“Bu elə bir ağrıdır ki...”
21 ildir Şuşasız yaşayan
Teymur Məmmədov Şuşa
itkisini unuda bilm
Onlar
21 ildir ki, Şuşa adlı həsrətlə
yaşayırlar. 21 ildir ki, Şuşa dərdini gözlərində,
könüllərində yaşadır, bu ağrı ilə
nəfəs alırlar. Ancaq dərd nə qədər
böyük olsa da, sınmamağa, Şuşa adına
bacardıqları kimi iş görməyə, yaşamağa
çalışırlar. Sanki Şuşa itkisindən sonra təsəlli
duyduqları yeganə şey budur: körpəlikdən
doğma bala kimi alışdıqları sənət
ocağını – Şuşa Teatrını yaşadıblar
ki, hamının «qələbə üçün neyləmisən?»
sualına cavabları olsun. Yaşadırlar ki, bir gün
Şuşa torpağına üzüağ qayıda bilsinlər.
Sinəsinə min cür düşmən yarası dəyən
torpaq onları qəbul edə bilsin.
Vaxtilə
Şuşa Dövlət Musiqili Dram Teatrında
çalışmış, həmin teatrın
yaradıcılarından biri Teymur Məmmədov Şuşa
itkisindən, Şuşa Teatrının yaranmasından və
başına gələn faciələrdən kövrələrək
danışır:
-
1980-ci illərdə – respublikada pedaqoji kadrların
böyük sıxlığı yarandığı bir vaxtda
əvvəllər Şuşada Müəllimlər
Seminariyası, daha sonra Pedaqoji Texnikum kimi fəaliyyət
göstərən təhsil müəssisəsi öz ixtisas
yönümünü dəyişdi. Onu Mərkəzi Komitənin
və Nazirlər Kabinetinin qərarı ilə Şuşa Mədəni-Maarif
Texnikumu adlandırdılar. Texnikumda mədəni-maarif və
teatr yönümlü şöbələr yaradılmağa
başladı. Biz institutu qurtaran vaxtda bu texnikumda dərs deməkdən
ötrü Təhsil Nazirliyinə, İncəsənət
İnstitutuna müraciət olundu. Bu məsələdə də
söhbət gəlib mənim üstümdə
dayanırdı. O vaxt təyinatım birbaşa texnikuma
alınmadı. Belə söhbətlər getdi ki, biz kadrı
Mədəniyyət Nazirliyinin müəssisələri
üçün hazırlamışıq, onları Təhsil
Nazirliyinə verəndə bunun problemləri olur. Mən də
Ağdam Teatrına getdim. Artıq məni texnikumda
tanıyırdılar. Gedən gündən proqramların, təqvim
planlarının tutulmasında kömək etmək və
işi yola vermək, eyni zamanda, bu dərsləri saat hesabı
deməkdən ötrü məni dəvət etdilər. Təbii
ki, bu, çox maraqlı iş idi. Hərbi xidmətə
çağırışa 2 ay qalan müddətdə
texnikumda dərs deməyə başladım. O vaxt
Şuşada teatr rüşeymləri bütün Qafqaz
mühitini qabaqlamışdı. Şuşa texnikumunda aktyor və
rejissor sənəti, səhnə danışığı,
teatr tarixindən dərs demək şərəfi ilk dəfə
mənim taleyimə yazılıb. Hərbi xidmətdən
qayıdandan sonra həm Ağdamda, həm də Şuşada
işləmək çətin olduğundan taleyimi birdəfəlik
Şuşa mühiti ilə bağlayıb texnikumda dərs deməyə
başladım.
Yaddaqalan günlər
“Mən hərbi xidmətdən qayıdandan sonra artıq Yadigar Muradov Şuşada işə düzəlmişdi”- deyə T.Məmmədov xatırlayır. “Başqa yoldaşlarımız da vardı. Üzeyir bəyi, Cabbarı, Bülbülü, Xanı, Seyidi görmüş və onlarla həmsöhbət olmuş, Üzeyir bəyin sağlığında Şuşada yaradılan Dövlət Teatrının tamaşalarına baxan, hətta o teatrda aktyor kimi çalışan ağsaqqallardan da sağ qalanlar vardı. Biz Şuşada fəaliyyətə başladığımız dövrdə orda heç dram dərnəyi də yox idi. Teatr tamam unudulub sıradan çıxmışdı. Üzeyir bəyin ölümündən sonra və Şuşada təəssübkeş adamların sayının azalması sayəsində orda teatrı bağlamış və Xankəndində ermənilər üçün dövlət teatrı yaratmışdılar. Sadaladığımız böyük şəxsiyyətlərin doğulduğu torpaqda dövlət teatrının olmaması bizi qayğılandırırdı. Dram Teatrına gələn yol təbii ki, dərnəkdən başlamalı idi. 1985-ci il idi. Bu mədrəsədə Molla Pənah Vaqif dərs demişdi. İçərisi də qədim Şərq üslubuna uyğun bərpa olunmuşdu. Həmin tarixi binada yerli partiya və sovet orqanlarının rəhbərləri, başda görkəmli bəstəkar Süleyman Ələsgərov olmaqla Şuşa ziyalıları – Şuşa üçün canı yanan adamlar yığışıb çox qızğın və faydalı söhbət aparırdılar. Bütün sahələr üzrə nailiyyətləri qorumaqla bərabər Şuşanın keçmiş şöhrətini özünə qaytarmaq üçün yollar axtarılır, göstərişlər verilirdi. Biz də o məclisdə iştirak edirdik. Bizə də «siz teatr yarada bilərsinizmi?» - deyə müraciət olunanda çox cəsarətlə «artıq bu işə başlamışıq» - deyə bu adamların qarşısında söz verdik. Biz Şuşanın keçmiş teatr ənənələrini bərpa etməyə çalışırdıq.
Həm yerli həvəskarların,
həm də Şuşa texnikumunun
tələbələrinin köməyi ilə qolumuzu
çırmayıb işləməyə başladıq.
İşləmək bizə o qədər
ilham verirdi ki, yorulmaq bilmədən
çalışırdıq. Onun sayəsində
də hələ dram dərnəyi adlanan vaxtı Üzeyir
Hacıbəyovun «Əsli və Kərəm» operasını
hazırladıq. 1985-ci ildə Üzeyir bəyin
100 illiyi YUNESKO tərəfindən bütün dünyada qeyd olunurdu. Biz bu münasibətlə «Arşın mal alan» musiqili
komediyasına müraciət elədik. Əfsus ki, həmin tamaşadan ancaq bəzi şəkillərimiz qalıb. Şuşada konservatoriya təhsilli
çoxlu müəllim
çalışırdı. Onların köməyi ilə güclü bir orkestr yarandı. Süleyman
Ələsgərov gəlib orkestrin yaranma işinə nəzarət edirdi. Yadigar müəllim
hazırladığımız tamaşanın rejissoru
idi. Biz Üzeyir bəyin yubiley tədbirlərində
«Arşın mal alan»ı gətirib
Bakıda da oynadıq. Mən eyni zamanda, Şuşada
keçirilən Vaqif poeziya
bayramında, mahnı bayramlarında, Xarı bülbül
beynəlxalq folklor festivallarında tədbirlərin
yaradıcılarından biri və
aparıcısı olmuşam.
Cıdır düzündə görünməmiş,
canlı, səsli-küylü, yaddaqalan tədbirlərimiz
olardı.
Şuşada teatrın formalaşma prosesini biz həyata keçirdik. «Əsli və Kərəm», «Arşın mal alan»dan
sonra bir az da ürəkləndik
və quruluşca, ifaçılıq cəhətdən
çətinlikləri olan
əsərlərə müraciət
etməyə başladıq.
Bir az
zamanla səsləşsin
deyə Şıxali Qurbanovun Süleyman Ələsgərovla birgə
işlədikləri «Özümüz
bilərik» musiqili komediyasını hazırlamağa
başladıq. Həmin
vaxt Ağdam teatrının baş rejissoru Elxan Mikayılov Moskvada təhsilini başa vurduqdan sonra Şuşa teatrında
işləməyə gəldi.
Şuşa teatrı da
Eldar Baxışın
«Uzun Həsən» əsərini hazırlayırdı.
Hadisələr başlayırdı və biz sözümüzü
bu tamaşa ilə deməli idik.
Nazirlikdən, yaradıcı yerlərdən,
Bakıdan gələn
nümayəndələr baxıb
gördülər ki,
dram dərnəyinin əsasında
xalq teatrı yaratmaq olar. Bizim dərnəyə
Xalq Teatrı adı verdilər. Bundan ruhlanıb yeni tamaşalar hazırlamağa
başladıq.
Biz Şuşasız qaldıq
Qarabağ
hadisələri belə vüsət almasaydı, Şuşada
Dövlət Teatrı yaratmaq hələ də gündəmə
gəlməzdi. «Xankəndində Dövlət Teatrı var,
Şuşada nəyə lazımdır?» - deyənlər
vardı. Hələ bəziləri gündə bir qovluq
götürüb Bakıdan Şuşaya gəlirdi və
«Bakıda mədəni-maarif texnikumu var, Şuşada nəyə
lazımdır?» - deyirdilər. Ancaq gəlib burdakı vəziyyəti
– camaatın çalışqanlığını,
kadrların hazırlığını, buranın
abadlığını və s. görəndən sonra deməyə
sözləri qalmırdı. Az-az adamlar fikirləşirdi ki,
Şuşada texnikumun, teatrın, müəssisələrin
olması orda azərbaycanlı əhalinin sayının
çox olması deməkdir.
1991-ci
ildə Nazirlər Sovetinin qərarı ilə Şuşada
Dövlət Teatrı yaradılması məsələsi həll
olundu. Bu, teatrsevərləri çox sevindirirdi. Biz də
güllənin, mərminin yağışı altında
işlərimizi Dövlət Teatrının adına layiq
qurmağa çalışırdıq. O vaxtkı rəhbərlik
Yadigar müəllimlə məni dəvət edərək
«ikinizdən biriniz ixtisaslı kadr kimi teatra rəhbərlik etməlisiniz»
- dedi. Məsləhət oldu ki, Yadigar müəllim rəhbərlik
etsin. Onun namizədliyini də birinci müdafiə edən mən
oldum. Həm də məni işlədiyim texnikumdan
buraxmırdılar. Biz yenə əvvəlki
çalışqanlıqla işimizi davam etdirdik. 3-4 hazır
tamaşamız var idi. Ancaq erməni qırğınları
başlamışdı. Bu hadisələr Şuşa Dövlət
Teatrının açılışını qeyd etmək əhval-ruhiyyəsini
pozdu. Nəticədə 8 may 1992-ci
ildə Şuşanın işğalı bütün
qol-qanadımızı sındırdı. Biz
Şuşasız qaldıq. Ancaq yenə də o
qayğıkeş adamlar dönə-dönə
deyirdilər ki, Şuşa
adını hansı formada olursa-olsun yaşatmaq
lazımdır. 1993-cü ildə Gənc
Tamaşaçılar Teatrının keçmiş
direktoru Kamal Əzizov
kollektivimizin sözünü
deyən adamların xahişini nəzərə
aldı və biz bu
teatrın binasında yerləşdik. O gündən bu günə qədər sözümüzün
əvvəli də, axırı da
Şuşadır. Bizimçün dünyada ən böyük
şəhər də bəlkə Şuşadır. Bəlkə
də ən böyük teatr
elə Şuşa Teatrıdır. Bu teatrda kollektivin
çalışmağı doğrudan da fədakarlıqdır. Təbii ki, çox qolu-qanadı
qırılmış vəziyyətdə işləyirlər.
Bununla belə, bu teatrda tamaşaçılara Şuşa
adına layiq iş təqdim
etməyə çalışırlar. Teatrın kollektivi Hüseynbala Mirələmovun
«Güllələnmiş heykəllərin fəryadı» əsərini
səhnələşdirdi. “Nə qədər ki,
biz Qarabağımızı,
Şuşamızı düşmən işğalından azad etməmişik, bütün
mövsümlərin açılışını bu tamaşa ilə
başlayıb, onunla da
qurtaracağıq. O fəryadda hər şey
var” - deyə teatrın kollektivi
bildirir.
Qələbə üçün
neyləmisən?
“Əlbəttə,
qol-qanadımız qırılıb. Bu gün də
qırılır. Bu elə bir ağrıdır ki, ondan
yalnız «Ya Qarabağ, ya ölüm!» yolu ilə xilas olmaq
olar”- deyə T.Məmmədov davam edir. “Bu mexanizm məncə,
gec-tez işə düşməlidir. Mən adam
tanıyıram bir neçə oğlu əlillik adı ilə
dövlət büdcəsindən təqaüd alır. Nə
zamana qədər ki, analarımız oğullarına:
«Torpağımızı qaytarmasan, bala, südümü sənə
halal etmərəm», qızlarımız qardaşlarına:
«Torpağı qaytarmasan, üstümdə qardaşlıq
haqqın yoxdur», nişanlı qızlar: «Mən belə
oğlanlarla ailə qurmaram, namusumuz, qeyrətimiz düşmən
tapdağındadır» - deməyiblər,
torpaqlarımızı qaytara bilməyəcəyik. Onda
dünyanın heç bir neməti, var-dövləti, əmin-amanlığı
bizi qane edə bilməz. Düşmən mübarizəni
bizimlə bütün sahələrdə aparır. Bu gün
ekranlarımızda göstərilən xarici filmlər, musiqi,
seriallar hamısı bilərəkdən bizi məhv etməyə
yönəlmiş şeylərdir. Onlar mənəvi terror
edirlər. Həmişə məclislərə düşəndə
deyirəm ki, inşallah, vaxt gələcək, ermənilərin
yandırıb xaraba qoyduğu kəndləri, şəhərləri
göydə Allahın, yerdə insanların iradəsi ilə
qaytaracağıq. Hamının “qələbə
üçün neyləmisən» sualına cavabı
olmalıdır». Teymur Məmmədov əminliklə “Biz
Şuşamıza qayıdacağıq” deyir. Bu fikirlərə
hamının, Şuşasız illərin həsrəti ilə
yaşayan şuşalıların da inanmasını istəyir:
“Biz Azərbaycanın müstəqilliyinin atributları –
bayrağımız, gerbimiz, himnimizin müqəddəsliyindən
danışırıq. Ancaq müəllifinin doğulduğu,
böyüdüyü torpaq düşmən əlindədir.
Bu himn çalınanda ayağa durub bayrağımıza
baxmağa da qürurumuz imkan vermir. O bayraq Şuşa
qalasında dalğalanmalı, «Koroğlunun uvertürası»
Şuşada səslənməlidir. Heç olmasa torpaq öləndə
adamı qəbul eləsin...”
Təranə Məhərrəmova
Kaspi.-2013.-8 may.-S.9.