Lənkəran Teatrında “Dəmir sinif” hazırlanır

 

Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında paralel olaraq iki yeni tamaşanın məşqləri gedir. Əməkdar artist Adil Zeynalov Maarif Məmmədovun “Əcnəbi kürəkən” pyesinə quruluş verir. Əsərdə hadisələr bizim günlərdə ucqar dağ kəndlərinin birində cərəyan edir. Amerika vətəndaşı Ulyam Keytin turist qismində kəndə gəlişi sanki kənddəki sakitliyi pozur. Hamı bu əcnəbinin kəndə gəlişinin əsas məqsədini istədiyi kimi yozur. Amma əslində Keytin əsas məqsədi Azərbaycan əsilli atasını tapmaqdır. Baş rolu – Ulyam Keyt obrazını Emin Fərzullayev ifa edir. Əsərdə digər rolları Sucəddin Mirzəyev, Əlibala Əsgərov, Zemfira Nəcəfova, Təranə Əzizova, Niftulla Əsgərov və başqaları ifa edirlər. Bu M.Məmmədovun Lənkəran teatrında səhnəyə qoyulan sayca ikinci əsəridir.

Teatrın baş rejissoru Tural Mustafayev isə italyan dramaturqu Aldo Nikolainin eyniadlı pyesi əsasında “Dəmir sinif” adlı yeni tamaşa hazırlayır. Tamaşanın quruluşçu rəssamı Tərlan Sadıqovdur. Rollarda teatrın tanınmış aktyorları, xalq artistləri Böyükxanım Əliyeva, Qabil Quliyev və əməkdar artist Təvəkkül Əliyev çıxış edirlər. Əsərdə insanların ahıl yaşlarında yaşamağa məhkum olduqları tənhalıqdan söhbət açılır. Tənhalığın insan həyatına gətirdiyi depressiya, dəhşətli anlar, arzuolunmaz həqiqətlər burada ön plana çəkilir. Müxtəlif səbəblərdən qoca yaşlarında doğmaları tərəfindən diqqətdən kənarda qalan, atılan, tərk edilən və qocalar evində məskən salan üç ahıl qocanın həyat hekayəsi tamaşaçıların marağına səbəb olacaq. Tamaşaçılar bu üç qocanın həyatın onlara bəxş etdiyi tənhalıq, kimsəsizlik adlanan girdabından çıxmaq üçün necə mübarizə aparmaqlarının şahidi olacaqlar.

Hər iki tamaşanın premyerası may ayının sonlarına nəzərdə tutulub.

 

 

Elçin Cəfərov

 

Kaspi.-2013.-18-20 may.-S.10.