Ədəbiyyat şürarltı sonsuzluqdur
Xanəmir:
«Yazar fərqli düşüncə ortaya qoymalıdır. Əgər
bunu bacarmırsa yazmağın nə mənası var?»
- Yazarların bir-birinin havasına
düşüb yazması məsələsinə necə
baxırsız? Bu cür axına düşüb yazmaq,
bugünkü kimi oxşar mətnlərin yaranmasına rəvac
vermirmi?
– Ədəbi
mühitdə yeknəsəq ab-havanın olmasının əsas
səbəbi dar bir çərçivədə Azərbaycan
ədəbiyyatının əsl mahiyyətini, fəlsəfəsini,
problemlərini görməzlikdən gələrək,
dünya ədəbiyyatını da ardıcıl izləyə
bilməməyimiz, öz həyatımızda baş verən
hadisələrin individuallığını duya bilməməyimizdədir.
Bütün bu səbəblər monoton ədəbiyyatın
yaranmasına gətirib çıxarır. Bəzən insanda
elə təəssürat yaranır ki, çap olunan ədəbi
nümunələri sanki bir nəfər yazıb. Bu
şübhəni pozan bir məqam var: ola bilməz ki, bu qədər
mətni bir nəfər yazsın. Bu isə heç də bir
yazıçının digərinin içində əriməsi
demək deyil, belə olsaydı haradasa xoş bir hal kimi baxmaq
olardı. Yazar fərqli düşüncə ortaya
qoymalıdır. Əgər bunu bacarmırsa yazmağın nə
mənası var ki?
–
Bizdə dünya ədəbiyyatında populist imzalara meyl var,
necə ki, bu cür hallar öz ədəbiyyatımızda da
az baş vermir.
– Ədəbiyyat ideologiyadan
da böyük gücə malikdir. Dünyanın ən güclü qurumları, təşkilatları
həmişə bu amilə görə çalışıblar ki,
ədəbiyyatı inhisarda
saxlasınlar. Çünki həmişə ədəbiyyatı
öz xeyirlərinə
istifadə etmək üçün vasitəyə
çevirmək istəyiblər.
Bədii anlayışın öz kimliyi, yayılma üsulu mövcuddur. Deyək ki,
“Nobel” komitəsi mason lojalarına
bağlı bir qurumdur. Hamı “Nobel” mükafatı almaq istəyər. “Nobel” ödülü almaq istəyən yazar, o komitənin istəklərinə, sifarişinə
ağız büzə
bilməz.
Dünyanın ən böyük
ədəbi sifarişçisi
“Nobel” mükafatı və
“Nobel Komitəsi”dir. Böyük
məbləğdə pul
mükafatına və
şöhrətinə kim sahib olmaq istəməz?! Ona görə də,
illərdir dünya yazarları “Nobel” mükafatını
əldə eləmək
üçün, “Nobel”in
tələblərinə cavab
verə biləcək
əsər yazmağın
peşindədirlər. Bu istək bir
yazarı öz ardınca aparsa, uzaq başı “Nobel” Komitəsi nöqtəsinə
aparıb çıxara
bilir. Bəs sonra?
Biz elə bilirik
ki, beş-altı yazıçıdan başqa
dünyada yazıçı
yoxdur. Niyə qədim mətnləri
təqdim edən və qiymətləndirən
elə bir təşkilat yoxdur.
Niyə şumer
dastanları, Orxan-Yenisey
abidəsi, qədim miflərlə bağlı,
dini mətnlərə
aid bir araşdırıcıya
belə bir beynəlxalq mükafat vermirlər? Onu verməzlər.
“Nobel” mükafatı sağlam
bir mükafat deyil, həmişə ədəbiyyatı inhisarında
saxlayıb. Bizdə isə, hələ də ödüllü yazarlara heyrət var. İbn Ərəbini, Əl-Qəzalini kim
oxuyub, çox az adam. Teymiyyədən, Şəbüstəridən, Sührəverdi,
Sinandan, Fərabidən
hansı yazarın nə dərəcədə
xəbəri var?
Xəbəri olanın yazıları
ortada olar. Demirəm ki, təbliğ olunan yazarlar birmənalı şəkildə
zəifdir, ya yaramır. Sadəcə
olaraq ciddi ədəbiyyat nümunələri
hələ də oxucuyla tanış
edilmir. Ədəbiyyat şürarltı sonsuzluqdur. Kim ki, o sonsuzluğa qovuşursa, o kosmik aləmə nəsə verə bilirsə, onlar qalır. Mədəniyyətləri üz-üzə qoyan ədəbiyyatların
uzun müddət yaşayacağına inanmıram.
Bu gün məşhur
dünya yazarlarının
əksəriyyətinin mənim
üçün heç
bir anlamı qalmayıb. O adların çoxu təbliğat-təşviqat
kompaniyalarının alətinə
çevrilmiş yazarlardır.
Ədəbiyyatın, bədii sözün
intensivliyi və yayqınlığı özünə
xas bir formuldur.
Bu formulla yanaşsaq,
ədəbiyyatın önəmi
qaçınılmazdır. Ancaq dünyanın bədii sözünün korifeylərinin
hesab edirəm ki, bu gün
mətinləri çağdaş
insanın mənəvi,
ədəbi ehtiyacını
ödəmək iqtidarında
deyil.
– İndiki
poeziyamızda Bodler kimi şər və ya əksinə
– Xeyir tərəfdə
dayanan imzalara çox nadir hallarda rast gəlinir. Bu qarışıqlıq
sizcə nəylə bağlıdır?
– Çağdaş poeziya elmi təfəkkür, elmi inistik, elmi
maraq tələb edir. İndiki XXI əsr yazarı
bu qarışıqlığın
içində bilmir ki, şərə xidmət edir, yoxsa xeyrə. Xeyir də, şəri də elektron dünya idarə edir. Bugünkü reallıq budur.
Mən babamı
görməsəm də,
dağ görmüşəm
uşaqlıqdan. Mənim dağla təmasım
alınır. Ünsiyyətim alınır. Nənəm dəyirmana
gedərkən uzaqdan dağı görüb çiyninə düşmüş
kələğaysıyla başını
örtər, bir ucuyla da yaşmaqlanardı.
Balacaydım, soruşdum niyə
belə edirsən?
Dedi, dağ görür, bala, ayıbdı. 23 yaşından
əri ölmüş
bir qadın dağı əri yerində, mənim babam kimi görürdü.
Onlar hesab edirdilər ki, qadının ərini kosmos, təbiət əvəz edə, ev, ailə,
ocaq qurma işinin bərpasını
yüklənə bilərmiş.
Bu zehniyyət qarşısında nə
danışmaq olar ki? Məncə, bu əxlaq
izi Tanrısaldır.
Bəlkə də, bir zamanlar Marsdan gələn əcdadlarımızın
ən ağır yükü elə bu zehniyyət olub. İndi isə...
– İndiki hekayələri
oxuyursan, bir çoxu çox tez yaddan çıxır. İndi-indi başa
düşürəm ki,
bu amil heç
də təkcə yaddaşsızlıqla bağlı
deyil. Sadəcə sanki “mətnlər
ölü” doğulur.
Oxuyursan,
bitən kimi də “basdırılır”,
biryolluq olur.
– İnsan yediyi qidalar vasitəsilə informasiya alır. O informasiya,
ağla, ruha, şüuraltına ötürülür.
Ömrümüz boyu aldığımız
“ədəbi qidalar” da bizi doyuzdurub.
Bu qidalarla nəinki
beynimiz, hətta güzəranımız, tərbiyəmiz
də doyub. Bugünkü ədəbiyyat son 100 ilin ədəbiyyatından
heç də fərqli deyil. Ədəbiyyat dili, deyim tərzi, üslubu və s. ilə fərqlənə bilər. O qeyri-adi fərqliliklər də çox nadir hallarda olur. İllərlə eyni şeyləri
oxumuş oxucu da artıq bezir.
Alt qatda bu
şeylər bizi bezdirib.
Həm də bu gün ədəbiyyatı
nəzarətdə saxlamağa
çalışırlar. Ən gözəli
ədəbiyyat “neytral”-
zona otoritesidir. Ədəbiyyyat bitərəf ərazidə
qərar tutanda, lövbər salanda, ona nəzarət etmə itir. Orda ədəbiyyatın dalğası
itir, siqnallar kəsilir. Ədəbiyyat öz içində
böyüməyə başlayır,
haqqa doğru. Onda elə mətnlər çıxır ortaya ki, yağ-bal kimi. Belə məqamda yaddaş
heç lazım olmur oxucuya.
– Müsahibələrinizdə sizə
ən çox verilən sual anlaşılmamazlıqla bağlıdır.
Amma verdiyiniz cavablardan görünür ki, anlaşılıb anlaşılmamaq
kimi bir “dərdininz” yoxdur. Sanki, sizin əvəzinizə
başqaları bunun narahatlığını yaşayır.
– Başa düşə bilmirəm ki, anlaşılmamaq necə olur? Bu dünyada
bu qədər çətin yazıçılar
başa düşülür,
Xanəmir yox? Cems Coysun “Uliss” romanı var. Çox çətin əsərdir,
amma ədəbiyyat aləmi onun mətn varlığını
qəbul edir. Biz azərbaycanlıların başqasının adından
danışmaq kimi pis bir vərdişi
var. Məsələn, Xanəmir
qəliz yazır.
Bu cür fikir
formalaşdırmağa çalışanlar
hələ çox olacaq. Ciddi diqqət yetirsəniz,
bəlkə də, ən sadə yazan mənəm.
Kəsəsi, indi iç oğuzluğuma doğru gedirəm. Çadırımı
iç oğuzumda qurmuşam.
– Orxan Pamukla bağlı “Göyə qayıdan mətnlər” kitabınızda maraqlı
bir məqalə var, amma onu
yenilikçi yox, ənənəçi kimi
göstərirsiniz.
– Bəli. Məsələn, Çingiz Aytmatov
kimi nəhəng yazıçı var, amma vermədilər mükafat. Ədəbiyyata “Nobel” gözü ilə baxmaq olmaz. O.Pamuk gedilmiş, tapdanmış
yollarla gedib. Mən onu qəbul etmirəm.
– Siz əlifba da tərtib etmisiniz. Bu hansı əlifbaya
yaxındır?
– Ümumiyyətlə, əlifba
haqqında bir kitabım və romanım var. Əlifba mənimçün
düşüncənin notudur. Dünyanın bir çox əlifbası
ilə tanış olmuşam. Bugünkü dünya göstərir
ki, ədəbiyyatla məşğul olan adam işarələri,
simvolları bilməlidir. Əlifbalar qədim
sivilizasiyaların şifrələridir. Çağdaş
dünya ədəbiyyatı şifrələr, simvollar
savaşında, qarşıdurmasındadır. Sözün də,
ədəbiyyatın da sənət başlanğıcı əlifbadır.
Əlifbalar içində isə Orhun-Yenisey əlifbasının
üzərində durmağı tərcih edirəm.
– Türk sözlərin bədii ədəbiyyata
indiki halda sürətlə yol açmasından təlaşlananlar
var, siz də, türk ifadələrindən çox istifadə
edirsiz, bunun dilimizə hər hansı anormal təsiri ola bilərmi?
– Təfəkkür
türcə deyilsə, türkcə ifadələrdən
istifadə etmək mənasızıdır. Bizdən əvvəl
Hüseyn Cavid Osmanlı türkcəsindən istifadə edib.
Azərbaycan türkcəsi ilə, Osmalı türkcəsinin
sənət müstəvisindəki reaksiyası imperial bir təfəkkür
nümayiş elətdirir. Bu zövqü yaşamağa dəyər.
Özü də şeirdə, nəsrdə…
– “Çölçülər” ədəb
qrup kimi özünü göstərib.
Çölçülərdən Şahlar Ruhi, Məhbus Muzəvi,
Namiq Rəssamın yaradıcılığında irfani meyllərin
olması sizin təsirinizlədirmi, yoxsa?
– Təsəvvüf
bir az da lap yuxarıdan, uçaqdan üzərindən
uçduğun şəhərə baxmaqdır. Əks təqdir
də sən baxdığın şəhərin içində
qalarsan. Səni şəhərin içindən
çıxaran ədəbi uçaqlardır. Öz
boşluğunu orda – o məkanda görmək
üçün, təsəvvüf
dünyagörüşünün maraqlı mətinlərin
yaranmasında imkanlar açacağı ümidindəyəm.
Liberal,
solçu düşüncəsiylə ədəbiyyata
yanaşanlarda da daha çox sufi ədəbiyyatına meyl
yaranıb. Ümumiyyətlə, bu gün Orta çağ
düşüncəsinə qayıdış hiss edirəm.
Amma bu kimdə nə şəkildə bütövləşəcək,
ədəbiyyata yeni nə təklif edəcək, o başqa məsələdir.
O haqda hələ heç nə deyə bilmərəm. Amma
adını çəkdiyim yazarlarda mənim təsirim
olduğunu təsəvvür eləmirəm. Bu irfani meyl
onların xarakterindən və dünya görüşündən
aslı olaraq yaradıcılıqlarında da öz əksini
tapır.
Fərid Hüseyn
Kaspi.-2013.-30 mart.-1 aprel.-S.15.