Ömrün otuz üç anı 

 

Altmışın içərisində otuz üç mənə daha doğmadı

 

… Pəncərə önündə dayanmışam. Elə bilməyin ki, qədim və zaman-zaman təkrarlanan bir bayatını xatırlatmaq istəyirəm. Xeyir. Sadəcə dünyanın bir pəncərə olduğunu və hər kəsin də bu pəncərədən baxıb getdiyini bilə-bilə mən yenə pəncərə önündə dayanmağa üstünlük verdim… Bunun nədən qaynaqlandığını, niyə məhz bu seçimi etdiyimi ilk anda fəhm edə bilmədim. Düzü, bu bir az mənə, loru dildə desəm, çöçün gəldi. Elə bil özüm özümdən sıxıldım. Amma sonra baxdığım pəncərə sanki mənə dayaq oldu, əlimdən tutdu. Bir az da dürüst ifadə etsəm, dirsəkləndim pəncərəyə və…

…Onda dünyada böyük bir güc mərkəzi var idi. Onda bu güc mərkəzinə dünyanın çox-çox yerləri də həsəd aparırdı. İndi hamı özünü istiqlal mübarizi, azadlıq aşiqi kimi təqdim etsə də, amma bir gerçəklik də var, ondan yan keçmək, onu etiraf etməmək mümkün deyil. Şəxsən mən və mənim yaşıdlarım orta məktəbdə məşhur bir şeiri, yəni «Mən sovet vətəndaşıyam» şeirini bir nəfəsə əzbərləmişdik. Mayakovskinin bu şeiri bizə qürur verirdi. Ölkə hüdudlarını keçəndə sovet vətəndaşı olduğumuzu bir təkəbbürlə nümayiş etdirirdik… Bunu elə-belə xatırlamadım. Bunun da səbəbi var. Səbəbi də ömrün 33 anıdı…

Bir məşhur film də var idi. Yəqin onu da xatırlayırsınız: «Baharın on yeddi anı»! Mən on yeddi andan daha çox, az qala onun iki dəfəsi həcmində anlar yaşamışam. Və bu anlar məhz pəncərə önündə dayandığım həmin o məqamda gözümün önündə canlanmağa başladı. Çox qəribədi. Görünür insan yaşlaşdıqca o təkcə kövrəlmir, həm də xatirələrə daha çox meyl edir. Bu da səbəbsiz deyil. Axı torpaq insanı çəkir… insan torpağa daha çox yaxınlaşır. Deyilənlərə görə, torpaqdan yaranmışıq. Elə bu da bir səbəbdi. Yarandığımıza qayıdış… İstəsək də, istəməsək də bu, danılmaz və əbədi bir gerçəklikdi…

Bax, pəncərəyə dirsəklənib baxdığım həmin o məqamda mən ömrün 33 anının birinci hissəsini 33 mərtəbənin ilk pilləsini xatırlayıram. 1980-ci il idi. Ordudan qayıdıb dövlət universitetinə daxil olmuşdum. Bir az ordu havası, bir az yazı-pozu havası, bir az da dostluq etdiyim, necə deyərlər, ətraflarında olduğum Nüsrət Kəsəmənlinin, Sabir Rüstəmxanlının və Çingiz Əlioğlunun sayəsində ədəbi mühitə qaynayıb qarışırdım. Mənə elə gəlirdi ki, yanlarında göründüyüm bu adamların aurası yavaş-yavaş mənə də hopur, məni də öz sırasında digərlərinə təqdim edir… Beləcə, 1980-ci ilin təqribən sentyabr ayının ortalarında bir istirahət günü qala divarının yanındakı çayxanada onu gördüm. Öz dostları ilə çılğın, əl-qolla danışan, saçları da az qala çiyinlərinə düşən bu ortaboylu oğlan əvvəllər adını eşitdiyim bugünkü 60 yaşlı yazıçı, millət vəkili idi.

Beləcə, dostlarımın çevrəsində tanıdığım adamların sırasında onunla ilk ünsiyyətim yarandı. Sonra ömrün ikinci anı başladı. Yəni artıq 33-dən başlanan anların ikincisi yaddaşımda təzələndi…

Bir «Sovet kəndi» qəzeti var idi. Bu qəzet daha çox kənddən, onun işıqlı adamlarından, təsərrüfatdan yazsa da, amma qəzetdəki mədəniyyət, ədəbiyyat şöbəsi mərhum jurnalist, gözəl pedaqoq, həyatımda unudulmaz yeri olan, evində çörək kəsdiyim Nəriman Zeynalovun qayğısı ilə demək olar ki, ədəbi ictimaiyyətin diqqətini çəkmişdi. Şöbəyə Vaqif Bəhmənli rəhbərlik edirdi. Nəriman müəllimin birbaşa tapşırığından sonra hörmətli Vaqif müəllim mənə bir az da artıq diqqət ayırmışdı. O, təkcə şeirlərimi çap etmirdi, həm də söz-sənət adamları barəsində yazılar yazmaq barədə mənə tapşırıqlar da verirdi. Məhz «Sovet kəndi» qəzetində həmin o qala divarının dibindən tanıdığım, salamlaşıb hal-xoş etdiyim oğlanla bir az da yaxın münasibətimiz yarandı. İndi artıq qarabağlı kimi, bir bölgənin adamları kimi də yaxınlaşmışdıq. Onun «Ulduz» jurnalında nəşr olunmuş və zamanına görə ədəbi mühitin diqqətini çəkmiş povesti yaşıdlarım arasında geniş müzakirə olunurdu. Səmimi etiraf edim ki, bizim dövrün, daha doğrusu, bizim ədəbi nəslin bu uğuru hamımızı həvəsləndirmişdi. Necə deyərlər, yaşlı nəslin qarşısına tutarlı, samballı bir əsər qoyulmuşdu. Bununla da yaşlı nəslə sanki bir mesaj verilmişdi:

- Ədəbiyyat var, yaranır və yaranacaq! Heç nə bitib tükənmir, yerində dayanmır!

Daha bir an. Artıq onu söz adamları da, mədəniyyət-ictimaiyyət aləmi də tanıyır… böyük bir qəzetin şöbə müdiridi… öz ətrafı, öz üslubu, necə deyərlər, öz dəst-xətti, öz yolu var. Pəncərəsindən baxdığım «Azərbaycan» nəşriyyatının əksər işçiləri, özü də təkcə jurnalistlər yox, eləcə də çap sexində çalışanlar da onu tanıyırdılar. Hətta nəşriyyatın birinci mərtəbəsindəki böyük yeməkxana və burada çalışan yaşlı kassir xanım da onun gəlişinə sevinirdi. Burada hər kəs özü özünə xidmət edirdi. Əlimizdə sini götürdüyümüz yeməklərlə kassaya yaxınlaşanda o bizdən öndə dayanıbsa, mütləq arxaya çönüb özündən sonra növbə gözləyən dostların, tanışların da yeməyinin pulunu ödəyirdi. Özünəməxsus şəkildə kassir xanıma:

- Hamısı mənlikdi! – deyirdi.

Bilmirəm, bu məqamı xatırlamağım, daha doğrusu, dilə gətirməyim nə qədər əxlaqa uyğundu, amma deyir «aşıq gördüyünü çağırar». Mən gördüyümü, şahidi olduğumu, yaddaşıma köçürdüyümü yazmağı özümə borc bildim. Çünki bu həyatımın çox qəribə məqamları ilə bağlıdı. Onun hərəkətləri heç kimə qarşı bir özündən razılıq, özünü göstərmək, özünü reklam etmək təsiri bağışlamırdı. O, sadəcə hər şeyi o qədər səmimi edirdi ki, etiraza yer qalmırdı. Adama elə gəlirdi ki, elə belə də olmalıdı…

Dördüncü an. Artıq Qarabağ göylərini qara buludlar alır… Ölkədə mitinq havası hökm sürür… meydan aşıb-daşır… hər kəs öz bildiyi, öz bacardığı, özünün gücü çatdığı bir şəkildə nəyinsə qulpundan tutmağa, nə isə etməyə çalışır. İndi mən Dağlıq Qarabağda fəaliyyət göstərirəm və elə bilirəm ki, bura qayıtmağımla hər şeyi yerinə qaytarıb qoyacam… Qara buludları «sim-sim» deməklə qovub haqqı, ədaləti bərpa edəcəm. Amma onda bilməsəm də, indi bütün gerçəkliyi ilə anlayıram ki, çox yanılmışam. Hətta o səviyyədə yanılmışam ki, nə torpaq üçün, nə də ailəm üçün heç nə edə bilməmişəm. Yazdıqlarım da, şahidi olduğum hadisələr də, əlimdə tutduğum silah da ən yaxşı halda nə vaxtsa tarix üçündü. Təbii ki, o da ona lazım olsa. Çünki ordudan təxris olunandan sonra yaxınlaşdığım bir məmur gözlərimin içinə baxa-baxa dedi:

- Səni orduya mən göndərməmişəm ki, indi durub mənim üstümə gəlirsən…

Hə, bu da beşinci an…

…Ölkə müstəqillik qazanıb. Doğulduğum kənd işğal olunub, özü də gözlərimin qarşısında yandırılıb, tüstüsü göylərə bülənd olub… az qala havalanmışam, elə havalı-havalı da yazmışam.

 

Yandı evim-eşiyim

Yandı divarım, daşım

İsit, qoyma üşüyüm-

İsit məni, göz yaşım…

 

Hə, bax belə bir məqamda üçüncü dəfə qaçqınlığın nə olduğunu yaşamağa başlayanda üz tutdum «Azərbaycan» nəşriyyatına. Dəhlizdə qarşılaşdıq. Yenə həminki qaynarlığı ilə, həminki mehribanlığı ilə görüşdü. İlk kəlməsindən «vəziyyətdən xəbərdaram deyib qolumdan tutdu:

- Birlikdə işləyərik!

Elə bil içimdə ümid qığılcımı alışdı… elə bil düşdüyüm qaranlıq quyudan çıxmaq üçün kimsə mənə bir kəndir atdı, bir nərdivan uzatdı… Elə bil qarşımda bir yol açıldı, başdan-başa ağappaq yol… İnanın ki, o ana qədər, o qarşılaşmaya qədər belə bir təklif, belə bir münasibət gözləməmişdim, heç ağlımdan da keçirməmişdim. Ona görə də özümdən asılı olmadan yerimdə quruyub qalmışdım. İndiki məşhurların sözü olmasın, sanki stresdəydim, şoka düşmüşdüm. Qolumun sıxıldığını hiss edəndə özümə gəldim və onun dediyinin nə qədər həqiqət olduğunu dəqiqləşdirmək üçün bir az təəccüb, bir az heyrət, bir az da tərəddüdlə gözlərinin içinə baxdım. Axı zamanının ən populyar bir qəzetinin redaktorunun ilk qarşılaşmada, dərdin içində girinc olduğun bir vaxtda təqdimatsız, tapşırıqsız, hətta «şirinliksiz» səni öz kollektivinə dəvət etməsi doğrudan-doğruya qeyri-adi bir yanaşma idi. Lap yumuşaq desək, mənim üçün möcüzə sayılacaq bir gerçəklik idi. Arxada, yəni sığındıqları uşaq baxçasında məni gözləyən ailəm üçün bundan böyük hədiyyə, bundan böyük müjdə, bundan şirin, bundan şad xəbər ola bilməzdi. Bunları mənə, ailəmə o verdi.

Altıncı an. Bir yerdə işləyirik. Cəbhə müxbiriyəm. Qarabağdan, müharibədən, qaçqınlardan, bir sözlə, özümdən yazıram, öz həyatımdan yazıram. Yeganə məqsədim gördüyüm, yaşadığım gerçəyi yazmaqdı. Etiraf edim ki, qəzetin və onun baş redaktorunun adı hər yerdə əlimdən tutur, hər yerdə köməyimə çatır, hər yerdə məni saydırır. Mən də öz əxlaqıma uyğun olaraq qəzetin də, onun kollektivinin də, redaktorunun da adını, nüfuzunu qorumaq üçün nəyi bacarıramsa, onu da etməyə çalışıram. Bax, belə məqamların birində o, mənə dedi:

- Sən uşaqlarının qayğısına qal! Qəzetin problemlərini özüm həll edəcəm. Başqalarına verdiyim tapşırıqların sənə aidiyyatı yoxdu.

Bəli, mən onu bu dəfə təkcə redaktor, jurnalist kimi yox, həm də qayğıkeş dost, böyük qardaş kimi tanımağa başladım. Çünki etdiyimiz söhbətdə o, mənim necə yaşadığımı, necə dolandığımı bütün çılpaqlığı ilə bir-bir üzümə söylədi və sonda da vurğuladı ki, mənim ailəni dolandırmağa, qəzeti vaxtlı-vaxtında oxucuya çatdırmağa imkanım var. Sən uşaqların üçün nəyi bacarırsansa, onu et. Özüm də sənə kömək edəcəm.

Bəlkə bu fikirlər kimlər üçünsə ayrı prizmadan yozuldu, göründü, kimlərsə bunu yarınmaq kimi qiymətləndirdi… Olsun. Mən bu yazını yazmaq qərarına gələndə həmin yozumun, həmin şit təbəssümlərin olacağını göz önünə almışdım. Ona görə də bir Allah şahiddi ki, yaşadıqlarımı, şahidi olduqlarımı, gördüklərimi yazıram. Məhz təkcə mənim yox, övladlarımın da həyatına, yaşamına diqqət ayırdığını təkrar-təkrar mənə deyən, hətta bunu bəzən hökmlə diktə edən baş redaktorun səmimiyyətini bütün ömrüm boyu özümlə, övladlarımla birlikdə illərdən-illərə daşımışıq və daşıyacağıq da. Çünki bu bizim, yəni qaçqınlığın, yurdsuzluğun bütün sitəmlərini yaşamış bir ailənin həyatda eşitdiyi, hiss etdiyi ilk və ən böyük qayğı, diqqətdi. Bunu unutmaq elə özünü, əxlaqını, insanlığını, yediyin duz-çörəyi, verdiyin salamı unutmaq kimi bir şeydi.

Yeddinci an. Artıq yenidən Bakıya köçmüşəm. Necə deyərlər, redaksiyada kollektivin içərisindəyəm… İndi daha çox təmasımız olur. Tez-tez birlikdə döyüş bölgəsinə, eləcə də müxtəlif rayonlara səfərlər edirik… yol-yoldaşlığımız zamanı onu daha yaxından tanıyıram. Mənim üçün sirli olan, maraqlı olan neçə-neçə məqamlar ortaya çıxır. Bəzən anlaya bilmədiyim, tərəddüd içərisində qaldığım vaxtlar da olur. Çünki o, dəvət olunduğu məclislərin hamısında məni də özü ilə yanaşı əyləşdirir… öncə məni təqdim edir, mənim yazı - pozumdan danışır. Və mən bu qəribə məqamlarda sıxıldığım kimi, həm də özüm də bilmədən daxilən qürrələnirəm, fərəhlənirəm, mənə olan münasibətin böyüklüyü, səmimiyyəti içərisində özümə yer tapa bilmirəm. Onun ürəyinin genişliyinə, onun vəhylə söylədiklərinə heyran qalıram. Hətta qonağı olduğu dostuna ərklə dediyi sözləri bir az çəkinə-çəkinə qəbul edirəm, dinləyirəm. Çünki o, açıq bir şəkildə ərki olan dostuna hamının yanında:

- Əbülfət üçün bir pay hazırlayın! – deyir.

Onlar da məmnuniyyətlə mənə, mənim ailəmə pay düzəldirlər, maşınımıza həmin o payı qoyub «nuş olsun deyirlər. Və biz ölkəni birlikdə gəzir, birlikdə xeyir-şər məclislərinə gedir, birlikdə ailələrimizin, özümüzün və qəzetimizin problemlərini bölüşürük.

Səkkizinci an. Mən ömrümün 33 anının hər birini yazmaq istəyirəm. Çünki onların hər biri mənim üçün əzizdi, maraqlıdı və həm də onların hər birinin içərisində təkrar yaşamaq istədiyim və istəmədiyim məqamlar var. Amma etiraf edim ki, yaddaşıma yazılmış, ömrümə hopmuş bu anlar məni şərəfləndirir. O anların sayəsində mən də kifayət qədər cəmiyyətdə görünmək imkanını haqq etmişəm. Onun millət vəkili seçilməsi… seçki prosesinin özü, bu proseslər zamanı baş verən hadisələr, ona yarınan bir çoxlarının «qaynatdığı ağzı qapaqlı qazanlar», ortada çömçə kimi, özü də yuyulmamış çömçə kimi fırlananlar, onun adından, nüfuzundan, eləcə də müəyyən məqamlardakı həlimliyindən istifadə edərək qılığına girib özünə «xal» toplayanlar, daha kimlər, kimlər… nələr, nələr… Hətta məni öz ailəsinə qəbul edib üzümə qapı açması və kimlərinsə (təbii ki, indi ad çəkməyin nə yeridi, nə də məqamı. Heç buna lüzüm da yoxdu – Ə.M) günahı üzündən töhmət almağım da ömrümün həmin o anlarındandı. Və mən bu anlar üçün öncə Allahıma, sonra da ona minnətdaram. Elə bu yazını da həmin o minnətdarlığın kiçik bir ifadəsi kimi yazıram. Yazıram ki, o, özünün 60 yaşında mənə ayırdığı 33 an üçün təəssüflənməsin… Yazıram ki, bu 33 anın ona nə qədər doğma və yaxud yad olduğunu o da bir anlıq düşünsün… Yazıram ki… bugünkü yubilyarımız bilsin ki, mən elə həmin sədaqətlə, həmin səmimiyətlə, həmin inamla qarşıda məni gözləyən anların yolundayam. O anlar mənə ayırsa da, ayırmasa da!..

Bəli, oxucu fikirləşər ki, görəsən yerdə qalan anları niyə kağıza köçürmədim. İndi onun niyəsini deyim. Çünki bir dəfə özünə demişəm, daha doğrusu, söhbət zamanı bildirmişəm ki, Allah ömür versə, təqaüdə çıxa bilsəm, sizin və başqa bir dəyərli, bu gün vəzifədə olan dostum barəsində ürəyimdə, yaddaşımda olanların hamısını “Xatirələrim” adı altında yazacam. Ona görə də indi qalan anları yazmıram. Yazsam, onda xatirələrimi ya oxumayacaqsınız, ya da maraqsız olacaq…

60 yaşın mübarək, 33 il bundan əvvəl qazandığım DOST!

 

 

Əbülfət MƏDƏTOĞLU

 

Kaspi.-2013.-30 mart.-1 aprel.-S.19.