Teatr məktəbə gəlir 

 

Tamaşaçılarla qarşılıqlı münasibətlərə xüsusi həssaslıqla yanaşan Azərbaycan Dövlət Musiqili Komediya Teatrı həmişə bu ənənəni yaşatmağa çalışmışdır.

Gənc nəslin mənəvi cəhətdən kamilləşməsində, onların dünya görüşünün formalaşmasında və tərbiyə olunmasında, inkişafında teatrların rolunu nəzərə alaraq, Azərbaycan Dövlət Musiqili Komediya Teatrı zaman-zaman təhsil müəssisələri ilə müxtəlif layihələr həyata keçirir. Bunlardan biri də bu günlərdə teatr kollektivinin Milli Teatrın 140 illiyi münasibəti ilə “Bakı Modern School”da həyata keçirdiyi tədbiridir. Teatrın rus bölməsində hazırlanan “Skapenin kələkləri” (J.B.Molyer) tamaşasının yaradıcı heyəti ilə görüş qismində hazırlanmış tədbirin əsas məqsədi gənclərdə teatra olan marağı artırmaq, istedadlı gəncləri teatra cəlb etmək və onlara teatr sənətinin incəliklərini çatdırmaqdı.

Tədbirdə tamaşanın quruluşçu rejissoru, əməkdar incəsənət xadimi Əsgər Əsgərov çıxış edərək Azərbaycan Dövlət Musiqili Komediya Teatrının zəngin tarixindən, özünəməxsus ənənələrindən, yaradıcılıq yolundan, teatr sənətinə imzalarını atmış neçə-neçə aktyor nəslinin yetişməsində bu teatrın rolundan danışmışdır. Əsgər Əsgərov qeyd etmişdir ki, böyük ənənələrə malik Musiqili Komediya Teatrı bütün zamanlarda maarifçi mövqedə olmuş, öz repertuarı ilə eyni zamanda gənclərin tərbiyə edilməsi məsələsini həmişə ön plana çəkmişdir.

“Skapenin kələkləri” tamaşasında əsas rollarda çıxış edən aktyorlar Svetlana Bulax, Rauf Babayev, Yulya Heydərova da rejissorun sözünə qüvvət olaraq teatrın gənclərin təlim-tərbiyəsində əhəmiyyətindən, gənclərə teatr sevgisinin aşılanması sahəsində görülən işlərdən danışmış, belə layihələrin müntəzəm olaraq gerçəkləşməsinin vacibliyindən söhbət açmışlar. Sonda məktəblilərin böyük həvəslə ünvanladığı sualları cavablandıran aktyorlar bu görüşü təşkil etdiyi üçün məktəbin rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

Məktəbin müəllimləri və şagirdləri Musiqili Komediya Teatrında nümayiş olunan bəzi tamaşaları izlədiklərini söyləmiş, tamaşalar barədə öz rəylərini bildirmiş, bu görüşlərin şagirdlərin teatra cəlb olunmasına müsbət təsir göstərəcəyini xüsusi qeyd etmişlər.

 

 

Vəfa Mühacirova

 

Kaspi.-2013.-16-18 mart.-S.11.