Talehdən taleyə yazılan məktublar…

 

(Taleh Həmidin poeziyası üzərində düşüncələr)

 

Vaxt olub ki, Taleh Həmidin şeirlərini oxuyub onun haqqında düşüncələrimi yazmaq, anlatdıqlarını anlatmağa çalışmışam; biz demək olar ki, eyni nəsli təmsil etdiyimizdən yazdıqları da sanki tərcümeyi-halımızın bir parçası olaraq yaddaşımıza hopub, ancaq gör nə qədər zaman keçib( bu tanışlıq 70-ci illərdən şeirləri ilə başlayıb), hələ də onun yaradıcılığı ilə bağlı ortada bir yazım yoxdur. Bəlkə ona görə ki, başımız ədəbiyyatşünaslığın ayrı-ayrı problemlərinə qarışdığından çağdaşlarımızın, bir qədər də dəqiqləşdirsək, yaşıdlarımızın sənətinə az diqqət yetirmişik. Bəlkə bu durum yenə də davam edəcəkdi, əgər bu günlərdə “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” kitabımın 3 cildi ilə bağlı müasirlərimizin əsərlərinə yenidən göz atıb onlara ədəbiyyat tarixçiliyi baxımından yanaşmasaydım. Müasir poeetik düşüncənin layiqli təmsilçilərindən biri Taleh Həmidin “Sənə məktublar yazıram” (Taleh Həmid “Sənə məktublar yazıram”, Bakı, Qanun, 2012, 216 səh.) şeirlər kitabını onun yaradıcılığı ilə bağlı söz demək üçün ən yaxşı fürsət bildim. Yaxşıdır ki, şairin burada, əsasən, son illərdə yazdığı şeirləri daxil edilsə də, yazmağa başladığı ilk nümunələrdən üzü bəri yaradıcılığının bütün mərhələlərini əhatə edən əsərləri də yer alıb. Belədə şairin həm yaradıcılıq mərhələlərini izləyə bilirsən, həm də poetik inkişafını daha yaxşı görmək mümkün olur.

Taleh Həmid ədəbi prosesə 70-ci illərdə gəlib; bu zaman demək olmazdı ki, poeziyanın imkanları sərhədiz idi, yaxud mövcud siyasi rejim hələ də ədəbiyyatdan umacağını gizlətmirdi, əlbəttə, bunlar da vardı, lakin ümumən poeziyanın daxilində gedən proseslər poetik sənətin xeyrinə idi. Bir şey aydın idi ki, getdikcə poeziyada epiklik öz ömrünü başa vururdu, onun yerini isə lirik şeir, yaxud insan duyğuları və düşüncələri, fəlsəfi assosiativ məqamlar tuturdu. Taleh Həmid elə ilk yaradıcılıq yolundan lirik şeir yolunu tutdu; şairin lirik dünyası özünəməxsus forma ilə təqdim edilir, lirik atmosfer və məqamlar, lirik qəhrəmanının ruh halı şeirlərinin özəyini təşkil edir. Taleh Həmid ilk şeirlərindən daxili lirik məninin yaşam tərzini, düşüncələrini, ən gizli, sirli məqamlarını anlatmağa çalışırdı. Bütövlükdə onun yazdıqlarını tale məktubları və ya taleyə yazılan məktublar da adlandırmaq olardı. Onun lirik qəhrəmanının daşa dəyən ilk məhəbbəti gah “tale oyununda” uduzur, gah da həsrətə son vermək üçün “tale qapısını” döymək istəyir:

 

Taleyinin qapısını döyməyə

Bir səs gəlsə tanı, mənim səsimdi.

Keçən keçdi, öyrəşmişəm göynəyə

Sənin boyda həsrətim var, bəsimdi.

 

Taleh Həmidin poetikasında tale yaşantıları son dərəcə orijinal şəkildə təsvir edilir; taleyə inanır və inandırır. Özü də taleyin poetik təqdimində oxucunu yönləndirəcək əlavə informasiya verməyi lazım bilmir, sadəcə yaşanan taledən poetik nəticə çıxarır. “Talelər arasında”, “Yuxuda qəbrimi görürəm hərdən”, “İnsanın ömrü də yarpaq kimidi”, “Üç bacım var idi”, “Məni bağışla” və s. şeirlərinin hər birini Talehin “tale pıçıltıları”, yaxud “tale pritçaları” da adlandırmaq mümkündür:

 

Biz səninlə bir sevginin

Gizlənqaç oyununa başladıq.

Mən səni, sən də məni

Tapasıydıq.

Gec açdıq gözümüzü,

Deyəmmədik sözümüzü.

Məni də, səni də

Özgəsi tapdı.

 

Taleh Həmid poeziyasının özünəməxsus strukturu var; şeirin quruluşu sadədir, yalnız bir fikir, düşüncə üzərində qurulmayıb, yaxud məlum yaşantılarla oxucuyla dialoqa girmir. O, hər şeirində yenidən kəşf edilir, həm də ona görə ki, hər şeiri ilə yenidən yaşayır, özünü ifadə edir. O, oxucusu ilə çox səmimidir, özü-özü ilə, daxili məni ilə olduğu kimi. Şeirlərində şəxsi, subyektiv həyəcanlarını, yaşantılarını ictimailəşdirə bilir, yaxud ictimai hadisələri subyektivizm süzgəcindən keçirərək onu özününküləşdirir. Bu, mənə elə gəlir ki, şair və ya poeziya sənəti üçün əsas faktorlardan biridir, çünki bir şairin şəxsi həyatı, yaxud yaşadıqları, oxucu üçün o qədər də maraqlı, ilgiçəkici olmaya bilir, ancaq şeirində təsvir etdiyi duyğular, yaşantılar toplumun düşüncəsinə, təcrübəsinə dayalı funksionallıq gücünə sahib olmalıdır. Şairin poeziyasında da bu özəllik daha qabarıq görünür; o, heç də yaşanmamış, yeni subyektiv duyğylar axtarışına çıxmır və bunu oxucusuna ilk dəfə, yepyeni bir duyğu, məqam kimi sırımağa çalışmır, hər kəsin yaşadığı duyğular, yaşantılar olaraq təsvir edir. Özü də bu təsvirlərdə həyatın özü- dünəni, bu günü və gələcəyi boylanır. Sirr deyil ki, bu gün şairlər ictimai mövzulardan kənar qaçır, bəşəri problemlərə daha çox diqqət yetirirlər. Taleh Həmid də çox az hallarda müraciət etməsinə rəğmən, xalq düşüncəsini, həyatını, yaşantılarını obrazlı şəkildə ifadə edir:

 

Düşmən yeriyəndə bir xalq üstünə,

Hər oğlu, hər qızı simurq eyləyir.

Yara var, millətin ağrıyan yeri,

Yara var, milləti yumruq eyləyir.

Ötəri səs deyil, bitməz bu dərdim,

Ağrılar, acılar aldı içimi.

Yenə Xəzəri kükrəyən gördüm,

On yeddi il bundan əvvəlki kimi.

 

Necə oxşayır gün-günə bir bax,

Ağlayan küləyin harayı gəldi.

Azadlıq!

Elə ki, sən mənim oldun,

Şəhid oğulların ruhu dincəldi.

 

Taleh Həmidin poetik coğrafiyasında payız düşüncələri başlıca yer tutur.Mənə bu payızdan axı çatar”, “Payız vidası”, “Mən, sən, payız”, “Uçur durnaların payız karvanı”, “Eşidim bir az da…”, “Payız elə belə olur s. şeirlərində payızın əsrarəngiz lövhələrini çəkir, onunyarpaq pıçıltısı”nı, “payız küləyi”ni, “sarı xəzəli”ni, “sazağa düşən gülləri”ni, çəkiləndurna qatarı”nı təsvir edir. Bu şeirlərin hər birində oxucu payız duyğularını yenidən yaşayır:

 

Uçur durnaların payız karvanı,

Mavi buludlara səs sala-sala

Qərib durnalara yazığım gəlir,

Özüm bir sahildə tək qala-qala.

 

Bezdim bu ölçüdən, belə biçimdən,

Soldu yaşıllıqlar, bağ tala-tala.

Payızın yolları keçdi içimdən.

Üşüyən yarpaqlar əl çala-çala.

 

Sənə məktublar yazıramkitabındaməktubTaleh Həmidin poetik dünyasında əsas atributlardan biri kimi səciyyələnir; sevgililərin bir-birinə məhəbbəti ən çox məktublar şəklində izhar olunduğundan şair yaradıcılığı boyu bu detaldan istifadə edir.Məktub”, “Məktub gözləyirəm”, “Gərək bu sevgini başlamayaydıq”, “Sənə məktublar yazıram”, “Sevgi məktubları yazın, cavanlarşeirlərində məktub sevginin, məhəbbətin müqəddəs yeri, hisslərin, duyğuların sakral məkanı olaraq təsvir edilir. Şairə görə, məktubda sevginin hərarəti, ürəyin döyüntüsü, cavanlığın cəsarəti iz salır həmişəlik qalır, “Sevgi məktubları yazın cavanlar, Bir düşməyəcək ələ bu anlar!”-deyə üzünü onlara tutur. Şairin lirik qəhrəmanı bu zaman indiki məhəbbət daşıyıcısı-sms-lərə öz münasibətini bildirir; ürəkdən süzülüb gələn kəlmələrin kağız parçasında qalmasını istəyir, onların yazdığı sms-lərin pozulub getməsi onu narahat edir:

 

Kağız parçasına sığınıb qalsın

Ürəkdən süzülüb gələn kəlmələr.

Bir vaxt qəlbinizi isitməyəcək,

Valah sms-də ölən kəlmələr.

 

Taleh HəmidinMənim qısa sətirlərimbaşlığı altında toplanan şeirlərinin orijinal arxitektonikası var; cəmi bir neçə sətirdə şair həyat, ömür, yaşam haqda düşüncələrini verir bu düşüncələrdən doğan poetik təəssürat oxucu ilə ünsiyyət qura bilir, ona bağlanır:

 

Uşaq oldum,

cavanlığa tələsdim.

Cavan oldum,

Qocalığa yüyürdüm.

Biri arxada qalıb,

Biri tutub əlimdən

Uşaq kimi gəzdirir.

Yaxud:

Ömrü boyu sevmədi

şeiri, şairi.

Burda qəbahət var?

Amma məzar daşına

Sonda şeir yazdılar.

 

Taleh Həmidin poeziyasının böyük bir hissəsini lirika təşkil edir, burada subyektiv başlanğıcsız, şəxsi təəssüratlarsız keçinmək olmur. Bu zaman onun lirikası xarici aləmə subyektivin gözü ilə baxır, hadisələri birbaşa deyil, lirik subyektiv həyəcanları ilə bildirir, şəxsi tərcümeyi halının ən gizli, yaxud sirli tale pıçıltılarını əks etdirir:

 

Göylərin altında,

Torpağın üstə

Min dəfə harayla

Min dəfə istə,

İnsan buxarlanan

Sular kimidi,

Bir vaxt tapmayacan

Taleh Həmidi

 

Otuz ildən çox keçdiyi poetik yolda həyatın təzadlarını, acılarını, qayğılarını təsvir edən Taleh Həmid lirik fəlsəfi, səmimi həyati şeirlərilə yaradıcılığının yeni bir mərhələsində-bu gün həyatı dünyanı canlandırır, poetik dərketmədə forma, ifadə üslub yenilikləri edərək ədəbi prosesdə özünəməxsus yer tutur.

 

 

Bədirxan Əhmədov,

Professor

 

Kaspi.-2013.-18.-20 may.-S.21.