Tənqidçi şöhrət
paylamır
İradə Musayeva: «Ədəbiyyat
ilahi və ülvi münasibət istəyir. Medallar,
qonaqlıqlar, badələr, tərif və təltiflər
yox...»
İradə
Əyyub qızı Musayeva Ağdam şəhərində
anadan olub. BDU-nun filologiya fakültəsini
bitirib. 2001-ci ildə
“Vaqif Səmədoğlunun
yaradıcılığı” mövzusunda namizədlik dissertasiyasını müdafiə
edib. Xeyli sayda monoqrafiya,
ədəbiyyatşünaslığın
və müasir ədəbi prosesin həlli vacib problemlərini araşdırıb,
elmi məqalələrin
və tədris metodik vəsaitlərin, proqramların müəllifidir.
2002-ci ildə Aydın
Məmmədov adına ədəbi tənqid mükafatına layiq görülüb. Bakı Qızlar Universitetinin tədris işləri üzrə prorektor vəzifəsində çalışır.
Ailəlidir, iki övladı
var.
– Tənqidi məqalələrinizdə daha
çox gənclərin
yaradıcılığına üstünlük verməyiniz
hansısa boşluğu
doldurmaqdı yoxsa?
-Ümumiyyətlə, bugünkü
gündə məni ən çox kədərləndirən gəncliyimizdir.
Təkcə, ədəbiyyatda
deyil, bütün sahələrdə potensialını
reallaşdırmaq imkanlarından
məhrum olan zəif, heysiz, hərəkətsiz, "əsgərlik
təhlükələri", ac qalmaq qorxusu və iş axtarmaq məşəqqəti
ilə yaşayan gəncliyimiz! Üstəlik
də hər addımda "bu indiki cavanlar" – istehzası ilə kompleksə saldığımız
gəncliyimiz...
Ədəbiyyatımızda isə gənclərimiz nə qədər özünü sərbəst,
azad göstərmək
istəsə də, sən də bilirsən ki, necə "azad"dırlar. Himayədə,
ünvanlı qayğı
altında istədiyin
məsələdən istədiyin
şəkildə danışa
bilmirsənsə necə
azad ola
bilərsən? Məlum qruplar,
qurumlar, ocaqlar, yığıncaqlar, mübahisələr,
qarşıdurmalar da hələ arzuladığımız
ədəbi qüvvəni
yetişdirə bilməyib.
Çünki əlində
süngü və bayraq mübarizə apardığını zənn
edən və qalibiyyət gözləyən
bu insanların böyük bir qəfəsə yerləşdirildiyini
görməmək mümkün
deyil...
Qaldı
mənim gənclərin
yaradıcılığına üstünlük verməyimə...
Aydındır ki, bütün
dövrlərdə, bütün
cəmiyyətlərdə və
bütün ədəbiyyatlarda
inkişaf və yenilik gənclərin vasitəsilə mümkün
olub. Bizim ədəbiyyatda gəncləri ona görə daha çox təqdir edirəm ki, sovet qocalarına nisbətən daha təvazökar, anlayışlı,
intellektual və tənqidə dözümlüdürlər.
Tənqidə dözümlü o mənada ki, obyektiv sözə reaksiyaları normal olur.
Bir də tənqidin bəzi nümayəndələri ədəbiyyatda
belə demək mümkündürsə, "yayxanıb
oturmuş", "kefi
kök" yazarlarla, sözə inanıb yalnız sözdən yapışan gənclər
arasında ayrıseçkilik
salmağını qəbul
edə bilmirəm. İstedadlı
gənclərimiz çoxdur,
ancaq onların bəxti elə gətirib ki, qələm təkcə böyük sözə yox, həm də
çörəyə xidmət
etmiş olur – köşə yazıları,
publisistika, tərcümələr,
əlavə işlər...
– Bugünkü ədəbi gənclik ümumi ədəbiyyatın
fonunda hansı tendensiyanı formalaşdırır?
-Bugünkü ədəbi
gəncliyin konkret hansısa tendensiya naminə yazıb-yaratdığını
deməkdə çətinlik
çəkirəm. Yaxşı
odur ki, dünya ədəbiyyatına
bələdlik, axtarışlar
var. Müsbət mənada
inkarçılıq, etiraz,
iddia... Pis mənada isə təqlid – dünya ədəbiyyatını yamsılama
halları çoxdur:
süjet, obrazlar, ifadə tərzi, hətta, hadisə və macəra eyniyyətləri...
Lakin, təbii
ki, gənclər ədəbiyyatın sübh
səsidir, təzə,
təravətli, yeniliklə
dolu bir səs. Hərdən səbirlə bu
səsə qulaq asmaq və reaksiya
vermək lazım olur. Onda onların məsuliyyəti
artır və daha ciddi yazılara
imza atmalı olurlar.
– Müasir yazıların tənqidə
dözümsüzlüyü əsərlərindən arxayın
olmamaqları ilə bağlıdı, yoxsa ruhi vəziyyətləri ilə?
- Azərbaycan ədəbiyyatında
tənqidə dözümsüzlük
təkcə müasir
yazarlara aid deyil. Keçən əsrdə də
belə olub. Bunun da səbəbi aydındır. Sovet dövründə
tənqidçini ideoloji
şöbələr yetişdirirdi.
Tənqidçilər "ədəbi"dən daha çox "ictimai-siyasi" nəzəriyyələrlə
silahlanırdılar və
ideoloji diktə onu yazıçı ilə düşmən edirdi. Məsələn, Sabir Əhmədli
kimi istedadlı və orijinal bir yazıçını
tənqidçilər, sözün
həqiqi mənasında,
yandırıb tökmüşdülər.
Sabir Əhmədli onun haqqında yazılan bütün tənqidlərə
qarşı etinasız
idi. Bu artıq tənqidə dözümsüzlük
yox, qəddarlığa
və riyakarlığa
qarşı etiraz idi... İndi də bəzi
hallarda bu cür yanaşma təkrarlanır. İndi
Mərkəzi Komitə
olmasa da təmənna, özünü
göstərmə və
s. prinsiplər tənqidi
hörmətdən salır.
Ancaq hal-hazırda təmənnalı təriflərdən
belə demək mümkünsə, keflənən
yazıçılar (Sorokin demiş "şişirdilmiş
fiqurlar") da var ki, əsəri
haqqında obyektiv tənqidə tab gətirə
bilmir və guya saymazyana, kəskin ifadələrlə
("Azərbaycanda tənqid
yoxdur", "Mən
elə tənqidçi
tanımıram", "Tənqidçilərin
qandığı bir şey yoxdur" və s.) tənqidə laqeyd olduğunu nümayiş etdirmək istəyir...
– Sizcə, əsərlərin az oxunması, kitabların müəlliflərə
az şöhrət gətirməsi, onların
tənqidçilərə qarşı umacağını
artırmır ki?
- Tənqidçi şöhrət
paylamır. Amma yazıçının cəmiyyətə təqdim
olunmasında birbaşa
iştirak edir. Oxucu ilə yazıçı arasında ədəbi-intellektual
əlaqəni formalaşdırır
və yazıçım
auditoriyasını, kontingentini
maarifləndirir, onun ədəbi-estetik zövqünü
yönləndirir. Əsas məsələdə
bu yönləndirmədir.
Əgər mən oxucunu ədəbi meyarlara yox, şəxsi münasibətlərə
söykənib hansısa
bir kitabın üstünə göndərəcəmsə,
həm tənqidə,
həm ədəbiyyata,
həm də oxucuya xəyanət etmiş oluram...
– Sizcə, hansı cəhətlər
Azərbaycan ədəbiyyatını natamamlıq kompleksinə
sürükləyir?
- Azərbaycan
ədəbiyyatı Azərbaycan xalqının və cəmiyyətinin
ədəbiyyatıdır. Bugünkü Azərbaycan ədəbiyyatını
yaradan, oxuyan, onun baş qəhrəmanı, prototipi kimdir?
Bazar iqtisadiyyatı adlı formasiyada həyatını bazar
meyarları ilə quran azərbaycanlı. Ədəbiyyatı
maddidən yuxarıda (bazardan kənar) ruhi-mənəvi aləm
olduğunu dərk etmədən və bu ali məqam
üçün fədakarlıq göstərmədən onu
inkişaf etdirmək olmaz. Ədəbiyyat, əslində elə
bir ekoloji sahədir ki, yanaşmamızdakı zəhərli və
zərərli tullantılar (yerlibazlıq, dostbazlıq, nəfsgirlik)
orada heç nəyin cücərib böyüməsinə
imkan verməyəcək. Ədəbiyyat ilahi və ülvi
münasibət istəyir. Medallar, qonaqlıqlar, badələr,
tərif və təltiflər yox...
– Tənqidçi kimi millilik deyəndə
nəyi nəzərdə tutursunuz?
- Məncə,
ədəbiyyat bəşəri olmalıdır. Millilik də
yerlibazlıq kimi bir şeydir...
– Son dövrlər Azərbaycan ədəbiyyatında
bəyəndiyiniz əsərlər hansılardı və
hansı məziyyətlərinə görə sizi qane edir?
-
Şərif Ağayarın “Haramı”, Nərmin Kamalın
“Aç mənəm”, Kərmaət
Böyükçölün “Çöl” və s. bu əsərlərdə
sənətkarlıq və istedad var, ən azı mütaliə
prosesində həm düşünürsən, həm də
zövq alırsan. Düşüncə və bədii-estetik
zövq üst-üstə düşür, eyni zamanda klassik
ifadə tərzində modern baxışlarını ifadə
edə biliblər.
– Müasir əsərlərdə
“zamansızlıq” anlayışı barədə nə deyə
bilərsiniz?
–
Zamansızlıq həyatımızda da müşahidə
olunur, sanki hər şey təkrardır, ancaq, əslində,
bizim bu darıxdırıcı
zamansızlığımızı ədəbiyyat bizə
unutdurmalıdır. Axı yazıçıların məlum
ifadə ilə desək “xüsusi antena”sı olur və yəqin
ki, həmin intuisiya ilə öz əsərlərində bizi
vakuumdan çıxarmalıdırlar.
Fərid Hüseyn
Kaspi.-2013.-4-6 may.-S.17.