“Bir vaxtlar
dərnəklər, xalq teatrları professional teatrlar üçün kadr
hazırlayırdı”
“Bu
gün hansı telekanalı
açırıqsa Azərbaycan kişisinə dolma bişirməyi öyrədirlər”
Bu il
ölkəmizdə Azərbaycan teatrının 140 illik yubileyi
qeyd edilir, bu münasibətlə müxtəlif tədbirlər
keçirilir. Mayın 14-də Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq
üzrə Elmi-Metodiki Mərkəzi və Azərbaycan Teatr
Xadimlər İttifaqının birgə təşkil etdiyi
“Teatr prosesi XXI əsrdə” mövzusunda seminar bu sıradan
olsa da öz aktuallığı ilə xüsusi diqqət
çəkdi. Belə ki, seminar milli teatrımızın
formalaşmasında və inkişafında danılmaz müstəsna
rolu olan xalq teatrlarına həsr edilmişdi. Ölkəmizin
müxtəlif teatrlarını, elmi müəssisələrini
təmsil edən peşəkar aktyor, rejissor,
teatrşünaslarla yanaşı, respublikamızın
ayrı-ayrı şəhər və rayonlarından gəlmiş
mütəxəssislərin də qatıldığı
seminarda ölkəmizdə xalq teatrlarının
hazırkı vəziyyəti, onların fəaliyyəti və
yaşadıqları problemlər əsas müzakirə
mövzusuna çevrildi. Müzakirələr zamanı öz
fikirlərini bölüşən mütəxəssislər
xalq teatrının yenidən dirçəlməsi
üçün müxtəlif təkliflər irəli
sürdülər.
Seminarı
açan Elmi-Metodiki Mərkəzin İncəsənət
bilikləri şöbəsinin müdiri Rafiq Quliyev xalq
teatrlarının fəaliyyətinin zəiflədiyini və
bu sahədə müəyyən işlər görməyə
ehtiyac yarandığını qeyd etdi: “Regionlardakı və
paytaxtımızdakı teatr mütəxəssislərimizi
bura toplamaqda məqsədimiz odur ki, ilin axırına kimi
regionlar üzrə xalq teatrlarına baxış keçirək.
Onları Bakıya dəvət edib, tamaşalarını
burada da göstərməklə xalq teatrını yenidən
canlandıraq. Ən yaxşı fəaliyyət göstərən
xalq teatrlarını qiymətləndirərək, onları
daha yaxşı işləmələri üçün həvəsləndirək.
Artıq XXI əsrdir, bu gün Azərbaycan teatrında xalq
teatrlarının fəaliyyətinin zəifləməsi
böyük bir problemdir. Düzdür, problem hər sahədə
var, ancaq teatrda xüsusi olaraq özünü büruzə
verir. Ötən əsrdə xalq teatrları çox fəal
olub. Hazırda 30-a yaxın yeni pyeslər almışıq,
pyes qıtlığı çəkən teatrlar bizə
müraciət edərsə o pyesləri müqavilə əsasında
həmin teatrlara təqdim etməyə hazırıq. Bundan əlavə
əgər kimin əlində yaxşı pyes varsa, onu da ala
bilərik”.
Teatr
Xadimlər İttifaqının yaradıcılıq
şöbəsinin müdiri, teatrşünas Çingiz Ələsgərli
hazırda fəaliyyət göstərən peşəkar teatrların
da öz mənbəyini xalq teatrlarından
götürdüyünü və respublikada 24 xalq
teatrının fəaliyyət göstərdiyi halda bir
teatrşünas kimi bunların fəaliyyətindən xəbərsiz
olduğu üçün məyusluğunu bildirdi: “Çox
az qisminin fəaliyyətindən xəbərdar olduğum xalq
teatrlarının da özlərinə uyğun problemləri
var. Qax rayonunda xalq teatrının fəaliyyəti ilə
maraqlanmışıq. Belə məlum olub ki, oradakı xalq
teatrının repertuarında lazımlı pyeslər yoxdur. Hər
bir bölgənin özünün ayrı-ayrı problemləri
var. Elə problemlər də var ki, onların həlli
mümkündür. Belə ki, repertuar problemini yerli
dramaturqlarımızın əsərləri sayəsində bərpa
etmək olar. Bizi narahat edən əsas məsələ odur
ki, bəzi xalq teatrlarında adicə butafor deyilən şey
yoxdur. Vaxtı ilə xalq teatrlarından çıxan sənətkarlar
bu gün tanınmış aktyorlar, rejissorlar, səhnədə
öz sözünü demiş insanlardır. Yeni nəsil
aktyorlarımız xalq teatrlarından xəbərsizdir. Bunun səbəblərini
axtarmaq və gəncləri bu teatrlara cəlb etmək
lazımdır. Düşünürəm ki,
vaxtaşırı festival, müsabiqə və ya başqa tədbirlər
keçirib, xalq teatrlarının tamaşalarını
paytaxtda göstərmək lazımdır. Bölgələrdə
istedadlı rejissorlar, aktyorlar var, ancaq biz onlardan xəbərsizik.
Teatrlara yeni nəfəs lazımdır, bu da bölgələrdən
gəlməlidir”.
Xalq
artisti İlham Namiq Kamal: “Bu gün heç Bakıda da xalq
teatrı yoxdur, bu məsələ bizi çox narahat edir.
Vaxtilə Lütfi Məmmədbəyovun dərnəyindən
Rasim Balayev, Məhərrəm Bədirzadə, Mərahim Fərzəlibəyov
kimi onlarla sənətkar yetişib. O dərnəklər bir
laboratoriya xarakteri daşıyırdı. İndi laboratoriyalar
varmı? Hər kəs söyləyir ki, biz teatrın daxilində
aktyor yetişdiririk. Hamısı yalandır. Bölgələrin
icra başçıları bu məsələyə
böyük diqqət yetirməlidir. İcra
başçıları nə aktyoru, nə də teatrı qəbul
etmək istəmir. Bölgələrimizə Həmkarlar
İttifaqı, Mədəniyyət və Turizm Nazirliyi, icra
hakimləri qayğı göstərərlərsə
teatrların da çətinliyi az olar. O ki, qaldı
qonorarın azlığına, peşəkar teatrda da yüksək
qonorar sistemi yoxdur. Mənim tələbəm Universitetin
aktyorluq fakültəsini bitirdikdən sonra, gedib teatrda 120
manata çalışır. Bu, sabah ailə qurmalıdır.
120 manatla ailə saxlamaq olarmı? Amma şadlıq evində
qabyuyan 500 manat maaş alır. Keçən il elə o məsələləri
də prezidentə yazmışdım. Aktyor, rejissor qürurlu
olmalıdır. Əgər onlar hansısa məclisdə
aparıcılıq edəcəksə, hanısısa səviyyəsiz
serilada çəkiləksə o zaman aktyorun qüruru da,
hörməti də məhv olmağa başlayacaq. Bu gün
xalq teatrlarını qorumaq rəhbər işçilərdən
də çox asılıdır. Hamımız birlikdə gərək
uca səslə deyək ki, biz yeni nəsil görmək istəyirik,
bunun üçün ancaq seminarlarda çıxış etməklə
dayanmamalıyıq. Bizə şərait yaradılıb biz də
bizdən sonra gələn gənclərə şərait
yaradıb getməliyik. Fikrimcə məktəblərdə dərnəklər
yaradılmalıdır və bu yolla gənclərin teatra
marağını artıra bilərik”.
Əməkdar
İncəsənət Xadimi, televiziya rejissoru Məhərrəm
Bədirzadə xalq teatrının yetirməsi olduğunu
vurğuladı: “Xalq teatrı bizim yaralı yerimizdir. Bizim
uşaqlığımız dərnəklərdə
keçib. Bir vaxtlar dərnəklər aktyorun yetişməsində
böyük rol oynayırdı və xalq teatrları
professional teatrlar üçün kadr hazırlayırdı.
Televiziyada, teatrda edə bilmədiklərimizi xalq teatrında
edirdik. Rayonların birində teatra getmişdik, dedilər 4
tamaşa hazırlamışıq. Ancaq ortaqlıqda heç
bir tamaşa görmədik. Professional teatr nəyəsə
arxalanmalıdır. Mədəniyyət kanalında rubrika
açıb, xalq teatrının fəaliyyətini
işıqlandırmaq lazımdır. Regionlarımızda
gözəl aktyorlar var. Misal üçün, Şirvan şəhərinin
gözəl aktyor heyəti var. Həm çox
yaşlıdırlar, həm də teatrı sevirlər. Bu
gün rəhbərliyi qınamaq da düzgün deyil. Bizi də
xalq teatrının rəhbəri qoysalar kənardan kömək
olmasa heç nə edə bilmərik. Diqqət edin, XVI əsrdən
bəri hansısa bir idmançımızın adı elə
də məşhur deyil, ancaq o qədər məşhur
aktyorlarımız, rejissorlarımız var ki, daima xalqın qəlbində
yaşayacaqlar. Teatr məktəbdir, məbəddir. Mən təmənnasız
olaraq regionlarda fəaliyyət göstərən xalq
teatrlarına komək edə bilərəm. Mədəniyyət
kanalında “Xalq teatrlarının səhnəsində”
adlı veriliş hazırlamaq olar ki, regionda fəaliyyət
göstərən aktyorlar da baxıb, həvəslənər”.
Xalq
artisti, rejissor Mərahim Fərzəlibəyov 20 ildir ki, xalq
teatrlarının fəaliyyətindən xəbərsiz
olduğunu və bu sahədə durğunluq
yaşandığını qeyd etdi: “Sevindirici haldır ki, bu
gün unudulmuş bir layihəni müzakirə
üçün toplaşmışıq. Kağızlarda
adı gedib, ancaq ortada heç bir fəaliyyətini görmədiyimiz
xalq teatrlarının fəaliyyəti heç də ürəkaçıcı
deyil. Xalq teatrlarının fəaliyyəti aktyorların
yetişməsi üçün mühüm rol oynayır.
Düşünürəm ki, regionlardan əlavə
Bakının rayonlarının özündə xalq teatrı
yaradılması barədə qərar verilərsə, oradan
da yaxşı aktyor nəsli yetişə bilər.
Rayonların mədəniyyət şöbəsinə baxan
şəxs bu işlə maraqlanmalıdır. Dərnəklər
bu gün çox pis vəziyyətdədir. Əgər biz bu
məsələ ilə ciddi ilə məşğul olsaq xalq
teatrlarını yenidən dirçəldə bilərik. Bir
şərtlə ki, məktəblərdə də əvvəlki
teatr siyasəti davam etdirilsin”.
Sənətşünaslıq
üzrə fəlsəfə doktoru, teatrşünas Vidadi
Qafarov paytaxtda yaşayıb bölgələrdəki xalq teatrlarından
danışmağı, çıxış yolu göstərməyi
düzgün hesab etmədiyini bildirdi. Teatrşünasın
sözlərinə görə, öncə bu problemləri
yerində araşdırmaq, bölgə teatrlarının
fikirlərini öyrənib, sonra çıxış yolunu
göstərmək lazımdır: “Əvvəllər Teatr
Xadimlər İttifaqında xalq teatrları şöbəsi
var idi. Təəssüf ki, indi o şöbə yoxdur. Azərbaycanda
24 xalq teatrı, 28 dövlət teatrı var. 70-dən
çox şəhər və rayonu olan bir ölkə
üçün bu çox acınacaqlı haldır. Xalq
teatrlarının inkişafı üçün Mədəniyyət
və Turizm Nazirliyi, Təhsil Nazirliyi və Həmkarlar
İttifaqı ilə birgə işləmək
lazımıdır. Müraciət hazırlayıb qurumlara təqdim
etməliyik. Bu gün ölüm hallarının, cinayətlərin
sayının artması mədəniyyətsizliyin,
maarifsizliyin bəhrəsidir. Mənəviyyatla məşğul
olan xalqın daxilində bu qədər cinayət olmaz.
Övladlarımız televiziyalarda şou-biznesə, kriminallara
baxaraq böyüyürlər. Bu çox ciddi məsələdir.
Cənab prezidentin təsdiq etdiyi “Azərbaycan teatrı
2009-2019-cu illərdə" Dövlət Proqramı" əsasında
teatr sahəsində inkişaf var, ancaq teatr prosesi yoxdur, hadisəsi
yoxdur. Sual edirəm nə üçün? Ona görə ki,
xalq teatrlarımız və dərnəklərimiz yoxdur. Bu məsələləri
rəhbərlik səviyyəsində həll etmək
lazımdır. Bu gün mədəniyyət evləri bərbad
vəziyyətdədir. Regionlardakı mədəniyyət evləri
baxımsız qalıb. Onlar ya anbara çeviriblər, ya da təmirsiz
şəkildə fəaliyyət göstərirlər. Buraya
bölgə kitabxanaları da daxildir. Əvvəllər Mədəniyyət
və İncəsənət Universitetində “özfəaliyyət
dram kollektivinin rejissoru” ixtisası vardı, indi yoxdur.
Düşünüəm ki, bu məsələyə kompleks
yanaşmaq və xalq və özfəaliyyət teatrları
haqqında konsepsiya hazırlamaq lazımdır”.
Aktyor
Rəhman Rəhmanov xalq teatrlarının
yaradılmasını vacib amil hesab etdiyini qeyd etdi. Aktyor
paytaxtda fəaliyyət göstərən yaradıcı heyəti
bölgələrə dəvət etsələr məmnuniyyətlə
orada tamaşa hazırlaya biləcəklərini, tamaşalarda
çıxış da edəcəklərini söylədi:
“Ümumiyyətlə teatr mövzusu xalqımızın ən
yaralı mövzusudur, o da ola xalq və özfəaliyyət
teatrları. Əvvəllər özfəaliyyət dərnəkləri
məktəblərdə yaradılırdı. Təhsil
Nazirliyi isə neçə ildir ki, teatrları məktəbin
içinə buraxmır. Kukla Teatrı məktəblərin
kiçik sinifləri ilə təmasdadır. Respublikada 5
dövlət Kukla Teatrı var. Bu gün hər rayonda Kukla
Teatrı yaradılmalıdır”.
Sənətşünaslıq
üzrə fəlsəfə doktoru, rejissor Nərminə
Ağayeva 70-ci illərdə Milli Elmlər Akademiyası
Memarlıq və İncəsənət İnstitutunun “Teatr
şöbəsi” əməkdaşlarının bölgələrə
səfərlər etdiyini və həmin səfərlər əsnasında
bölgə teatrların problemlərinin
qabardıldığını və bunun sayəsində
paytaxtdakı idarəçilik sistemlərinin əyalət
teatrlarının problemlərindən xəbərdar
olduqlarını bildirdi: “O dövrlər mədəniyyət
işçiləri bölgələri gəzərək xalq
teatrların işi ilə maraqlanır və məruzələr
oxuyurdular. Bu da həmin teatrlara stimul verirdi. Çox təəssüf
ki, indi həmin əlaqələr qırılıb. Qədim
tarixi olan teatr şöbəsi və orada çalışan əzmkar
teatrşünaslar səfərlərdən də məhrum
olublar. Bugünkü seminarın teatr tənqidi ilə
teatrın arasında olan əlaqəni möhkəmləndirəcəyini
düşünürəm. Biz əlimizdən gələn hər
şeyi etməyə də hazırıq”.
Əməkdar
mədəniyyət işçisi İftixar Piriyev ölkədə
teatrların inkişafı üçün sərəncam
imzalandığı, texnika ilə təchiz olunduğu halda
teatrın içində yaradıcı prosesdə zəiflik
olduğunu, bunun da xalq teatrının yoxluğundan
qaynaqlandığını bildirdi: “Bu gün dövlət
teatrlarının problemləri çoxdur.
Tamaşaçı mədəniyyəti bərbad vəziyyətdədir.
Tamaşaçını qınamıram. Xalq teatrları təkcə
sənət adamları deyil, eyni zamanda tamaşaçı da
yetişdirir. Bugünkü tamaşaçı zalda əyləşib,
səhnəyə baxmır və ətrafındakı
insanlarla söhbət edir. 1980-cı illərdə hər kəs
tamaşaya diqqət kəsilirdi. İndi tamaşaçı
problemi də önəmli məsələlərdən
biridir. Bu gün gənclərimizin məşğuliyyətsizlik
problemi onların həyatını puça çevirir. Xalq
teatrları məktəbdir, maarifləndirmə məkanıdır.
Mənim fikrimcə “Xalq teatrının perspektivini necə
görürük” adlı layihə hazırlayıb, Nazirliyə
göndərməliyik. Bunu sözdə deyib, belə qoymaq
lazım deyil. Mütəxəssislər
yığılmalı, bu barədə dəyirmi masalar
keçirilməlidir. Bundan başqa teëåviziyada “mütəxəssislər
xalq teatrını necə görürlər” kimi fikir
mübadilələri olmalıdır. Teatrşünaslar bu sahədə
xüsusi layihə hazırlamalıdır”.
Qafqaz
Universitetinin mədəniyyət şöbəsinin müdiri
Zəminə Axundova teatrın 140 illik yubileyi ilə
bağlı beynəlxalq konfranslar keçirildiyini, ancaq bu
konfransların teatrın inkişafı üçün
heç bir zəmin yaratmadığını, konfranslarla
problemlərimizin düzəlmədiyini, yenə də
teatrlarımızda əsər, tamaşaçı və sair
problemlər yaşadığını qeyd etdi: “Lütfi Məmmədbəyova
heç yüksək miqdarda qonorar da verilmirdi. Onun içində
sənət yanğısı var idi. Bu gün professional
teatrı hansı problemləri yaşayırsa xalq teatrları
da həmin problemləri yaşayır. Bu problemlərə əsərlərin
azlığı, əmək haqqının az olması, şəraitsizlik
kimi məsələlər daxildir. 2006-cı ildə biz Səməd
Vurğunun, Süleyman Rüstəmin və “Molla Nəsrəddinin”
jurnalının 100 illiyi ilə bağlı bölgələrə
gedib, tamaşalara baxdıq. Orada S.Vurğunun “Vaqiflə
Qacarın görüş səhnəsi”, S.Rüstəmin
“Çimnaz xanım yuxudadır” kimi tamaşaları izlədik.
3 ildən sonra biz həmin teatrlara yenidən getdik,
gördük ki, 3 il bundan qabaq oynanılan tamaşalar yenə
də səhnədə oynanılır. Bunu bütün xalq
teatrları haqqında demək istəmirəm. Lakin
ümidsizləşmək olmaz. Teatr üçün nəsə
etmək lazımdır. Kimi gözləyirik? Burda yaxşı
rejissorlar, tənqidçilər, aktyorlar var. Hər kəs nəyi
bacarırsa bu baxımdan kömək etsin, komissiya
yaradılsın, yeni layihələr həyata keçirilsin.
Xalq teatrlarını yenidən dirçəltmək
üçün kimin əlindən nə gəlirsə etməlidir”.
Əməkdar
artist Əjdər Həmidov peşəkar səhnəyə
xalq teatrından gəldiyini, teatra həvəsi və
marağı olan insanlar üçün xalq
teatrlarının böyük əhəmiyyəti olduğunu
söylədi: “Rayonda orta məktəbi bitirdikdən sonra
İncəsənət Universitetinə sənət verdim.
İmtahanda Rza Təhmasiblə və Ədil İsgəndərov
oturmuşdu. Onlar məndən soruşdular ki, “etüd
hazırlamısanmı?” dedim ki, “etüd nədir?”. Həmin
il imtahandan kəsildim, getdim Sumqayıtda xalq teatrında
çalışdım. Orada bildim ki, etüd, təmsil, hekayə
nədir. Bu onun göstəricisidir ki, xalq teatrı gənclər
üçün çox lazımlıdır. Hesab edirəm
ki, xalq teatrları aktyorların yetişməsi
üçün vacib rol oynayır. Xalq teatrlarının təbliğat
maşını işləmir. Onları təbliğ etmək
lazımdır. Aktyorlar Universitetdə deyil, məhz xalq
teatrlarında yetişir”.
Filologiya
elmləri namizədi Firudin Qurbansoy xalq teatrlarının
problemi bir yana, heç dövlət teatrlarının problemlərinin
də az olmadığını və indi teatrlarımız
tamaşaçı problemi yaşadığını
bildirdi: “Tamaşaçı repertuarın təkrar olduğunu
gördükdən sonra teatra gəlmir. Teatrda hazırlanan əsərlər
zəifdir. Mövzu cəhətdən eynilik təşkil edir.
Həmin əsərlərin gələcəyə zərrə
qədər də olsun xeyri yoxdur. Elə əsərlər
qoymaq lazımdır ki, hamı teatrlara üz tutsun. İndi hər
kəsin evində peyk antenaları var, bunlar teatra marağı
azaldır. Teatrda qoyulan əsərlər insanı ruhdan
salmamalıdır. Bədənlə bağlı sahələr
gözəl işləyir, ancaq ruhun qidalanması ilə
bağlı tədbirlər, konsertlər, teatrlar, kinolar
acınacaqlı vəziyyətdədir. Təşkilatlara bu
sahəyə böyük maliyyə ayrılmalıdır. Bir
seminarla belə məsələlər öz həllini
tapmayacaq”.
Əməkdar
artist Nofəl Vəliyev regionlarda fəaliyyət göstərən
xalq teatrlarında kadr azlığından şikayətləndi.
Onun sözlərinə görə xalq teatrının 3
ştatı var, biri bədii rəhbərdir, rəssam və
inzibatçı. 3 nəfərlə tamaşa hazırlamaq
mümkün deyil: “Nə üçün repertuar
seçimini problem edirsiniz? Ümumiyyətlə bu
psixologiyanı anlaya bilmirəm. Azərbaycanın
yazıçısı azdırmı? Anar, Elçin, Cəfər
Cabbarlı və sair klassiklərimiz var. Zorla heç kimi dərnəyə
göndərmək olmaz. Bugünkü uşaqlar başqa
cür böyüyürlər. Bu gün heç kim gedib
regionlarda pulsuz tamaşa hazırlamaz. Demirəm ki, 90 nəfər
ştatı olsun, 7 ştat olsa bəs edər. İlk növbədə
teatrda rejissor olmalıdır. Əgər o teatrda rejissor
yoxdursa 1000 bədii rəhbər, rəssam olsun orada tamaşa
qurula bilməz. Lütfi Məmmədbəyov xalq
teatrının yaradıcıdır deməyin, o alternativ teatr
idi. O zaman belə işləmək rahat idi. Teatr varsa, istəyirsiniz
adını xalq teatrı, istəyirsiniz beynəlxalq qoyun
teatrda ştat cədvəli olmalıdır, professional adamlar
olmalıdır. Bölgələrin hamısında qastrolda
olmuşam, nisbətən fərqləri var. Vəziyyət bərbaddır.
Bunun problemi teatrın direktorlarında deyil. Teatrda 5 nəfər
peşəkar olmalıdır ki, digərləri onun
işığına yığışsın. Laboratoriyalar
olmalıdır. Bizim gözəl rejissorlarımız o
studiyalara kömək etməlidirlər. Onlara deyə də
bilmərik ki, sən get pulsuz işlə. Hər şeyi Mədəniyyət
Nazirliyinin öhdəsinə atmaq olmaz. İcra
başçıları teatra kömək etmir. Onların
qarşısında bu məsələni qaldırmaq lazımdır.
Bu gün gedib məktəblərə elan asmaqla o dərnəyə
uşaq gəlməyəcək”.
Masallı
Rayon Xalq teatrının rejissoru Cəmaləddin Əliyev
seminar iştirakçılarını əyalət
teatrlarının fəaliyyətini düzgün qiymətləndirməməkdə
və onları küsdürməkdə
günahlandırdı: “Siz bizi küsdürürsünüz.
Deyirsiniz xalq teatrı işləmir. Mənim teatrımda
heç bir problem yoxdur. Nə üçün icra
başçısına müraciət etməliyəm. Mənim
teatrım var, ştat verirsinizsə verin. Ucqar rayonlarda müəllimlərə
əməkdar müəllim adı verilir. Regionlarda fəaliyyət
göstərən, ömürlərini bu sənətə həsr
edən aktyorlara ad verilsin. Aktyorları həvəsləndirin.
Onlar da xalqa xidmət edir axı. Teatr Xadimləri
İttifaqı, nazirlik bizi həvəsləndirməlidir. Sovet
dönəmində televiziyalarda deyilirdi ki, “Cəlilabad
teatrı bizim qonağımızdı” bu gün televiziyalar
region teatrlarını işıqlandırmırlar. Mədəniyyət
kanalı kimə işləyir? Göstər həvəslənək
də. Eybi yox paytaxta öz pulumuzla gələrik. Təki siz
bizə qarşı diqqət ayırın”.
Yevlax
şəhəri Mədəniyyət evinin direktoru, respublikanın
əməkdar mədəniyyət işçisi Eldəniz
Mustafayev Sovetlər zamanında xalq teatrının vəziyyətinin
indikindən daha yüksək olduğunu və Yevlax rayonunda həvəskar
aktyorların işə cəlb olunmasını diqqətə
çatdırdı: “Əvvəllər xalq teatrında bir
aktyor yetişirdi. Yevlaxda 1976-cı ildən Bəşir Səfəroğlu
adına Xalq Teatrı və 2006-cı ildən Kukla Teatrı fəaliyyət
göstərir. Azərbaycan teatrının bəzi problemləri
var. Dünyada oxu mədəniyyəti çox
aşağıdadır. İnsanlar daha çox internetlə
maraqlanır. İnternetlə Azərbaycan kişisinin
xarakterini ortaya qoya bilmərik. Bu gün hansı telekanalı
açırıqsa Azərbaycan kişisinə dolma bişirməyi
öyrədirlər. 20 % torpaqları işğal altında
olan bir ölkəyə belə verilişlər
yaraşarmı? Televiziyalar insanlarımıza vətənpərvərlik,
həyat eşqi aşılamalıdır. Bu məsələləri
teatrlarda gündəmə gətirmək lazımdır.
Güldürməyə nə var ki? Xalq Teatrının siyasətinə
uyğun əsərlər yazılmalıdır. Mübariz,
Ramil Səfərov haqqında əsərlər yazsınlar.
Region teatrları növbə ilə paytaxta dəvət
olunsunlar. Düzdür, balıq dəryada böyüyər
deyiblər. Bura Bakıdır. Bölgələrdə
kiçik fəxri fərman almaq üçün insanlar dəridən
qabıqdan çıxırlar. Burada isə nisbətən
asandır. Ona görə də bölgələrdə
yaşayan mədəniyyət işçisini
ucuzlaşdırmaq lazım deyil”.
Xəyalə Rəis,
Teatrşünas
Kaspi.-2013.-18-20 may.-S. 11-12.