İşıqla “yazan” kinooperator 

 

Kino sənətkarlarımız

 

Rejissorun yaradıcılığında kino sənətinin bütün peşələri birləşir; o, ssenarinin sözlə yazılmış obrazlarının dilini görüntü obrazlarına çevirir, aktyorla mizan, səhnə və rol üzərində çalışır. Rəssamla dekorasiya, operatorla filmin bütün obrazlarının yekun ekran təcəssümü, onun təsvir həlli üzərində işləyir.

Kinematoqrafik yaradıcılığın yekun mərhələsi məhz operatorun üzərinə düşür. Lakin bədii filmin istehsalı prosesində sənətkarların peşəkarlıq fərdiyyətlərinin təbii şəkildə sıx yaradıcılıq birləşməsi baş verir.

Məşhur rus kinooperatoru Andrey Moskvin deyirdi: “Mən deyə bilərəm ki, biz Trauberq və Kozintsevlə necə işləmişik. Əgər aktyor işi xoşuma gəlmirsə, əgər epizod mənim xoşuma gəlmirsə, mən söyüşə və vuruşa qədər gedib çıxıram. Müzakirə nəticəsində işimizdə ümüumi bir xətt əmələ gəlir. Və mən düşünürəm, rejissoru yalnız rejissor, operatoru yalnız operator hesab etmək olmaz.”

Moskvindən fərqli olaraq kinooperator Teyyub Axundov təbiətcə çox sakit və mədəni adam idi. Onun dilindən nəinki söyüş, heç kobud söz də çıxmamışdı. Rejissorlarla münasibətində də Teyyub Axundovun heç bir problemi olmayıb. Misal üçün, rejissor T.Tağızadənin sənət dostu T.Axundov haqqında fikirləri maraqlıdır: “Teyyub Axundovla mən hələ Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunda tanış olmuşam. Onunla ilk dəfə sənədli filmlər çəkilmişik. Hələ o vaxtdan mənim diqqətimi yaradıcı operator kimi cəlb etmişdi; rejissorun fikrini, üslubunu tez tutması, ssenariyə nüfuz etməsi, işıqdan istifadəni yaxşı bilməsi ilə yadımda qalmışdı. Ona görə də ilk böyük, müstəqil işim olan “Görüş” filmini onunla və Cavanşir Məmmədovla çəkmişəm. Mən dostum Teyyubla kinokomediya üzərində işləyəndə yorğunluq hiss etmirdim.”

İnkar olunmaz belə bir zərbi-məsəl var: «Sənətkar sənəti ilə ucalır». Azərbaycan kinooperator məktəbinin ən qocaman sənətkarlarından biri, respublikanın əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Teyyub Mirzə Həsən oğlu Axundov yardıcılığın bütün çətinliklərinə sinə gərən, həyatını bütünlüklə kinoya həsr edən sənətkar olmuşdur. Teyyub Axundov 1934-cü ildə «Azərfilm» kinostudiyasında işıqçı kimi əmək fəaliyyətinə başlayanda hələ 15 yaşı tamam olmamışdı. Həm də bu illər mürəkkəb bir dövr idi: kinematoqrafda böyük dəyişikliklər gedirdi, lal kino tədricən səsli kinoya yerini verirdi. «Azərfilm» kinostudiyasında sonuncu səssiz filmlərdən birinin – «Almaz»ın çəkilişlərinə hazırlıq görülürdü.

Teyyub müəllim o uzaq illəri xatırlayaraq deyirdi: «Mən kinoda ilk addımlarımı 1934-cü ildə atmışam. O vaxt böyük dramaturqumuz Cəfər Cabbarlı öz qüvvəsini rejissorluq sahəsində də sınamaq istəyirdi. Ona görə də yazdığı «Almaz» ssenarisini çəkmək elə onun özünə həvalə olunmuşdu. O, kinostudiyada aktyor sınaq çəkilişlərini aparırdı.

Yadımdadır, onda Almaz roluna İzzət xanım Orucova təsdiq olunmuşdu. Məni də həmin filmi çəkəcək qrupa işə götürmüşdülər. Mən elə o vaxtdan kino sənətini sevdim. Həmin sevgimi həmişəlik qəlbimdə yaşatdım».

2005-ci il mayın 5-də Böyük Qələbənin 60 illiyi münasibətilə C.Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasının həyətində 1941-1945–ci illər müharibəsində iştirak etmiş kinematoqrafçıların şərəfinə xatirə lövhəsinin təntənəli açılış mərasimi keçirildi. Xatirə lövhəsində 30-a qədər kino xadiminin – müharibə iştirakçısı olan kinematoqrafçının adı həkk edilmişdi, onların arasında kinooperator Teyyub Axundovun da adı vardı.

T. Axundov Sovet Ordusu sıralarına müharibənin lap əvvəlindən çağırılmış və ikinci Ukrayna cəbhəsinə düşmüşdü…Stalinqrad, Buxarest, Budapeşt, Praqa, Vyana. Gənc əsgərin döyüş yolları bu şəhərlərdən keçmiş, ağır cəbhə həyatı onun qəlbində dərin iz buraxmışdır. O, Stalinqrad yaxınlığında vuruşarkən iki dəfə yaralanmışdır. Hospitaldan çıxandan sonra Teyyub Kirovoqradın, Nikolayevin, Kişinyovun düşmənlərdən azad edilməsində iştirak etmişdir.

Bir gün döyüş yollarında onun əlinə fotoaparat düşür. Müharibə qurtarana kimi o, fotoaparatdan ayrılmır. Özünün də xəbəri olmadan Teyyub müəllim müharibənin salnaməsini yaradır. Budapeşt uğrunda gedən küçə vuruşmalarında bir daha yaralanır…Qələbə sorağını o, Vyanada alır.

1946 - cı il iyun ayında ordudan tərxis olunan gənc əsgər yenidən Bakı kinostudiyasına qayıdır və bir neçə kino işçisi ilə Moskvaya, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna göndərilir…İnstitut həyatı dünən döyüşçü, bu gün tələbə olan, səngəri parta ilə əvəz edən, burnundan barıt qoxusu, qulaqlarından şığıyan təyyarələrin, uçan mərmilərin tükürpədici vıyıltısı hələ çəkilməyən tələbə Teyyubun qarşısında yeni bir aləm açır. O , burada böyük sənətin sirrlərini, film çəkməyi operator işinin məşhur ustalarından – Anatoli Qolovnya və Mark Magitsondan öyrənir.

T. Axundovun dediklərindən: «İnsan həyatında elə əlamətdar hadisələr olur ki, illər keçdikcə silinməz xatirəyə çevrilir. ÜDKİ-dəki tələbəlik illəri mənim üçün unudulmazdır. İkinci operatoru olduğum filmlər içərisində isə ən çox «Mosfilm» kinostudiyasında istehsal edilmiş «Boris Qodunov» və sevimli rejissorumuz Rza Təhmasiblə çəkdiyimiz «Onu bağışlamaq olarmı?» kinolentləridir. Sənədli filmlərə gəldikdə, yazıçı İmran Qasımovla işləməkdən xüsusi zövq aldım».

Müəllimlərindən öyrəndiklərini və sonralar topladığı təcrübəni T. Axundov əlli ildən artıq, ömrünün sonuna kimi öz sənətində tətbiq edir, daim çəkiliş texnikasıının nailiyyətləri ilə maraqlanır, bu sahədəki biliyini zənginləşdirirdi.

Teyyub müəllim kinostudiyada fəaliyyət göstərdiyi illərdə «Doğma xalqımıza» bədii- sənədli filminin operatorlarından biri, ümumiyyətlə, on beş bədii filmin quruluşçu operatoru olmuşdur. Titrlərində «Quruluşçu operator Teyyub Axundov» sözləri yazılmış «Görüş», «Mahnı belə yaranır», «Onu bağışlamaq olarmı?», «Dağlarda döyüş», «Od içində», «Qatır Məmməd», «Alman klinikasına şəxsi səfər» və s. filmlər ekranlarımızda nümayiş etdirilmişdir.

«Görüş» və «Mahnı belə yaranır» bədii filmlərini Teyyub Axundov həmkarı və dostu Cavanşir Məmmədovla birgə çəkmişdir.

“Görüş” bədii filmi ilə bağlı operator T.Axundovun dediklərindən: “Operator kimi işlədiyim ilk bədii film rejissor T.Tağızadənin “Görüş” filmidir. Bu film kinokomediya janrındadır. Kinokomediya da operator işi baxımından işıqlı tonda, plastik formada olmalıdır. Biz “Görüş” filmini də elə beləcə həll elədik.”

“Görüş” filmi bir-biri ilə yarışan Azərbaycan və Özbəkistan pambıqçılarının ənənəvi dostluğuna həsr edilmişdir. Kolxoz mövzusunda olan filmin ssenarisi bir sıra kinolentlərdə olduğu kimi, məlum sxem üzrə yazılmış, bu isə filmin bədii səviyyəsini xeyli aşağı salmışdır. Bununla belə kino əsərində bir neçə maraqlı komik səhnələr vardır.

«Mahnı belə yaranır» filmi 1957-ci ildə istehsal olunmuşdur. Film Dağıstanın xalq aşığı Süleyman Stalskinin həyatını, yaradıcılığını və ictimai fəaliyyətini ekranda canlandırır.

1959-cu ildə rejissor Rza Təhmasib «Onu bağışlamaq olarmı?» melodramını çəkir. Cinayət axtarışı əməkdaşlarının və ictimai asayişin keşiyində duran milis işçilərinin mürəkkəb və çətin işlərindən danışan bu film ekranlara çıxandan sonra qəhrəmanın dramatik taleyi tamaşaçıları laqeyd buraxmadı. Törətdiyi cinayətlərə görə onu bağışlayıb bağışlamamağı müəlliflər tamaşaçıların öhdəsinə qoydular.

Ümumiyyətlə, kinooperatorun fərdi yaradıcılıq xüsusiyyəti və ustalığı müxtəlif janrlarda çəkdiyi kinolentlərdə aydın nəzərə çarpır. «Romeo mənim qonşumdur» musiqili kinokomediyası və «Sehirli xalat» fantastik-macəra filmi özünəməxsus operator dəst-xətti ilə seçilir.

«Romeo mənim qonşumdur» filmində kinooperator bu işin öhdəsindən bacarıqla gəlmiş, eyni zamanda natura çəkilişlərində bizim doğma Bakımızı, Xəzər dənizini məhəbbətlə lentə almışdır.

İnsanlar ta qədim zamanlardan zaman maşınının arzusunda olublar. Elə maşın ki, insanlara təqvim hakimiyyətindən azad olmaq, bir əsrdən digər əsrə keçmək imkanını yaratsın. Fantastlar buna bənzər filmlər yaradıblar. Gənclər belə filmləri böyük coşqunluqla qarşılayırlar. Bəli, gələcəyə nəzər salmaq həmişə maraqlıdır. Lakin «Sehirli xalat» filminin balaca qəhrəmanları nəinki gələcəyə, həm də keçmişə səyahət edə bilirlər. Belə səyahətlər zamanı qəhrəmanlar gözlənilməz hadisələrlə, hətta faciəvi komik macəralarla qarşılaşmalı olurlar.

1969-cu ildə istehsal olunmuş «Şərikli çörək» filmi belə səhnələrlə zəngindir. Əsir düşmüş almanların Füzuli meydanından keçərkən Füzuli heykəlinin fikirli-fikirli onları müşayiət etməsi, qara çörəyin dilim-dilim bölünərək uşaqlar arasında paylanması və ac uşaqların bir tikə çörəyi necə də acgözlüklə yemələri, qırçının qırı necə bişirməsi və balaca qəhrəmanla söhbəti və digər səhnələr olduqca təsirli və baxımlıdır. Bu səhnələrdən hər biri özü-özlüyündə bitgin fikri ifadə edir.

Yazıçı İ.Hüseynovun ssenarisi üzrə rejissor R.Ocaqovun lentə aldığı bu film Böyük Vətən müharibəsi illərində arxa cəbhədə, daha doğrusu, Azərbaycan kəndlərinin birində gərgin zəhmət, ümumxalq birliyi, eyni zamanda olduqca mürəkkəb insan münasibətləri mühitində baş verən hadisələr üzərində, psixoloji mübarizələr şəraitində cərəyan edir.

Kinooperatorun sənət haqqında dediyi fikirləri onun sonrakı illərdə çəkdiyi «Birisigün, gecəyarısı» və «Alman klinikasına şəxsi səfər» macəra filmlərinə də şamil etmək olar.

«Birisigün, gecəyarısı» filminin yaradıcı qrupu, o cümlədən operator T.Axundov 1983-cü ildə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin çekistlər və sərhədçilər haqqında ən yaxşı kino əsəri üçün III mükafata layiq görülmüşlər. 1986-cı ildə onlara Azərbaycan Dövlət Mükafatı verilmişdir.

Kəskin süjetli macəra filmi Azərbaycanın ilk çekistlərinin fəaliyyətinə həsr olunmuşdur. Filmdə 1921-ci ilin aprel ayında Sovet Azərbaycanına qarşı hazırlanan əksinqilabi qiyamın pozulması üçün fövqəladə komissiyanın fəaliyyətindən danışılır.

Filmin qəhrəmanları peşəkar çekist olmasalar da, onları bir amal birləşdirir; inqilabi idealların müqəddəsliyinə, həyatlarını həsr etdikləri işin doğruluğuna inam!

Teyyub Axundov daha iki qısametrajlı «Mollanın sərgüzəşti» və «Bağçada rahat yer» bədii filmlərinin quruluşçu operatoru olmuş, paralel olaraq «Mozalan» respublika kinojurnalı üçün çoxlu süjetlər çəkmişdir.

Kinematoqrafiya sahəsində elə sənətkarlar var ki, onlar istər bədii, istərsə də sənədli kinoda eyni müvəffəqiyyətlə çalışır, janrından, mövzusundan asılı olmayaraq, uğurlu filmlər yaradırlar. T.Axundovun yaradıcılıq tərcümeyi-halını nəzərdən keçirsək, bunun bir daha şahidi olarıq.

O, rejissor-operator kimi «Gənc metallurqlar», «Mən Xəzər dənizçisiyəm», «Bu Qum adasında olmuşdur?» (hər üç filmin ssenari müəllifi İ.Qasımovdur), «Şirvan qoruğu», «Təhlükəsizlik texnikası», «Pambığın mexanikləşdirilmiş yığımı», «Gecə tonqalı başında», «Şirvan qoruğu», «Beşilliyin addımları», rejissor kimi «Mikayıl Müşfiq», «Bizim qayğılarımız», «Pambıq toxumçuluğu», operator kimi «Sülh uğrunda mübariz» (diplom işi), «Onun 150 yaşı var», «Çağırışa cavab» (X.Babayevlə birgə), «Yeni həyat qurucuları» (X.Babayevlə birgə), «Azərbaycan subtropiklərində» (V.Zbudski ilə birgə), «Naxçıvan-qədim diyar». «Bizim katib», «Sumqayıt», «Sovet Azərbaycanının 50 illiyi» (oper. qrupu) və s. sənədli filmləri lentə almışdır. Onun çəkdiyi sənədli filmlər milli kino salnaməmizi, kinopublisistikamızı daha da zənginləşdirmişdir.

Teyyub Mirzə Həsən oğlu Axundov 1991-ci il dekabrın 3-də 71 yaşında vəfat etmişdir. Onun yaradıcılıq yolu, bədii irsi Azərbaycan kinooperatorluq sənətinin nəzəri və praktik inkişafına qiymətli töhfədir.

 

 

Aydın Kazımzadə,

Azərbaycan Dövlət Mədəniyyət və

İncəsənət Universitetinin dosenti,

kino tədqiqatçısı

 

Kaspi.-2013.-16-18 mart.-S.16.