Şotlandiya Milli Muzeyindən
reportaj
Edinburqda muzeylər çoxdur.
Milli Portret Qalereyası, Şotlandiya Milli Qalereyası, Edinburq Muzeyi, Şotlandiya Hərbi Muzeyi, Edinburq Yazıçılar
Muzeyi, Şotlandiya Kral Muzeyi, Milli
Uşaqlıq Muzeyi, Şotlandiya Futbol Muzeyi və s. muzeyləri ziyarət etmək üçün günlərlə vaxt lazımdır. Bunların
arasında bir muzey var ki,
Edinburqa qədəm qoyanlar vaxtları az olsa belə zaman ayırıb ora - Milli Şotlandiya Muzeyinə tələsirlər.
Bu
muzey 1500-ci ildən bəri ölkənin tarixini, incəsənətini
əks etdirən eksponatlarla zəngindir. Antikvarlar arasında qədim
Şotlandiya ilə bağlı ən nadir eksponatlara rast gəlmək
olur.
Muzeyin
yerləşdiyi Çambers küçəsində iki fərqli
muzey – 1861-ci ildə viktoryan stilində tikilən Kral Muzeyi və
nisbətən müasir, amma eyni üslubda inşa edilən
Milli Şotlandiya Muzeyi yerləşib. 1998-ci ildə bu muzeylər
birləşsələr də ekspozisiyalar baxımından fərqləri
aydın görünür. Kral muzeyi bütün
dünyanın tarixini özündə birləşdirməyə
çalışdığı halda Milli Muzey daha çox
ölkənin tarixini və mədəniyyətini əks etdirməsi
ilə qürurlanır.
Hər
gün səhər 10-dan 17.00- dək qapılarını
açan muzeyə giriş pulsuzdur. İki il əvvəl 46
milyon funt-sterlinq xərcləndikdən sonra muzey restovrasiya
olunaraq yenidən qapılarını ziyarətçilərin
üzünə açıb. Üstəlik, ekspozisiyalara 16
yeni qalereya əlavə olunub.
Dövlət
muzeyin maliyyələşməsi üçün hər il
46,4 milyon funt sterlinq ayırır. Hər il muzeyin divarları
arasında keçirilən incəsənət festivalı
dünyanın diqqətini bu məkana yönəldir.
Bu qədim
muzeyi həmçinin dünyanın ən müasir muzeylərindən
hesab etmək olar. Bunu muzeyin qapılarından içəri
daxil olan kimi hiss etmək olur. Muzeyin şüşə
tavanı və mərkəzi holldakı metal konstruksiyalar ziyarətçiləri
heyran edir. Muzeyin 4 mərtəbəsini əhatə edən qalereyalardan
ölkənin və dünyanın bütün sahələrini
əhatə edən tarixlə tanışlıq
mümkündür. Binanın tavanında həmçinin
Şotlandiyanın irsi və tarixi ilə bağlı çox
zəngin kolleksiyalar toplanıb. Burada təbiət, incəsənət,
elm, texnologiya, dizayn və s. sahələri əhatə edən
eksponatlara rast gəlmək mümkündür.
Muzeyin
daimi eksponatları sırasına daha çox ölkənin
tarixi, mədəniyyət və incəsənəti ilə
bağlı əşyalar daxildir.
Hər
bir mərtəbədə muzeyin tarixi haqqında geniş məlumatlar
əldə etmək olur. Bu barədə həm broşürlər,
həm elektron məlumatlar təqdim olunur. Muzeyin hər mərtəbəsində
yer alan infozonlarda ekspozisiyalar haqqında ətraflı məlumatlar
verilir. Təqdim olunan xəritələrlə
muzeyi bələdçisiz gəzmək olur.
Göydən Yerədək
Birinci
mərtəbədə yer alan və Şotlandiyanın
müasir tarixi ilə bağlı məlumat verən
ekspozisiyaları ziyarət edənlər ölkənin qədim
tarixi ilə bağlı informasiyalar üçün digər
qalereyalara üz tuturlar.
“Ticarət
və Sənaye” qalereyasında 18-ci əsrlərə aid dəzgah,
yaşayış evinin maketi yer alıb. Kömür mədənlərində
su vurmaq üçün istifadə olunan hava ilə işləyən
su motoru da maraqlıdır. İngilislərin
işğalına qədər Şotlandiyanın milli
pulları da ekspozisiyalarda sərgilənib. Muzeyin
qalereyalarında inqilablar və müharibə dövrlərini
əks etdirən eksponatlar ayrı-ayrı otaqlarda yerləşdirilib.
Arxeologiya
bölməsində 1861-ci illəri əhatə edən
eksponatlar kral II Aşurinin sarayından
götürülüb. Bu eksponatlar kralın var-dövləti
və gücü barədə məlumat verir. Daşlarda kral
Aşurinin obrazı təsvir olunub. Qalereyaların birində məşhur
Tibet eksponatları diqqəti çəkir. Nadir zirehli jilet
1908-ci ildə muzeyə satılıb. Bu cür zirehli jiletlər
14-cü əsrdən başlayaraq Tibetdə istifadə olunub və
hələ də mərasimlər zamanı geyilir. Ordu zabiti
Baileyin Tibetə yürüşü zamanı həmin geyimləri
əldə olunub. Unikallığı ondadır ki, zirehli geyim
kiçik dəmirlərdən tikilib və dəri ilə
bir-birinə birləşdirilib.
Qalereyaların
birində öz kəşfləri ilə dünyanı dəyişən
görkəmli şotlandların işləri vitrinləri bəzəyir.
“İxtiralar” qalereyasında yer alan “İlk rəngli televizor” məhz
bu muzeydə qorunaraq dövrümüzə gəlib
çatıb. John Logie Bairdın 925-ci ildə ixtira etdiyi
televizor 1946-cı ildə ABŞ Ceneral Elektrik şirkəti tərəfindən
istehsal olunub. Ancaq Federal kommunikasiya rəngli yayıma lisenziya
verməyib. Ona görə bu ixtiranın 1960-cı illərə
qədər böyük kommersiya təsiri olmayıb. 1968-ci
ildə televizor Britaniyada istifadə olunmağa başlanıb.
Bir il sonra ayda ilk görüntülər də məhz Bairdin
30 il əvvəl düzəltdiyi sistem əsasında çəkilib
və ötürülüb.
Muzeyin
qiymətli eksponatları arasında pensilinin kəşfi ilə
tanınan Aleksandr Fleminq haqqında materiallar və ona verilən
Nobel mükafatı da var. İxtiraçı milyonlarla
insanın həyatını bu dərmanla xilas edib.
Çarlz
Darvinin «Biql» Kral ekspedisiyası ilə səyahəti zamanı
əldə etdiyi unikal nümunələr də burda sərgilənib.
Stivenlər ailəsinin mayakı da eksponatlar arasındadır. Bu mayak
Tay çayında gəmilərə yol göstərən ilk optik
cihaz olub. Ailə bütün dünyaya mayak sistemini ixrac edib. Təhlükəli yerlərdə məhz
bu qurğu vasitəsilə mayak problemi aradan qaldırılıb. 1867-ci
ildə mayak Parisdə sərgilənib.
Yer kürəsi
qalereyasında vaxtilə
planetləri, ulduzları
müşahidə edən
teleskoplar yer alıb. Ən böyük teleskop
isə vaxtilə Kral rəsədxanasının
gümbəzində quraşdırılıb.
Məlumatlarda göstərilib ki,
ingilis Tomas Horriot ilk insan olub ki,
teleskopla Ayı görüb. Ondan sonra
alimlər ən yaxşı teleskoplarla Aya baxıblar. Göy cisimlərinin qlobusu isə 1660-cı ildə Pakistanda düzəlib.
Bu şöbədə ziyarətçilər planetləri,
ulduzları filmlər
vasitəsilə seyr etməklə bərabər,
dünyanın, Yer kürəsinin yaranması
kimi insanları düşündürən suallara
cavab tapa bilirlər.
“Texnologiyalar” bölməsində
ən qədim ünsiyyət vasitəsindən
tutmuş müasir
smart telefonlara qədər
texnologiyalar sərgilənir. Ekspozisiyadan görünür
ki, hələ 1980-ci illərdə şotlandlar
kredit kartlardan istifadə ediblər.
Həmçinin muzeydə
«Biz gələcəklə necə əlaqə saxlaya bilərik?», «Biz ünsiyyətdə
yeni yollar axtarırıq» şüarları
muzeyin həmçinin
yalnız tarixi eksponatları sərgiləyən
məkan olmadığını
göstərir. Ən qədim
ünsiyyət növləri
1970-ci illərdə bazara
çıxarılan ilk kompyuter,
köhnə telefon budkaları, 1808-ci ildə
kəşf edilən telefon yer alıb.
Mili parkların pionerii Con Murun işləri ilə də ekspozisiyalarda tanış
olmaq mümkündür.
Ölkənin məşhur hökumət
nümayəndələri və
siyasətçiləri haqqında
məlumatları da bu muzeydə əldə etmək mümkündür.
14-cü əsrə aid cəngavər dəbilqələri
unikallığı ilə
fərqlənir. Muzeydə həmçinin vəhşi
təbiət haqqında
filmlər nümayiş
olunur. Yaşı 10 mini adlayan nəhəng
maralın və digər heyvanların skeleti “Zoologiya” bölməsini bəzəyir.
Dünyaya pəncərə
Muzeyin “Dünyaya baxış” bölməsində demək
olar ki, dünya və Şərq mədəniyyətinin
ən nadir nümunələri
ilə tanış
olmaq mümkündür.
Afrika ölkələrinin həyatı,
Asiyanın mədəniyyəti,
Amerikanın kəşflərinə
və s. aid eksponatlarla
burada rast gəlmək olur. Afinadan gətirilən heykəllər, əfqan qadınlarının geyimləri,
Hindistan sakinlərinin
geyim əşyaları,
qədim Misirdən gətirilən qədim qablar, bəzək və məişət əşyaları...
Xüsusən Misir həyatı ilə bağlı ekspozisiya zənginliyi ilə fərqlənir. Muzeydə
qədim Misirə həsr olunan bir neçə otaq var. Qədim Misirin tarixi, mədəniyyəti ilə
bağlı eksponatlar
daşınaraq kim bilir hansı dövrdə Şotlandiya muzeyinə gətirilib. Sərgidə nümayiş etdirilən
və maya hinduları tərəfindən
düzəldilən Ana Allahlar
böyük sənət
nümunəsi kimi ziyarətçiləri ayaq
saxlamağa məcbur edir. İlk baxışdan qədim və unikal avtomobili xatırladan ağ rəngli
maşın – tabut isə Qanada düzəlib.
Ən maraqlısı
isə hər bir ölkənin tarixini əks etdirən şöbələrdə
o dövrün tarixi, mədəniyyəti ilə
bağlı videoçarxların
nümayişidir. Bir çox ölkələrin
toy mərasimlərini, adət-ənənələrini
böyük plazma ekranlarda izləmək olur. Muzeydə həmçinin Osmanlı
imperiyasının izlərinə
rast gəlmək, həmçinin türk toyları ilə tanış olmaq olur.
Muzeyin bəzi
eksponatları açıq
qalereyada sərgilənib. Məsələn, burada dünya bəstəkarlarının ən
nadir nümunələrini, həmçinin klassik yazıçıların kitablarını
ən qədim patefonlardan dinləmək mümkündür. Muzeyin zəngin
kitabxanasına isə
dünyanın ən
nadir kitabları, əlyazmaları
daxildir.
«Muzeydə dərs»
Muzeyin konfrans zalı, elmi mərkəzi, nəhəng
sərgi meydanları,
mağaza və restoranları var. Ziyarətçilər
mərtəbələrarası eskalatorlarla və liftlərlə hərəkət
edə bilirlər. Muzeyə gələn
əlillər üçün
də xüsusi liftlər quraşdırılıb.
Muzeydəki ziyarətçilər arasında
çoxlu məktəblilər
və tələbələr
gözə dəyir. Şotlandiyanın təhsil proqramında «Muzeydə dərs» böyük önəm daşıyır. Bu ölkədə şagirdlərə,
tələbələrə tarixi əyani vəsaitlərdən məhz
muzeylərdə öyrədirlər.
Çünki bütün
siniflər üzrə
tarix dərsliklərində
yer alan
hadisələri əks
etdirən eksponatlarla muzeylərdə tanış
olmaq mümkündür.
Şotlandiya Milli Muzeyinin təəssüratları muzeydən
ayrılandan sonra da adamı tərk
etmir. Qədim tarixlərlə müasirliyi
birləşdirən, üstəlik
zəbt etsə də buna dünyanın
ayrı-ayrı ölkələrinin
tarixini, mədəniyyətini,
incəsənətini qoşan,
bunu qoruyub saxlayan və fəxrlə nümayiş
etdirən bir muzeyə yenidən qayıtmaq istəyirsən...
Təranə Məhərrəmova,
Bakı-Edinburq
Kaspi.-2013.-18-20 may.-S.6.