İstanbul Şoppinq
Festivalının tanıtımı Azərbaycandan
başladı
Gələn ildən media nümayəndələrimiz
də Türkiyədə həm əylənə, həm də
alış-veriş edə biləcəklər
Bu
gün Bakıda İstanbul Şoppinq Festivalının təqdimatı
keçirildi. Təqdimatda festivala həsr edilmiş qısa
tanıtım video roliki nümayiş olundu. Videoda Türkiyənin
satış mərkəzləri, İstanbulun küçələri
və əhalinin sıx məskunlaşdığı ərazilər
göstərilirdi.
İstanbul
Şoppinq Festivalının təşkilat komitəsinin sədri
Vahab Küçük alış-verişlə bərabər
əyləncə xarakteri daşıyan festivalın məqsədinin
İstanbul şəhərinin dünyaya daha yaxşı
tanıdılması olduğunu bildirdi: “Hər il olduğu
kimi, bu il də festivalın tanıtımına Azərbaycandan
başladıq. Bu, Azərbaycanla aramızda olan dostluq və
yaxınlığın göstəricisidir. Bu il türk
markalarına böyük maraq göstərən azərbaycanlıların
sayının daha da artacağını gözləyirik.
Keçən ilin iyun ayında festivalla bağlı
İstanbula gedən azərbaycanlıların sayı 35%
artıb. Əsas məqsədimiz İstanbulu dünyanın
alış-veriş mərkəzlərindən birinə
çevirməkdir. Bu il həyata keçirdiyimiz İSF
Traveler Card əldə edən turistlər festival çərçivəsində
hotel və restoranlarda özəl endirim xidmətlərindən
yararlana biləcəklər. 8-30 iyun tarixlərində
keçiriləcək İstanbul Şoppinq Festivalı 35 ticarət
mərkəzini əhatə edəcək. Festival çərçivəsində
İstanbulda 90 mağazada 40 gün, 40 gecə
alış-veriş tədbirləri həyata keçiriləcək.
Festivalın əsas məqsədlərindən biri də
insanlara sərfəli qiymətlərlə çox gözəl
geyimlər təklif etmək olacaq”.
Türkiyənin
Azərbaycandakı səfirliyinin mədəniyyət üzrə
müşaviri Seyid Əhməd Arslan da azərbaycanlıları
festivalda fəal iştirak etməyə
çağırdı: “Biz də öz növbəmizdə
Azərbaycanda hər il Türkiyənin turizm məkanlarının
reklamını edirik. 2013-cü ildə daha fəal iş
görəcəyimizi rahatlıqla söyləyə bilərəm.
Bu il üçün gözəl layihələrimiz var.
Televiziyalarda,
internet saytlarda, küçə lövhə və monitor
reklamlarında işlərimizi davam etdirəcəyik. Reklamlarımız
yenə internet saytlarda daha çox yer alacaq. Belə bir təşəbbüsün
yaradılmasını yaxşı qarşılayıram və
daha böyük uğurlar arzulayıram”.
İSF
icra qurumunun üzvü Hüseyn Doğan Azərbaycanda
olduğu və mətbuat nümayəndələri ilə
görüşdüyü üçün məmnunluğunu
bildirdi: “Nəzərinizə çatdırım ki, Türkiyə
bazarlarında təqdim olunan keyfiyyətli markalar dünya
ölkələri ilə rəqabətdə ən ön yerləri
tutur. Dünya arenasında Türkiyə markaları
seçilir və hər kəs də bu barədə kifayət
qədər məlumatlıdır. Sizləri ölkəmizdə
qarşılamaqdan qürur duyarıq”.
Müğənni
Tünzalə Ağayeva Türkiyədən gələn
bütün media nümayəndələrini və digər
qonaqları salamladı. Müğənni Türkiyəyə
heyran olduğunu bildirdi: “Dünyada İstanbulu sevən
insanların sayı çoxdur. Mən də o insanların
siyahısına daxiləm. Fransız yazarı söyləyib
ki, dünyanın ən gözəl şəhərinin bir əksi
varsa, o da İstanbulun dənizdəki əksidir. Qadınlar
şoppinqi sevirlər. Ona görə də
qadınlarımızı bu layihədən yararlanmağa
çağırıram. Belə təşəbbüs təkcə
ticarət məqsədi ilə hazırlanmır.
Düşünürəm ki, layihə çərçivəsində
Türkiyənin mədəniyyəti, tarixi də özünə
turist cəlb edəcək. Bu festivala bir neçə dəfə
qatıldım və qatılmağa davam edəcəyəm”.
Təqdimatın
sonunda mətbuat nümayəndələri layihənin təşkilatçılarına
suallar ünvanladılar. “Azərbaycanın media nümayəndələri
nə zaman layihə çərçivəsində Türkiyəyə
səfər edə biləcəklər” sualı türkiyəli
qonaqların marağına səbəb oldu. Verilən
cavablardan aydın oldu ki, gələn ildən etibarən mətbuat
nümayəndələrimiz də adıçəkilən
layihə çərçivəsində Türkiyədə
həm əylənə, həm də alış-veriş edə
biləcəklər.
Mətbuat
nümayəndələrinin növbəti sualı TRT-nin
baş direktoru İbrahim Şahinə yönəldi. Belə
ki, “Azərbaycan haqqında TRT-də nə zaman filmlər
çəkiləcək” sualına cavab verən
İ.Şahin bu il Azərbaycandan bəhs edən bir sıra sənədli
filmlər çəkildiyini bildirdi: “TRT kanalında Azərbaycanla
bağlı 2000 mindən çox xüsusi reportajlar
hazırlanıb. Biz 2 millət, bir dövlətik. Bu sistemə
görə də uyğunlaşırıq. “Sakarya Fırat”
filmində Mübariz İbrahimov haqqında kiçik
parça hazırlamışdıq və bu parçanın
sosial şəbəkələrdə
yayıldığını, böyük marağa səbəb
olduğunu gördük. Bundan sonra TRT kanalında Azərbaycanın
dahi şəxsiyyətləri ilə bağlı seriallara,
filmlərə daha çox önəm verməyə
çalışacağıq və bu yöndə müəyyən
işlər görəcəyik”.
Qeyd
edək ki, dünən Heydər Əliyev Sarayında Azərbaycan
və Türkiyədən olan sənətçilərin
iştirakı ilə festivalın
açılışına həsr edilmiş konsert
keçirildi. Tədbir həm yerli televiziya kanallarında, həm
də TRT-də canlı olaraq göstərildi. Festival barədə
daha geniş məlumat almaq istəyən oxucular isə
www.istshopfest.com saytına baş çəkə bilərlər.
Xəyalə Rəis
Kaspi.-2013.-2 may.-S.15.