Ədəbiyyat müəllif və mətnin mübarizəsidir

 

Aydın Dadaşov: Müqavimət gücü olmayan əsərdə heç vaxt bəşəri dəyər ola bilməz

 

Aydın Dadaşovu kinosevərlər, sənət və ədəbiyyat adamları yaxşı tanıdığına görə xüsusi təqdim etməyə ehtiyac duymuram. O elə adamlardandır ki, onunla sənətin, ədəbiyyatın istənilən sahəsindən doyulmaz söhbətlər etmək mümükündür. Aydın müəllimin mənimçün ən özəl və gözəl xüsusiyyəti “intellektual havalanmaya”, öyrətməyə və öyrənməyə eyni dərəcədə hazır olması və öz keçmişinə heyran olub, gələcəyə ümidsiz olmamasıdır.

– Aydın müəllim, indiki bəzi əsərləri oxuyanda bir neçə cərəyanın bir mətn daxilində birləşdiyini görürük. Nəticədə tam mənada hansısa cərəyana aid edilməsi mümkünsüz olan qəribə mətnlərlə üzləşirik. Sizcə, bunun səbəbi nədir?

– Bilirsiniz, o problemlər ki, müəlliflə bağlıdır, o, həm də üslubdur. Üslub ideyanın maddiləşmə ideyasıdır. Üç tipi var üslubun: peşəkar, fərdi və ictimai. Peşəkar üslub peşə cəbbəxanasına bələdçilik dərəcəsidir. Yəni peşəkar üslub deyəndə, məsələn, tutaq ki, təkiyənin qurulması, formanın müəyyənləşməsi və ya montaj nəzərdə tutulur. “Montaj” sözü fransızcadan tərcümədə quraşdırma deməkdir. Hətta xırda bir şeir də bu quraşdırma prosesindən keçir. Montaj bu gün elmə, hətta genetikaya da tətbiq olunan bir prosesdir. Təkcə ədəbiyyata və kinoya aid termin deyil. Məsələn, ədəbiyyatda Soljinetsinə məxsus “Qəzet montajı” deyilən prinsip var. Montaj prinsipi bir müstəvidə bir neçə informasiyanın yerləşdirilməsidir. Hər bir insan beyni bir informasiya bankıdır. Sən hər hansı bir beynə informasiya yerləşdirmək üçün onun müəyyən yolunu və biçimini tapmalısan. Sistemsiz, quraşdırılmamış informasiya heç kəsə gərək deyil. İnformasiya üç prosesdən keçir – informasiyanın qəbulu, emalı və təqdimatı. Soljenetsin “Qəzet montajı” deyəndə paralel olaraq ki, bir səhifəyə yerləşdirilən, tutaq ki, tarixi ekskurs, fotoşəkillər, analitik təfəkkürün məhsulu olan bilgilər, fərziyyələr, gümanları nəzərdə tuturdu. Bütün bunlar peşəkarlığın göstəricisidir. Ezenşteyn özünün montaj sistemini işləyəndə Aleksandr Blokun şeirlərini nümunə kimi gətirirdi. Şücaət adlı Kəlbəcərli bir şair var. Bir dəfə onun bir şeirini oxudum, məəttəl qaldım.

 

Ay vurulmuş, ayaqyalın, başıaçıq,

O dərədə nə gəzirsən, belə çıx.

Anam məni çağırdığı alaçıq,

Silləliyən əl yadıma düşübdü.

 

İndi gəlin bu şeiri analiz edək. Birinci misrada ananın çağırışı var. Ana baxır ki, uşaq dərədədir, fikirləşir ki, orada hər hansı bir təhlükə ola bilər, övladını çağırır. Bundan sonra əks proyeksiya görünür: “Anam məni çağırdığı alaçıq”. Bu “alaçıq” sözündən sonra bilirik ki, dərə varsa və alaçıq varsa, deməli, bura yaylaqdır. “Silləliyən əl yadıma düşübdü”. Bununla da öz ruhu halı aydınlaşır. Əks proyeksiya da aydın görünür. Deməli, bu, şair Şücaətin şeir modelində bədii kəşf edib, montajı düz qurub. Məsələn, Aşıq Ələsgər bir şeirində gözəli tərifləyir, tərifləyir, axırda deyir: “Baxdım bura, belə gözəl ola, ha”. Bu “ha” sözünü deyəndə elə bil hulqumuna bir bıçaq soxurlar. Yəni real həyatda belə gözəl yoxdur, ancaq təxəyyülün modelidir. Məsələn, bizim Əlisəmid adlı bir şairimiz var. Görün o, proyeksiya və əks proyeksiyanı necə əks etdirib şeirdə. Yazır ki:

 

Mən dünyaya yeriyirəm

Dünya mənim gözlərimin içinə.

 

Baxın, görün, proyeksiya ilə əks proyeksiyanı bir-biri ilə necə qablaşdırdı. Montaj düzəlmədir, qondarma yox. Mayakovski ilk dəfə aşiq olanda anasına teleqram vurur ki: “Ana, sənin oğlun gör necə gözəl xəstədir”.

Mayokovski bu misrada bütün ruhi halını montaj edə bilib.

 

Və yaxud bayatımızın birində deyilir:

 

Bülbül kişidi gəldi,

Dərdə tuş idi gəldi,

Bülbül gül havasına,

Hələ qış idi gəldi.

 

Yəni bülbülün faciəsini göstərir ki, qışda gəlibsə məhv olmalıdır. Bu da montaj təfəkkürünün tipidir. Montaj iki həqiqətin uzlaşdırılması və uzaqlaşdırılması yolu ilə üçüncünün meydana çıxmasıdır. İki həqiqət ola bilərmi? Təbii ki, xeyir. Peşəkar üslub odur ki, sözü cilalaya bilsin və əsl həqiqəti göstərib qəbul etdirə bilsin. Sözü mahiyyət daşıyıcısı etsin.

Şair var nə baş verdiyini anladır, şair var necə baş verdiyini anladır. Necə baş verdiyini anlatmaq heç kəsə maraqlı deyil. Məsələn, meyxana deyən müğənni bütün hadisələri sadalayır: Aşiq olandan ta qəbirə qədər. Amma Pablo Neruda deyir ki: “körpələr öpüşdən doğulur”. Görün, nə qədər hadisələri montaj edib atır Neruda, amma mahiyyət itmir. Bu baxımdan peşəkar üslub əsasdır. Peşəkarlığı isə ancaq məktəb keçən adam bilə bilər. Əgər ənət adamı məktəb görməyibsə, heç vaxt peşəkar ola bilməz. İnsan öz ağacında öz meyvəsini bitirməyi bacarmalıdır.

– Bəs fərdi üslubun ədəbiyyatda özəlliyi nədən ibarətdir?

– Fərdi üslub o deməkdir ki, sən qoyulan müşkülü özününküləşdirə bilirsən. Öz içindən, beyin süzgəcindən keçirib müşkülü təqdim edə bilirsən. Rejissora, yazıçıya maraqlı olmayan müşkülü əgər onlar düşünsə ki, bu mənə maraqlı deyil, başqalarına maraqlı ola bilər, onda bərk yanılırlar. Müşkül gərək birinci o müşkülü qabardanın və göstərmək istəyənin özünə maraqlı ola. Fərdi üslub ancaq demokratik mühitdə boy göstərə bilir. Tutaq ki, məhkəmə sistemi azad olmasa, analitik jurnalistika formalaşa bilməz. Əhməd bəy Ağayev deyirdi ki: “Kaş elə bir gün gələydi ki, insanı yalnız əməlinə görə suçlayaydılar, dediyi sözü görə yox”.

Bir də var ictimai üslub. Bu üslubun üçüncü tipidir. İctimai üslub dövrün diqtəsidir. Peşəkar üslub genişlənəndə və yazılı tezislərini tapanda məktəb yaranır. Məsələn, Azərbaycanda Mirzə Fətəli Axundov məktəbi olub. Çünki o tezislərini aydınlaşdırmışdı. İctimai üslub genişlənəndə isə cərəyan yananır. Bu da bir növ diqtədir. Demokratik mühitdə yazıçı, şair, fikir adamı bazara işləyir. Tələbata olan məhsulu istehsal edir. Belə olmayanda xüsusən total və avtoritar rejimlərdə bu cür şeylər təbliğata işləyir. Amma bu mexanizm özünü doğrultmur. Çünki insanlara heç nəyi istəmədən yedirmək, qəbul etdirmək mümkün deyil. Bütün zamanlarda bazar tələb və təkliflərin uzlaşdırılmasıdır. İnsanlar istəmədiklərini verib yalandan “yedi doydu” demək olmaz. Demokratik dövrün sənət cərəyanı, əslində, modernizm olmalıdır. Modernizm cərəyanı sərbəst biznes faktorunun üzərində qurulub. Postmodernizm isə televiziyanın diqtə etdiyi modernizm deməkdir. Post sözü fransızcadan tərcümədə televiziya deməkdir. Bugünkü hər tərəfdən axan mozaik informasiya yeni təfəkkür forması yaradıb. O təfəkkür tərzinin isə öz tələbatları olur. Aristotel də vaxtilə deyirdi ki, “hər hansı bir əsər yeddiqat piroq kimi olmalıdır. Ən savadsızdan ən savadlıya qədər hamıya çatmalıdır”. Bizim ədəbiyyatda sentimentalizm – əyalət təfəkkürünün önə keçməsi, romantizm, – maksimum şəxsi minimum ictimai – yaxud da marifçilik - bu cərəyanlar daha çox öndə olub. Çox istərdik ki, bizdə klassizm öndə olsun. Klassizm dövlət dəyərlərinin, ictimai mənafeyin önə keçməsidir. Uzun müddət bizdə dövlətçilik ənənəsinin olmasına görə dilimizdə, hətta “dövlət” və “var-dövlət” sözünü eyniləşdirənlər də oldu və bu bizim dövlətçiliyimiz üçün çox təhlükəlidir. Ona görə ictimai motiv vacibdir. İctimai motiv sənət səviyyəsində öz həllini tapmayanda insanları bıktırır. Əli Sultanlının arzusu idi ki, kaş bizdə klassizm meydana gələydi və dövlətçilik ənənəsində əsərlər meydana çıxaydı. Modernizm ona görə dəyərlidir ki, sənətkarın hökmdarla münasibəti üfüqidir, şaquli deyil.

– Modernizm demokratik mühitdən meydana gəlməsini vurğulayırsınız. Sovet dövründə bizdə yaranan modernist ədəbiyyat axı demokratik dövürdə yaranmayıb.

– Modernizmin bir neçə göstəricisi var. Modernizm rüşeymlərini hətta sosializm dövründən əvvəlki dövrlərdə də tapmaq mümkündür. Məsələn, Mirzə Cəlilin hekayələrində modernizm ünsürləri çoxdur. O bir çox əsərlərini jurnal üçün yazırdı və bu yolla da bazara ünvanlayırdı. O dövürdə Əli Kərim və Rəsul Rzanın şeirlərində modernizm hansı dərəcədəsə üzə çıxdı. Bu da Xuruşovun hakimiyyətə gəlməsi ilə yaranan “siyasi ilıqlaşma” ilə bağlı idi. Brejnevin dövründə isə buxovlar yenə də dağıdıldı və modernizm sıradan çıxdı.

– Bugünkü ədəbiyyatda və sənətdə postmodernizm cərəyanı varmı?

– Bilirsiniz postmodernizmin əsas şərti müəllifin yoxluğudur. Yəni əsərdə müəllif məni görünməməlidir. Amma bizdə bəzi müəlliflər hər addımda özünü gözə soxur. Stanslavskinin bir fikri var, deyir, “pis aktyor baldızı üçün oynayır”. Bizdə müəllifin özünütəsdiq prosesi ədəbi materialda özünü daha qabrıq şəkildə göstərir. Bu çox təhlükəlidir. Bu ədəbiyyatda avtoritarizmin göstəricisidir. Bu avtoritarizm ədəbi tənqidimizdə də var. Məsələn, hər hansı tənqidçi bir əsər haqqında fikir bildirəndə deyir ki, o əsəri hətta mən başa düşmədim. Yəni özünü etalon hesab edir. Bizim jurnalistikada, ədəbiyyatda olan mənəm-mənəmlik postmodernizmə yad elementdir.

– Bəzi yazarlar özünün heç bir izimə aid etmirlər və yaxud bütün izimlərin fövqündə olduqlarını bildirirlər. Bu fikrə münasibətiniz necədir?

– Belə sözlər demək ümümiyyətlə biabırçılıqdır. Bir var elmi-nəzəri əsaslarla yaranan əsər, bir də var ruhi narahatlıqla, heç bir əsasa söykənmədən yaranan əsər. Məsələn, sən bir simfoniya yaradırsansa, nəzərə almalısan ki, bu həm də dünya üçündür. Bir də var aşıq havası. Bu müəyyən, bəlli bir mühit üçündür. Elm və intellektual ədəbiyyat qapalı yox, xətti inkişafdadır. Bəşəri dəyərləri əks etdirir. Bədii əsər dünyəvi olmalıdır. Əgər dünyəvi deyilsə, dünyanın onu mətni qoruyacağı da şübhə altındadır. İzimlərsiz və cərəyansız ciddi ədəbiyyat ola bilməz. Cərəyanları və izimləri bilməyən yazarlar not bilməyən “bəstəkarlar” kimidirlər. Poeziyada isə vəziyyət bu baxımdan daha çətindir. Məsələn, Puşkin nəhəng şairdir, amma dünya tanımır. Ona görə ki, poeziya kodlaşdırılmış sənət növüdür və bilavasitə dilə məxsusdur. Dostoyevski dəfələrlə ingilis dilinə tərcümə olunub, amma Puşkin yox. Şairin dünya ədəbiyyatına çıxması və qəbul olunması çox çətin məsələdir. Bu da o halda mümkündür ki, şairin gücü mahiyyətdə olsun, formada və ya dil xüsusiyyətində yox. Az şairlər var ki, onun şeirlərini dünya dilinə tərcümə edəndə öz gözəlliyini itirmir.

–Sizin üçün ədəbi mühit nə deməkdir?

– Bəzən bir ədəbi mühitdə 50-60 üzdə görünən yazıçı və şair olur. O mühit özü onların çoxunu gübrəyə çevirir və bu yolla bir-iki istedadlı yazıçını yetişdirir və gələcəyə ünvanlayır. Tutaq ki, XX əsr Azərbaycan poeziyasında böyük şair kimdir deyəndə, adam bilmir kimi desin. Amma onlarla böyük ədəbiyyatın nümunəsi sayıla biləcək şeirlərin adını çəkmək olar. Əslində, ədəbiyyat müəllif və mətnin mübarizəsidir. Əsl sənət əsərindəsə müəllif qalib gəlir. Əgər müəllif nəzəri əsasları bilmirsə, mətn qalib gəlir. Bu gün ədəbiyyat təkqapılı futbol oyununu xatırladır. Bütün toplar bir qapıya vurulur. Bir adamı onlarla adam tərifləyir. Sovet dövründə yaranan oçerk janrının da təyinatı bundan ibarət idi. Müqavimət gücü olmayan əsərdə heç vaxt bəşəri dəyər ola bilməz. Fikir verin, hansı əsərlər sosializm dövründə yarandı və insanlarının yadında qaldı? O dövrü müqavimət göstərən əsərlər. Əsər həm də müqavimət gücünə sahib olmalıdır.

 

 

Fərid Hüseyn

 

Kaspi.-2013.-18-20 may.-s.15.