Dayanmaz karvanın sənin!… 

 

 (Xalq yazıçısı Ənvər Məmmədxanlı haqqında)

 

… "Buz heykəl" ilə başlayıb ilk tanışlığımız. Sonra "Qızıl qönçələr", "Karvan dayandı". Daha sonra "Bakı gecələri"...

Çoxdan qələmə aldığım "Köçündən ayrılan durna" povestimdəki bu sətirlər xəyalımda axıb gedir: "Yadıma neçə ay qabaq qarlı, şaxtalı bir qış gecəsində oxuduğum "Bakı gecələri" hekayəsi düşdü. Səhifələri çevirdikcə heybəsini çiyninə alıb, uzaq bir dağ kəndindən şəhərə oxumağa gələn o oğlana qoşulub bu şəhəri xəyalən belədən-belə gəzib dolaşmışdım; "Bakı gecələri" söz-söz, cümlə-cümlə şirin mahnıya dönüb, ürəyimdə oxunurdu. Düşünürdüm: Ənvər Məmmədxanlı bəlkə, öz başına gələnləri yazıb, bəlkə də bu hekayəti kimsə danışıb ona…

Ağlıma belə bir fikir gəldi: "Bəlkə indi – elə bu an Ənvər Məmmədxanlı da işıqlı pəncərələrdən birinin qarşısında dayanıb bu mənzərələrə tamaşa eləyir. Bəlkə də o, lap yaxınlıqda, qonşuluqdadır. Bəlkə də yazıçı indi neçə illər qabaq təhsil dalınca gəlmiş o oğlanın sonrakı həyatını, taleyini yazır? Görəsən, Bakı ona xoşbəxtlik verə bilibmi? Yoxsa bu şəhərdə arzuları daşa dəyib, çilik-çilik olub? Eh, nə bilmək olar…"

Povestin qəhrəmanı Ceyhunun qəlbindən qopan bu sözlər əslində mənim öz sözlərimdir, ruhən, qəlbən sevdiyim bir sənətkarla – xalq yazıçısı Ənvər Məmmədxanlı ilə bağlı düşüncələrimin bir əlçim təcəssümüdür.

…İllər ötdükcə, əsərlərini birər-birər oxuduqca onun qələminin qüdrətinə, şeriyyətinə vurulduqca vuruldum. Sonra özünü tanıdım – İnsanlığının, Şəxsiyyətinin, Vüqarının vurğunu oldum. Beləcə, Ənvər Məmmədxanlı imzası qəlbimə həkk olundu, qəlbimdə boy verib ucaldıqca ucaldı…

O, bizim gəncliyimizin idealı idi. Universitetdə oxuyanda Şəmkirdən yaxın dostum var idi – Tofiq Abbasov. Yataqxanada bir otaqda olurduq. O, tez-tez yazıçının "And" hekayəsindən "Sən hər fəsildə gözəliydin, Azərbaycan!" sözlərini xüsusi bir vurğu və bəlağətlə ucadan deyirdi. Biz də yerbəyerdən ona səs verir, sonra gələn sətirləri bir-birinə qoşurduq.

Bir dəfə bərk qar yağmışdı. Hava da çox şaxtalı idi. O, artırmaya çıxıb, titrəyə-titrəyə dabanı üstə geri qayıtdı. Əllərini ovxalaya-ovxalaya:

Az qala donub buz heykəl olmuşdum, – dedi və yazıçının "Buz heykəl" hekayəsini bir şeir kimi əzbərdən deməyə başladı…

Biz gecə-gündüz Ənvər Məmmədxanlı sözünün sehrində, pərvazında idik. Onun əsərlərindəki romantika, dil, poetik ruh bizi qanadlarına almışdı. Tofiq söz düşəndə qəribə məftunluqla deyirdi: "Ənvər Məmmədxanlı nəsrimizin xan çinarıdır. O, xoşbəxt ulduz altında doğulub. Yazıçı olanda da beləsindən olasan. Sözün dillərdə gəzə, ürəklərin başında yuva qura"…

Gözümüz həmişə imzasını axtarırdı. "Ədəbiyyat və incəsənət" qəzetinin "Adımız və taleyimiz" romanından parça dərc edilmiş nömrəsi əldən-ələ gəzirdi. Böyük Mirzə Fətəli Axundovun keşməkeşli həyatından, taleyindən bəhs edən bu romanın yolunu çox gözlədik, ancaq əsərdən səs-soraq çıxmadı. Aradan neçə-neçə illər keçəndən sonra görüşlərimizdən birində soruşdum:

– Ənvər müəllim, "Adımız və taleyimiz" romanının taleyi necə oldu?

– Yarı yolda qaldı, qırıldı taleyi...

Elə bil mənə bəd bir xəbər verdilər. Çox pis oldum. Niyəsini soruşanda:

– Dərinə getdikcə gördüm ki, qələm soyuyur, ürəyim də oxumur, – dedi. – Çox mətləblər aydın oldu mənə. Düşündüm ki, onların (hökumət dairələri nəzərdə tutulur) istədiyini mən yaza bilməyəcəyəm. Mənim yazmaq istədiyim də onlara lazım deyil. Beləcə, bu romanı da dəfn elədim ürəyimdə….

…Ənvər müəllimin iki bacısı – Həbibə və Arifə qonşumuz idilər. "Rəssamlar evi"ndə yaşayırdılar. O, tez-tez bacılarına dəyməyə gəlirdi. Özü də çox vaxt şənbə və bazar günlərində.

Hərdən rastlaşanda ayaq saxlayır, hal-əhval tuturduq. Geyimi həmişə köhnə olurdu. Eyni paltarı illərlə geyirdi. O qədər sadə idi ki, bəzən adam inana bilmirdi ki, o romantik, şairanə hekayələri yazan, qələmi, istedadı ilə adını ürəklərə həkk edən, hər yerdə adı qibtə ilə çəkilən belə bir qələm ustası səninlə həmsöhbətdir. Düşünürdüm: "Bu, bəlkə bir yuxudur?". Hərdən soruşurdum:

– Ənvər müəllim, "Babək" neyləyir?

– Neyləyəsidir ki? - deyə gülümsəyirdi. – Mənim kimi səbrini basıb gözləyir.

– Ənvər müəllim, səbrin də bir hüdudu var. Gör nə vaxtdandır ki, oxucuların gözü yoldadı.

– Nahid, belə bir misal var: "Tələsən təndirə düşər". – Babəki dünya tanıyır, o, bizim azadlıq idealımızdır. Gərək roman da bu ideala layiq olsun. Düzdü, mənim ssenarimlə "Babək" filmi çəkildi. Ancaq mənim ürəyimdən tikan çıxarmadı. Ona görə də bütün ümidim romanadır. Burada ad da mənimdir, məsuliyyət də. Ona görə də tələsməyi ağlıma belə gətirmirəm. Yazıram, pozuram, bəzən yazdıqlarımı cırıb atıram. "Babək" mənim taleyimdi. Demək olar ki, bütün həyatımı girov qoymuşam ona. Bilmirəm, ömür vəfa eləyəcəkmi ki, onun pərvazını görüm.

Elə bil ürəyinə dammışdı… Dammışdı ki, illərdən bəri xəyalında söz-söz, cümlə-cümlə qurub yaratdığı, kağıza köçürmək istədiyi, köçürməyə macal tapmadığı fəsillər bir dəfinə kimi ürəyində gedəcək və ürəyində dəfn olunacaq.

Qələm dostumuz Anara min dəfə "sağ ol" deməliyik ki, Ənvər Məmmədxanlının ömür abidəsini, ədəbiyyatımızın şah əsərlərindən biri olan "Babək" romanını özünəməxsus bir həssaslıqla, ustada məhəbbətlə oxuculara təqdim etdi. "Babək"lə Ənvər Məmmədxanlının yeni ömrü başladı…

Səhnədə onun pyeslərindən birinin – "Şirvan gözəli"nin ilk tamaşasını görmək yadımda bayram kimi qalıb. Əsas rolları Hökumə Qurbanova, İsmayıl Osmanlı və Həsənağa Salayev oynayırdılar. Təbəssüm, gülüş, sevgi dolu, qanadlı sözlər… Alqış dalğaları sönüb-səngimirdi.

Çox böyük uğurla keçən, ürəkləri işıqla dolduran bu tamaşadan aldığım təəssürat pozulmaz iz salıb ürəyimdə. Həmişə xoş duyğularla xatırlayıram o unudulmaz anları…

İndi də gözümün qabağındadı: tamaşanın rejissoru, rəssamı, bəstəkarı gur alqışlar altında zaldan səhnəyə qalxdılar. Müəllif isə görünmürdü. O, arxa sıraların birində oturmuşdu, alqışlara cavab olaraq iki-üç dəfə qalxıb ehtiramla baş əydi. Zal isə susmaq bilmirdi. Neçə yerdən səslər ucaldı: Müəllif! Müəllif!.. Müəllif!..

O, handan-hana asta addımlarla, bir az tərəddüdlə səhnəyə sarı getdi.

Aydınca hiss olunurdu: utanır, sıxılır və bu çağırış o qədər də ürəyincə deyil.

O necə də öz əsərlərinin qəhrəmanlarına bənzəyirdi!..

Məndən qabaqdakı sırada iki qadın oturmuşdu. Dil-boğaza qoymur, elə hey danışır, gülürdülər. Ənvər müəllim səhnəyə qalxanda ikisi də susdu. Nisbətən yaşlı tayı birdən heyrət içində:

– Aman Allah! – dedi, – Gör necə qocalıb, tanınmaz olub!

Mən bu sözləri deyən o qadının tarimar baxışlarını xəyalımda canlandırmaq istədim, ancaq bacarmadım.

O, dərindən gələn bir səslə ah çəkdi:

– Özünü də yandırıb kül elədi, məni də. O vaxt ailə qursaydıq, bizim də isti ocağımız, balalarımız olardı. Məni də bədbəxt elədi, özünü də. İkimiz də tək qaldıq.

Neçə illər qabaq məhəbbəti daşa dəymiş qəlbi yaralı bir qadının dilindən eşitdiyim təəssüf dolu bu sözlər yadıma düşəndə qəlbim göynəyir…

 

* * *

 

Ənvər müəllimin bacısı Həbibə xanım tez-tez gedib onun evində yır-yığış edir, səliqə-sahman yaradırdı. O, çox həssas, həm də mərdanə bir qadın idi. Qardaşının yolunda ölüm gəlsəydi ölümün üstündən keçib gedərdi. O, hərdən dərdini boğa bilməyəndə qəhərlənir, ürəyinə çökmüş ağrı-acıları dilə gətirirdi:

– Allah Ənvərə insaf versin, – deyirdi, – ev-eşik sahibi olmadı. İndi onun övlad qayğısı görən, nəvə başına sığal çəkən vaxtıdı. Ömrünü qələmə, kağıza verdi, şam kimi əritdi. Başını qaldıranda gördü ki, yaş ötüb, ömür keçib. Bir yaşayış da qurmadı özünə. Həmişə çətinlik içində çırpındı. Birini tapanda, birini tapmadı.

Bu yaxınlarda "Oğuz eli" qəzetinin "Ənvər Məmmədxanlı-90" buraxılışında Anarın "Həyatım ağrıyır" adlı tutumlu, həm də çox kövrək bir yazısını oxudum. Orda belə bir lövhə var: "Uşaqlıqdan xatırlayıram, hərdənbir xoş məclisdə, ya şirin bir söhbət əsnasında Ənvər Məmmədxanlı birdən-birə öz içəri dünyasına qapılardı, elə bil gözlərinə hansısa uzaq bir xatirənin kölgəsi çökərdi və o zaman xəbər alanda: "Nə olub sənə, nə var?". Dalğın-dalğın cavab verərdi: "Həyatım ağrıyır".

Bu sətirləri oxuyursan, gözlərin qarşısında Ənvər Məmmədxanlının düşüncələrə qərq olmuş baxışları və qəm çilənmiş nurlu siması canlanır.

Qəribə xasiyyəti, xarakteri var idi. Elə bil bu atalar sözü onun barəsində deyilmişdi: "Dünya malında gözü yoxdur".

Yüksək intellekti, zövqü, mədəniyyəti imkan verirdi ki, ədəbi orqanlardan, nəşriyyatlardan birinin başında dursun və yaxud dövlət strukturlarında mühüm vəzifə tutsun. Ancaq bunlardan qaçırdı. "Allah mənə az-çox istedad veribsə, – deyirdi, – niyə mən onun qədrini bilməməliyəm? Mənim həyatım da, xoşbəxtliyim də yazı stolumun arxasın-dadır. Yazanda yazıram, yazmayanda da addayıram tərcüməyə. Yazmaq – sağ qolumdursa, tərcümə – sol qolumdur. İkisi də yaradıcılıqdı, ayrılmazdı bir-birindən. Ömrüm boyu qara çörəyim tərcümədən çıxıb. Bu ən halal çörəkdi".

İstedadından, şöhrətindən, şəxsi əlaqələrindən qətiyyən istifadə etmirdi. Çətin dolanırdı, demək olar ki, qələm sahiblərinin hamısından çətin. Dərdini, ağrı-acılarını qəlbində bükülü gəzdirir, bunu heç kəsə, hətta ən yaxın adamlarına belə açmırdı.

Qələm dostlarının çoxu hökumətdən neçə dəfə mənzil almışdı: özünə, balalarına, hətta nəvələrinə. O, dördotaqlı kooperativ ev tikdirmişdi. Mənzili də ürəyi kimi geniş idi. Burada tək-tənha yaşayırdı. Həmdəmi kitablar, yazı stolu, vərəqlər və bir də qələm idi. Bəzən günlərlə bayır-bacağa çıxmırdı. Yemək də düşmürdü yadına. Təki bircə siqareti olsun….

Onun söz dünyası sirli-sehrli, çoxlarına əlçatmaz görünən cazibəli, füsunkar bir aləm idi.

Seçdiyi ixtisasa görə mühəndis olmalıydı. Ancaq ayrı yol seçmişdi – söz-sənət yolunu. Ömrünü, taleyini bu yolda girov qoymuşdu…

Karandaşla yazmağı xoşlayardı. Zərgər kimi işləyirdi söz üstündə. Sözə naxış vururdu, məna verirdi. Onun qələmindən çıxan söz də ürək kimi çırpınırdı, gülürdü, sevinirdi, oxuyurdu…

Redaksiyaların, nəşriyyatların qapısını illərlə açmazdı.

Yaxşı xatırlayıram, Televiziyanın Ədəbi-dram Verilişləri Baş redaksiyasının baş redaktoru olduğum iyirmi il ərzində (əvvəllər Radionun "Ədəbiyyat" şöbəsində müdir işlədiyim vaxtda da) cəmi iki dəfə "mavi ekran"da göründü – bir dəfə "Şərqin səhəri" teletamaşasının premyerasında, bir dəfə də "Qoşma" verilişində. Özü də nə qədər xahiş-minnətdən sonra.

Yaşıdlarının çoxu "Seçilmiş əsərlər"ini dönə-dönə çap etdirmişdi. O isə bunu heç ağlına da gətirmirdi. Bu barədə söz düşəndə:

– Mən, – deyirdi, – kiminsə qapısını döyüb, nə ağız açanam, nə hansısa çinovnikə ərizə yazan. Lazım bilərlər cildlərimi buraxarlar. Lazım bilməzlər də heç…

Beləcə, illər gəlib keçirdi…

Gözəl bir yaz günündə Nizami muzeyinin birinci mərtəbəsindəki kitab mağazasında onun "Seçilmiş əsərləri"nin ikicildliyini gördüm, ürəkdən sevindim.

İlk dəfə idi ki, Ənvər Məmmədxanlı vurğunları qismən də olsa onun yaradıcılığı ilə tanış olmaq imkanı əldə etmişdilər. Çox təəssüf ki, bundan sonra "Babək" romanını nəzərə almasaq, kitablarının üzünə həsrət qaldıq.

Yadımdadır, zəng edib ustadı təbrik edəndə:

– Bu da bir sevincdir, – dedi. – Yazıçılar İttifaqındakı yoldaşlar sağ olsunlar. Onların təkidi olmasaydı, yəqin ki, bu ikicildlik işıq üzü görməzdi.

"Seçilmiş əsərləri"nin birinci cildində narın, səliqəli bir xətlə mənə yazdığı avtoqraf: "Müasir nəsrimizin istedadlı nümayəndələrindən Nahid Hacıyevə ən yaxşı arzularla dost yadigarı. İmza. 10.05.86".

…Görkəmli sənətkarımız, yaradıcılığı radio və televiziya ilə sıx bağlı olan xalq artisti Lütfi Məmmədbəyov bir vaxtlar Azərbaycan Dram Teatrında tamaşaya qoyulmuş məşhur pyeslərə yeni ömür verir, onların silsilə televersiyasını hazırlayırdı. Mehdi Hüseynin "Alov", İlyas Əfəndiyevin "Atayevlər ailəsi" əsərlərinin teleekran təcəssümü böyük uğur qazanmışdı. Bu, Lütfi müəllimə qanad vermişdi.

Növbə gəlib çatdı Ənvər Məmmədxanlının "Şərqin səhəri" əsərinə.

Azərbaycan dramaturgiyasının incilərindən sayılan bu pyesin tamaşası bir vaxtlar Adil İsgəndərovun quruluşunda aləmə səs salmışdı.

Tamaşanın yaradıcılarından böyük bir dəstəsi Stalin mükafatına layiq görülmüşdü. Taleyin işinə bax ki, bu monumental əsəri yaradan müəllif – dramaturq Ənvər Məmmədxanlının adı laureatlar sırasında yox idi.

Başqası olsaydı bəlkə də dünyanı dağıdardı. Ənvər müəllim isə bu hadisəyə öz qəlbinin, nurlu romantikasının gözü ilə baxaraq o zaman "belə də olur", – deyə gülümsəmişdi.

Nə isə… Mən Həbibə xanıma dedim ki, Ənvər müəllimlə danışsın, onun razılığını alsın.

– Qardaş mənimdir, xasiyyətinə bələdəm, – dedi. – Bəri başdan bilirəm nə deyəcək. Yaxşı olar ki, özün zəng eləyəsən, sənin xətrini çox istəyir, məncə sözündən çıxmaz.

Həbibə xanım nömrəni yığıb dəstəyi mənə verdi. Mən xeyli uzaqdan başladım. Mətləb üstünə gələndə səsi dəyişdi.

– Nahid, nə danışırsan! – dedi. – Bu kimin ağlına gəlib? Sən bilirsən ki, "Şərqin səhəri"nin necə səhnə triumfu olub. Bakının yarısı baxıb ona. Hamı bilir ki, "Şərqin səhəri" teatr üçün yazılıb. O Azdramanın tarixində bir səhifədir. Necə var eləcə də qalmalıdır o səhifə! Nə mənim ixtiyarım var ona toxunmağa, nə baş redaktor kimi sizin, nə şöbə müdiri kimi bacım Həbibənin, nə rejissor kimi Lütfi Məmmədbəyovun.

Aradan bir neçə həftə keçdi. Gördüm ki, Lütfi "Şərqin səhəri"nin sevdasını başından, məhəbbətini də ürəyindən çıxara bilmir. Onun təkidilə Ənvər müəllimin ayağına getdim. Xudmani bir süfrə açdı – əsl subay süfrəsi. Pendir, kolbasa, göyərti… Yanında da "Şirvan" konyakı. Əvvəldən şərt kəsdi:

– Bu konyakı vuracağıq, ancaq "Şərqin səhəri" barədə bir kəlmə danışmayacağıq.

Yedik, içdik… Şüşəni yarı elədik. Söhbətimiz uzandıqca uzanırdı. Mənim üçün çox əziz, unudulmaz bir axşam idi. Elə bil ömrüm boyu bu axşama doğru yol gəlmişdim.

Ənvər müəllim könül dəftərini açmışdı. Necə də maraqlı söhbətlər, xatirələr danışırdı! Doymaq bilmirdim onun söhbətindən. Başımızı qaldıranda gördüm saat on ikini keçib.

Ayrılanda dedim:

– Ənvər müəllim, inanıram ki, tamaşaçılarımız teleekranda "Şərqin səhəri"ni görə biləcəklər.

Kefi yuxarı idi. Dodaqlarında bir təbəssüm gəzdi:

– Baxarıq.

Bu, mənə ümid verdi. Bir həftə sonra zəng edəndə:

– Deyəsən, hamınız yığışıb mənim dəli inadımı qırdınız, – dedi. – Ancaq gərək məni tələsdirməyəsiniz. Təzədən yaxşı-yaxşı əl gəzdirim ona. İxtisarlar da olacaq, təzə epizodlar da…

Çox keçmədi ki, məşqlərə başladıq. İndi xalq artisti olan Zemfira Nərimanova o vaxt səhnədə ilk addımlarını atırdı. Rejissor əsas rollardan birini – Dilarə rolunu ona tapşırmışdı. Ənvər müəllim:

– Mən o aktrisanı tanımıram, – dedi. – Dilarə də çox mürəkkəb roldur. Zemfira onun çılğın sevgisini, dəhşətli sarsıntılarını çatdıra biləcəkmi?

– Başımla cavab verirəm, – dedi Lütfi Məmmədbəyov.

– İnanıram, ancaq…

Lütfi müəllim onu yumşaltmaq üçün:

– Ənvər müəllim, – dedi, – Göyçaydan çıxan yazıçı, şair çoxdur, aktyor isə demək olar ki, yoxdur. Zemfira xanım da göyçaylı qızıdır. Bəlkə də bu tamaşa onun taleyi olacaq.

– Yaxşı, nə deyirəm, təki sən deyən olsun, – Ənvər müəllim barmaqlarını daraqlayıb dümağ saçlarını arxaya daradı. – Həmişə qazaxlılar yerlipərəstlik eləyirlər, nə olar bir dəfə də biz eləyək.

Tamaşa ürəyincə oldu. O, rejissor işindən, əsas rolların ifaçıları Səməndər Rzayevin, Yaşar Nuriyevin və Zemfira Nərimanovanın ifasından çox razı qalmışdı. Bakı milyonçusu Ağalarov rolunu Səməndər oynayırdı. Tamaşanın axırına yaxın, Bakı ilə vida səhnəsində onun belə sözləri var idi: "Siz gedin, uşaqlar, siz gedin! Mən qalıram. Mən bu torpaqdan ayrıla bilmirəm"… "Gün gələr qayıdarıq, biz qayıdarıq, Bakı! Bax, məhşər o zamandır!"

Səməndər Rzayev bu epizodda Allahlıq eləyirdi. Ənvər müəllim çox təsirlənmişdi. "Təkcə bu parçaya görə "Şərqin səhəri"nə ekran ömrü verməyə dəyərmiş",– dedi.

Qürur duyuram ki, indi televiziyanın "Qızıl fondu"nda saxlanan bu gözəl tamaşanın ərsəyə gəlməsində mənim də bir damcı zəhmətim var.

…Şüvəlanda – Yazıçıların Səməd Vurğun adına Yaradıcılıq Evində birgə dincəlirdik. Ənvər müəllim çox vaxt ağacların kölgəsində şahmat oynayırdı. Çoxları onunla ünsiyyət qurmağa, həmsöhbət olmağa can atırdı.

Bir gün yazıçı dostum Aslan Qəhrəmanov və telerejissor Tariyel mənə baş çəkməyə gəlmişdilər. Ənvər müəllim onların hər ikisini yaxından tanıyırdı. Bu o vaxtlar idi ki, Aslan Qəhrəmanovun "Səni axtarıram" çoxseriyalı televiziya tamaşasının nümayişi təzəcə başa çatmışdı. Ənvər müəllim onlara üz tutub:

– İkinizi də təbrik edirəm! – dedi, – Tamaşanız alınıb, yaxşı baxılır. Arzu edirəm ki, televiziyamızın kasıb ekranına bundan da yaxşı tamaşalar çıxarasınız. Sonra üzünü mənə tutdu:

– Nahid, bu sevincdən sənə də pay düşür. Tamaşaçı da, oxucu da yaxşı əsər həsrətindədir. Televiziyanın imkanı var ki, bu həsrət yanğısını bir az söndürsün.

– Buna çalışırıq, Ənvər müəllim, – dedim.

Ürəyimizdən keçirdi ki, onunla bir tikə çörək kəsək. Fikrimi bildirəndə:

– Hava yaman istidir, – dedi, – yaxşısı budur mənim otağıma qalxaq, kondisioner də var. Yeməyə də, içməyə də bir şey taparıq.

– Bəlkə bazarlıq eləyib, dəniz qırağına çıxaq, – dedim. – Təmiz hava alaq, bir az durulaq.

Razılaşdı. Aslanla, Tariyel çaparaq gedib yaxşı bir bazarlıq elədilər. Maşını ləpədöyəndə – sahil qayalarının üstündə saxlayıb, süfrə açdıq. Dənizin xay vaxtıydı. Günəş də qüruba əyilirdi. Yemək-içmək bir bəhanə idi. Ənvər müəllimə qulaq kəsilmişdik. Dünya yadımızdan çıxmışdı… Ənvər müəllim birdən elə bil kimləsə danışırmış kimi:

– Eh dünya, dünya, – dedi, – kimlər keçdi səndən… – Köksünü dərdi. – Bax, indi bizim dayandığımız bu ovum-ovum qayalar Mehdi Hüseynlə Ələsgər Ələkbərovun ocaq yeriydi. Onlar şənbə, bazar günlərində bura balıq tutmağa gəlir, dərdlərini burda qoyub gedirdilər.

Sağlıqlar da yaddan çıxmışdı. Ənvər müəllim kövrək xatirələrə körpü salmışdı…

Düşünürdüm: "Gör necə fırtınalarla dolu zəngin bir həyat yaşayıb Ənvər müəllim. Ancaq heç vaxt əyilib, sınmayıb. Qürurunu həmişə hər şeydən uca tutub. Özünün, sözünün, şəxsiyyətinin ucalığında dayanıb".

…Dərdini başqaları üçün dərd eləməzdi. Mübhəm bir iç dünyası var idi. Bu dünyanın şahı da, rəiyyəti də özü idi – tək özü.

Qələm həmişə əlində idi. İntriqalardan, dedi-qodulardan, "səngər açmaq"dan həmişə gen durur, başını aşağı salıb yazır, ömrünü gilə-gilə əridərək hekayələrini, povestlərini, pyeslərini və ssenarilərini yaradırdı.

Bəziləri deyir: "O, az yazdı". Bəziləri isə deyir: "Nə yazdısa, yaxşı yazdı, vicdanla yazdı". Məncə ikincilər daha haqlıdır.

O, həm sənətkar, həm də şəxsiyyət kimi nadir, təkrarsız və müqayisəolunmaz idi. O, "Əfsanəvi dağlar"ı yazmışdı. Özü də bir əfsanə idi. Elə bil nağıllar aləmindən gəlmişdi bu dünyaya…

Ustad, qarşıda gələcək illərin yelkəni açılır… Dayanmaz, dayanmaz karvanın sənin!…

 

 

Nahid Hacızadə,

Yazıçı

 

Kaspi.-2013.-16-18 mart.-S.22-23.