov və
M.Moqamayevin büstləri,
Ş.Məmmədovaya aid şəxsi
əşyalar, ”Koroğlu”
operasından Cənlibelin
maketi çox maraqlı və cazibədardır.
Dördüncü zal isə Musiqili Komediya Teatrına, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına
və A.Şaiq adına Kukla
Teatrına həsr olunub. XX əsrin
əvvəllərindən başlamış
operetta janrında oynanılmış
bir çox tamaşalardan fotoşəkillər,
dekorasiya eskizləri, foro eskizlər, geyimlər, proqramlar və afişalar, həmçinin kukla teatrına dair sənədlər əsasında
həmin sənət ocaqlarının fəaliyyətləri
barədə dəyərli
məlumatlar əldə
edirik.
Zalın mərkəzində çox
maraqlı bi eksponat nümayiş etdirilir. Bu, Moskvada
Azərbaycanın xalq
artisti Nəsibə Zeynalova adına teatrın açılışı
münasibətilə ”Motorolo”
firması tərəfindən
Qaynana obrazının
şərəfinə hazırlanmış
və sevimli aktrisamıza hədiyyə
edilmiş “kukla Qaynana”dır.
Muzeyin beşinci zalı teatrımızın ayrılmaz
hissəsi olan S.Vurğun adına
Rus Dram Teatrının
fəaliyyətini canlandırır.
Teatrın zəngin yaradıclığını
əks etdirən sənəd və fotolar, maketlər, eskizlər, kostyum və kuklalar bu sənət ocağı haqqında genis təsəvvür yaradır.
Altıncı
zal isə coğrafi baxımdan daha genişdir. Belə ki, bu
zal bölgə teatrlarına, eləcə də Tiflis, İrəvan,
Aşqabad, Təbriz, Dərbənd, həmçinin Azərbaycanda
yaşayan azsaylı xalqların teatrlarına həsr olunub.
M.F.Axundzadənin ”Lənkəran xanının vəziri” əsərindən
Şölə xanım, Vəzir, Nisə xanım obrazına
düzəldilmiş kuklalar, ”O olmasın, bu olsun”dakı
Gülnaz, ”Bankir adaxlı”dakı Atakişi, ”Qəlp
pul”dakı Nina Aleksandrovna obrazları üçün
tikilmiş geyimlər yüksək zövqlülüyü ilə
göz oxşayır.
Muzeyin
sonuncu, 7- ci zalı sərgi zalı kimi fəaliyyət
göstərir və vaxtaşırı burada şəxsi
kolleksiyalar və fond materialları əsasında müxtəlif
mövzularda sərgilər nümyaiş olunur.
Teatr
muzeyinə daxil olarkən sanki sirli bir aləmə
düşürsən. Elə bil sehirli xalatın köməkliyilə
gah XIX, gah da XX əsrə gedirsən. Sənət məbədlərimizin
müxtəlif dövrlərinin, sənət fədailərinin
üzlərindəki məmnunluğun şahidi olursan. Sanki
onlar indi də teatrı yaşadırlar. Deyəsən burada
sanki sözü yerinə düşmədi. Onlar həqiqətən
də yaşayır və teatrımızı
yaşadırlar.
Nigar Pirimova
Kaspi.-2013.-16-18 mart.-S.11.