Səhnəmizin solmayan çiçəyi  

 

Hökumə Qurbanovanın şəxsi həyatındakı uğursuzluq sanki yaratdığı obrazların dolğun olmasını tamamlayırdı

 

Görkəmli pedaqoq və rejissor Mehdi Məmmədov aktrisaları gül buketinə bənzədirdi. Deyirdi ki, onların hər birinin öz xüsusi ətri, rayihəsi var. Onların hərəsi bir güldür. Hər bir çiçək, hər bir gül teatr tariximizi zənginləşdirib”.

SSRİ Xalq artisti Hökümə Qurbanova da Azərbaycan səhnəsinin solmayan, heç zaman ətrini itirməyən çiçəyi idi. Bu gün onun haqqında danışanda deyirlər ki, Hökumə Qurbanovanın rollarının hər biri ayrıca yaradıcılıq məktəbi olub. İllər keçib, nəsillər dəyişib, ancaq aktrisanın oynadığı tamaşalar, yaratdığı obrazlar yaddaşlardan silinməyib.

Hökumə Qurbanova Azərbaycan teatr tarixində silinməz iz qoyub. Bu gün aktrisalar onun oynadığı rolları canlı görməsələr belə, haqqında yazılanlardan, xatirələrdən öyrənərək ona bənzəmək arzusundadırlar.

 

Sənət yanğısı

 

"Elə insanlar var ki, bu dünyadan köç edəndə, onların itkisi illər boyu adamı yandırır. Hökümə Qurbanova da belə insanlardan idi. Onun haqqında ən gözəl sözlər yazılmalıdır. Çünki o, həm insanlığına, həm də sənətkarlığına görə ən yaxşı sözlərə layiqdir" - deyə aktrisanın həyat və yaradıcılığına yaxından bələd olan rejissor Hafis Fətullayev danışır: “Hökümə xanımın qəlbində sənətə dərin sevgi, səhnəyə əbədi məhəbbət ailələrində yaranmışdı. Anası Malikat xanım böyük bəstəkar Müslüm Maqomayevin doğma bacısı idi. Uzun müddət Füzuli (keçmiş Qubernski) küçəsində Müslüm bəyin olduğu evdə yaşayıblar. Hökümə xanımı teatra gətirən yollar da buradan başlanıb. Müslüm bəyin otağı qonaqsız, səs-küysüz olmazmış. Hökümə xanım teatra çox sonralar gəlmişdi. Amma sənətə vurğunluq, səhnəyə sevgi ehtimal ki, onda həmin vaxtdan yaranmışdı. O gizli duyğunu, heç şübhəsiz, gözəllik duyğusu, sənət yanğısı adlandırmaq olardı.

Hökümə xanımın ata-anası da incəsənət vurğunu idilər. Ailədəki uşaqlara isə yalnız yaxşı oxumaq ixtiyarı verilmişdi. Odur ki, nəinki uşaq şıltaqlığından, nazından, hətta adi arzularından asılı olmayan yumşalmaz, dəyişməz, pozulmaz rejimdə dolanırdılar. Hökümə xanımın oxuduğu 38 saylı qız məktəbində, sonra daxil olduğu 33 saylı məktəbdə yaxşı musiqi, ədəbiyyat, dram, tikiş, idman dərnəkləri vardı. Valideynləri isə qısqanc bir maraqla, aramsız nəzarətlə uşaqlarının bu dərnəklərdə məşqlərini izləyirdilər.

Hökümə xanım ilk dəfə teatra Müslüm bəylə gedir. Gördüyü, dinlədiyi ilk tamaşa da "Leyli və Məcnun" olur. Evə qayıtdıqda isə tamaşada gördüyü səhra, qayalıq, mağara daim gözündə canlanır, cır-cındır paltarda ətrafı uzun-uzadı süzən pəjmürdə bir adamın yanıqlı səsi hey qulaqlarında səslənir. Beləcə, həmin təsirdən qurtula bilməyən Hökümə xanım teatra ayaq açır. Onu teatra yaxınlaşdıran ilk cığır Ələsgər Ələkbərov və İşçi Teatrı ilə tanışlıq olur. Hökümə xanım Ələsgər Ələkbərovla nişanlı olduğu günlər hələ gənc aktyorlar sırasında sayılsa da, öz istedadı ilə seçilirdi. 1932-ci ildə İşçi Teatrı Gəncə şəhərinə köçürülür. Ələsgər Ələkbərovla toylarından sonra Gəncəyə yola düşürlər. Aktyorların əksəriyyəti teatr işçiləri üçün ayrılmış xüsusi binada olurdu. Onların mənzili Abbas Mirzə Şərifzadə ilə yanaşı düşmüşdü. Abbas Mirzə Hüseyn Cavidin "Şeyx Sənan" pyesini tamaşaya hazırlayırdı. Teatrın binası təmirdə olduğuna görə və darısqallıq ucbatından məşqlər tez-tez onun mənzilində keçirdi.

 

Hökümə xanım həmin günləri sonralar belə xatırlayırdı:

- Bizim mənzilləri nazik bir divar ayırdığı üçün məşqlərin gedişini, rejissorun qeydlərini, məsləhətlərini hər dəfə əvvəldən-axıradək aşkar eşidirdim. Özümün xəbərim olmadan burada keçən bütün məşqlərin iştirakçısı olurdum. Xumar rolunun ifaçısı o qədər də həssas, çevik olmadığına, ləng işlədiyinə görə, rejissor vaxtının çoxunu ona və Xumara aid parçaların təkrar məşqlərinə sərf edirdi. Mən bir müddətdən sonra ayılıb gördüm ki, Xumar rolunu əzbər bilirəm. Rolu günü sabah oynamağa hazıram. Abbas Mirzənin rejissorluğu ilə Xumar "hazırlamışam". Bu qəribə əhvalatı uzun illər bir mən bilmişəm, bir də Ələsgər Ələkbərov. Üstündən 23 il keçəndən sonra Dram Teatrda "Şeyx Sənan" tamaşası hazırlananda Xumar rolunda məşq və çıxış edəndə, tez-tez o qəribə hadisəni və o böyük sənətkarı minnətdarlıqla xatırlayırdım. Mən aktrisa olmaq arzusunu ilk dəfə həmin gizli məşqlərdən sonra duydum..."

Hökümə xanımın rolları ayrı-ayrılıqda insan taleləri idi. Hökümə xanım bu obrazları həyatda olduğu kimi yaratsa da, deyirdi: "Mən oynadığım qəhrəmanların heç birinə bənzəmirəm. Axı onların hərəsi bir fərddir. Doğrudur, hadisələr, dramatik vəziyyətlər arasında bənzərlik, oxşar zahiri əlamətlər tapmaq mümkündür. Lakin bütün bunların müqabilində onlar hardasa bir-birindən fərqlənir və ya digər keyfiyyətləri ilə seçilirlər”.

 

Hökumə xanımın Kleopatrası

 

Vaxtilə Hökumə Qurbanova ilə bir səhnəyə çıxan və ya onu səhnədə görən insanlar az da olsa yaşayırlar.

Xalq artisti Hacı İsmayılov Hökumə Qurbanovanı gözəl mənəviyyata, istedada və səsə malik aktrisa kimi xatırlayır: «Mən 1970-ci ildə teatra işləməyə gələndə Hökumə xanım çoxdan idi ki, bu teatrda çalışırdı. Mən onunla birlikdə «Maqbet» tamaşasında səhnəyə çıxdım. O, Ledi Maqbeti, mən isə kiçik bir epizodu oynayırdım. Qeybulla Rəsulovun kolxoz həyatından bəhs edən bir tamaşasında da mən polis nəfəri rolunu, o isə kolxoz sədri rolunu oynayırdı. Sonralar da bir neçə tamaşada tərəf-müqabili olduq». H.İsmayılov deyir ki, o dövrdə teatrın səhnəsində Barat Şəkinskaya, Leyla Bədirbəyli, Nəcibə Məlikova, Sofa Bəsirzadə kimi aktrisalar çalışırdı: «Onların arasında Hökumə xanım seçilirdi. Onun «Qış nağılı»ndakı Germiona rolunu səhnədə görmüşəm. Həmin tamaşada aktrisa heykəl kimi canlanırdı. «Nişanlı qız» tamaşasında Bənövşə rolunu da çox gözəl oynayırdı». Aktrisanın «Antoni və Kleopatra»dakı Kleopatra rolu isə Hacı İsmayılovun yaddaşına həmişəlik yazılıb: «Kleopatra rolunu olduqca gözəl oynayırdı. Tamaşanı Tofiq Kazımov hazırlamışdı.

Ümumiyyətlə, o tamaşa çox gözəl hazırlanmışdı. Hökumə xanımın rolu isə hamıdan yüksəkdə dayanırdı. Mənə elə gəlir ki, bu rol onun yaradıcılığında zirvə idi». H.İsmayılov aktrisanın öz sənət yoldaşları ilə səmimi münasibətlərindən də danışdı: «Düzdür, mən onun yaradıcılığının son dövründə teatra gəlmişəm. Həmin müddətdə də aktrisanın xüsusən gənclərə qarşı səmimi münasibətinin şahidi olmuşam. Hamı ilə deyib-gülürdü. Öz hörmətini də saxlayırdı. Bir aktrisa kimi danışığı, hərəkəti gənclərə əsil nümunə idi. Hökumə xanım aktrisa kimi öz qürurunu qorumağa üstünlük verirdi».

 

Biz ondan çox şeylər öyrəndik

 

Xalq artisti Rafiq Əzimov isə hələ orta məktəb illərindən Hökumə Qurbanovanın oynadığı rollara maraqla baxdığını xatırlayır. “Hökumə xanımın çox maraqlı aktrisa olduğunu oynadığı rollarda müşahidə etmişəm. Ən çox sevdiyim rolu isə Vilyam Şekspirin «Qış nağılı»ndakı rolu idi. Səhnədə heykəl kimi 10-15 dəqiqə tərpənmədən duruşu indi də gözlərimin qarşısındadır. Aktrisa lazım gələndə səhnədə dəqiqələrlə mərmər abidə kimi "donub" qala bilirdi. Pauzaları baxış və hərəkətləri ilə ustalıqla "doldururdu". Hökumə Qurbanova digər aktrisalardan seçilirdi”.

R.Əzimovun fikrincə, belə sənətkarlar nadir hallarda sənət aləminə gəlir. “Çünki sənət aləmində Hökumə Qurbanova səviyyəsinə çatmaq üçün gərək rolların onun kimi ifaçısı olasan. Yalnız belə rolları yaradan aktrisa o zirvəyə çata bilər».

R.Əzimov Hökumə Qurbanova ilə teatrda çalışdığı illərdə bir neçə tamaşada tərəf-müqabili olduğunu da xatırlayır: «Çingiz Aytmatovun «Ana tarlası» əsəri əsasında hazırlanan tamaşada mən də oynayırdım. Aktrisanın bir-birindən rəngarəng obrazlarının şahidi olmuşam. «Fərhad və Şirin»də oynadığı Şirini görmüşəm. Vaxtilə Ələsgər Ələkbərovla oynayan aktrisa Moskvada keçirilən mədəniyyət ongünlüyündə də bu tamaşanı oynadı. Həsənağa Salayev Fərhad, Hökumə Qurbanova isə Şirin rolunda səhnəyə çıxdı. Hökumə Qurbanovanın uğurlu rollarından biri də Tofiq Kazımovun quruluşunda «Antoni və Kleopatra» tamaşası idi. Onun Kleopatrası aktrisanı əvəzolunmaz rol ifaçısı kimi yaddaşımda saxlayıb. «Sənsiz», «Mariya Tüdor» tamaşalarındakı bənzərsiz rolları da xətrimdədir. O tamaşalar indi də gözümün qarşısındadır. Hökumə Qurbanovanın o zaman SSRİ Xalq artisti adına layiq görülməsi də məhz bu rolların nəticəsi idi». R.Əzimovun fikrincə, Hökumə Qurbanova bu gün də silsilə aktrisaların siyahısında ön sıralarda durur. Mən siyahıda Mərziyə Davudovanı da görmüşəm, Barat Şəkinskayanı da. Hökumə Qurbanova öz məktəbinin davamçısı kimi yetişdirdiyi qızı Vəfa Fətullayevanın hər bir addımını bir müəllimə kimi izləyir və qiymətləndirirdi».

R.Əzimov qeyd edir ki, Hökumə Qurbanovanın gözəl bir aktrisa kimi yetişməsində rejissorların da böyük rolu olub: “Mən onun görkəmli aktrisa olmasından danışarkən Hökumə xanımın müəllimlərini də unutmaq istəmirəm. Ədil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov kimi sənətkarlar olmasaydı, deyərdim ki, Hökumə Qurbanova da o səviyyəyə çata bilməzdi. R.Əzimov danışır ki, aktrisanın məşq proseslərinə baxanda belə, proses zamanı yaranan obrazlardan çox şeylər öyrənib: “Hökumə xanımın oynadığı tamaşalarda kiçicik rolda oynasaq belə, çox şey öyrənirdik. Elə məşq prosesində bu aktrisanın oyununa valeh olurduq”.

 

"Ürəyimdən tikan çıxardın"

 

Aktrisanın şəxsi həyatındakı uğursuzluq obrazların dolğun olmasını sanki tamamlayırdı. “Ələsgər Ələkbərovla ayrıldıqdan sonra həyatındakı natamamlıq ona əzab verirdi. Çoxları da onun taleyindəki yarımçıqlığa təəssüflənirdi... Tale onu teatrın baş rəssamı Nüsrət Fətullayevə yaxınlaşdırdı”- deyə Hafis Fətullayev xatırlayır. “Onlar 25 ilə yaxın bir yerdə ömür sürdülər. Sevimli qızı Vəfa öz şıltaqlığı, mehribanlığı və səmimiyyəti ilə bu ailənin bağlarını daha da möhkəmləndirdi. Hökümə xanım istəməsə də, qızının onun sənət yolunu davam etdirməsinə xeyir-dua verdi. Qəlbində isə özü çəkdiyi əzabların, ağrı-acıları qızının da çəkməsini istəmirdi”.

Vəfa dünyasını erkən dəyişəndə ömür boyu çəkdiyi ağrı-acılara dözmək üçün Hökümə xanım Allahdan möhlət istəyir. "Vəfanın ölümündən 2 ay sonra əmim vəfat etdi. Vəfanın ölümü onun üçün böyük faciə idi" - deyə Hafis müəllim danışır: “Sevimli qızının ölümündən sonra Hökumə xanım da xəstələndi. Vəfanın ölümündan 10 gün keçəndən sonra onun haqqında "Ömür vəfa etsəydi" verilişini hazırlamağa başladım. Verilişdə Vəfanın yaşadığı ev, ata-anası, teatra gəlməsi, yaradıcılığa başlaması - hamısı əhatə olunmuşdu. Veriliş çox gözəl alındı. Hökümə xanım həmin verilişə "Leçkomissiya"da baxdı. Yadımdadır, bütün həkimləri palataya yığmışdı. Mən də, o da verilişin necə olacağı barədə həyəcan keçirirdik. Verilişdən sonra məni qucaqlayıb öpdü. Veriliş çox xoşuna gəlmişdi. "Ürəyimdən tikan çıxardın" - deyə doluxsundu. Bəlkə sevimli qızının vaxtsız ölümü olmasaydı Hökumə xanım da çox yaşayacaqdı...’’

Bu il görkəmli aktrisanın 100 illik yubileyi keçiriləcək. Aprel ayının 10-da Azərbaycan teatrının 140 illiyinə həsr olunan təntənəli mərasimdə də heç şübhəsiz, adları qürurla çəkiləcək aktrisalardan biri də Hökumə Qurbanova olacaq.

 

 

Təranə Məhərrəmova

 

Kaspi.-2013.-19 mart.-S.9.