Milli kinomuzun hamisi 

 

“Azərbaycan xalqının bir çox nəsilləri kino ilə tərbiyələnib, kinonun təsiri altında formalaşıb, inkişaf edib və mədəniyyətə qovuşubdur”

Heydər Əliyev

 

 

Kino insanların dünyagörüşünü formalaşdıran, tariximizi, milli adət-ənənələrimizi yaşadan, həyatımızın bütün sahələrinə nüfuz edən güclü ideoloji silahdır, həm də Azərbaycanın ilk milli kinorejissoru A.M.Şərifzadənin təbirincə, kino musiqidir, kino teatrdır, kino ədəbiyyatdır, kino aləmdir... Təsadüfi deyil ki, ümummilli liderimiz Heydər Əliyev kinoya çox yüksək qiymət verərək demişdir: “Kinematoqraf kütləvi tamaşaçı ilə yüksək sənət dili ilə danışmalıdır”.

Azərbaycan kinosunun 115 yaşlı tarixinin səhifələrini vərəqləyərkən burada yüzlərlə film və bu filmlərin yaradıcıları, eyni zamanda iştirakçısı olduğum çoxlu hadisələr gözlərim önündən gəlib keçir.

 

“Ümid qaldı dövlətimizin başçısına”

 

2000-ci il dekabrın 18-də Heydər Əliyev Sarayında keçirilən IV Beynəlxalq “Şərq-Qərb” Bakı kinofestivalının təntənəli açılış mərasimi bütün kino işçilərinin həyatında əlamətdar və unudulmaz hadisəyə çevrildi. Həmin axşam ölkəmizin mədəni inkişafı sahəsində kinematoqrafçıların xidmətlərini və Bakıda çəkilmiş kinosüjetlərin 1898-ci il avqustun 2-də ilk kinoseansın həyata keçirildiyini nəzərə alaraq, 2 avqust kino işçilərinin peşə bayramı – Azərbaycan Kinosu Günü elan edilməsi, 40-dan artıq kino işçisinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin imzaladığı sərəncam oxundu. Həmin axşam dövlətimizin başçısı H.Əliyev tərəfindən yeni tarix (2 avqust 1898-ci il) ikinci dəfə öz təsdiqini tapdı.

İkinci dəfə ona görə deyirəm ki, sovet dövründə, kino günü – Sovet Kinosu Günü kinematoqrafiya sahəsində uzun illər əsas bayram kimi qeyd olunurdu. Yəni 1919-cu il avqustun 27-də sovet hökümətinin başçısı V.Lenin tərəfindən imzalanmış Xalq Komissarları Sovetinin Dekreti ilə RSFSR-in bütün fotoqrafiya və kinematoqrafiya ticarəti və sənayesi milliləşdirilərək maarifçilik üzrə Xalq Komissarlığının ixtiyarına keçmişdi. Bu dekretə əsasən sovetlər ölkəsində, o cümlədən Azərbaycanda hər il avqustun 27-si sovet kinosu, həm də milli kino günü kimi bayram edilirdi. Halbuki, respublikamızda çap olunmuş bir sıra elmi əsərlərdə, kütləvi kitablarda, Moskvada nəşr edilmiş “Kinoslovar” (1966) və “Ensiklopediçeskiy kinoslovar”da (1986) açıq-aydın göstərilirdi ki, Bakıda “Neft və milyonlar səltənətində” adlı ikiseriyalı tammetrajlı bədii film çəkilmiş və 1916-cı ildə ekranlarda nümayiş etdirilmişdi. “Arşın mal alan” kinokomediyası isə 1916-cı ildə istehsal olunmuşdur. Bundan başqa bir neçə qısametrajlı bədii film yaradılmışdır... Buna baxmayaraq ilk filmin isə nə 25, nə də 50 illik yubileyləri respublikamızda keçirilməmiş, daha doğrusu, bu məsələ nəinki heç vaxt qaldırılmamış, həm də heç kəsin yadına belə düşməmişdir...

Mən sarayda keçirilən bu qeyri-adi, bənzərsiz mənzərənin – “Şərq-Qərb” festivalının açılışını seyr edərkən özümdən asılı olmayaraq xəyalən 70-ci illərə qayıdır, bu möhtəşəm sarayda keçirilən Azərbaycan kinosunun 60 illik (köhnə tarixlə - A.K.) yubileyini xatırlayıram.

1976-cı ilin mart ayı idi. “Neft və milyonlar səltənətində” bədii filminin ekranlara çıxarılmasının 60 illiyinə çox az vaxt, cəmisi 2 ay qalırdı. Yubileylə bağlı Azərbaycan Dövlət Kinematoqrafiya Komitəsinin sədri Məmməd Qurbanovun otağında iclas keçirildi. İclasda C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Cəmil Əlibəyov, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Həsən Seyidbəyli, Azərbaycan EA-nın kino şöbəsinin əməkdaşı, sənətşünas Nazim Sadıxov və bu sətirlərin müəllifi iştirak edirdi. Məmməd müəllim yüksək mədəniyyətli, dünyagörmüş müdrik və ağayanə bir kişi idi. O, məsələdən hali olan kimi təklifimizi bəyəndi və elə bizim yanımızda Moskvaya, SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin sədrinə zəng vurdu. Azərbaycanda kinonun hələ inqilabdan əvvəl yaranması, mayın 14-də “Neft və milyonlar səltənətində” filminin 60 yaşının tamam olması, bu yubileyi respublikamızda ilk dəfə keçirmək istədiyimiz barədə məlumat verdi və fərəhlə dedi ki, bu yubileyi təntənəli şəkildə keçirmək, ittifaq respublikalarından qonaqlar dəvət etmək fikrimiz var. Cavabında müsahibi M.Qurbanova nə dedisə o, bərk tutuldu. Sədrimiz heç bir söz deməyib süni şəkildə gülümsündü, “sağ ol” deyib dəstəyi yerə qoydu. Buna baxmayaraq, onun bərk əsəbləşdiyini sezmək çətin deyildi. Araya bir neçə dəqiqəlik sükut çökdü. Sonra Həsən müəllim sədrin birdən-birə qanının qaralmasının, əhvali-ruhiyyəsinin dəyişməsinin səbəbini soruşdu. Məmməd müəllim məhz onun xarakterinə xas olan təmkinlə cavab verdi: “Qəribədir, mən respublikamızda keçirəcəyimiz tədbir haqqında ittifaq komitəsinin rəhbərinə etika xatirinə məlumat verməyi özümə borc bilirəm, o isə istehza ilə məndən soruşur ki, məgər Azərbaycan kinosunun tarixi Rusiya kinosundan böyükdür? Sonra da mənə bir daha xatırlatdı ki, Zaqafqaziya və Orta Asiya respublikalarında kino inqilabdan sonra yaranmışdır, özü də yerli kadrlar olmadığı üçün ilk filmləri rus kinematoqrafçıları çəkmişlər”.

Məmməd müəllim bunu deyib yenidən susdu, əlindəki qələmlə stolun üstündəki dəftərçəyə nə isə yazıb sözünə davam etdi: “Mən ona Moskvada çap olunmuş “Kinoslovar”ı xatırlatdım, dedim ki, həmin fundamental kitabda bu tarix açıq-aşkar göstərilib. Cavab verdi ki, kitablarda çox şeylərdən yazırlar”.

Sədr otağa toplaşanlara üzünü tutub birdən inam və qətiyyətlə dedi: “Ümid qaldı dövlətimizin başçısına. Əminəm ki, Heydər Əliyev yoldaş təşəbbüsümüzü bəyənəcək. Onun mədəniyyətimizə, mədəniyyət işçilərinə göstərdiyi qayğı hamımızın gözünün qabağındadır”.

Sonra o, Mərkəzi Komitəyə yubileylə bağlı əsaslı bir məktub hazırlamağı tapşırdı. Həmin məktub milli kinomuzun yubileyinin keçirilməsi üzrə böyük işlərin əsasını qoydu. Sonrakı hadisələr göstərdi ki, ümumilli liderimiz Heydər Əliyev kinematoqrafçılarımızın gözlədiklərindən də çox milli kinomuz üçün, kino işçilərimiz üçün böyük işlər gördü.

 

“Heydər Əliyev kimi dövlət başçısı olan respublikadasənətin də, sənətkarın da qədir-qiyməti bilinər”

 

Kino komitəsinin sədri ilə söhbətimizdən bir neçə vaxt keçmişdi ki, o, bizi yenidən yanına çağırdı. Onun nurani çöhrəsi sevincdən daha da gözəlləşmişdi, gözlərində elə bil işıq yanırdı. Məmməd müəllim hamımıza nəzər salıb sakit-sakit dedi: “Sizə şad xəbər vermək istəyirəm. Biz milli kinomuzun yubileyini dövlət səviyyəsində, yoldaş Heydər Əliyevin iştirakı ilə keçirəcəyik. Mən bu gün onun yanındaydım. O, bizim təklifimizi çox bəyəndi. Hətta kinomuzun ad gününü yüksək səviyyədə qeyd etmək üçün yubileyi 1976-cı ilin dekabr ayında keçirməyi məsləhət gördü, tədbirlər planına nəzarəti öz üzərinə götürdü. Digər əlaqədar təşkilatların rəhbərlərini də yanına çağırmışdı. Hamıya tapşırıqlar verdi. Özü də dedi ki, bu yubileylə bütün ölkəyə (Sovet İttifaqı nəzərdə tutulur) bir daha göstərəcəyik ki, Azərbaycanda kino hələ inqilabdan əvvəl mövcud idi. Azərbaycan hələ o vaxtlar sivil ölkə olub...” Beləliklə, 1976-cı ildə Azərbaycan kinosunun 60 illiyi dövlət səviyyəsində qeyd edildi. Həmin gün bütün bu kino bayramı tədbirlərinin apofeozu oldu. Kino bayramına Moskva və Leninqraddan, müttəffiq respublikalardan çoxlu qonaqlar dəvət olunmuşdu.

Rəsmi hissədən sonra, tənəffüs vaxtı Moskvadan gələn tanınmış kinematoqrafçıların nümayəndələri ilə Respublika Sarayının foyesində bizim hazırladığımız sərgiyə baxıb söhbət edərkən qonaqlardan biri heyranlığını gizlədə bilməyib Məmməd Qurbanova dedi: “Hə, bu günkü yubiley mərasimi iştirakçıların xatirindən uzun zaman silinməyəcəkdir. Əlbəttə, Heydər Əliyev kimi dövlət başçısı olan respublikada sənətin də, sənətkarın da qədr-qiyməti bilinər.”

Məmməd müəllim cavabında dedi: “Tamamilə doğrudur. Dövlətimizin başçısı bizimlə görüşü zamanı kinomuzun tarixi ilə bağlı tədqiqat işlərini davam etdirməyi biz kino işçiləri, bu sahədə çalışan alimlərimiz, mütəxəssislər qarşısında bir vəzifə kimi qoydu. Onu da dedi ki, bir vaxt gələcək, Azərbaycan kinosunun yaranma tarixi ilə bağlı yeni-yeni faktlar tapılıb üzə çıxarılacaq.”

...İndi həmin tarixi hadisədən neçə onillər keçib. Buna baxmayaraq ümummilli liderimiz Heydər Əliyevin xeyir-duası və rəhbərliyi altında keçirilmiş milli kinomuzun 60 illik yubileyini Azərbaycan kino işçiləri bu gün də xoş təəssüratlarla xatırlayırlar. Eyni zamanda dövlət başçısının uzaqgörənliklə dediyi sözlər də bu gün artıq gerçəkləşib. Amma kino tariximizi sübuta yetirmək üçün xeyli vaxt sərf etməli oldum.

Yubileylə bağlı C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının texniki bazasını möhkəmləndirmək məqsədilə böyük məbləğdə vəsait ayrıldı. Kino işçilərininn böyük dəstəsinə fəxri adlar verildi, bir çox kinematoqrafçının mənzil şəraiti yaxşılaşdırıldı.

 

“Bir cənub şəhərində” filminin taleyi

 

Bir neçə il bundan əvvəl Azərbaycan kinematoqrafiyasının tanınmış nümayəndəsi, xalq artisti, kinorejissor Eldar Quliyev barəsində ata sözü eşitmək üçün sevimli bəstəkarımız, xalq artisti Tofiq Quliyevə müraciət etdim. O, əvvəlcə söz deməyə tərəddüd etdi və dedi: “Ata üçün öz övladı haqqında söz demək çətindir, çünki eşidən fikirləşəcək ki, valideyinin qaydasıdır övladını tərifləmək”.

Sonra dönə-dönə təkid etdiyimi və onun Eldarla bağlı deyəcəyi sözlərin mənim üçün çox vacib olduğunu görüb razılıq verdi. Xeyli söhbət etdik.

E.Quliyevin ilk filmindən söhbət düşəndə Tofiq müəllim dedi: “Moskvada kino institutunu bitirib Bakıya qayıtdıqdan sonra mənə dedi ki, R.İbrahimbəyovun “9-cu Xrebtovıda” hekayəsini oxuyub, çox xoşuna gəlib, onu ekranlaşdırmaq istəyir. Bu əsəri mən də oxumuşdum. Bizim həyatımız haqqında əsl həqiqətləri olduğu kimi təcəssüm etdirən çox cəsarətli əsər idi.

Mən onu fikrindən daşındırmağa çalışıb dedim ki, institutu təzəcə qurtarmısan, belə kəskin mövzulu əsərə müraciət etmək sənin üçün tezdir. Cavansan, başqa mövzu seç, sənin üçün çətin olar. O, fikrindən dönmədi. “Bir cənub şəhərində” filmini çəkdi. Film o vaxt birmənalı qarşılanmadı. Amma sənət əsəri kimi çox güclü idi”.

Bu film həm rejissorun, həm də ssenaristin kinoda ilk böyük işi oldu. E.Quliyev filmi özünün vaxtilə yaşadığı, hər qarışına və ab-havasına bələd olduğu adamlar arasında çəkmişdir. O zamanlar onlar çox cavan idilər, həyatı sevərək yaşayır, çətinliklər barədə heç fikirləşmirdilər də.

Rejissor Eldar Quliyev “Bir cənub şəhərində” filmi ilə əlaqədar ortaya çıxan problemlərdən danışarkən demişdir: “1969-cu il. Həmin illərin respublika rəhbərliyi və Moskvadan gəlmiş “kino rəisləri”nin baxışından sonra “Bir cənub şəhərində” adlı ilk tammetrajlı filmimi uzaq rəflərdən birinə qoydular. Çünki onlara elə gəlirdi ki, filmin yaradıcıları sovet gerçəkliyinə qara yaxır, sovet vətəndaşlarına şər atır, geridə qalmış adət-ənənələrinə həsəd aparılır və sair. Və günəşli yaz günlərinin birində məni studiya rəhbərliyinin otağına dəvət edib dedilər ki, axşam bir general filmə baxmağa gələcək. Odur ki, mən zalı və filmi baxışa hazırlamalıyam. “Bu film hərbçi adamı nəyi ilə maraqlandıra bilərdi?” sualıma heç kəs dəqiq cavab verə bilmədi.

Təyin olunmuş vaxta on beş dəqiqə qalmış studiyaya atam – Tofiq Quliyev gəldi. Bu, məndən ötrü gözlənilməz oldu. Daha çox ona təəccübləndim ki, baxış haqqında atam haradan xəbər tutub. Mənim lal sualıma Tofiq müəllim cavab verdi ki, onu köhnə tanışı, respublikanın DTK-sının sədri Heydər Əliyev dəvət edib.

Axşam düşdü. Bir də gördük ki, studiyaya maşınlar daxil oldu və Heydər Əliyev bir neçə işçisinin müşayiəti ilə baxış zalına keçib atamla mehribanlıqla görüşəndən sonra, onun yanında əyləşib baxışı başlamağa icazə verdi. Tam sakitlikdə baxdığı film bitdi. Hamı rəhbərin rəyini gözləyirdi.

Kiçik pauzadan sonra səmimi gülümsəyib dedi: “Narahat olma, hər şey yaxşı olacaq. Amma çalış bu filmi milis rəhbərləri görməsinlər” (o vaxt danışırdılar ki, “Bir cənub şəhərində”ni görəndən sonra SSRİ daxili işlər naziri Şelokov hər hansı bir filmin ssenarisi ilə yaxından tanış olmadan çəkilişə köməklik göstərməyi milis işçilərinə qadağan edən daxili əmr verib). Sonra Heydər Əliyev Tofiq Quliyevi maşınına dəvət etdi və onlar getdilər...

Axşam atam mənə zəng edib dedi ki, yolda onlar film haqqında xeyli söhbətləşiblər və Heydər Əliyev mənə ən xoş arzularını çatdırmağı, həvəsdən düşməməyi və işimdə möhkəm olmağı xahiş edib. Həqiqətən də, respublikanın partiya rəhbəri seçiləndən az sonra Heydər Əliyev filmin ölkə ekranlarına çıxmasına nail oldu”.

Rejissor R.Ocaqovun çəkdiyi “İstintaq” filmi də yeni istiqamətli kino məhsullarından biri idi. Film başlayarkən titrdə yazılır: “1969-cu ilin avqustunda Azərbaycan KP MK plenumu keçirildi. Bundan sonra respublikada mənfi hallara qarşı kəskin mübarizə başlandı, filmdə mürəkkəb dövrdə bu mübarizənin bir epizodu haqqında danışılır.” Filmdə SSRİ-də mafiyanın mövcudluğu məsələsi cəsarətlə qaldırılmış, vətəndaşlıq borcu və şərəfi kimi ciddi sosial, mənəvi-etik problemlərə toxunulmuşdur.

Filmin ekranlaşdırıldığı dövrdə Azərbaycan KP MK-nın I katibi olmuş Heydər Əliyev sonralar həmin filmi xatırlayarkən demişdir: “Bu filmə bir neçə dəfə baxılmış və hər dəfə də narazılıq doğurmuşdur. Sonra mən ona kollektiv baxış təşkil etdim və həmkarlarımın hamısı bu fikirdə oldu ki, guya film respublikamızı nüfuzdan salır, rüsvay edir. Halbuki bu film respublikamızda mənim gördüyüm işin-korrupsiyaya qarşı apardığım mübarizənin bədii təcəssümü idi. Sağ olsunlar ki, onlar bu mövzuya girişmişdilər. Yeri gəlmişkən, mən o vaxt onlara dedim ki, bu mövzudan əl çəkməyin. Belə də etdilər. Film yaradılıb qurtardıqdan sonra əngəllər, qadağalar başladı, belə olduqda mən də tədbirlər gördüm və film böyük şöhrət qazandı.”

Sosial mövzuda çəkilmiş bu psixoloji dram 1980-cı ildə Düşənbədə keçirilən XIII Ümumittifaq kinofestivalında ən yaxşı bədii film kimi baş mükafat almış, 1981-ci ildə isə yaradıcı qrup SSRİ Dövlət mükafatına layiq görülmüşdü.

“Şəhərin yay günləri” pyesinin ekranlaşdırılması (“İmtahan” t/f.), Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin – partizan “Mixaylo”nun şəxsiyyətinin araşdırılıb üzə çıxarılması, onun haqqında əvvəlcə “Uzaq sahillərdə” əsərinin yazılması, sonra eyniadlı bədii filmin yaradılması ideyası da Heydər Əliyevə məxsusdur.

“Babək” filminin çəkilişi ilə bağlı yaradıcı qrupa maneçilik törədiləndə yenə işə H.Əliyev qarışdı, Moskvanın verdiyi 650 min rubldan əlavə, filmə respublika büdcəsindən 1 milyon rubl ayrıldı.

Heydər Əliyevin 2002-ci ildə verdiyi xüsusi sərəncamlara uyğun olaraq Hüseyn Cavidin həyatına həsr olunmuş “Cavid ömrü”, tariximizin qəhrəmanlıq səhifələrindən biri haqqında bəhs edən İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında “Hökmdarın taleyi” bədii filmləri ekran üzü gördü.

 

Milli kinomuza diqqət və qayğı

 

Ümumilli liderimiz istər Azərbaycanda, istərsə də Moskvada rəhbər vəzifələrdə çalışarkən C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının fəaliyyəti, maddi-texniki bazasının möhkəmləndirilməsi, burada istehsal olunan filmlər və kinematoqrafçılarımızın yaradıcılığı ilə daim maraqlanmış, yeri gəldikcə “Azərbaycanfilm”ə lazımi köməklik göstərmişdir. Ümummilli liderimiz Azərbaycanın müstəqilliyi dövründə hakimiyyətə gələndən sonra vəziyyətin çətin olmasına baxmayaraq kino işçiləri ilə görüşür, kino istehsalının prosesi ilə daim maraqlanırdı.

Azərbaycan müstəqillik əldə edəndən sonra ilk dövrdə ölkədə baş verən böhran, hökm sürən özbaşınalıq milli kinomuzdan da yan keçmədi. Kinostudiya ərazisinin və binalarının müxtəlif firma və təşkilatlara icarəyə verilməsi ilə bağlı çoxlu söz-söhbətlər gəzirdi. Vəziyyət son dərəcə acınacaqlı idi. Kinomuzun taleyi çoxlarını narahat edirdi. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının düşdüyü vəziyyət göz qabağında idi. Kinomuzun əvvəlki şöhrətini qaytarmaqdan ötrü köklü islahat və tədbirlərin həyata keçirilməsi vaxtı artıq çatmışdı. Bununla əlaqədar ölkə Prezidenti H.Əliyev kino ilə bağlı sərəncam verdi.

Kino Azərbaycan Mədəniyyət Nazirliyinin tabeçiliyinə verildi və həmin vaxta qədər kinostudiyanın 4,5 milyard manat (köhnə pulla) borcu var idi. Bu borclar aradan götürüldü. 1993-96-cı illərdə istehsala buraxılan və sonradan yarımçıq qalan bədii filmlər – “Yuxu”, “Güllələnmə təxirə salınır”, “Hacı Qara”, “Ovsunçu” çəkilib ekranlara çıxarıldı.

Kino Mədəniyyət Nazirliyinin tabeçiliyinə veriləndən sonra kinematoqrafiyanın fəaliyyəti yeni iş prinsiplərinə tabe etdirildi. Nazirliyin yeni yaradılmış kino işləri idarəsinin səyi səfərbər edildi. Beləliklə,Azərbaycan kinosu yenidən dirçəlməyə başladı.

Ümumilli liderimiz Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, ölkə başçısı, möhtərəm Prezident İlham Əliyev 2007-ci il fevralın 23-də “Azərbaycan kino sənətinin inkişaf etdirilməsi haqqında” və 2008-ci il avqustun 4-də “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı” haqqında imzaladığı Sərəncamlar tarixi əhəmiyyətli sənədlərdir. Azərbaycan kinematoqrafiyasının inkişafında mühüm rol oynayacaq bu Sərəncamlarda nəzərdə tutulmuş bir sıra vacib tədbirlər artıq həyata keçirilir.

Ümummilli lider Heydər Əliyevin vaxtilə dediyi “Milli kinomuzun sabahı bugünkündən də yaxşı olmalıdır. Bunun üçün əlimizdən nə gəlirsə etməliyik” tövsiyəsi bu gün artıq reallaşır. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə uzun illər Azərbaycan mədəniyyətinin inkişafında, elm və incəsənət xadimlərinin yaradıcılığının çiçəklənməsində əvəzsiz rol oynamışdır.

 

 

 Aydın Kazımzadə,

əməkdar incəsənət xadimi

 

Kaspi.-2013.-4-6 may.-S.22-23.