Zamanı görüşə çağıran şair 

 

Dəfələrlə etiraf etmişəm ki, son illər tanımadığım, poeziyasına bələd olmadığım müəlliflər mənə kitab bağışlayanda oxumağa çox ehtiyatlanıram. Çünki avtoqrafla yazılmış, mənə hörmət və izzətini bildirən o kəsin barəsində tənqidi fikir söyləmək həqiqətən çox çətindir. İstər-istəməz hansısa bir könlün qırılmasına səbəb olmaq ağırdır. Amma təbiətim elədir ki, mən sözü bütün varidatlardan yüksəkdə gördüyümdən ona edilən zülmü, başına açılan oyunu heç vaxt bağışlamıram, ən istəkli dostum, qardaşım olsa belə. Tanrıdan ilhamın, istedadın və yazmaq qabiliyyətin varsa, söz meydanında atını istənilən səmtə yönəldə bilərsən. Bu, sənin haqqındı. Vay o gündən ki sən zorən şairlik edirsən. Bax, bu, bağışlanmazdır. Elə bu səbəbdəndir ki, iş otağımda qalaqlanmış «şeir» kitablarını vərəqləməyə nə həvəsim var, nə də vaxtım.

Beləliklə, bu günlərdə Ramazan Səməroğlu mənə «Yenə görüşdürdü bizi bu yollar» adlı şeirlər kitabını avtoqrafla bağışladı. Söhbət zamanı onun qələm əhli olduğunu, uzun illər televiziyada çalışdığını və üçüncü kitabının işıq üzü gördüyünü bildim. Açığı, bir müddət kitabı əlimə almağa ürəyim gəlmədi. Danışıq və fikirləri mənə xoş təsir bağışlamış müəllifin necə yazdığından əzəldən xəbərim olmaıb. Nəhayət, bir gün adətim üzrə kitabı ortadan vərəqlədim. İlk oxuduğum misra məni tutdu:

 

Dilimə qıfıl olanda,

Sözümə yazığım gəlir.

Ürəksiz şeir yazanda,

Özümə yazığım gəlir.

 

Anladım ki, bu şairi oxumağa dəyər. Doğrudur, hamı son dərəcə istedadlı, korifey sənətkar olmur. Ovqatdan, səmimi duyğulardan, həyatın reallıqlarından, şəxsi ağrılardan doğan misralar var ki, adamın ürəyinə yağ kimi yayılır. Bu mənada şair qardaşımın şeirlərində duyduğum bir sıra pəjmürdə hallar, Vətən sevgisi, ana həsrəti, ömür-günün müxtəlif rəngləri, sevdalı günlərin nidaları, minbir döngədən keçən sualları məni bu kitabı misra-misra oxumağa vadar etdi. Adiliklərdən qeyri-adiliklərə qədər, məni bəzən tərpətməyən, bəzən də titrədən misralar tapdım bu topluda. Hiss etdim ki, Ramazan Səməroğlu bəzən yazmaq üçün kağıza başını əysə də, çox hallarda isə ilhamının diktəsi ilə şeirlər qələmə alıb. Bu mənada mən onun yeni kitabını bir gülüstana bənzətdim. Ətirli gül-çiçək də var, ömrü-günü çox qısa olan adi yaşıl otlar da. Bütövlükdə isə bu ansamblın özü gözəldir. Çəmənlikdə həmişə gül-çiçək göyərmir ki?! Bəzən adi təsir bağışlayan, zərif yaşıllığın da varlığı vacibdir.

Bütövlükdə müəllifin bu kitabını mən zamana sözünü deyən, onu görüşə çağıran bir hayqırtı kimi qiymətləndirirəm. Sanki bütün ağrı-acıların, haqsızlıqların içindən sıyrılaraq üzünü göylərə tutub bir ümid axtarır, bir kömək diləyir. Gündüzü dartır gəlmir, gecəni sıxanda isə qaranlıq uzanır. Buna görə də zamandan haqq-hesab istəyir, onu mühakimə edir, ondan soruşmaq istəyir:

 

Sanki sabahlar da yubanır hərdən,

Ulduzlar perikir mavi göylərdən.

Gözümü yumuram – açanda birdən,

Görürəm ömrümü azalır, gedir.

 

Elə buna görə də Tanrıdan diləyimiz budur ki, yaxasına tikilən yaşın düyməsi onun ömrünə vaxtsız ayrılıq gətirməsin. Çünki söz mülkündə hələ kərpic-kərpic hörəcəyi saraylar çoxdur. Bəlkə də buna görə «Gəz bəxtimin yollarında» söyləyir. Misraları ürəyindən keçənləri dilə gətirir:

 

Damarımda qanım kimi,

Gəz bəxtimin yollarında.

Elə et ki, ağlamasın,

Söz bəxtimin yollarında.

 

Ramazan Səməroğlu vətəndaş şairdir. Vətənə ünvanlanmış şeirlərində yurd-yuvasından ayrı düşmüş, qürbətdə qəriblik havasında yaşayan lirik «mən»in könül həsrəti boylanır. Tərcümeyi-halından öyrəndim ki. Ramazan özü də Qərbi Azərbaycanın Zəngəzur mahalının Qafan bölgəsinin Kurud kəndində doğulub. Yadıma öz ana kəndim Urud düşdü, ürəyim sızıldadı. Çünki mənim şair qardaşım da işğalda qalmış doğma obalarının cızdağında qovrulur. Elə bu həsrət də bəlkə onu şair edib?! Böyük söz ustadı Bəxtiyar Vahabzadə deyərdi ki, əsl şeir gülüşdən yox, hıçqırtıdan yaranır. Bu mənada Ramazanın şeirlərində Vətən adlı bir baş qəhrəmanın nisgilləri dil açır:

 

Atım kişnəmirsə Cıdır düzündə,

Odum alışmırsa düşmən gözündə,

Yurdum bölünübsə bu Yer üzündə,

Demək, mən Vətənin oğlu deyiləm!

 

Özünü bu cür qınama, şair qardaşım! Sən də söz meydanında bir əsgərsən! Qələminlə döyüşürsən. Səni yandırıb-yaxan sözünü misralarınla aləmə yayırsan, bizi tərpədirsən. Vətən eşqinlə, Vətən məhəbbətinlə «biz hələ varıq» - deyirsən. «O yerlərə qayıdacağıq» söyləyirsən. Haraylayırsan ki, ey Vətən oğlu, torpağı yağılardan təmizləməyin vaxtıdır! Bizi o yerlərə aparan yollar səsləyir! Bizi Novruz tonqallarına həsrət qalan dağlar gözləyir! Sənin haqlı sualların qarşısında gözlərim dolur. Çünki sənə çatacaq cavabın müəllifi mən deyiləm. Elə mən də səninlə birlikdə bu qarışıq dünyada, bu haqsız zamanda o suala cavab axtarıram:

 

Vətənim bölünüb, parça-paradır,

Qafanın, Şuşanın yolu haradır?

 

Məndən, səndən, ondan başlayır Vətən! Birlikdən, düzlükdən və düzlərdən başlayır Vətən! Yoldaşdan, qardaşdan, qara daşdan başlayır Vətən! Təki Vətən eşqimizə qar yağmasın! Təki Vətənə dönmək ümidimizi şaxta vurmasın! Sənin yazdığın «İrəli, igid əsgər» şeiri əslində bir marşdır. Gecə-gündüz torpağımızın keşiyində dayanan Vətən oğullarının bir gün ağız-ağıza oxuyaraq düşmən üzərinə yeriyəcəyi gün dillər əzbərinə çevriləcək, Qarabağın, Zəngəzurun çöllərinə yayılacaq:

 

Qeyrətin cuşa gəlsin,

Ellər sənə baş əysin,

Güllən hədəfə dəysin,

İrəli, igid əsgər!

 

İnan mənə, şair qardaşım. Düşməndən qisas almağa hazır dayanan igidlərin yurdumuzu yağılardan azad edəcəyi, dünyanı lərzəyə salacağı o gün uzaqda deyil! Bunu sənə iki oğul anası söyləyir! Bunu sənə sinəsində neçə şəhid dağı olan, Vətən dərdindən gündə min yol dolub-boşalan, gündüzlər Bakıda, gecələr yuxularında doğulduğu kəndə – Uruda dönən mən – Flora Xəlilzadə söyləyir! O mən ki bir gün ağı çəkib yana-yana demişdim:

 

Daş da məndən vəfalı,

Quş da məndən vəfalı,

İldə bir yol Şuşada,

Qış da məndən vəfalı!

 

Ramazan Səməroğlunun poeziyasında ikinci əzəmətli varlıq Ana obrazıdır! Bu mövzu da mənim yuxa yerimdir. Çünki adı Gözəl, özü gözəl anam, əslində yurd, oba şəhidi oldu. Bu baxımdan da müəllifin şeirlərində vəsf olunan Ana mənə də doğma və əzizdir. Elə şeirin də gözəlliyi ondadır ki, müəllifi bir adam olsa da, onu oxuyanlar özünün ürək səsi kimi qiymətləndirib əzizləsin. «Anam yadıma düşdü» adlanan şeir könül mülkümə bir od vurdu: «Qaranquşlar köçəndə anam yadıma düşdü». Xəyalım haralara qanadlanmadı?! Budur əsl şeirin gücü, sənin iç dünyana bir təlatüm gətirsin.

Ramazanın lirik şeirlərində sevən bir ürəyin saf hissləri duyulur. Giley də var, həsrət də, nikbinlik də, ən başlıcası, bu şeirlər sevənlər üçün gözəl ərmağandır. Bu yerdə müəllifə bir yumşaq iradım da var. Şeirlərinin birində «Öyrədə bilmədim sevməyi sənə» - deyir. Bilirsən, qardaşım. Sevgi nə kitabdı, nə bilgidi, nə də dərslikdi, nə də hansısa peşədi, sənətdi. O, hissdi, duyğudu insanın ürəyində doğulur. Ona görə də dərdindən öldüynə sən o sevgini öyrədə bilməzdin. Bu, mümkün olmadığı kimi də ötən günləri də ömürə qaytarmaq müşkülə dönür. Bəlkə də ona görə sən bir şair kimi nisgillə söyləyirsən: «Dərdi sevdiyimdən dərdli olmuşam». Əsl poetik yükü olan mənalı bir misradır.

Cild-cild kitablar yazmaq olar, lap dastanlar da qələmə almaq mümkündür. Amma yaddaşlara köçə, özünü təsdiq edə bilməzsən. Ya da əksinə, tək bir misran dillər əzbərinə dönər, bir beytin illərin, əsrlərin dizini qatlayar, səni yaşadar, xatırladar! Necə ki var! Bəlkə də bu gün müasir poeziyamızda, ədəbiyyatımızda, elə Yazıçılar Birliyində sənin varlığından, poetik dünyandan, yaradıcılığından xəbəri olanlar çox deyil. Amma mən əminəm, sənin elə mündəricəli, dolğun, məzmunlu, poetik cəhətdən diqqət çəkən şeirlərin var ki, onlar mütləq bir odlu kürə kimi buz sədləri əridəcək, özünün varlığını təsdiq, Azərbaycan poeziyasında Ramazan Səməroğlu adlı bir şairin olduğunu hamıya bəyan edəcək! Doğrudur, sənin şeirlərində bəzən bir xiffət də duyuram. Qocalıqdan danışırsan, ömrünü yüzlüklər kimi xərcləməyindən dərdlənirsən, bəzən də biganəlikdən, laqeydlikdən gileylənərək yazırsan:

 

Gözüm yol çəkdikcə, yol məni çəkdi.

Ömrümü aranlı, dağlı uduzdum.

İllər hökm oxudu üzümə mənim –

Qaldı əlim-qolum bağlı, uduzdum.

 

Bu etiraf və etirazdan sonra müəllifin «Yaltaq adamlar» adlı bir şeiri sanki bütün olub-keçənlərin üzərindən qara xətt çəkərək yolumuza şığıyan əngəllərə bir aydınlıq gətirdi:

 

Dünyaya baxmağa icazə istər,

Özündən üşənər yaltaq adamlar.

İzi olmayanın izinə düşər,

İçində gizlənər yaltaq adamlar.

 

Məhz belələrinin ucbatından bir ünvana dönəcək yollar min bir döngədə yubanır. Çünki şair demişkən: «Ayağa döşənən yaltaq adamlar», «əlləri ətəkdə olar həmişə, Aya baş əyərlər baxıb Günəşə». Yolundan tez dönən bu yaltaqlar həmişə düzlərə bir əngəl olublar. Amma həqiqət min arşın quyunun dibinə düşsə də, parlayıb üzə çıxacağı gün var! İçinə dağlar sığınan insanlar heç zaman nadan və cahil qarşısında əyilməz! Bu şeirlərdə məhz bir dağlar oğlunun könül pıçıltılarını duydum və yazımı da şairin öz sözü ilə bitirmək istəyirəm:

 

Ay dolanır, il dolanır.

Hər gündüzün gecəsi var.

Hər bulağın öz nəğməsi,

Hər yolun öz döngəsi var.

 

Bax, şair Ramazan Səməroğlu «Yenə görüşdürdü bizi bu yollar» kitabı ilə təsdiq etdi ki, onun da Azərbaycan poeziyasında öz sözü, öz imzası var! Poeziyanın bu enişli, yoxuşlu yollarında ona uğurlar, əsl poetik nümunələr müəllifi olmağı arzulayıram. Məşhur bir fikir var ki, şair olmaya da bilərsən, amma vətəndaş olmağa borclusan. Nə xoş ki, Səməroğlu məhz vətəndaş şairdir!

 

 

Flora XƏLİLZADƏ,

əməkdar journalist

 

Kaspi.-2013.-16-18 mart.-S.17.