Azərbaycan səhnəsinin Mirzağa Əliyevi...

 

“Elə yeni zirvələr fəth edəcəm ki, indiyə qədər yaratdıqlarım onun yanında kölgədə qalsın”

 

Mirzağa Əliyev

 

 

Milli Azərbaycan teatrının və mədəniyyətinin elə simaları var ki, onlar haqqında ümumi danışmaq, eyni gözəl sözləri hər birinə aid etmək olar. Bu insanlar teatrımızın dünəni olsa da, bu gün də onlar haqqında danışırıq, gələcəkdə də əminəm ki, məhz onlar haqqında tarixi yaşamımızın nümunələri kimi sevərək danışacağıq.

Necə ki, bu gün Mirzağa Əliyevdən danışırıq...

Zahiri dəbdəbədən uzaq, daxili sadəliyə yaxın....

Mirzağa Əliyev Azərbaycan səhnəsinin qüdrətli sənətkarlarından biridir. O, Azərbaycan aktyorluq məktəbində musiqili komediya janrının oyun, ifadə vasitələrinin formalaşmasında böyük işlər görüb. Görkəmli aktyor, öz estetik prinsipləri, zəngin ifadə vasitələri, forma və üslub prinsipləri olan bir məktəb yaradıb.

Qüdrətli sənətkarın məktəb yaratmış aktyor kimi, böyüklüyü ondaydı ki, müasirliyi klassik ənənələrdən uzaqlaşmaqda deyil, onu yeni-yeni ifadə keyfiyyətlərilə zənginləşdirməkdə görürdü.

Mirzağa Əliyev 1883-cü ildə Bakının Hövsan kəndində kasıb ailədə doğulub. Ilk təhsilini mollaxanada, sonra 2 saylı Bakı rus-tatar məktəbində alıb. Əmək fəaliyyətinə şəhər toxuculuq fabrikində başlayıb. Aktyor Murad Muradovla tanışlıqdan sonra onda teatra və xüsusən, aktyor sənətinə böyük rəğbət oyanıb. Mirzağa Əliyev səhnəyə ilk dəfə 1901-ci ilin iyununda Nəcəf bəy Vəzirovun “Müsibəti- Fəxrəddin” (“Çəkmə, çəkə bilməzsən, bərkdir fələyin yayı”) faciəsinin tamaşasında Şahmar rolunda qədəm basıb. Şahmar rolu ilə də dövrün teatr xadimlərinin diqqətini cəlb edib. Ona İ.Məlikovun “Yaxşılığa yamanlıq”, S.Qənizadənin “Axşam səbri xeyir olar”, “Xor-xor”, “Dursunəli və ballıbadı”, R.Əfəndiyevin “Qan ocağı”, V.Mədətovun “Qırt-qırt” kimi kiçik dramları və vodevillərinin tamaşalarında müxtəlif rollarla yanaşı, ciddi tamaşalarda da xarakterik obrazlar tapşırıblar. Qısa müddətdə o, nasir-dramaturq Ə.Haqverdiyevin baş rejissorluq etdiyi teatr truppasında Kərəməli (“Hacı Qara”), Hatəmxan ağa və Xudaverdi (“Müsyö Jordan və dərviş Məstəli şah”), Xacə Məsud (“Lənkəran xanının vəziri”-M.F.Axundzadə), Aşıq Vəli (“Yağışdan çıxdıq, yağmura düşdük” və ya “Hacı Qəmbər”), Əhməd “Pəhlivanani-zəmanə” – N.Vəzirov), Hacı Murad (“Tamahkar” – S.S.Axundov) rollarını oynayıb.

Paralel olaraq “Nicat”, birinci və ikinci “Müsəlman teatr dəstəsi”ndə komik-dramatik rollar ifa edən Mirzağa Əliyev 1906-cı ilin payızında özü “Həmiyyət” truppası yaradıb. Bir ilə yaxın müddətdə bir çox pyeslər və dramları tamaşaya hazırlayıb və əsas rolları da özü ifa edib.

1907-ci ilin yazında “Həmiyyət” teatr truppası ikinci Müsəlman Teatr Dəstəsi ilə birləşdi. Mirzağa Əliyev müxtəlif illərdə həmin truppada, “Nicat”, “Səfa” mədəni-maarif cəmiyyətlərinin teatr kollektivlərində, teatr şirkətində (“Müsəlman dram artistləri ittifaqı”), “Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının müdiriyyəti” teatr heyətində çalışıb. Hətta eyni zamanda, bütün mövcud truppaların tamaşalarında xarakter rollar oynayıb.

Mirzağa Əliyev 1912-ci ildə tamaşa zamanı səhnədən çar üsul-idarəsinin əleyhinə tənqidi fikirlər söylədiyinə görə Həştərxana sürgün edilib. Bir il sonra Romanovlar sülaləsinin 300 illiyi ilə əlaqədar əfv edilib və yenidən Bakıya qayıdıb. Sürgün dövründə də teatr fəaliyyətində olub. Həştərxanda yaşayan azərbaycanlılarla və tatar səhnə həvəskarları ilə tamaşalar hazırlayıb, özü müxtəlif rollarda çıxış edib.

 

Ustadlarla çiyin-çiyinə, zamanla üz-üzə...

 

1913-1918-ci illər arasında Mirzağa Əliyev həm özünün təşkil etdiyi, həm də digər görkəmli səhnə ustalarının topladıqları teatr dəstələrilə Türkiyənin, Iranın böyük şəhərlərində (məsələn, Istanbul, Tehran, Rəşt, Təbriz, Ənzəli), Volqaboyu şəhərlərdə, Tiflisdə, Irəvanda, Batumda, Dərbənddə, Petrovski Portda (indiki Mahaçqala), Orta Asiyada qastrol səfərlərində olub. 1918-ci il 28 mayda Azərbaycan Demokratik Cümhuriyyəti (Respublikası) quruldu və az sonra müxtəlif teatr truppaları birləşərək Türk Hökumət Teatrosu adlandırıldı. Hökumət teatrının açılışı 1919-cu il 24 oktyabrda “Azərbay və Can” (Isa bəy Aşurbəyli) pyesinin tamaşası ilə bayram edildi. Həmin teatrın aparıcı aktyorlarından biri də Mirzağa Əliyev idi.

1920-ci ilin iyununda bu kollektiv əsasında Azərbaycan Şura hökumətinin Dövlət teatrı fəaliyyətə başladı. Yeni dövlət qurumunun ideoloji siyasət mövqeyini gücləndirmək məqsədilə 1921-ci il noyabrın 13-də Bakı Türk Azad Tənqid və Təbliğ Teatrı yaradıldı. Mirzağa Əliyevlə Hacıağa Abbasovun rəhbərlik etdikləri kollektivə həmçinin “Hacımirzə teatrı”, “Hacımirz” deyilirdi. Repertuarı kiçik həcmli ideoloji-təbliği pyeslərdən, məzhəkələrdən, vodevillərdən ibarət olan teatrda Mirzağa Əliyev onlarla rol oynayıb.

1924-cü ildə yenidən doğma kollektivə, yəni, bugünkü Akademik Milli Dram Teatrına qayıdan Mirzağa Əliyev ömrünün sonunadək bu sənət ocağının səhnəsində çalışıb və yüzdən çox səhnə obrazı yaradıb.

Mirzağa Əliyevin Isgəndər (“Ölülər” – C.Məmmədquluzadə), Osip (“Müfəttiş” – N.Qoqol), Hacı Qara (“Hacı Qara” – M.F.Axundzadə), Atakişi, Mirzə Səməndər, Əmiraslan bəy Salamov, Əmirqulu, Oddamdı, Balaxan (“Sevil”, “Almaz”, “1905-ci ildə”, “Yaşar”, “Od gəlini” və “Aydın” – C.Cabbarlı), Skapen (“Sıkapenin kələkləri” – J.B.Molyer), Kərəmov, Bərbərzadə (“Toy” və “Xoşbəxtlər” – S.Rəhman), Hacı Salman (“Dumanlı Təbriz” – M.S.Ordubadi), Ser Tobi (“On ikinci gecə” – V. Şekspir), Qraf Almavno (“Fiqaronun toyu” – P.Bomarşe), Poqanel (“Kapitan Qrantın çocuqları” – J.Vern), Həmzə bəy, Mirzə Qoşunəli (“Köhnə dudman”, “Bəxtsiz cavan” – Ə.Haqverdiyev) rolları milli səhnə sənətimizin ən parlaq səhifələrini təşkil edir.

 

Möhürlü rolların əbədi ifaçısı...

 

Mirzağa Əliyev Azərbaycanın yeganə aktyorudur ki, bir rola görə Stalin mükafatı ilə təltif edilib. Həmin rol 1942-ci ildə oynadığı, Mirzə Ibrahimovun “Məhəbbət” dramındakı Məşədi Qulamhüseyn obrazıdır. Aktyor həmin mükafata ikinci dəfə 1948-ci ildə Nəcəf bəy (“Şərqin səhəri” - Ənvər Məmmədxanlı) roluna görə layiq görülüb. Bu dəfə mükafatla tamaşanın yaradıcı heyətinin bir qrupu təltifləndirilmişdi.

Ü.Hacıbəylinin “Ər və arvad” (Kəblə Qubad), “Arşın mal alan” (Soltan bəy), “Şah Abbas və Xurşid banu” (Vəzir), “O olmasın, bu olsun” (Məşədi Ibad), Z.Hacıbəyovun “Əlli yaşında cavan” (Orduxan bəy), “Aşıq Qərib” (Güloğlan) operetta və operalarındakı səhnə surətləri aktyorun yaradıcılığında ayrıca yer tutur. O, dəfələrlə müxtəlif quruluşlarda bu tamaşalarda iştirak edib.

Dramaturgiya janrında qələmini sınayan Mirzağa Əliyev “Vəzirin gözləri”, “Məşədi evlənir”, “Orada elə, burada belə”, “Necə qan ağlamasın”, “Ey dad şümür əlindən”, “Telefon”, “Qısqanclıq” dramları və digər pyeslərin müəllifidir. “Bismillah” (1925), “Hacı Qara” (1929), “Məhəbbət oyunu” (1936), “Almaz” (1936), “Bakının işıqları” (1950) və başqa filmlərə çəkilib.

Mirzağa Əliyev 1926-cı ildə Azərbaycan Respublikasının namdar (əməkdar), 1933-cü ildə xalq, 1949-cu ildə SSRI xalq artisti fəxri adları ilə təltif olunub.

Görkəmli səhnə ustadı Mirzağa Əliyevin aktyorluq məktəbinin əsasını realizm, səmimiyyət, təbii kolorit, məhrəm sadəlik, emosional cazibədarlıq, xalq gülüşünün poetik təcəssümü kimi keyfiyyətlər təşkil edir. Azərbaycanda realist aktyor məktəbinin banisi Cahangir Zeynalov sayılır. Bu günədək davam edib formalaşan həmin məktəbin ilkin və ən layiqli davamçılarından biri Mirzağa Əliyev olub.

Xüsusi teatr təhsili görməmiş sənətkarlar arasında Mirzağa Əliyev qədər sevilən, çıxışları həmişə alqışlarla qarşılanan aktyor yoxdur. Tipajlıqdan bacardıqca uzaq olmağa çalışan aktyor yumoru, satiranı, “öldürücü” gülüşü əsasən obrazın xarakterində cəmləşdirirdi.

Görkəmli aktyor Mirzağa Əliyev 25 oktyabr 1954-cü ildə vəfat edib. Məzarı Bakıda Fəxri Xiyabandadır.

 

 

Aygün Süleymanova,

Teatrşünas

 

Kaspi.-2013.-18-20 may.-S.10.