“Teatr təmirdədir
deyə qapımı bağlayıb evimdə
oturmamışam”
Müsahibim Sabit Rəhman
adına Şəki Dövlət Dram
Teatrının direktoru Hikmət Nəbilidir.
Bizimlə söhbətində teatrın direktoru
teatrı bu gün narahat edən problemlərdən, gələcək
planlarından danışdı.
Səsimiz Avropadan gəlirdi
-
Hikmət müəllim Şəki teatrı hər zaman Azərbaycanın
sayılıb seçilən teatrlarından olub, sizcə bunun
səbəbi haradan qaynaqlanır?
-
Şəki Teatrı indi də sayılıb seçilən
teatrlardandır. Bu, ilk növbədə sənətkarın sənətinə
olan münasibətindən və yaratdığı
obrazları sevərək canlandırdığından
qaynaqlanır. Bu əsasən teatrı özündən, evindən
artıq bilmək və professional sənət sahibi olmaqdan irəli
gəlir. Gələn il Şəkidə peşəkar
teatrın yaranmasının 135 illiyi tamam olacaq. Dövlət
teatrı isə Şəkidə ilk dəfə 1934-cü ildə
açılıb və Mirzə Ələkbər Sabir
adına Şəki Dövlət Dram Teatrı adlanıb. Lakin
maliyyə problemləri üzündən, ikinci dünya
müharibəsində yaranan yoxsulluq ucbatından teatr bir
müddətlik bağlanıb.
İndiki,
Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı
1975-ci ildən fəaliyyət göstərir. O vaxt başda
rejissor Vaqif Abbasov olmaqla 30 nəfərlik aktyor heyəti Şəkiyə
gəldi və həmin gündən Şəkidə teatr
yenidən pərdələrini açdı. Teatra yeni gələn
aktyor heyəti ilk gündən “Komsomol”, “Nişanlı
qız”, “Hacı Qara” tamaşalarının məşqlərinə
başladılar. Və getdikcə bu tamaşaların sayı
artmaqda davam etdi. Vaqif Abbasov həmin dövrdə
bugünkü Azərbaycan teatrının vəziyyətini
görürdü. Teatra gəldiyi ilk gündən burada studiya
yaratdı. Gənc, həvəskar aktyorları həmin
studiyaya topladı, onları imtahandan keçirdi. Mən də
zamanında elanı eşidib, teatra müraciət etdim. Teatra
getdim məni yoxladılar və həmin studiyanın
üzvü oldum. Fərman Abdullayev, Xanlar Həşimzadə,
Vahab Allahverdiyev, Əbülfəz Salahov və başqları
da mənimlə o seçimlərdə idi. Şəki
teatrı Moskavada 9 tamaşa ilə qastrola dəvət olundu.
Orada 18 gün qastrolda olduq və Azərbaycan klassiklərinin əsərlərini
nümayiş etdirdik. Bizim səsimiz Avropadan gələndə
Azərbaycanın heç bir teatrı Biləcəridən kənara
çıxa bilmirdi. Şəki Teatrınını səsi
Berlindən, Sofiyadan, Buxarestdən, Budapeştdən, Praqadan gəlirdi.
1990-cı illərdə teatr bir az sarsıntı keçirtdi.
Bu da maddi vəziyyətlə bağlı idi. Yenə də
şükürlər olsun ki, ildə iki xarici festivallarda
iştirak edirik. Hər il Bakıya qastrola gəlirik, paytaxt
tamaşaçılarının bizim
tamaşalarımızı izləmək imkanı olur. 400 nəfərlik
zala 800 nəfər tamaşaçı gəlir və bu da
Şəki teatrının tamaşalarının keyfiyyətindən
xəbər verir. Nəsibə Zeynalova həmişə deyirdi
ki: “Şəki teatrı Azərbaycan teatrının üz
ağlığıdır”.
- Qeyd etdiniz ki Şəki
teatrının səsi vaxtı ilə Avropadan gəlirdi. Bu
gün imkanların artdığı bir dövrdə niyə
teatrın səsini yalnız yaxın Türkiyədən
eşidirik?
- Bəli,
bir müddət teatrımız xarici qastrol baxımından
durğunluq yaşadı, ancaq yenidən əvvəlki rejimlə
işləməyə başlayacağıq. Gələn il bu
vaxtı teatrımızın Yuqoslaviyaya səfəri gözlənilir.
Daha sonra Türkiyədə, Albaniyada, Qazaxıstanda, Moskvada
qastrolda olacağıq və orada nümayiş etdirəcəyimiz
tamaşalar da artq planlaşdırılıb. Yaxınlarda
Şəki teatrını Kazana dəvət etdilər, ancaq
getmək imkanımız olmadı. Yəqin havalar isinəndən
sonra bu səfər gerçəkləşəcək. Ötən
il Türkiyənin Konya şəhərində Türkdilli
Xalqların Beynəlxalq Teatr festivalında iştirak etdik.
Orada söylədilər ki, nəhayət Azərbaycandan
profissional bir tamaşa gördük. Festivalda iki xüsusi
mükafat aldıq. Biz Konyaya Jan Batis Molyerin
“Aldadılmış ər” tamaşası ilə getmişdik.
Həmin tamaşanı orda tamaşaçıların istəyi
ilə iki dəfə oynadıq. Bizi 2014-cü ildə
keçiriləcək növbəti festivala da dəvət
etdilər. Yəni, festivallarımız, xarici səfərlərimiz
hələ qarşıdadır.
Aktyor problemi
- Şəki teatrı milli
teatrımızın 140 illik yubileyini təmirlə
qarşıladı. Hazırda truppa məşqlərini harada
edir, tamaşalarını harada oynayır, ümumiyyətlə
təmir dövründə yaradıcılıq işləri
necə gedir?
-Baxmayaraq
ki, teatrımız təmirdədir, ancaq
tamaşalarımız əvvəlki rejimlə
hazırlanır. M.F.Axundzadə adına kinoteatrda yerləşmişik.
Orada tamaşaları göstərmək çətindir,
zalın vəziyyəti ürəkaçan deyil. Şəkidə
havalar hələ isinməyib. Olduqca soyuq bir şəraitdə
- qaz, istilik sistemi olmadan aktyorlarımız tamaşalar
hazırlayırlar. Məşq etdiyimiz otaqda su qoysan dona biləcək
vəziyyətdədir. Ona görə də soba olan otaqda
stolüstü oxuları edirik. Hazırda mən ustalarla bərabər
teatrın təmirində işirak edirəm. Çünki belə
etməsəm sabah onlar teatrı təhvil verib getdikdən
sonra, teatrın işığının harada olduğunu, səhnədə
nəyin harada yerləşdiyini bilə bilməyəcəm.
Teatr təmirdədir deyə qapımı bağlayıb evimdə
oturmamışam. Teatrımızın gözəl günləri
təmirdən sonra başlanacaq. Bizdə əsas problem aktrisa,
aktyor problemidir, aktyorlarımızın demək olar ki, 90
faizinin Şəki Teatrının studiyasında
hazırlanmasıdır. Nə qədər studiyada kadr
hazırlasan da 30 nəfərdən, bəzən bir nəfər
aktyor çıxır ya da çıxmır. Teatrda 15 aktrisa
olsaydı yerdə qalanını isə öz studiyamızda
hazırlayardıq. Elə gözəl əsərlər var
ki, onları təmirdən sonra belə hazırlaya bilməyəcəyik.
Çünki elə rollar var ki, həmin obrazı
canlandıra biləcək aktrisa Şəki Teatrında yoxdur.
Yəni cavan və qoca obrazlarının ifaçıları
demək olar ki teatrımızda yoxdur.
- Sizcə aktyorlar nə
üçün region teatrlarına üz tutmaq istəmirlər?
-
Paytaxta işləsəydim bəlkə mən də regionlarda
fəaliyyət göstərən teatra gəlməzdim.
Çünki Bakı kimi bir şəhəri qoyub əyalatə
gəlmək o qədər də sərfəli deyil. Amma qeyd
edim ki, əyalət taetrlarında işləmək daha
maraqlıdır. Ümumiyyətlə, əyalət teatrı
sözünü heç xoşlamıram. Əyalət
teatrı olanda nə olar, əsas odur ki, o teatrda keyfiyyətli
tamaşalar nümayiş olunsun. Bəlkə əyalətdə
elə teatr var ki, o dünya arenasına çıxa biləcək
bir teatrdır. Bəzən teatrlarımızın
tamaşalarını əyalət teatrı adıyla
cılızlaşdırırlar.
- Təmirdən sonra teatrın
repertuarı yəqin ki, daha da rəngarəng və fərqli
olacaq?
-
Şəki teatrı ta qədimdən klassikaya meyilli bir
teatrdır. Hazırda ispan dramatturqu Xose Eçeqarayın
“Mahir aradüzəldənlər” əsərinin
stolüstü oxunuşalarına başlamışıq. Daha
sonra bir komediya üzərində işləyəcəyik. Bu
komediyanı teatrın aktyoru Novruz Cəfərov yazıb,
“Şəkili + ayrım” adlanır. Bu komediya ilə
bağlı hətta filim də çəkilib. Təmirdən
sonra iki monumental tamaşa hazırlanacaq. Bundan əlavə vaxt
tapdıqca dünya teatrlarının saytlarını izləyirəm.
Tetrlarda olan yeniliklərlə internet vasitəsi ilə
maraqlanıram. Bizim teatrın saytı bağlanıb.
Hazırda saytımızın yenilənmə prosesi gedir.
Saytımızda teatrda oyunanılan bütün
tamaşaların siyahısı, aktyorların adı, iş
rejimi orada öz əksini tapacaq. Biz teatrımız istifadəyə
veriləndən sonra Şəkidə Beynəlxalq Teatr festivalı
təşkil etməyi palnlaşdırırıq. Bu festival
iki ildən bir keçirələcək. Adını da
qoyarıq ya Komediyalar festivalı ya da Mirzə Fətəli
Axundzadə festivalı.
Tamaşaçı marağı
- Nəyə görə
repertuarınızda dövlət sifarişi əsasında
hazırlanan tamaşalar azlıq təşkil edir?
-
Dövlər sifarişi əsasında bu il bir neçə
tamaşamız hazırlanacaq. komediya üslubunda hazırlanan
tamaşalar üçün dövlət sifarişi o qədər
də vacib deyil. Şəki teatrının repertuarında
sifarişlə hazırlanan tamaşalar var. Bu barədə elə
bir problemimiz olmayıb. Nazirliyə nə zaman istəmişik
təklifimiz qəbul edilib. Normal, səviyyəli əsərlərin
dövlət tərtəfindən sifariş olunması gözəldir.
2012-ci ildə bizim teatrda dövlət sifarişi əsasında
tamaşa hazırlanmadı. Bunu özmüz belə istədik,
çünki yerimiz, təmir buna imkan vermədi. Yeni binada iki
sanballı əsəri dövlət sifarişi ilə
hazırlamağı pllanlaşdırırıq.
- Şəki
tamaşaçılarının teatra marağı hansı səviyyədədir?
-
Şəki teatral regiondur. Nəinki bizdə, hazırda
bütün dünyada tamaşaçı problemi var. Sentyabrda
Moskvada oldum, vəziyyətin necə olduğunu gördüm.
Elə teatr var ki, heç adam gəlmir. Ancaq teatr da var ki,
bilet tapılmır. Bizdə bütün teatrların üzərinə
böyük məsuliyyət düşür. Vaqif Abbasovun belə
bir sözü var idi: “Biz heç zaman
tamaşaçının səviyyəsinə düşməməliyik.
Çalışmalıyıq ki, tamaşaçını
öz səviyyəmizə qaldıraq”. Bu gün
tamaşaçı Üzeyir Mehdizadənin “musiqiləri”nə
və bu kimi bayağı mahnılara qulaq asan insana mən
Vilyam Şekspiri, Cəfər Cabbarlının
yaradıcılığını necə başa sala bilərəm?
Belə insanlar bizdə çoxluq təşkil edir. Bir də
onda oyanacağıq ki, hamımız qarnını
qaşıyaraq adam güldürənlərə
gülürük. Bu gün çayxanalrda damino oynayaraq, xarici
filmlərə baxaraq teatrdan kənar düşən insanlar
çoxdur. Şükürlər olsun ki, teatrın qədrini
bilən insanlar da var. Teatr canlı, ölməz sənətdir.
Teatr indi var, 1000 ildən sonra yenə də olacaq.
- Bu yaxınlarda
dünyasını dəyişən Fərman Şəkili
uzun müddət sizin teatrda fəaliyyət göstərib. Onunla
bağlı nə deyə bilərsiniz?
- Azərbaycan
teatrı çox böyük bir sənətkarını
itirdi. Fərman Şəkili Azərbaycan teatrında
professional oyun tərzi, səhnə hərəkəti,
baxışları ilə tamaşaçıların diqqətini
özündə cəmləyə biləcək bir aktyor idi.
Fərman Şəkili çox böyük aktyor idi. Baxmayaraq
ki, o son illərdə sənətdən uzaqlaşdı, daxilən
sənətdən küsdü sanki. Fərmanla biz qastrollarda
iştirak etmişik. Onun Mirzə Fətəli Axundzadənin
“Lənkəran xanın vəziri” tamaşasında Vəzir
obrazı hər kəsi heyran edirdi. Əminliklə söyləyə
bilərəm ki, Vəzir rolunu heç kim onun təqdim etdiyi
üslubda hazırlaya bilməz. Sanki o sırf bu obraz
üçün doğulmuşdu.
-134 yaşı olan bir teatrda nə
üçün bir nəfər də olsun nəinki xalq
artisti, heç əməkdar artist də yoxdur?
- Zamanında bizim teatrdan da fəxri
ad alanlar olub. Azərbaycan Teatrının 140 illik yubileyidir, yəqin ki, bizim teatrdan
da bu ada
layiq görülən
aktyorlarımız olacaq.
Şəki teatrının yaradıcı
heyəti üçün
ad əsas deyil. Əsas odur ki, tamaşaçılara
gözəl sənət
nümayiş etdirəsən.
İstər əməkdar artist olsun, istər xalq artisti olsun
fərqi yoxdur. Məgər
ad olmasa işləmək
olmur? Baxmayaraq ki, Şəki
Teatrının direktoruyam
bu gün səhnəyə də çıxıram, aktyorlarla
birgə tamaşalarda
iştirak edirəm.
Mən xalqın artistiyəm.
Əsas odur ki, aktyoru
xalq sevsin. Vicdanımla teatra xidmət edirəm. Biz öz işimizlə məşğuluq. Başımız işimizə qarışıb.
Tamaşalar hazırlanan zaman
elə olur ki, gecə saat
12-də evə getmişik.
Əsas tamaşanın keyfiyyətidir,
ad deyil.
Xəyalə Rəis
Kaspi.-2013.-30 mart.-1 aprel.-S.11.