Londondakı Azərbaycan
Əli Təkin Atalar:
«Məqsədimiz Azərbaycan
adına daha çox iş görməkdir»
Londonda fəaliyyət göstərən
Azərbaycan Evi Mədəniyyət və
Dostluq Mərkəzi Böyük Britaniyada 5 il öncə
yaranıb. Bir qrup azərbaycanlı
ziyalı, gənc mütəxəssis və
tələbənin təşəbbüsü
ilə qurulan mərkəz qeyri siyasi fəaliyyət göstərməklə bərabər
maddi mənfəət
güdməyən bir
təşkilat kimi tanınır. Mərkəzin rəhbəri Əli Təkin Atalar təşkilatın fəaliyyətinin
əsas məqsədinin
Azərbaycanla Britaniya
arasında mədəni
və dostluq əlaqələrini möhkəmləndirmək,
Londondakı Azərbaycan
icmasına xidmət etməkdən ibarət olduğunu bildirib.
“Kaspi”nin müxbiri
Londonda olarkən Azərbaycan Evinə baş çəkib və mərkəzin fəaliyyəti ilə yaxından maraqlanıb.
Azərbaycanlıları birləşdirmək istəyi
- Londonda Azərbaycan
Evi hansı zərurətdən yarandı?
- Azərbaycan Evi Mədəniyyət və
Dostluq Mərkəzinin
rəsmi açılış
mərasimi 2008-ci il,
14 noyabr tarixində
London Hackney Bələdiyyəsi Spikeri Ian Rathbone, Azərbaycanın Britaniyadakı
səfiri Fəxrəddin
Qurbanov, Britaniya Parlamenti Lordlar Palatasının üzvü
cənab Fraserin iştirakı ilə həyata keçirilib. Təşkilat QHT kimi Londonda
qeydiyyatdan keçib.
Bu, mədəni və sosial diaspor təşkilatıdır.
Bizim heç bir kommersiya istiqamətimiz yoxdur. Sadəcə, burada yaşayan
azərbaycanlıları birləşdirməyə
çalışırıq. Biz bu fəaliyyətə
başlayanda burada demək olar ki, azərbaycanlı yox idi. 10 nəfər azərbaycanlı
tapa bilsəydik sevinərdik. İndi isə
buradakı azərbaycanlıların
sayı xeyli çoxdur. Vaxtilə burada yaşayan
azərbaycanlılar bir-birləri
ilə görüşmür,
bir-birlərindən xəbərsiz
yaşayırdılar. Biz istəyirdik ki,
onlar bir-birlərini tanısınlar, bir-birlərinə
kömək etsinlər.
İngiltərədə Azərbaycan səfirliyi
yaranandan sonra əlaqələr möhkəmlənməyə
başladı. Biz burada çox tədbirləri həyata keçiririk. 20 Yanvar, Xocalı faciəsi, Azərbaycan torpaqlarının işğal
olunduğu tarixləri
qeyd edir, ədəbi və musiqi gecələri təşkil edirik. Novruz bayramı ilə bağlı keçirdiyimiz
tədbirlər böyük
marağa səbəb
olur. Azərbaycanlı şair və
yazıçıların xatirə
günlərini də
mərkəzdə qeyd
edirik. İndi burada yaşayan
azərbaycanlılar bu
məkanı yaxşı
tanıyırlar. Londonda
təhsil alan
azərbaycanlı tələbələr
də bura tez-tez baş çəkirlər. Mərkəzə azərbaycanlılardan başqa
ingilislər və digər əcnəbi vətəndaşlar da gəlir. Biz Azərbaycan Evi olaraq İngiltərədəki
Azərbaycan səfirliyi
ilə bərabər çalışırıq. Səfir Fəxrəddin Qurbanov bütün tədbirlərimizdə
yaxından iştirak edir. Ancaq burada fəaliyyət
göstərən Türkiyə
səfirini dəvət
etsək də heç vaxt tədbirlərimizə qatılmır.
Baxmayaraq
ki, biz həmçinin
burada fəaliyyət göstərən türk
təşkilatları ilə
bərabər işləyir,
qarşılıqlı surətdə
bir-birimizə kömək
edirik.
Biz tədbirlərimizlə bağlı təbliğati
işlər də həyata keçiririk. Sosial şəbəkə
vasitəsilə tədbirlərimiz
haqqında məlumatlar
yayırıq. Bizim Cənubi
Azərbaycandan dostlarımız
da çoxdur. Ümumiyyətlə, burada
Cənubi Azərbaycandan
10 minə yaxın adam yaşayır.
Onların arasında işimizə köməklik
edənlər də
var. Keçən il burada Ququşun konsertini təşkil etdik. O, hər il
İngiltərəyə gəlir.
Burada azərbaycanlı musiqiçilərin
də konsertləri keçirilir. Azərbaycan-İngiltərə cəmiyyəti ilə
bərabər də işlərimiz olur. İyun ayında onlarla bərabər Bakıda tədbir həyata keçirəcəyik. Həmçinin səfirliklə bərabər
ümummilli lider Heydər Əliyevin yubileyini qeyd edəcəyik. Tədbirlərimiz olanda bir-birimizə xəbər verir və kömək edirik. Biz hələ
gənc təşkilatıq.
Bizimlə müqayisədə burada ermənilərin və rusların təşkilatları uzun illərdir ki, fəaliyyət göstərir.
Xüsusən ermənilərin 3-4 kilsəsi, mədəniyyət
mərkəzləri və
məktəbləri var. Onların
ən çox məskunlaşdığı yer
Mançester şəhəridir.
Ermənilərin fəaliyyəti həmişəki
kimi yerindədir.
- Siz Azərbaycanı
İngiltərədə təmsil
edirsiniz və təşkilatı saxlamaq
üçün heç
bir yardım almırsınız. Ümumiyyətlə, QHT olaraq hər
hansı bir yardım üçün
müraciət etmisinizmi?
- Biz bu təşkilatı yaradanda «heç kimdən pul almayacağıq» deyə bildirdik. Çünki kimdənsə pul
istəyəndə gərək
onun əmrində olasan. Bizim məramımız Azərbaycana xidmət etməkdir. Biz böyük şirkətlərdən
də pul almırıq. Düzdür, özləri təklif ediblər, ancaq biz bunu qəbul etmirik. Bizim təşkilatımız Böyük Britaniya təşkilatıdır – burada
yaşayan azərbaycanlıların
fəaliyyətinə dəstək
göstərir, onları
bir araya gətiririk. Ümumiyyətlə
qurulduğu gündən
bəri Azərbaycan Evində müxtəlif tədbirlər, mühazirə
və çıxışlar,
seminarlar, görüşlər,
konfranslar, sərgi,
film nümayişləri, konsert
proqramları, təqdimatlar
və s. həyata keçirilib. Azərbaycan Evi mədəniyyətimizin
təbliği istiqamətində
bütün institut və qruplarla əməkdaşlıq etməyə
hazırdır.
Könüllülərə ehtiyac
- Ölkədə yaşayan
əhalinin hazırda Azərbaycan haqqında nə qədər məlumatları var?
- Son illərə qədər demək olar ki, məlumatları yox idi. Əvvəllər
Azərbaycan deyiləndə
heç kim
bilmirdi ki, bu hansı ölkədir
və ya harada yerləşir. İndi isə ölkəmizin tanınması baxımından
xeyli irəliləyiş
var. Xüsusən «Eurovision» müsabiqəsindən sonra
Azərbaycan haqqında
məlumatları çoxalıb.
- Azərbaycan mədəniyyətini daha
geniş formada Böyük Britaniyada tanıtmaq üçün
hansı tədbirləri
nəzərdə tutmusunuz?
- Keçən il
Azərbaycan Evinin təşkilatçılığı ilə Londonda Azərbaycan film festivalı
keçirildi. Bu ilin oktyabr ayında
ikinci film festivalın
keçirilməsinə hazırlıq
işləri görülür.
Keçənilki festivalın keçirilməsinə
Azərbaycanın Mədəniyyət
və Turizm Nazirliyi və Londonda fəaliyyət göstərən Azərbaycan-Avropa
Cəmiyyəti kömək
edib. Festival çərçivəsində «Buta», «Qırxıncı qapı», «Müqəddəs
heyvan» filmləri və bir neçə
sənədli film nümayiş
etdirildi. Xalq yazıçısı
Elçin Əfəndiyevin
“Mənim sevimli dəlim” əsəri də burada səhnələşdirildi və
ingilis dilində premyerası keçirildi.
Bizim mərkəzdə
çoxlu xalq musiqi alətləri var. Sadəcə, ifaçılarımız
yoxdur. Burada Babək adlı
təbrizli musiqiçi
yaşayır. O, bizim
tədbirlərimizdə həmişə
musiqiçi kimi iştirak edir. Mart ayında Novruz
bayramı ilə bağlı Azərbaycan səfirliyi ilə birgə böyük bir tədbir təşkil etdik. 500-ə yaxın iştirakçının
çoxu ingilislər
idi. Biz istəyirik
ki, burada davamlı olaraq hər həftə musiqi gecələri keçirək. Gənclər gəlib oxusunlar, fikirlərini bölüşsünlər.
- Əvvəllər
Londonda Azərbaycan məktəbi də fəaliyyət göstərirdi. Həmin məktəbin yenidən
fəaliyyətə başlaması
üçün hansısa
planlarınız varmı?
-
2009-2010-cu illərdə burada
məktəb kirayələyib
Azərbaycan dilində
dərslər keçirilirdi.
«Kaspian Xəzri»
adı ilə fəaliyyət göstərən
məktəb sonradan maddi yardım olmadığından bağlandı.
Yenə də başqa məktəblərdə həftə
sonları dərslər
keçirilir. Biz Azərbaycan dili ilə bağlı məktəbin yenidən fəaliyyətinə başlamaq
istəyirik. Londonda çoxlu
türk dərnəkləri
fəaliyyət göstərir,
ancaq onların yerləri yoxdur və tədbir keçirmək üçün
məkan kirayələyirlər.
Bizim isə öz yerimiz var və bu
baxımdan hər hansı bir iş görmək asandır. Yetər ki, insanlar gəlib işləsinlər.
Bizim burada kitabxanamız da var. Bura tələbələr
köməyə gəlir.
Bir-iki il
işləyəndən sonra
gedirlər. Təşkilatda işləmək üçün könüllülərə
ehtiyacımız var.
- Azərbaycandan İngiltərəyə səfər
edənlər Azərbaycan
Evinə baş çəkirlərmi?
-Tez-tez qonaqlarımız olur. Keçən il Azərbaycandan
gələn 30 millət
vəkili bizim mərkəzdə qonaq oldu. Həmçinin bölgənin meri,
o cümlədən lord Fraser də Azərbaycan Evində qonaq olublar. Lord Fraser Azərbaycana maraqlı adamdır. O, həmçinin
Azərbaycan-İngiltərə Cəmiyyətinin başqanıdır.
Biz Azərbaycan Evini yaradanda da ilk dəfə o, bizə kömək etdi. Kipr türkləri, kərküklülər
də bizə çox kömək edirlər. Azərbaycan Evi burada türkdilli dövlətlərin
forumunu da keçirib. Burada imkanlı
azərbaycanlılar yaşayırlar.
Amma nədənsə təşkilatın
işinə qarışmırlar.
Sanki özlərinə qapanıblar. Biz istərdik
ki, onlar da bir araya
gəlsinlər və
Azərbaycan adına
gördüyümüz işləri
daha da təkmilləşdirək.
Hamı bir araya gəlsə,
əlbəttə böyük
içlər görmək
olar. Biz mərkəz olaraq fəaliyyətimizi daha da genişləndirmək və şəhərin mərkəzində daha böyük binada yerləşmək istəyirik.
Məqsədimiz Azərbaycan
adına daha çox iş görmək, ölkəmizin mədəniyyətini,
tarixini, görkəmli
şəxsiyyətlərini tanıtmaqdır.
Təranə Məhərrəmova,
Bakı-London
Kaspi.-2013.-9 may.-S.12.