Xeyrəddin Qoca mövzusu və yaxud köhnə təqdimatla yeni tanışlıq 

 

Bu günlərdə yazıçı-publisist Xeyrəddin Qocanın yaradıcılığı və şərəfli ömür yoluna həsr olunmuş görkəmli qələm sahiblərinin, mədəniyyət və incəsənət xadimlərinin müxtəlif nəşrlərdə çap etdirdikləri yazıların toplandığı «Həyati proseslərin axarında» adlı kitab işıq üzü görüb. Yeni kitab münasibətilə Xeyrəddin müəllimi təbrik edir və kitabın ön söz yerinə şair-publisist Sərvaz Hüseynoğlunun yazısından fraqmentləri oxuculara təqdim edirik.

Çağdaş Türk poeziyasının görkəmli simalarından biri olan Əbdürrahim Karakoçun fikridir ki, hər kitabın əvvəlinə bir ön söz yazmaq artıq bir ənənə şəklini alıb: «Sanki ön söz yazılmasa kitab çılpaq görünə bilər…»

İndiyədək dəyərli qələm dostum Xeyrəddin Qocanın heç bir kitabına ön söz yazılmayıb. Ədibin bənzərsiz şəxsiyyətindən və yaradıcılığından bəhs edən bu topluya daxil edilən hər bir yazı əslində mükəmməl, müstəqil ön söz qismindədir. Sanki hər yazı Xeyrəddin müəllimin sadədən-sadə, bəzək-düzəksiz mətləblərinə pərdə tutur… təbii ki, bu, qəflət pərdəsi deyil, daha çox, araya pünhan bir ruhdaşlıq körpüsü salan pərdədir.

Xeyrəddin Qoca obrazı mənim üçün sözsüz şəkil, şərhsiz yazı kimidir. Bu əziz imzanın arxasında dayanan şəxsi göz önünə gətirsək, əlbəəl adamın ruhunu, düşüncəsini tam bir şəffaflıq aurası qapsayır – bütün səmimiyyəti təbiiliyi ilə bir arada. O, heç bir halda fərman imzalamır, əmr vermir… Sadəcə, problemi nişan verir, diqqəti yönəldir, düşünməyə vadar edir. Onun yazdıqları düşünə bilənlərin dünyasına daha yaxın, iç-içədi.

Xeyrəddin Qocanın dəyərli yaradıcılığı və bənzərsiz şəxsiyyəti haqqında ulu öndər Heydər Əliyev də daxil olmaqla, mənim özümün də böyük sayğı bəslədiyim xalq yazıçıları Anar, Elçin, xalq şairləri Fikrət Qoca, Sabir Rüstəmxanlı, akademik İsa Həbibbəyli, professorlar Pənah Xəlilov, Nizami Cəfərov və başqaları çox səmimi, ürəkdən gələn fikirlər söyləyiblər. Həmin fikirlərə təqdim olunan bu unikal topluda yer ayrılıb. Eyni zamanda bu yazılanlar elə səmimi, obyektiv və işıqlıdır ki, əlavə şərhə, izaha ehtiyac yoxdur. Yəni, xüsusi ön söz yazmağa da ehtiyac qalmır. Sadəcə, uzun illər mətbuat sahəsində çalışan insan kimi bir dəqiq müşahidəmi əlavə etmək istəyirəm ki, redaksiyaya ünvanladığı hər hansı bir yazı üzərində nanə yarpağı kimi əsən, aqibəti ilə maraqlanan və son çap mərhələsinə qədər nigarançılığını gizlətməyən üç-dörd yazı-pozu əhli tanıyıram ki, onlardan biri məhz Xeyrəddin Qocadır. Sona, çap olunana qədər bədii mətndəki ən adi sözün, mətləbin işlənmə yerini, məna tutumunu götür-qoy etmək, onu təzələmək, dəqiqləşdirmək imkanını əldən verməmək onun sənət qarşısındakı məsuliyyət, oxucuya, cəmiyyətə olan ehtiram duyğusundan qaynaqlanır.

Təqdim olunan toplu təkcə bir yazıçının ömür və sənət yoluna həmkarlarının münasibətini özündə ehtiva etmir, buradan Azərbaycan, eləcə də Türk dünyası ziyalılığının, görkəmli fikir adamlarının cəmiyyətə, ədəbi mühitə baxışlarının tam çevrəsi öz əksini tapır. Topluda Xeyrəddin Qoca obrazı bir fon kimidir. Bu fonun kölgəsində cəmiyyətdə baş verənlərə vətəndaş münasibəti bildirmək şansı dayanır. Şans verilir ki, düşündüyün kimi yazmaq, gördüyün kimi göstərmək olar. Şans verilir ki, olduğun kimi görünmək mümkündür və bu, çox zəruridir. Ən əsası, bu maraqlı toplu belə bir vacib qənaəti qəti şəkildə ortaya qoyur ki, Xeyrəddin Qocanı oxuyub, onun yanında olub qorxaq, müti böyümək mümkün deyil. Necə ki, C.Məmmədquluzadənin, Ə.Haqverdiyevin, M.Ə.Sabirin yanında olub, onları oxuyub qorxaq, müti böyümək mümkün deyildi…

 

 

Sərvaz HÜSEYNOĞLU

 

Kaspi.-2013.-4-6 may.-S.20.