Sponsorum sənətim olub

  

Roza Cəlilova: “O, rəqslər bizimlə getdi, geri qayıtmaz artıq”...

 

Müsahibim Azərbaycanın rəqs tarixinə öz adını qızıl hərflərlə yazdıran xalq artisti Roza Cəlilovadır. Roza xanımın evində qonağı olduq. Evində qastrol səfərləri zamanı çəkdirdiyi şəkillərdən tablo yaradan rəqqasə o anları bizimlə bir daha xatırladı. Gənclik illərindəki rəqslərinin xatirələri ilə yaşayan Roza Cəlilova bu gündən danışdı, bizimlə söhbətində ara mahnılarının musiqilərinə oynanılan rəqslərdən razı qalmadığını ümumiyyətlə, yerli televiziya proqramlarında ifa olunan rəqsləri professional hesab etmədiyini söylədi.

 

Məni qorumağa çalışırdılar

 

- 84 illik ömrünüzün 60 ilini bu sənətə həsr etmisiniz. Peşman deyilsiniz ki?

- Heç bir zaman rəqqasə olduğum üçün peşman olmamışam. Milli rəqsdən əvvəl balet rəqsi oynayırdım. O zaman 11 yaşım var idi. Balet rəqqasəsi olduğum zaman milli rəqslərimizə böyük marağım vardı. 9 il balet rəqsinin sirlərini öyrəndim. O vaxt balet rəqqasəsi olduğum üçün mənə təqaüd verirdilər ki, balet sənətini tərk etməyim. Həmin zamanlar Azərbaycanda cəmi 4 baletmeyster var idi. Məni qorumağa çalışırdılar. Ancaq hiss edirdilər ki, mən baleti tərk edəcəyəm. Ailəm isə baletmeyster olmağımı istəyirdi. Ailəmdən güclə icazə alıb, mahnı rəqs ansamblına gəldim. 46-cı ildən rəqs etməyə başlamışam. İki il balerina kimi fəaliyyət göstərdim. Ondan sonra 49-cu ildən Üzeyir bəyin yaratdığı ansamblda ömrümü Azərbaycanın milli rəqsinə həsr etdim. Milli rəqslərimizi xalqımız çox sevir.

Hər bir xalqın folkloru onun güzgüsüdür. Balet rəqsi dünyanın bütün ölkələrində var. Əgər biz də balet oynasaq, milli rəqslərimizi kim oynayacaq? Hər kəs təməlini məhz milli rəqsdən qoyduğu halda, mən balet məktəbini bitirib, orada yoğrulub gəlmişdim bu sənətə. Mənim yerimə kim olsa idi, baleti qoyub milli rəqsi seçməzdi. Sevinirəm ki, mənim zamanımda yaşayan tamaşaçılar məni görən zaman rəqslərimin ismini söyləyirlər. Bu, özü böyük nailiyyətdir. Hər rəqqasənin rəqsi yaddaşlarda qalmır. Əminə Dilbazi, mən və Bəsti Həmidovanın yaratdığı rəqslər hər zaman xalqın yaddaşında qalacaq. Balerina kimi fəaliyyət göstərdiyim zaman məni Berlinə göndərdilər. Azərbaycandan oraya 30 nəfərlik heyət gedəcəkdi. Ancaq son anda 30 nəfərin içərisindən hamını ələyib 5 nəfər göndərdilər. Bu 5 nəfərə mən, Həbib Bayramov, Mütəllib Novruzov, Azər Məmmədxan və Böyükağa Məmmədov daxil idi. Bu o demək idi ki, bizi çoxluğun içindən seçmişdilər.

- İndi rəqqasəliyə dırnaqarası bir sənət kimi baxırlar. Ancaq sizin yaşadığınız dövrdə rəqqasə sənəti daha hörmətli idi.

- Zəmanə dəyişməyib, insanlar və şərait dəyişib. Mən səhnədə rəqs edən zaman gözləyirdim ki, zaldakı tamaşaçılar çıxıb getsin ondan sonra səhnənin arxasından çıxıb evə gedim. Tamaşaçıların məni görməsini istəmirdim. Mən elə rəqqasə olmuşam. İstəyirdim ki, hər kəsin yaddaşında səhnədəki Roza kimi qalım. Heç zaman sənətimin qiymətini aşağı salmamışam. Ona görə bizi tamaşaçı sevdi. İndiki rəqqasələr kimi bütün günü toylara gedib insanların içərisində olmaqla sevilmirsən. Rəqqasə səhnəyə yaraşır. İndiki rəqqasələr açıq-saçıq şəkildə el məclislərində rəqs etməklə sevildiyini hesab edirlər. Onlar da ehtiyac üzündən toylara gedir və milli rəqslərimizdən uzaqlaşırlar. Rəqqasə gərək xalqın içində görsənməsin. O zaman heç televizorlar da yox idi, ancaq bizi hamı tanıyırdı. Deyiləsi çox söz var, ancaq…

 

Bacarırlarsa oynasınlar

 

- Azərbaycanda ilk dəfə hind rəqsini siz oynamısınız. Bu gün səhnədə hind rəqsi adı ilə oynanılan rəqslər sizi qane edirmi?

- 1957-ci ildə Həbəşistana getdim, orada məşhur bir hind rəqqasəsi səhnədə gözəl hind rəqsi ifa edirdi. O, səhnədə oynayarkən mən də gizli səhnənin arxasından ona baxırdım. Rəqsi bitəndən sonra mənim onu izlədiyimi gördü və dedi ki, hind rəqsini sənə öyrədəcəyəm və paltarlarını da, ayağındakı zəncirlərini də mənə verdi. Hind rəqsini ondan öyrəndim. Azərbaycan səhnəsinə hind rəqsini ilk mən gətirdim. İndiki hind rəqqasələrini oynayan rəqqasələr hind kasetlərinə baxıb hərəkətləri oradan götürürlər. Onlar rəqs hərəkətlərinin mənasını da anlamırlar, beyinlərinə gələn hərəkəti edirlər. Elə hesab edirlər ki, hind rəqsi oynayırlar. İndiki hind rəqqasələrin heç biri peşəkar deyil. 1965-ci ildə Cahangir Cahangirov mənə söylədi ki, çox istəyərdim, sən ərəb rəqsi də oynayasan. Ərəbistanın öz ansamblı və orkestri ilə ərəb rəqsi oynamışam. Ərəb rəqsini o zamanlar Ərəbistanın ən məşhur rəqqasəsi Samira adlı rəqqasədən öyrənmişəm. Samira bir ay ərzində mənə ərəb rəqsi öyrətdi. Ərəb rəqsini ifa edən zaman həyəcandan əsirdim. Deyirdim ki, birdən düzgün oynamaram. Zalda oturan hər kəs rəqsimə heyran olmuşdu. Ərəbistanın ifaçısı Cahangir müəllimə demişdi ki, Roza xanım 6 ay Ərəbistanda məşq etsə, oranın professional ərəb rəqqasəsi olar. Tamaşaçı haradan bilir ki, rəqqasənin oynadığı ərəb rəqsidir, ya hind? Rəqqasələr bacarırsa, mənim rəqsimi oynasınlar. Rəqsə ürək qoymaq lazımdır. Lirik rəqsləri ifa etmək çox çətindir. Onun üçün gərək insanın ürəyi olsun. Ərəb rəqsini indi hər kəs oynayır və indi o göbək rəqsi kimi təqdim olunur. Açıq-saçıq geyimlərlə rəqs etmək düzgün deyil.

- Rəqs geyimlərinizi necə əldə edirdiniz?

- Rəqs geyimlərimin hamısını özüm tikdirirdim. Hətta geyimimin biri də muzeydə saxlanılır. Əgər səhər efirdə rəqs edəcəkdimsə, gecəni yatmayıb oynayacağım paltara bəzək düzəldirdim. Köhnə paltarlarımın üstündə işləyib onu təzələyirdim. Bizim zamanımızda qonorarlar çox gec-gec verilirdi. Aldığım qonorara ancaq paltar alırdım. Mən heç zaman açıq-saçıq geyinməmişəm. Bir dəfə dizdən bir az aşağı səhnə geyimim olub. O rəqsdə fırlanma hissəsi çox olduğu üçün belə geyim lazım idi. Milli geyimlərimizin hamısı uzun olub. Bizim zərli, dəbdəbəli paltarlarımız yox idi. Əsl folklor geyimlərimiz vardı. Ərəb rəqsi oynayan zaman da ona tül bağlamışdım ki, bədənim görsənməsin. Əsl ərəb rəqsi açıq-saçıq geyimlə göstərilmir. Naimi Akefe adlı bir ərəb rəqqasəsi ilə tanış olmuşdum. O, ərəb rəqsi geyiminin üstündən qara tül geyinmişdi ki, ona heç kim toxunmasın. 45 dəqiqə səhnədə oriyental rəqsi etdi və insan o rəqsə baxanda heyran olurdu. Əsil oriyental o idi.

- İndi rəqs deyən zaman toydakı rəqqasələr gözümüzün qabağına gəlir...

- Bir müddət eşitdim ki, kiçik uşaqları aparıb toylarda oynadırlar. Ayıbdır axı. İndi kiçik rəqqasələrin belə başına tac qoyurlar. Bu, düzgün deyil. Tacı qoya bilirdi Qəmər Almaszadə. Yalnız məşhur və solist rəqqasələr tac qoya bilərdilər. Belə olmaz axı. Sənəti pula dəyişməzlər. Sənət özü pul gətirir. Ancaq pula görə sənəti ucuzlaşdırmaq lazım deyil. Bir ara eşitdim ki, bəzi analar övladlarını xarici rəqslərə qoymaq istəyirlər. Heç bir xarici rəqsi Azərbaycan rəqsinə dəyişmərəm.

 

Nə villam, nə də bağım var

 

- Bu gün səhnədə professional rəqqasə olaraq kimi görürsünüz?

- Sənətdə bu gün özüm kimi bir rəqqasə görmək istəyirəm.

- Necə rəqqasə?

- Azərbaycan mili rəqsini sevən və çox istedadlı rəqqasə. Xalq rəqsini mənim çatdırdığım kimi çatdıra bilən rəqqasə görmək istəyirəm. Oğlumun qızını baletə qoymuşam, o, baletdə yaxşı yoğrulub, gözəl rəqslər edəcək. Ona ümidim çox böyükdür. Səhnə üçün bacarıq lazımdır. İndi zövqlər dəyişib. Yad musiqilər, yad rəqslər bütün gündəmi zəbt edib. Hər şadlıq evinin özünün rəqqasəsi olmalıdır. Bir rəqqasənin 10 dəqiqə burda oynayıb, 10 dəqiqə başqa şadlıq evində oynaması düzgün prinsip deyil. 60 ildir sənətdəyəm, getmədiyim əcnəbi ölkə yoxdur. Ordenim, imperator qızıl medalım, bütün yüksək titulları, medalları almışam. Ancaq nə villam, nə də bağım var. Çünki mən sənətlə məşğul olmuşam. İndiki rəqqasələrimizin sponsorları var. Mənim sponsorum sənətim olub. Sənət rəqqasəni tamaşaçılara da sevdirəcək, ona pul da gətirəcək. Musiqilərimiz ən çox toylarda dəyişib. O zaman Səid Rüstəmov kimi bəstəkarlar xalqa yaxın musiqilər yazırdı. Cahangir mənə “İlk bahar”, “Zərif yerişli”, “İran poeması” kimi mahnılar yazıb. Onlar çox gözəl mahnılardır.

- İndi hamının başı şou-biznesə qarışıb. Milli rəqslər demək olar ki, unudulub.

- Mən şou-biznesi heç zaman qəbul etməmişəm. Rəqs indi pul olub. Təranə Muradova pul üçün səhnəyə gəlməyən rəqqasələrdəndir. Mənim rəqsimləTərəkəmə”, “Qaragöz”, Əminə Dilbazi iləVağzalı”, “Mirzəyi”, kimi rəqslər getdi artıq. Onlar geri qayıtmaz artıq.

- O rəqsləri necə geri qaytarmaq olar?

- Biz artıq qocalmışıq. Bəlkə bir əlli ildən sonra Əlibaba Abdullayev kimi insan dünyaya gələr hər şey yenidən bərpa olar. İndi o rəqsləri oynayan yoxdur. Həm o zaman televiziya video yox idi ki, indiki rəqqasələr bizim rəqslərimizə baxıb nəsə öyrənsinlər.

 

 

Xəyalə Rəis

 

Kaspi.-2013.-4-6 may.-S.12.