Media-sahibkarlıq münasibətlərində yeni addım

 

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə «Azərbaycan Respublikasında sahibkarlığının inkişafı» mövzusunda jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlandı.

 

«Azərbaycanda sahibkarlığın inkişafı» mövzusunda keçirilən müsabiqənin məhz ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı olması düzgün seçimdir. Çünki müasir sahibkar anlayışı məhz Heydər Əliyevin hakimiyyətə gəlməsi və Azərbaycanın yenidən müstəqillik qazanması sayəsində formalaşıb. Atılan addımlar Azərbaycanda sahibkarlıq mühitinin inkişafına təkan verib». Bu fikirlər Qafqaz regionunda əczaçılıq sahəsində ən böyük şirkət olan «Avromed»in dəstəyi ilə «Xalq qəzeti» və «Kaspi» qəzetlərinin ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə «Azərbaycan Respublikasında sahibkarlığının inkişafı» mövzusu üzrə yazı müsabiqəsinin nəticələrinə həsr olunan tədbirdə səslənib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycanda sahibkarlığın təşəkkül tapdığı ilk illərə toxunub: «Azərbaycan xalqının yetişdirdiyi ən böyük dühalardan biri Heydər Əliyevdir. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra ölkədə aparılan bütün islahatlar demək olar ki, ulu öndərin adı ilə bağlıdır. Keçən əsrin 90-cı illərində - SSRİ dağılandan sonra Azərbaycan ictimai-siyasi, iqtisadi və hərbi problemlərlə üzləşdi, böhran vəziyyətinə düşdü. Belə bir şəraitdə ölkənin müstəqilliyini təmin etmək, islahatlar aparmaq üçün çox ciddi işlər görmək lazım gəlirdi”.

Ə.Amaşov qəbul olunan dövlət proqramları nəticəsində həmin problemlərin həll olunmağa başlandığını bildirdi. Belə ki, əsrin müqaviləsi imzalanıb, Bakı-Tbilisi-Subsa, Bakı-Tbilisi-Ceyhan neft və qaz kəmərləri işə salınıb və Azərbaycan dünya iqtisadiyyatına inteqrasiya edib. "Ölkədə ciddi islahatların aparılmasının vacibliyi gündəmə gəlmişdi. Bunların ən vacibi isə özəlləşmə ilə bağlı islahatlar idi. Dövlət mülkiyyətinin digər mülkiyyətə keçməsi dövrün tələbindən irəli gəlirdi. Bütün bunlar Dövlət Proqramında da həyata keçirildi. Ölkə tez bir zamanda öz müstəqilliyini bərpa etdi və müstəqil, demokratik bir dövlət kimi formalaşaraq inkişaf etdi. Özəlləşmə həyata keçdikcə mülkiyyətçilik, sahibkarlıq meydana gəldi”.

MŞ sədrinin sözlərinə görə, 1998-ci ildə özəlləşən kiçik müəssisələrin sayı 28000 olub. Eyni zamanda, digər iri müəssisələr də özəlləşməyə başlayıb və sahibkarlığın inkişafı ilə bağlı ölkədə müəyyən bir mühit formalaşıb. Belə ki, 1997-ci ildən başlayaraq ölkə qanunvericiliyində sahibkarlıqla bağlı ciddi addımlar atılıb. Dövlət proqramları həyata keçirilib, Sahibkarlığın İnkişafına Kömək Fondu yaradılıb. Beləliklə, sahibkarlıq ölkədə iqtisadiyyatın əsas forması kimi inkişaf etməyə başlayaıb: " Hazırda sahibkarlıqla məşğul olan subyektlərin sayı 450 minə yaxındır. Hətta, 2001-ci ildə ÜDM-nin 70 faizə qədəri qeyri-hökumət qurumlarının hesabına formalaşıb».

Ə.Amaşov qeyd edib ki, məhz sahibkarlığın inkişafına nəzər yetirmək üçün «Kaspi» və «Xalq qəzeti» jurnalistlər arasında müsabiqə elan edib. Layihə əczaçılıq sahəsində Qafqazın ən böyük şirkəti olan «Avromed» tərəfindən maliyyələşib. Müsabiqəyə 70-dən çox məqalə təqdim olunub. Qaliblər 3 kateqoriya üzrə müəyyənləşib. I yer (bir mükafat) - 1500 manat, II yer (iki mükafat) - 1000 manat, III yer (üç mükafat) - 700 manat, 9 jurnalist yazısı isə 250 manat məbləğində həvəsləndirici mükafata layiq görülüb.

«Kaspi» qəzetinin təsisçisi Sona Vəliyeva artıq bir neçə gündür ki, ölkənin hər yerində, o cümlədən xarici ölkələrdə ulu öndər Heydər Əliyevin 90 illiyik yubileyinin böyük təntənə ilə qeyd olunduğunu diqqətə çatdırıb: «Ulu öndər bu təntənələrin ən yüksək zirvəsinə layiqdir. Ona görə ki, Azərbaycan dövlətinin yaşamasında, xilasında, quruculuğunda bütövlükdə onun qoyduğu ideyaların tərəqqisi göz qabağındadır. Heydər Əliyevin hakimiyyətə gəlişi elə bir dövrə təsadüf edirdi ki, nəinki ölkənin, hətta, özünün yaşaması təhlükə altında idi. Onun siyasi imici, iradəsi sayəsində bu təhlükə tez bir zamanda aradan qalxdı. Heydər Əliyev başa düşürdü ki, demokratik dövlət quruculuğu prinsipi qəbul edən bir ölkə üçün iqtisadiyyatın inkişafı yalnız bazar iqtisadiyyatına uyğun həyata keçirilməli, istehsalın ayrı-ayrı sahələrini düzgün qurmaq üçün azad sahibkarlığın inkişafına şərait yaratmaq lazımdır. Bu, çox düzgün qərar idi”.

Ümummilli liderin sahibkarlıq fəaliyyətinin inkişafına şərait yaratdığını qeyd edən S.Vəliyeva atılan addımların tez bir zamanda nəticə verdiyini qeyd edib: "Sahibkarlığın inkişafına yaradılan şərait qısa müddətdə öz nailiyyətlərini ortaya qoydu. Bunlar Azərbaycan xalqını sevindirməyə bilməzdi”. Belə ki, 1997-ci ildə Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı üçün Dövlət Proqramının icrasına başlanıb və bu sənəd əsasında ölkədə kiçik və orta sahibkarlığa Milli Kömək Fondu, sahibkarlıq mərkəzləri və regionlarda müvafiq idarələr yaradılıb: "Cəmiyyətin inkişafında yeni bir formasiyanın iqtisadi inkişaf yolu müəyyənləşdi. Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə Azərbaycan özünün quruculuq, keçid və inkişaf dövrünü müəyyənləşdirdi. Onun ideyaları bu gün də davam edir. Bu ideyalar ulu öndərin siyasi və mənəvi varisi olan İlham Əliyevin hakimiyyəti dövründə özünün tərəqqi dövrünə çatdı. Azad sahibkarlığın inkişafı elə bir mərhələdən başladı ki, artıq ölkənin müstəqilliyi var idi. Artıq Azərbaycan sahibkarlığının yeni bir obrazı yarandı. Müasir sahibkar müstəqil Azərbaycan vətəndaşıdır və o, istehsal etdiyi, sərmayə qoyub ərsəyə gətirdiyi bir sahənin öncə müstəqil Azərbaycana məxsus olduğunu düşünür. Bunun fonunda onun yüksək təşkilatçılıq, dinamik iş və cəmiyyətdə başqa adamlardan fərqli xüsusiyyəti ortaya çıxır”. S.Vəliyeva müasir dövrdə sahibkarın cəmiyyətə xeyir verən ziyalı olduğunu qeyd edib: "Bugünkü tədbir də bunu sübut edir. Bu tədbir media və sahibkarlıq münasibətlərinə bir qayıdışdır. Bu, ziyalılıq və sahibkarlığın birləşərək yeni bir sahibkar obrazının cəmiyyətə təqdim olunmasıdır. Bu, gözəl təşəbbüsdür».

«Avromed» şirkətinin təsisçisi, millət vəkili Cavanşir Feyziyev də ulu öndər Heydər Əliyevin sahibkarlığın inkişafına göstərdiyi diqqət və qayğıdan danışıb: "1999-cu ildə iqtisadiyyatı iflic vəziyyətə düşən, 8 milyondan artıq əhalisi yoxsul və gələcəyə ümidsiz şəraitdə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev qısa bir müddətdə təkamül yolu ilə Azərbaycan iqtisadiyyatını iflic vəziyyətindən çıxararaq regionun inkişaf etmiş ölkəsinə çevirə bildi. Bunu hər bir azərbaycanlı öz gündəlik həyatında hiss edir. Sərbəst iqtisadi sistemin qurulması ulu öndər üçün tamamilə yeni sahə idi. Həmişə olduğu kimi o, bu sahədə də qalib gəldi”.

Millət vəkili elan olunan müsabiqənin əsas şərtinin məhz 1993-cü ildən bu günə qədər iqtisadi həyatda baş verən ən vacib tendensiyaları araşdırıb oxuculara təqdim etmək olduğunu diqqətə çatdırıb: «Bu məqalələr Heydər Əliyevin çoxtərəfli fəaliyyətinin yalnız bir istiqamətini əks etdirir. Hesab edirəm ki, 70-dən artıq məqalə müəllifinin hamısını bu müsabiqənin qalibi hesab etmək olar».

«Avromed» şirkətinin baş direktoru Elşad Abdullayev sahibkarlığın inkişafı sahəsində görülən işlərdən və uğurlu layihələrdən danışıb: «Bugünkü gündə təkcə görülən işlərin nəticəsi kimi Azərbaycan sahibkarları deyil, həm də xarici investorların ölkəmizdə fəaliyyət göstərməsi, onların biznesinin artması bariz nümunədir. Bugünkü gündə kiçik biznesdən orta və orta biznesdən iri biznesə keçən sahibkarların sayı artır. Bu gözəl nəticədir».

Tədbirin sonunda qalib jurnalistlər mükafatlandırılıb. Belə ki, qaliblər sırasında I yer - Yaşar Əliyev («525-ci qəzet»), II yerİlqar Rüstəmov ("Xalq qəzeti”), Nardar Bayramlı «Yeni Azərbaycan», III yer - Rufik İsmayılov ("Kaspi”) qəzeti, Məlahət XəlilovaOlaylar» qəzeti) İlkin AğayevinPalitra» qəzeti) adları yer alıb. Müsabiqənin 9 həvəsləndirici mükafatı da sahiblərinə verilib. Qaliblər həmçinin "Avromedşirkətinin xüsusi diplomları təqdim olunub.

 

 

Məhərrəmova Təranə

 

Kaspi.-2013.-15 may.-S.11.