Hər birimiz bir çiçək
“Kaspi”
Təhsil Mərkəzinin balaca
aktyorları həmyaşıdlarını bir
araya gətirdi
Mayın 15-də Kukla
Teatrında balaca aktyorlar
öz həmyaşıdlarına gözəl
bir tamaşa ərməğan
etdilər. Ümummilli lider
Heydər Əliyevin 90 illiyinə həsr olunmuş
“Hər birimiz bir
çiçək” adlı tamaşanı “Kaspi”
Təhsil Mərkəzi və Kukla
Teatrının birgə hazırlayıblar.
Sözügedən
təhsil mərkəzinin direktor müavini Aydın Əliyev
bizimlə söhbətində bildirdi ki, tamaşada “Kaspi” Təhsil
Mərkəzində məktəbəqədər
hazırlıq keçən 4-6 yaşlı uşaqlar aktyor
qismində iştirak edirlər: “Kukla Teatrı ilə birgə
hazırladığımız tamaşanın özəlliyi
ondadır ki, burada yalnız balaca aktyorlar rol alıblar. Kukla
teatrının tamaşaçıları öyrəşib
ki, rolları böyüklər səsləndirsin, kuklalar
oynasın. Amma biz fərqlilik etdik. Bu dəfə balaca
tamaşaçıları balaca aktyorlar əyləndirdi. Məqsədimiz
istedadlı uşaqları üzə çıxarmaqdır.
Ümumiyyətlə, “Kaspi” Təhsil Mərkəzi olaraq il
boyu müxtəlif tədbirlər keçirir, tamaşalar səhnəyə
qoyur, uşaqların gəzintisini təşkil edirik”.
Tamaşanın
məzmununa gəlincə, uşaqlar burada həm Azərbaycandan,
həm də müxtəlif ölkələrdən olan sevimli
qəhrəmanlarını səhnədə görürlər.
Azərbaycanın milli qəhrəmanı Cırtdan builki
gül bayramını özünəməxsus şəkildə
keçirmək istəyir. Ona gül bayramı bir az
darıxdırıcı gəldiyindən o, bu bayramı fərqli,
özünəməxsus şəkildə keçirməyə
qərar verir. Bir az düşünür və başqa
ölkələrin nağıl qəhrəmanlarını Azərbaycanda
keçirilən gül bayramına dəvət etməklə
bayrama rəng qatmağa çalışır. Ancaq onları
necə dəvət edəcəyini bilmir. Bu işdə ona
Cırtdanın bacısı, eyni zamanda Qırmızıpapaq,
Tıq-tıq xanım və başqa dostları kömək
etməyə çalışırlar. Onlar cırtdana təklif
edirlər ki, əcnəbi qonaqları Azərbaycana ya mobil
telefonla, ya da skaypla dəvət etsin. Amma cırtdan bununla
razılaşmır və xeyli düşündükdən
sonra qərara gəlir ki, qonaqların arxasınca şəxsən
özü getsin. Bunun üçün sehirli xalçası
ona yardımçı olur. Beləliklə, Cırtdan
bacısı ilə sehirli xalçasına orturaraq müxtəlif
ölkələrə yön alır. O, Türkiyədən balacaların
sevimlisi olan Peppini, İtaliyadan Buratinonu, Rusiyadan Maşa və
ayını, İngiltərədən Kayonu və digər
ölkələrdən nağıl qəhrəmanlarını
öz ölkəmizə gül bayramına dəvət edir.
Cırtdan istəyir ki, əcnəbi nağıl qəhrəmanlarına
gül bayramını necə qeyd etdiyimizi əyani şəkildə
göstərsin. Beləliklə, nağıl qəhrəmanları
Cırtdanın dəvətini qəbul edib Azərbaycana gəlir
və gül bayramını necə möhtəşəm
keçirdiyimizi öz gözləri ilə görüb bəyənirlər.
Qeyd
edək ki, tamaşanın ssenari müəllifi Səidə
Haqverdiyevadır.
Lalə
Kaspi.-2013.-16 may.-S.9.