«Şah İsmayıl» Azdramaya
sığışmadı
Kamal Abdullanın «Şah
İsmayıl»ı, yoxsa xəyali oyun?
Akademik
Milli Dram Teatrının may ayının repertuarı ilə
bağlı KİV-də yayımlanan afişalarında 8 may
tarixində premyerası keçirilməli olan Kamal
Abdullanın “Şah İsmayıl” tamaşasının
adı da yer alıb. Amma qeyd olunan tarixdə premyera olmayıb.
Tamaşanın
təxirə salınmasının səbəbləri
sırasında texniki problemlərlə bərabər müəllifin
tamaşanın yozumundan razı qalmaması ilə
bağlı məqamlar qeyd olunur. Belə ki, “Azdrama” rəsmiləri
təxirəsalmanı texniki yubanma kimi qeyd edirlərsə, digərləri
bunu Kamal Abdullanın kəskin iradları ilə
bağlayırlar. Ən maraqlısı isə, premyeranın təxirə
salınması haqda sonradan mətbuata heç bir məlumatın
verilməməsidir.
Bütün hallarda ortada olan fakt budur ki, premyera baş
tutmayıb. Səbəbini öyrənməyə
çalışanda isə bir sıra ziddiyyətli məqamlar
üzə çıxdı.
Qeyd edək ki, premyerası keçirilməli olan
tamaşa Kamal Abdullanın teatra təqdim etdiyi «Şah
İsmayıl və ya hamı səni sevənlər
burdadır» pyesi əsasında hazırlanır. Tamaşanın
adı “Şah İsmayıl” kimi göstərilsə də,
premyerası “Şah və şair” adı altında təqdim
olunacaq.
Mayın 16-ı ya 22-i?
Premyeranın təxirə salınması ilə
bağlı sualın cavabını ilk olaraq əsərin
müəllifindən - Kamal Abdulladan istədik. Cavab çox qısa oldu:
“Tamaşa hələ tam hazır deyil. Bir az
sonra gedəcək”.
«Azdrama»nın redaktoru Nigar İsrafilqızı
tamaşanın premyerasının yaxın günlərdə
baş tutacağını bildirdi: «Hələ
tamaşanın yekun məşqləri gedir. Tamaşanın
ictimai baxışının nə vaxta nəzərdə
tutulduğunu bilmirəm, amma bugünlərdə keçirilməlidir.
Premyera günü proqrama daxil edilib, ancaq hələ
təsdiq olunmayıb. Olsun ki,
tamaşanın premyerası mayın 20-ə qədər
keçiriləcək. İctimai
baxışdan sonra premyera günü dəqiqləşdiriləcək».
Tamaşanın məşqlərində səslənən
müəllifin iradları ilə bağlı yayılan
söz-söhbətlərə gəlincə,
N.İsrafilqızı «Kamal Abdulla tamaşanın məşqində
olub. Yəqin ki, iradlarını da
bildirib”-, deyə bildirdi.
«Azdrama»nın mətbuat xidmətinin rəhbəri
Elçin Cəfərov premyeranın mayın 8-də repertuara
daxil edildiyini və sonradan dəyişildiyini etiraf etdi:
«Tamaşa texniki baxımdan hazır olmadı. Tamaşa boyunca
işıq effektlərinin, dekorasiyaların dəyişməsi,
aktyorların bir neçə dəfə geyimlərini dəyişməsi
ilə bağlı və s. texniki işləri çatdırmaq
problem oldu. Artıq məşqlər bitib.
Deyəsən, mayın 10-da sonuncu məşq
olmalı idi. Tamaşaya ictimai baxış
keçiriləcək. Mayın 16-ı ya
da 22-də tamaşanın premyerası olacaq. Ola bilsin ki, tamaşanın vaxtı yenə dəyişsin».
Əsərin daha çox «Hamı səni sevənlər
burdadır» adı ilə tanındığını bildirən
Elçin Cəfərov mövzunun həmçinin müəllifin
«Yarımçıq əlyazma» əsəri ilə eynilik təşkil
etdiyini də qeyd edib: «Tamaşa «Hamı səni sevənlər
burdadır» pyesinin motivləri əsasında ərsəyə
gələcək».
Tamaşanın
təxirə salınması ilə bağlı səslənən
fikirlərə münasibət bildirən E.Cəfərov
müəllifin tamaşanın məşqinə ilk dəfə
gələndə müəyyən iradlar səsləndirdiyini
etiraf edib: “Müəllif birinci dəfə gəlib baxanda
xoşuna gəlməyən şeylər oldu. Danışdılar,
müzakirə etdilər. Amma yəqin ki,
siz Mikayıl Mikayılovun (tamaşanın rejissoru -red.)
başqa işlərini görmüsünüz? O,
maraqlı rejissordur. Tamaşa da əslində
maraqlı tamaşadır. Düzdür,
bir qədər texnikaya çox oturmuş tamaşadır.
Effektlərdən, neon işıqlardan çox
istifadə olunub. Bu, tamaşanın
yaxşı cəhəti olması ilə yanaşı, həm
də pis cəhətidir. Narazı məqamlar
istənilən məşqdə olur. Burada
elə də böyük problem yoxdur”.
E.Cəfərov
tamaşada müəlliflə rejissorun yozumu arasında
böyük fərq olduğunu da bildirdi: «Əvvəla, Kamal
müəllimin bu pyesi çox maraqlıdır, amma onu o
formada səhnəyə gətirmək o qədər uyğun
deyil. Bu, daha çox kino üçün
yazılan pyesdir. Çünki orada teatr
üçün çox əngəl törədən səhnələr
var. Digər tərəfdən, əsərin uzunluğu da var.
Əgər müəyyən qısaltmalar olmasaydı, tamaşa
3 saat çəkə bilərdi. Ona
görə də rejissor pyesdən xeyli hissələr kəsib.
Bir də ki, rejissorun hər hansı pyesə əl
dəyməmiş vəziyyətdə səhnəyə
qoyması mümkün deyil. Bu,
rejissuranın şərtləridir”.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə
hazırlanan tamaşaya ayrılan vəsaitə gəlincə
“Tamaşaya ayrılan pul mətbuat üçün
açıq deyil” deyə E.Cəfərov bildirdi. Qeyd edək
ki, anoloji suala nazirliyin incəsənət şöbəsindən
də cavab ala bilmədik.
Aldığımız
məlumata görə, tamaşasının biletlərinin
satışının korporativ qaydada həyata
keçirilibmiş: “Biletlər satılıb, amma tamaşa
olmayıb. Tamaşanın nə vaxt
olacağı hələ bilinmir”. Teatrın baş
inzibatçısı Sücəddin Sadıyev isə biletlərin
Slavyan Universitetinin müəllim və tələbə heyətinə
verildiyini dedi: “Onlara deyildi ki, premyera mayın 17-də
keçiriləcək. «Şah və şair»
tamaşasının biletləri korporativ qaydada Slavyan
Universitetinə verildi. Ancaq biz onlara dedik
ki, hələ biletlər satılmasın. Biz universitetə tamaşanın təxirə
salınması xəbərini verdik”.
Qısaltmalar yoxsa dəyişiklik?
Şah
İsmayıl rolunun ifaçısı Elşən Rüstəmov
də tamaşada müəyyən qısaltmaların
olduğunu qeyd etdi: «Ümumi tempə xələl gəlməsin
deyə, bəzi qısaltmalar olub. Tamaşada
rejissorun və müəllifin öz yanaşması var. Biz
tarixdəki Şah İsmayıl Xətainin də dəqiqliklə
necə bir şəxsiyyət olduğunu bilmirik. Bu baxımdan müəllifin və rejissorun təqdim
etdiyi də maraqlı versiyadır. Hesab
edirəm ki, bu, tamaşaçılar üçün də
maraqlı olacaq». Aktyor tamaşanın təxirə
salınmasının səbəbini bu günlərdə
keçirilən tədbirlərin çoxluğu ilə əlaqələndirdi.
Tamaşanın
məşqində iştirak edən teatrşünas Məryəm
Əlizadə də tamaşada rejissor tərəfindən bəzi
dəyişikliklərin olduğunu qeyd etdi: «Düzdür, mən
hələ həmin dəyişiklikləri görməmişəm.
Amma bu, fərqli bir əsərdir,
tamaşanı hazırlayan da istedadlı rejissordur. Fikrimcə, maraqlı bir tamaşa
alınmalıdır. Əslində
tamaşa alınıb, ancaq bəzi xırda işlər
görülməli idi. Dəyişiklik
olmalıdır, bəs məşq prosesi nə
üçündür? Bunlar texniki,
sırf rejissora aid olan məsələlərdir».
Tamaşanın
quruluşçu rejissoru Mikayıl Mikayılov bildirdi ki,
«Şah və şair» tamaşası Kamal Abdullanın
«Yarımçıq əlyazma» əsərinin motivləri əsasında
qurulur: “Mən romanın Şah İsmayılla bağlı
hissələrinə müraciət edərək səhnə
variantı hazırlamışam. Kamal Abdulla əslində
teatra pyes təqdim etmişdi. Amma biz müəlliflə
razılaşdırdıq ki, «Yarımçıq əlyazma» əsasında
tamaşa hazırlayaq. Çünki mən
oraya müəyyən dəyişikliklər əlavə
etmişəm. Pyesdə də həmin səhnələr
vardı, ancaq müəllif yeni dialoqlar yazmışdı.
Mən isə daha çox romanın üzərində
dayandım. Müəyyən süjet xətləri
var ki, onları özüm əlavə etmişəm. Müəllif də bu dəyişikliklərlə
razılaşdı».
Əsərin
janrına gəlincə, rejissor bildirdi ki, bu, tarixi dram deyil: “Əsərin
açarı elə janrın özündədir. Əgər əsərin janrı tarixi dram
olsaydı, mən tarixi bütün dəqiqliyi ilə göstərməli
idim. Ancaq bu əsərdə həm
gerçəklik var, həm də tarixi zamanla müasir
dövr bir-birinə qarışır. Ona
görə bu janrı ikihissəli “xəyali oyun”
adlandırdıq”. Tamaşanın təxirə
salınmasına gəlincə, rejissor bildirdi ki, bu, sırf
texniki məsələlərlə bağlı olub: «Bu
tamaşa texnika üzərində qurulub. Burada
video art var, musiqi fərqlidir, dekorasiya da bizim səhnəyə
xas deyil. Bütün bunlar texnika
baxımından teatr üçün yenilikdir. Ona görə də tamaşanın
reallaşmasında müəyyən problemlər ortaya
çıxdı və tamaşa yubandı». Rejissor hələ
tamaşanın daxili baxışının keçirilmədiyini
də qeyd etdi: «Mayın 15-də tamaşaya daxili baxış
keçiriləcək. Mayın 17-də isə
premyera nəzərdə tutulub». Rejissorun
dediyinə görə əsərə fərqli bir yozum
verilib. Belə ki, bir insanın həm şah, həm də
şair olması xüsusiyyətləri qabardılıb:
«Tarixdə belə bir fikir var ki, bu şahın ətrafında
bənzəri olub. Bu əsərdə də
bunun bənzəri ilə bağlı fikirlər
qabardılır”.
Tamaşanın
məşqindən Kamal Abdullanın narazı qalması və
kəskin iradlar səsləndirməsinə gəlincə,
M.Mikayılov müəllifin narazılığını
inkar etmədi: «Belə bir şey olub. Kamal
Abdulla bir dəfə məşqə gəldi. Səhnədə texnika tam
quraşdırılmamışdı. O da «niyə
tamaşa bu vəziyyətdədir?» - deyə narazı getdi. Mən ona
bildirdim ki, hələ səhnə texniki cəhətdən
tam qurulmayıb, aktyorların kostyumları gəlməyib və
s. Müəllifin tamaşanı bəyənməməsi məhz
bununla bağlı olub. Amma o, bu günlərdə
tamaşanın məşqinə gəldi və xoşuna gəldi”.
Premyera baş tutarsa
Göründüyü
kimi, həm tamaşanın keçirilmə tarixi, həm
müəllifin iradları, həm biletlərin
satışı və s. ilə səslənən fikirlər
bir-birini təkzib edir. Yuxarıda qeyd etdiyim kimi
- ortada dəyişməz bir fakt qalır - tamaşa təxirə
salınıb. Niyə? Nə üçün? Səslənən
fikirlər, gətirilən dəlillər bu səbəbi tam
açırmı?
Premyera
günü afişada yer alan və sonradan
təxirə salınan tamaşanı isə hələ səhnə
əsərini sifariş edən və maliyyə ayıran
nazirlik tərəfindən daxili baxış da keçirilməyib.
Sadəcə nazirlik tərəfindən hələ
qəbul edilməyən tamaşanın təqdimat tarixinin
müəyyən edilməsi və informasiyanın KİV-ə
ötürülməsi də qəribə səslənir.
Elə tamaşa ilə bağlı baş verənlər
də xəyali bir oyunu xatırladır. Həm
də təkcə janrdan irəli gələrək yox.
Qaldı ki, Şah İsmayıl Xətai səviyyəsində
bir şəxsiyyətin səhnədə xəyali oyuna
çevrilməsi... Premyera baş tutarsa, bu oyunun gerçəkliklərini
axtaraq...
Təranə Məhərrəmova
Kaspi.-2013.-11-13 may.-S.6.