“Qızıl kəlmə” öz
sahiblərinə qovuşdu
Əbülfəs Qarayev:
“Qoy gənclər görsün
ki, onların yaratdığı əsərlər
qiymətləndirilir”
Bu gün
Mirzə Fətəli Axundov adına Milli Kitabxanada
“Qızıl Kəlmə” Ədəbi Mükafatı
komissiyasının yekun iclası keçirildi. Tədbirə tanınmış
yazarlar, mədəniyyət işçiləri
və mətbuat nümayəndələri təşrif buyurmuşdu.
Bu il
müsabiqədə nəsr, poeziya, ədəbi tənqid,
publisistika və orijinaldan bədii tərcüməyə
xüsusi yer ayrılmışdı. Əsərlərin qəbulu
mart 1-də başa çatan sözügedən müsabiqəyə
30 əsər təqdim edilib. Komissiya üzvlərinə əsərlərin
qiymətləndirmə cədvəli verilib. Tam şəffaf
şəkildə keçirilən müsabiqənin
yekunları hər kəsi məmnun etdi.
Tədbirdə
ilk olaraq çıxış edən mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev bu il keçirilən tədbirlərin
əksəriyyətinin Heydər Əliyevin xatirəsinə həsr
olunduğunu və ulu öndərin Azərbaycanın qələm
sahiblərinə hər zaman böyük hörməti
olduğunu, yazıçıların yaratdıqları əsərlərin
xalq tərəfindən qəbul edilməsi üçün
daima çalışdıqlarınıını qeyd etdi:
“Bu mükafatlandırmanın əsas mahiyyəti
yazıçılar, şairlər tərəfindən
yaradılan, dünya ədəbiyyatına yaxın olan əsərləri
oxuculara çatdırmaqdan ibarətdir. “Qızıl kəlmə”
mükafatı yazıçıların həm
yaradıcılığının, həm tərcümə əsərlərinin,
həm də ədəbi tənqidin inkişafına yönəlib.
İnanıram ki, bizim laureatlarımızın gələcəkdə
yeni kitabların nəşr olunması üçün əvəzsiz
rolu olacaq və öz əsərləri ilə Azərbaycan mədəniyyəti,
tarixi və gələcəyi haqqında böyük əsərlər
yazacaqlar. Bu mükafatlandırmanın fikir olaraq
ortalığa qoyulması və gerçəkləşdirilməsi
yazıçılarımızın əməyinin qiymətləndirilməsi
üçün böyük amildir. Ümumiyyətlə, belə
layihələrin gerçəkləşməsi
üçün əlimizdən gələni edəcəyik.
Bu nominasiyaların sırasında “Şans” adlı layihə də
var ki, burada biz gənclərə yeni bir şans veririk. Qoy gənclər
də görsün ki, onların yaratdığı əsərlər
qiymətləndirilir. Ötən il “Şans” nominasiyasına
layiq görülən gəncimiz bu il Azərbaycanda ən
çox oxunan və əsərləri diqqət cəlb edən
gənc yazarlar sırasındadır”.
Nazir
ildən-ilə Azərbaycan yazıçılarının
kitablarının çoxalmağa doğru getdiyini və bu il
Azərbaycanda üçüncü böyük beynəlxalq
kitab sərgisinin keçirilməsinin nəzərdə
tutulduğunu söylədi: “2011-ci ildə vətənimizdə
keçirilən kitab sərgisində otuza yaxın ölkə
iştirak etmişdi. Bu il isə vətənimizə təşrif
buyuran ölkələrin sayının artması gözlənilir.
Bu kimi tədbirlərin və sərgilərin keçirilməsi
insanların kitaba marağını artırır. Belə tədbirlərin
keçirilməsi kitabsevərlərin yeni əsərlərlə
tanış olması və onları oxuması
üçün təşkil olunub. Baxmayaraq ki, son dövrlər
dünyada və Azərbaycanda kitab oxucularının
sayının azaldığını və hər kəsin əsərləri
sosial şəbəkələrdən oxuduğunu söyləyirlər.
Əgər kitabxana yeni formata uyğunlaşarsa, gənclərin
maraq göstərdiyi yeni kitabları alarsa, o zaman nə oxucuların
sayı azalar, nə də yazıçılar həvəsdən
düşər. Bu ildən etibarən ədəbiyyat aləmində
və Yazıçılar İttifaqında yeni insanlar, adlar
tanınmağa başlayır və o simaların əsərlərini
tanıtmaq üçün hər cür imkan
yaradırıq. Onu da qeyd edim ki, Azərbaycan xalqının
formalaşmasında qələm sahiblərinin söz və
yazılarının böyük rolu var”.
Əməkdar incəsənət xadimi Çingiz Əlioğlu münsiflər heyətinin doğru seçim etdiyini, qalibiyyətə layiq görülən namizədlərin bu mükafata layiq olduqlarını söyləyib, onları təbrik etdi: “Son dövrlər kitab yazmağa böyük maraq yaranıb. Bu tədbirə qatılanlar da kitaba və yazıçılıq sənətinə diqqət və qayğı göstərənlər siyahısındadırlar. Mərasimdə ölkəmizin düşüncə sahibləri, yazıçılar, ictimai xadimlərimiz iştirak edir. Ölkəmizdə bədii yaradıcılıqla məşğul olan insanların mükafatlandırılması Əbülfəs Qarayevin təşəbbüsü ilə həyata keçirilib. Müsabiqədə istər ədəbiyyat yaradıcılığı ilə məşğul olan sənətkarlar, istərsə də gənc şair və yazıçılar iştirak edirlər. Ədəbi mükafata bir çox əsərlər layiq görülə bilərdi, çünki müsabiqəyə həddindən artıq əsərlər təqdim olunmuşdu”.
“Qar
yağacaq” povestinə görə mükafata layiq görülən
yazıçı Pərvin hər kəsə minnətdarlığını
bildirdi: “Bu kitabımın bir il öncə təqdimat mərasimində
xalq yazıçısı Anar gənc yazıçıların
tez arxayınlaşdığını qeyd etmişdi. O, mənə
söylənilən xoş sözlərdən dolayı
arxayınlaşmamağımı və həmin sözləri
özümə avans hesab etməməyimi söyləmişdi.
Mən də onun dediyi kimi etdim.
Yaradıcılığıma qısa bir fasilə verən
zaman isə belə bir mükafata layiq görüldüm.
Söz verirəm ki, mənə inanan, etimad göstərən
hər kəsin etimadını doğruladacağam. Sabah
dünənkindən daha yaxşı yazmağa
çalışacağam”.
Nazir
qaliblərə diplom və pul mükafatları təqdim etdi.
Mükafatın
nəsr əsərləri nominasiyasında Mustafa Çəmənlinin
“Ölüm mələyi”, Şirməmməd Nəzərlinin
“Çəkilməmiş film” romanları, Pərvinin “Qar
yağacaq” (povest və hekayələr), Səriyyə
Müslümqızının “Xocalı uşaqları - qan
içində qar çiçəyi” əsərləri
mükafata layiq görüldülər. Poeziya nominasiyası
üzrə Adil Cəmil “Yurd yerim - dərd yerim”, Elçin
İsgəndərzadə “Qürbət hücrəsində”, Ədəbi-tənqid
və publisistika üzrə Rüstəm Kamal “Sözü
işığa danışdım”, Əsəd Cahangir “Kim
yatmış kim oyaq?” əsərləri ilə qalib oldular. Bədii
tərcümə nominasiyası üzrə Elxan Zal Qaraxanlı,
Akif Əhmədgil, “Qızıl Kəlmə” mükafatı
çərçivəsində “Şans” ödülünə
isə Qismətin “Meqapolis hüznləri”, Elnarə
Akimovanın “Yeni təfəkkür və ədəbi tənqid”
kitabları layiq görüldülər.
Xəyalə Rəis
Kaspi.-2013.-8 may.-S.13.