Müasir ədəbiyyat

 

İyirmi dörd yaşın hekayyəti və şeiryyəti 

 

 Vaqif Yusifli

 

Fərid Hüseyn – gənc şair və publisist, keçən il başı qovğalar çəkən bu oğlanın iyirmi dörd yaşı var. Bu gün sənət aləmində, xüsusilə şairlərin və onların şeir kitablarının ədədi, şeirlərin isə həndəsi silsilə ilə çoxaldığı bir zamanda Fərid Hüseyn kimi istedadlı cavanların bu çoxluq maneəsinə qarşı mübarizə aparmasına heç bir ehtiyac duyulmur. Səbəb odur ki, Fərid Hüseyn elə ilk şeirlərindən kim olduğunu, ədəbiyyata həvəs və xüsusi məqsəd naminə deyil, özünü ifadə etmək üçün gəldiyini və elə ilk yazılarında SƏS, NƏFƏS deyilən poetik bir avaz yaratdığını sübut eləməyə can atdı. «Əlifba sırası» ilk şeirlər kitabı işıq üzü görəndə Fəridin iyirmi yaşı təzə tamam olmuşdu. Təbii ki, iyirmi yaşın, cavan və tələbə bir sevdalının şeirlərinə hamı «təcrübəsizlik» diaqnozu ilə qiymət verməyə çalışacaq. Amma belə olmadı. Mən vaxtilə bu yaşda olan Aqşinin və Qismətin şeirlərinə heyrətimi gizlədə bilməmişdim və deyim ki, Fərid bu mənada məni az-çox heyrətləndirə bilən üçüncü şair oldu.

Məsələ burasındadır ki, bu gün şeir yazmaq onu çap elətdirməkdən daha asan imiş. Baxın, Azərbaycanda nəşr olunan əksər qəzet və jurnallar (təbii ki, ədəbi orqanlar ön cərgədə olmaqla) şeir istehsal eləməklə məşğuldurlar. Əlbəttə, bu nümunələr içində az da olsa əsl şeir nümunələri də var, bunu inkar etmək olmaz. Amma əksəriyyəti zəif və ortabab nəzmiyyatdan ibarət olan «şeirlər» zövqləri «tərbiyə etməklə» («korlamaqla» demirəm, çünki o jür zay məhsulların da elə zay oxucuları az deyil) məşğuldur. Get-gedə hər şey aydınlaşmağa doğru gedir: oxucular arasında iki bir-birinə müxalif meyl yaranır. Əsl, poetik ustalıqla yaradılmış şeirlərin oxucuları olsun ki, brak və inkubator məhsulları kimi bir-birinə oxşar «şeirlərin» oxucularından kəmiyyətcə azlıq təşkil etsin. Amma məsələ burasındadır ki, lap Füzuli zamanında, Sabir əyyamında olduğu kimi indi-XXI əsrin bu vurhavurunda da HƏQİQİ ŞEİR yazılır, oxunur və HƏQİQİ ŞAİRLƏR də tək-tək olsa da, böyük poeziya karvanına qoşulurlar. Fərid Hüseyn də şeirləri ilə bu HƏQİQİ əraziyə daxil olan istedadlı bir şairdir.

Fəridi müasir poeziyanın ən gənc qoluna mənsub yaşıdlarından nə ilə, hansı xüsusiyyətlərlə seçmək, fərqləndirmək olar? Tutaq ki, artıq ondan yeddi-səkkiz yaş böyük olan Aqşindən, ya da elə öz yaşında Qismətdən, Ayseldən, mənim az tanıdığım digər cavanlardan ayıran nədir? Axı, cavanlar ədəbiyyata (xüsusilə, poeziyaya) gələndə bir sıra hallarda bir-birlərinə oxşayırlar-onların şeirləri ritmikası, sintaksisi və deyim tərzi etibarilə bənzərlik anlamına uyğun gəlir. Təbii ki, sonralar hərə öz yolunu tapmağa çalışır və əksəri də tapır. Fərid Hüseyn başlanğıcda özü olmağa çalışdı və buna nail ola bildi.

Fəridin ilk kitabı olan «Əlifba sırası»nda «Məğlubiyyətin himni» adlı bir şeir var və mənim fikrimcə, bu şeirdə məğlubiyyətin ağrı-acıları açıqlanırsa, ümumilikdə Fəridin mikroqələbəsi kimi qiymətləndirilməlidir.

 

Evimizdə divar şəkilləri çoxaldıqca,

Qəbristanlıqda qəbirlərin sayı artır.

Füzuli də sinif otağında çərçivədədi.

Adamlar sağkən şəkil çəkdirirlər,

Amma öləndə daha çox lazım olur.

 

Bu gecə anlayıram ki,

İçimdə özüm boyda əclaf yaşayır,

Özüm boyda xeyirxah.

Amma bu gecə məni xeyirxahlığa,

yoxsa əclaflığa aparan adam gələcəkmi?

Bax, onu bilmirəm.

 

Bu şeirin səciyyəsini belə müəyyənləşdirmək olar ki, fikir tonu burada üstündür. Sərbəst ifadə tərzi müəllifin poetik üslubunun müəyyənedici cəhətidir. Fəridin demək olar ki, əksər sərbəst şeirlərində bir-birilə qafiyələnən sözlər tapmaq çətindir. Amma qəribə burasındadır ki, o şeirləri oxuyanda heç bu barədə fikirləşmirsən.

Deyə bilərəm ki, «Dözmək üçün məşq» kitabında Fərid Hüseyn «Əlifba sırası»na görə üstün görsənir. Bu da təbiidir. İyirmi dörd yaşlı Fərid iyirmi yaşlı Fəriddən poetik ağılca irəliji olmalıdır. Hiss olunur ki, Fərid birinci kitabla ikinci kitab arasındakı zaman məsafəsində marafonu yaxşı keçib. Bilmirəm, Fərid İstanbulda olubmu, olmayıbmı (mən olmamışam), amma onun «İstanbul» şeiri onun fərdi poetik düşüncəsi kimi çox orijinaldır və Fərid İstanbulla bağlı heç bir peyzaj mənzərəsi ya da ictimai-siyasi çalar yaratmadan İstanbulu poetik düşüncə obyektinə çevirir. Yaxud, «Nə çox sevgi şeirləri yazırsan?» deyənlərə cavab kimi yazılan bir şeir:

 

Deyirlər: «Nə çox sevgi şeirləri yazırsan?»

Sevgi şeirləri deyil bunlar,

cəhənnəm məktublarıdı.

 

Özümü İsanın qolundakı

mismar kimi hiss edirəm.

Mismar əzabı, ən ağır əzabdı,-

vuranın zülmüylə, vurulan ağrıyır.

 

Sevgi, Qoqolun «Portret»i kimidi:,

hərəyə bir cür bədbəxtlik gətirir.

 

Fəridin sevgi şeirlərini oxuyuram və doğrudan da bu şeirlərin standart və ənənəvi ölçülərdən, düşüncə tərzindən xeyli fərqləndiyinin şahidi oluram. Bu şeirlərdəki təzə və orijinal bənzətmə və metaforalar məni bu qənaətə gətirir ki, Fəridin poetik axtarışları yetərincə uğurludur. Məsələn, «Səhər yazdığım şeir»-burada doğrudan da sevgi hissiyyatının ən sehirli və həm də ən ağrılı məqamları poetikləşdirilir:

 

Mən ölsəm sən qərənfilsən, bilirəm.

Sağkən də qanıma yerikləyirsən,

su suya çatmaz deyə, axar ömrüncə,

sən mənə çatmazsan, ölüb gedərsən.

 

Ayaq ağrısına, baş ağrısına,

ürək ağrısına can bəsləyirəm.

yoxdu bircə adam qayğımı çəkə,

indi təkliyimi əzizləyirəm.

 

Gedirəm qüruba, son tikə günəşi

qoxlamaq üçün.

Dərdimi günəşə nağıl edəcəm,-

bəhanəm olacaq ağlamaq üçün.

 

Bu şeirdə poeziyamızın yaşarı ənənəsi ilə müasir, modern düşüncə tərzi birləşib. «İndi təkliyimi əzizləyirəm» misrasından altmış-yetmişinci illər poeziyamızdan əsən küləyin nəfəsini hiss edirsən. «Son tikə günəşi qoxlamaq» isə artıq metaforik düşünsə tərzinin ifadəsidir və modern şeirimizin axtarışlarından xəbər verir. Elə bilirəm ki, Fərid bu axtarış yolundan çəkinməyəcək. Onun İrandakı həbsxana xatirələrindən söz açan «…Qandalı görməsin» kitabına əlavə olunmuş "Həbsxana şeirləri» qismən də olsa, bu axtarışların səmtindən soraq verir. Fərid bu silsiləli şeirlərdə artıq özünü yazır və Nazim Hikmətlə, böyük türk şairi ilə doğmalaşır. Fərid öz zindan silsiləsi ilə böyük Nazimin ənənəsini davam etdirir. Təqlid yoxdu, ənənədən gələn güclü bir təsir var.

 

Gecələr bütün ağrılar yerbəyer olur bədənimdə,

gedə bilməməyim ayaqlarıma çökür.

Sevdiyim ürəyimə, göz yaşlarıma çökür anam,

Yumruğuma bükülüb ovcuma sığıram.

Bütün canımı gəzmişəm,

bədənimdə bircə unutmağa yer yoxdu.

Bədənim bir qadından qalmış xatirədi ancaq.

 

Fərid intellektual təbiətli gəncdir və onun Mişel Montendən, Frans Kafkadan, Alber Kamyudan, Milena Yesenskayadan, Orxan Pamukdan, Ahmed Altandan, Yılmaz Erdoğandan və s. müəlliflərdən etdiyi tərcümələr, postmodernizmlə bağlı elmi araşdırmaları da bunu sübut edir. Onun bir sıra şeirlərində müasir Qərb poeziyasından gələn təsirlər olmamış deyil, ancaq bunlar cüzidir, bəlkə heç gözə görünmür. Fərid Hüseyn ənənəvi şeirimizlə modern şeirimizin vəhdətini əks etdirən şairlərimizdəndir və doğrudan da onun şeirlərində «modern şeir» adı altında əllaməçilik, hoqqabazlıq tapa bilməzsən. Bəlkə elə Xalq şairi Zəlimxan Yaqub bu vəhdəti duyduğu üçün Fərid Hüseynin şeirləri barədə məqalə yazıb. Yaxşıdır ki, Fərid Hüseyn müasir şeirimizin ənənədən gələn çalarlarını modern təfəkkür tərzinə uyğunlaşdıra bilir. Onun şeirlərində XXI əsrin fikir və düşüncə notları ilə qarşılaşırsan. XXI əsrin iyirmi yaşlı intellektualları anjaq bu sayaq fikirləşə bilərlər, -qənaətinə gəlirsən. Yeni dəblər, yeni zövqlər, yeniləşən həyatın, gerçəkliyin ritmləri bu şeirlərin mahiyyətinə çöküb.

Fərid XXI əsrin qloballaşma əsri olduğunu unutmur, amma biz onun şeirlərində qloballaşma «ətrini» yox, əsrin təzadlarını, faciəvi mənzərələrini izləyirik.

 

Romea və Cülyetta-xəncər və eşq.

Məcnun və zəncir yoxdu həyatda.

Ona görə adamlardan bezdikcə

kitablara yaxınlaşırıq.

 

Paytaxtda dilənən qadının

uzanmış qabarlı əlini itələdikcə

harın, boyalı barmaqlar.

İsaları özünə çəkdikcə çarmıxlar,

artacaq insan ölümləri.

Biz həmişə unuduruq ki, bizi döyüşə səsləyən, həm də

bizi ölümə aparandı.

 

Qırmızıya azadlıq deyibən,

qırmızıdakı qanı görmədikcə,

adamlar baş kəsəcəklər manatlara görə-

artacaq ölülərin ölümləri.

İnsanların sevgilərinin susuzluğundan

mərhəmətləri quruduqca

küçələrdə çoxalacaq küçə itləri.

Özünüzü qoruyun..

 

Hər bir şair şeirlərində özünün və özünə oxşarların obrazını yaradır. Bunu inkar eləmək olmaz və Fəridin şeirlərində də bir FƏRİD OBRAZI var. Bu obraz onun demək olar ki, əksər şeirlərində öz təcəssümünü tapır. Fərid deyəndə ki, «Məndən qəhrəman olmaz», biz bu şeiri oxuyur və şairin səmimi etiraflarını qəbul edirik. Məsələ burasındadır ki, XXI əsrdə (hələ ki, yaşadığımız bu rn üç ildə), qəhrəman olmaq əksərən xəyallarda gerçəkləşə bilər. Yəni QƏHRƏMAN TİPİ bu əsrdə çox müəmmalı bir məsələdir. Sözün birbaşa mənasında ya gərək Mübariz İbrahimov olasan, ya da heç bu barədə düşünməyəsən. Ancaq Fəridin qəhrəmanlıq barədə düşüncələri tamam fərqli bir düşüncə tərzini ifadə edir: «Xəstə dostuma xəstəliyinin adını deyə bilməyəndə, anladım ki, yumruğum qəzəbimin ifadəsi deyil. Məndən qəhrəman olmaz. Avtomobil yollarından, qatar relslərindən, havadakı təyyarələrdən umacağım yox, heç biri məni məndən apara bilməz, nə də səndən. İlk sevdiyim, ilk şeirimi, ümumən, həyatımdakı ilklər daim maraqlı, sonları düşünmək də istəmirəm. Məndən qəhrəman olmaz…Tüpürcəyini udanlar cəsarətsiz adamlardır, tüpürmək iyrənməkdən qurtulmaqdır. Həyatda iyrəndiklərimə tüpürə bilmədim bəzən, məndən qəhrəman olmaz».

Bütövlükdə Fərid Hüseynin şeirlərini «etiraf poeziyası» nümunələri kimi qiymətləndirmək olar. O, hər şeirində nəyisə etiraf edir. Bu etiraflar iyirmi dörd yaşlı Fərid Hüseynin həyatın, gerçəkliyin, modern dünyanın, XXI əsrin olayları ilə qovuşdurur.

Mən Fəridin heç də bütün şeirləri barədə belə səmimiyyətlə danışa bilmərəm. Etiraf edirəm ki, onun «Əlifba sırası» və «Dözmək üçün məşq» kitablarında onun yaxşı şeirləri ilə müqayisədə geriləyən şeirləri də diqqətdən yayınmır. Hər bir POEZİYA yaradan hairin içində bir filosof boylanır və şairin içindəki bu filosof onun şeirlərində müxtəlif pozalarda görünə bilər, ya da elə şairin öz fikirlərinə təkan verər. Yerində, yetərincə olanda şairlə həmin o filosof birləşir, amma filosof yeri gəldi-gəlmədi şairi üstələdi, şeirin məzmununu özünə doğru yönəldə bildi, o zaman şeirdən yox, nəzm halına salınan fəlsəfi fikirlərdən söz açmaq olar. Fərid Hüseyndə şairlə filosofun birləşdiyi məqamlar daha çoxdu, amma əksinə də görünüş var. Qoy bir-iki şeirinin adını çəkim: «Nigaran qalmayın», «Könül üçün təsəlli».

Fərid Hüseyn bədii təsvir vasitələri və obrazlarla işləməyi, onları şeirə gətirməyi bacarır və buna görə də, bu axtarışlarını davam etdirməyi arzulayaq. İnandırıcıdır onun təşbeh və metaforaları. Baxın: «Bəzən bizim min dürlü sirr saydığımız həyat, Dezdemonanın yaylığı kimi bir şeydi: əvvəli hədiyyə, sonu fəlakət». Bu tipli misalların sayını xeyli miqdarda artırmaq olar.

Mən özümdən qırx bir yaş cavan olan bir şairin şeirləri barədə söz açdım. Hiss etdim ki, Fərid Hüseyn kimi istedadlı cavanlar ədəbiyyatımızın həm bu günü, həm də sabahıdı. Daha doğrusu, bu günü sabaha daşıyan şairlərindən biridir. Uğurlar olsun,-deyirəm.

 

 

 Kaspi.-2013.-4-6 may.-S.15.