Kiçik teatrın böyük
problemləri - fotolar
Bakı Uşaq Teatrının direktoru
İntiqam Soltan: “Əgər
soruşmasanız, qorxudan səsimi
çıxarmayacaqdım”...
Uşaqlar
hər gün, hər saat, hər an bütün insanlar və
bütövlükdə dünya üçün
aktualdırlar. Çünki onlar bizi gələcəyə
bağlayan varlıqlardır. Bu gün inkişaf etmiş
dövlətlər diqqətlərini uşaqları hələ
körpə yaşlarından sağlam gələcək
üçün yetişdirməyə yönəldirlər.
Bu xüsusda, uşaqların mənəvi cəhətdən
formalaşması üçün teatrlara üz tutub,
onların dünyagörüşlərinin formalaşmasına
da diqqət edirlər. Vətənimizdə isə bu sahədə vəziyyət elə də
ürəkaçan deyil.
Bakı
Uşaq Teatrının bina cəhətdən heç zaman bəxti
gətirməyib. Tarixə nəzər saldıqda, teatrın
maraqlı tamaşaları olsa da, bina və şəraitsizlik
problemləri onlardan yan keçməyib. Əvvəllər
Zabitlər Evində yerləşən teatr, sonralar Səbayeldə,
Milli Parkın yaxınlığında məskən
salmağa hazırlaşdı və burada hər şeyi yenidən
quraraq teatr binası hazırladı. Ancaq teatrın burada da fəaliyyəti
çox sürmədi. Bu məkandan sonra teatrın təyinatı
Hüseynqulu Sarabski adına mədəniyyət evinə
verildi. Burada şəraitsiz şəkildə 5 il fəaliyyətini
davam etdirən Bakı Uşaq Teatrı tamaşalar
hazırlayıb, xarici festivallara qatıldı. Halbuki, o binada
nəinki tamaşa hazırlamaq, hətta orada yaşamaq belə
qeyri-mümkün idi.
Məqsədim
sizə Bakı Uşaq Teatrının tarixindən
danışıb, zamanınızı almaq deyil. Ötən
ay eşitdik ki, teatr yeni binada məskən salıb. Teatrın
məkanı dəyişdi deyə hətta sevindik də.
Sevindik ki, nəhayət, uşaqlar da öz arzularına
çata biləcəklər. Artıq teatrın truppası
yeni tamaşalarını üşüyərək, hər
cür xəstəliyə düçar olaraq deyil, öz
şəxsi binalarında texnikanın bütün
imkanlarından yararlanıb rahat şəkildə
hazırlayıb uşaqlara təqdim edəcək. Amma bu sevinc
çox çəkmədi.
Teatrın
mətbuat xidməti bizi teatrın binasında ilk tamaşaya
baxmağa dəvət etmişdi. Dəvətnamədə məkanın
adını gördükdə, bir az təəccübləndim.
Belə ki, dəvətnamədə yazılmışdı:
“Uşaqların sevimli məkanının yeni ünvanı
Suraxanı rayonu Qaraçuxur qəsəbəsi
K.İsmayılov 18-dir. Teatr indi qəsəbədəki
Q.Abbasov adına mədəniyyət evinin binasında yerləşir.
Bakı Uşaq Teatrı tanıtım məqsədilə bu
ünvanda “Dostlar, biz burdayıq” adlı şou-proqram təşkil
edir”.
Düşünürdüm
ki, açılış münasibəti ilə zəng edib,
teatrın direktorunu təbrik edərəm, ancaq teatrın yerləşdiyi
ünvanı gördükdə, buna cəhd etmədim. 1
saatlıq əyləncə üçün 2 saatlıq yolu
getməyə dəyərmi, deyə düşündüm.
Getmək bir yana, qayıtmağı da düşünüb
teatrşünas olsam da, o tamaşanı izləməyə
getmədim. Bilmirəm, günah məndədir, yoxsa teatrın
yerləşdiyi məkanın uzaqlığında...
Teatra
marağın azaldığı bir dönəmdə, şəhərin
mərkəzində yerləşən teatrlara belə
tamaşaçılar həvəs göstərmədiyi bir vəziyyətdə
Qaraçuxurda teatrın yerləşməsi qəribə
deyilmi? Hansı valideyn övladı ilə uzun bir yol qət
edib, burada tamaşaya baxmağa gedər? Maraqlı məqamlardan
biri də odur ki, 150 manat qonorarla hansı aktyor və ya aktrisa
uzun yolu qət edib o şəraitdə tamaşa hazırlayar?
Marağıma güc gəlib, teatrın aktyor heyətinin
fikirlərini öyrəndim. Cavablar isə gözlədiyim kimi
oldu.
Teatrın
direktoru İntiqam Soltan iş rejiminin zəiflədiyini və
aktyorların teatra gəlməsi üçün uzaq məsafə
qət etdiyini vurğuladı: “Aktyorlarımız Lökbatan,
Badamdar, Masazır və digər məkanlarda yaşayırlar.
Teatra gələnə qədər əziyyət çəkirlər.
Mən heç nə istəmirəm. Başımı
salıb aşağı işləmək istəyirəm.
Bunu deyəndə, mənə 50 yerdən təzyiqlər
olunur. Siz soruşursunuz deyə bunu sizə deyirəm. Əgər
soruşmasanız, qorxudan səsimi çıxarmayacaqdım.
“Qorxuram” sözünü böyük hərflərlə
vurğulayıram. Ona görə yox ki, canımdan qorxuram. Təhqir
olunmaqdan qorxuram, artıq əsəblərim tab gətirmir.
İşləyirik, yeni tamaşalar hazırlamağa
çalışırıq. Qaraçuxurda açıq kassa
ilə ilk tamaşamızı oynadıq. 34 bilet
satılmışdı. Bu, Qaraçuxura yeni gəlmiş, 2
otaqda 64 nəfərlə işləyən teatr
üçün böyük rəqəmdir. Respublikada bir
uşaq teatrı var. Mən Kukla Teatrının, Gənc
Tamaşaçılar Teatrının əməyini itirmək
istəmirəm. Mənə imkan, şərait versinlər,
dağı-dağ üstə qoyum. Dünyada ən gözəl
uşaq teatrının Azərbaycanda olduğunu sübut edim. Məni
sındırmağa cəhd etməsinlər. Onsuz
da qanadımı qırıblar”.
Teatrın
mətbuat xidmətinin rəhbəri Leyla Həşimovanın
sözlərinə görə, yeni binaya yerləşdikdən
sonra “Dostlar, biz burdayıq” adlı tamaşa üçün
bütün mətbuat işçilərinə dəvətnamə
göndərib. Ancaq yol uzaq olduğundan teatra çox az media
nümayəndəsi gəlib: “Bütün bunlar teatrın
inkişafı üçün yaradıcı heyətə təbii
ki, öz təsirini göstərir. Teatrın şəhərdən
kənarda yerləşməsinin bir problemi də mətbuatla əlaqədardır.
1 ayda artıq ikinci dəvətimizə də mətbuat
işçiləri cavab vermir. İnsanların öz
uşaqlarını gəzintiyə
çıxardıqları yerlərdə teatrın olması
daha məqsədəuyğundur. Qaraçuxur qəsəbəsi
pis məkan deyil, amma burada işləmək çox çətindir.
İşçilərimiz mədəniyyət evinin içərisində
2 otaqda güclə yerləşiblər. Məvacibdən isə
danışmağına dəyməz. Mən 148 manat qonorar
alıram. 3 övladım var. Teatrda heç birimiz qonorara
görə işləmirik. Teatrı sevməsən, işləmək
olmaz. Hərdən tamaşaların tez təhvil verilməsi
üçün istirahət günü olmadan işləyirik.
Adətən çıxışlar edərkən də
deyirik ki, “uşaqlar bizim gələcəyimizdir”. Amma işə
gələndə, yəqin ki, uşaqlar yox, öz gələcəyimiz
yadımıza düşür”.
Teatrın
aktrisası Könül Şahbazova teatra getmək
üçün 3 avtobus dəyişdiyini və uzun yol qət
etdikdən sonra teatrda işləməyin də çətin
olduğunu söylədi: “Teatrın məkanı dəyişdiyi
üçün biz köhnə
tamaşaçılarımızı itirmişik, indi yenidən
tamaşaçı kütləsi toplamaqda çətinlik
çəkirik. Uşaq teatrı mərkəzdə
olmalıdır, amma çox əfsus, indiki
ünvanımız tamaşa göstərmək
üçün yararsızdır. Bütün bunlara
baxmayaraq, biz ruhdan düşmürük. O qonorarın
müqabilində çox əziyyət çəkirik, ancaq sənətə
olan sevgi bizi burada qalmağa vadar edir. Bunu söz xatirinə
demirəm, bu, doğrudan da belədir”.
Teatrın
aktyoru Cavanşir Məhərrəmov teatrda işləməyə
çətinlik çəkdiyini və yaranan şəraitin
tamaşanın keyfiyyətinə də təsir etdiyini
bildirdi: “Bakı Uşaq Teatrı bu 10 ildə 3 dəfə
müxtəlif məkanlara köç edib. Təəssüflər
olsun ki, yerləşdiyimiz məkanlar tamaşa hazırlamaq
üçün heç də əlverişli olmayıb. 1
otağa bütün aktyor heyətinin
sığışması işimizdə çətinlik
yaradır. Texniki işçilərin kiçik bir otaqda yerləşməsi
heç de asan bir iş deyil. Teatra cəmi 2 otaq verilib. Birində
bədii heyət, digərində isə texniki heyət yerləşib.
Teatrımızda 65 işçi çalışır.
Bütün bunları nəzərə alaraq, yaranan vəziyyəti
özünüz təsəvvür edin. Ən əsası isə,
biz tamaşaçılarımızı demək olar ki,
itirmişik. Onlar yol probleminə görə
tamaşalarımızı izləyə bilmirlər. 154 manat
qonorar alıram, 3 avtobus dəyişirəm, aldığım
qonorar ancaq mənim yol xərcimi ödəyir. Aktyor olduğum
üçün də öz sənətimi tərk etmək
istəmirəm”.
Vəziyyətin
bu yerdə olmasına baxmayaraq, Bakı Uşaq Teatrı öz
fəaliyyətini davam etdirir. Mənsə ümid edirəm ki,
növbəti dəfə Bakı Uşaq Teatrının
problemləri deyil, xoş xəbərləri və nəhayət,
texniki cəhətdən yaxşı təchiz olunmuş yeni
binası haqda məqalə qələmə alaram.
Xəyalə Rəis
Kaspi.-2013.-1 may.-S.13.