O gün həyatımda
dərin izlər qoydu…
90 yaşlı veteran İsmayıl
Qasımov Reyxstaq divarlarına öz adını
bıçaqla necə həkk etməsindən
danışır
Bu gün 9 may qələbə
bayramıdır. Düz
68 il bundan
öncə bu gün digər xalqlar kimi Azərbaycan
xalqının da tarixinə qələbə
günü kimi həkk olunub. Çünki, bəşər tarixinin ən dəhşətli müharibəsində
qələbənin əldə
olunmasında xalqımızın
böyük rolu olub. Bu zaman
həmyerlilərimiz 610 mindən
çox qızını
və oğlunu müharibəyə yola salıb və onların təxminən yarısı bu müharibədə həlak
olublar. Qanlı-qadalı
döyüşlərdə göstərdikləri igidliyə
görə respublikamızdan
hərbi xidmətə
çağırılmış 130-dan çox şəxs Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən
çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycanda təşkil olunmuş
diviziyalar Qafqazdan Berlinədək şanlı
döyüş yolu keçib, yüzlərlə
həmyerlimiz isə partizan dəstələrinin
tərkibində vuruşub.
Azərbaycanlı çağırışçı
və könüllülərdən
formalaşdırılmış 77-ci,
223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyalar döyüşlərdə
misilsiz igidlik və şücaət göstərərək, adlarını
tarixin səhifələrinə
qızıl hərflərlə
yazıblar.
"Vətəni
qorumağa kim
hazırdır?"
Bu müharibənin igidliyi
ilə seçilən
və adını tarixə yazdıran iştirakçılarından biri
də müsahibimiz İsmayıl Qasım oğlu Qasımovdur. Onun vətən
qarşısında aldığı
mükafatların sayı-hesabı
yoxdur. Müharibənin canlı şahidi
1923-cü ilin iyun ayının 10-da Gəncə
şəhərində anadan
olub və dəmiryol məktəbinin
10-cu sinfində oxuyarkən
könüllülər cərgəsinə
yazılıb. O, bizimlə
söhbətində geridə
qalan müharibə illərindən həyəcanla
danışırdı: "Məktəbdə digər
sinif yoldaşlarımla
birlikdə ədəbiyyat
dərsində idik. Dərs zamanı məktəbin direktoru ilə rayon hərbi komissarlığından bir
nəfər otağa daxil oldu və
bütün sinfə
"Vətəni qorumağa
kim hazırdır?"
sualını verdi. Sinifdə 4 oğlan və 28 qız var idi.
Oğlanların hamısı düşünmədən
ayağa qalxdı, qızlardan isə 2 nəfər bu şərəfli vəzifəni
yerinə yetirmək istədi. O gündən
etibarən hərbi komissarlıq tərəfindən
məni Gürcüstanın
Telavi şəhərinə
hərbi məktəbə
göndərdilər. 1942-ci
ilin iyun ayında hərbi məktəbi bitirdikdən
sonra 369-cu qvardiya atıcı diviziyasına
təyin etdilər.
Orada kəşfiyyat tağımının
komandiri oldum. İki aydan sonra bildirdilər
ki, Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri Mircəfər Bağırovdan
teleqram gəlib.
7 nəfər azərbaycanlını o cümlədən
də məni 77-ci diviziyaya göndərəcəklər.
Beləliklə, mən 197-ci tank əleyhinə əlahiddə
qırıcı artilleriya
diviziyonunda bölük
komandirinin müavini təyin olundum".
Veteranın keçdiyi döyüş
yolu
İllər keçməsinə baxmayaraq müharibə veteranı iştirak etdiyi döyüşlərin
hamısını bu gün kimi xatırlayır
və böyük fəxr hissi ilə danışırdı:
"Döyüşə İşçorskaya
şəhərindən başladıq
sonra Mazdoku azad etdik. Hansı ki,
Mazdok şəhəri
almanlar üçün
çox böyük əhəmiyyət kəsb
edirdi. Bununla yanaşı diviziyamızla
birlikdə döyüşlərdə
Proxladnı, Georgiyevski,
Minvodu azad edib Azov şəhərinə
qədər gəldik.
Mən
Azov döyüşlərinin birində ağır yaralandım, müalicə
olunandan sonra alaya geri döndüm
və Şimali Qafqaza qədər böyük bir döyüş yolu keçdim. Nikolayev, Xerson,
Kursk qövsü, Oryol
və Şərqi Prussiya döyüşlərində
iştirak etdim. Bu döyüşlərdə alman sualtı qayığını bütün
heyəti ilə əsir götürdük
və ikinci dərəcəli böyük
vətən müharibəsi
ordeninin o vaxt qazandım. Bundan sonra fəaliyyətimə
görə məni
257-ci bölüyə komandir
təyin etdilər.
Bu diviziya ilə
Dinepetrovskdan Keninskberqe,
Kalininiqrada qədər
böyük bir döyüş yolu keçdim. Sovet ordularına müqavimət
göstərməkdə çətinlik
çəkən hitlerçiler
geri çəkilməli
olurdular".
90 yaşlı veteranla
söhbətimizdən məlum
olur ki, o sovet ordusunda xidməti müddətində
hər birinin arxasında müharibənin
sərt qanunları və ölüm-dirim savaşı dayanan bir çox medallara layiq görülüb. Müsahibimiz Böyük Vətən
Müharibəsinin iki
birinci dərəcəli
ordeni, Böyük Vətən Müharibəsinin
ikinci dərəcəli
ordeni, şücaət
medalı və 37 digər medallarla təltif edilib.
Adını Reyxstaqa həkk
edən qəhrəman
Böyük Vətən Müharibəsi
1945-ci il mayın 9-da – Berlindəki
Reyxstaq binası üzərindən faşizm
bayrağının endirilməsi
və SSRİ-nin bayrağının sancılması
ilə başa çatıb. O gün haqqında fəxrlə danışan müsahibimiz
Reyxstaqın divarlarına
öz adını bıçaqla həkk etdiyini bildirdi: "Aprelin 29-da bizə əmr verildi ki, Berlindəki vəziyyəti aydınlaşdırıb,
məruzə edək.
Bu əmri yerinə
yetirmək üçün
xüsusi kəşfiyyat
qrupumuz alman hərbi forması geyinərək şəhərə
daxil oldu və iki əsirlə
geri qayıtdılar.
Bundan sonra bizim diviziyamız
şəhərə daxil
oldu və küçə döyüşləri
başlandı. Hitlerçilərin müqavimətini qıraraq
günbəgün faşist
Almaniyasının reyxstaqına
yaxınlaşırdıq. Mən Reyxstaqa gedən pilləkənlərlə yuxarı
qalxdım və 32-ci pillədə divara bıçaqla "Mən
Kirovabaddan İsmayıl
Qasımov" sözlərini
həkk etdim. Həmin günün axşamı Almaniyanın zəbt olunması rəsmi şəkildə elan edildi. 9 mayda
Lindenstaxsda (lipa ağacı altında küçə) 93 döyüşçümlə
yığışaraq qələbəmizi
qeyd etdik".
Qələbədən
sonra öz evinə, anasının yanına getdiyi günü
danışarkən kövrələn veteran həyəcanını
gizlədə bilmirdi: "Öz evimə geri dönərkən
qapımıza qeyri-əmin şəkildə
yaxınlaşdım, çünki, qapının arxasında
məni nə gözlədiyini bilmirdim. Özümü
toplayıb qapını döydüm və qapını anam
açdı. Məni görər-görməz isə illərlə
həsrətimi çəkən anamın ürəyi getdi və
yerə yıxıldı. Sən demə anam məni
ölü bilirmiş, mən müharibədə olarkən
bizim evə qara kağız adlandırılan “ölüm
kağızım” göndərilib. Anam gözünün
qarşısında məni canlı görəndə isə
çox həyəcanlanmışdı".
Veteranın arzusu...
Hər
il 9 mayda o günləri təkrar yaşadığını
bildirən müharibənin canlı şahidi ən
böyük arzusunun o dövrdə çiyin-çiyinə vuruşduğu
yoldaşları ilə birlikdə həmin yerləri yenidən
ziyarət etmək olduğunu bildirdi: "qələbə
günü o gündən etibarən mənim həyatımda
dərin izlər qoydu. Artıq qocalmışam bir gün hər
şeyi unutsam da əminəm ki, "eşitdiyim ilk silah səsi"
və "qələbə bayrağını Berlinə
sancdığımız gün" xatirəmdən silinməyəcək".
Böyük
Vətən Müharibəsinin hər bir
iştirakçısı haqqında kitab yazmaq olar.
Çünki, onlar əsl kişilik nümunəsi göstərərək
adlarını tarixə həkk ediblər. Bu dövrdə
babalarımızın, atalarımızın vuruşmaları
gələcək nəsillərin yaddaşına əbədi
həkk olunub. Biz onları yad edərkən qəhrəmanlar
haqqında ayaq üstündə danışmalı,
veteranlarımızı qorumalıyıq. Çünki onlar əsl
kişilik nümunəsi göstərərək vətənin
müdafiəsinə qalxıblar. Bütün Azərbaycan
xalqını və xüsusilə bu günün bayram edilməsinə
səbəbkar olan veteranları qələbə günü
münasibətilə təbrik edirik.
Aygün Cəfərli
Kaspi.-2013.-9 may .-S.9.