Düzbucaqlıda qətl hadisəsi
(hekayə)
Iki
paralel xəttin əmələ gətirdiyi zolağın
içində baş verirdi hadisələr. Böyük bərabərlik
işarəsini xatırladan zolaq düzbucaqlıya oxşasa da
enlərini tamamlayan paralel xətlər gözə dəymirdi.
Yan tərəflərin görünməməsi kainatdakı
bütün varlıqlar arasında mövcud bərabərlik
işarəsindən xəbər verirdi. Bu məkan yalnız
ona aid idi sanki. Hadisələri təkcə o seyr edə
bilirdi. Seyr etdiyi hadisələrlə birgə paralel xətlərin
əmələ gətirdiy zolaqdan kənardakı aləmdən
ayrılmışdı. Kənardakı aləm də zolaq
şəklində qaralırdı.
Iki
paralel xəttin arası ilə harasa tələsirdi Z. Daha
doğrusu, daha çox hadisələr ona tərəf gəlirdi
elə bil. Amma yerdəyişmə baş verirdi. Bir nöqtədən
başqa nöqtəyə adlayırdı. Dəyişmələr
ani baş verir, zaman sürətlə dəyişirdi. Nə qədər
hərəkət etdiyini bilmədi. Bir də onu gördü
qarşısında ev peyda olub.
Həmən
evdir. Qapını açıb içəri daxil oldu. “Bu da
o. İlahi, gör nə vaxtdır onun həsrətindəyəm.
Axır qovuşa biləcəyik” – azca
çaşqınlıq içində düşündü.
M. sanki neçə ildi onu gözləyirmiş.
- Niyə vaxtında bunu demirdin – M.dilləndi.
- Nəyi?
- Nəyə görə bura gəlmisən
onu.
- Hə. Anladım.
- Bəlkə hər şey başqa
cür olardı indi.
- Bilmək olmaz. Bəlkə də belə
lazım imiş.
- O gün nə demək istəyirdin telefonda. Əclaf gözlənilmədən tez
gəldi deyə danışa bilmədim.
- Nəyi deyirsən?
M. dinmədi. Azca fikirləşən Z. dilləndi:
- Xatırladım. Yuxumu danışmaq istəyirdim
sənə. Yuxuda görürəm
ki, paralel relslərin üstü ilə addımlayırıq.
Əllərimizi bir-birinə uzadmışıq.
Nə qədər çalışsaq
da əllərimiz qovuşa bilmir. Uzaqdan da qatar gəlir. Nə gəlir. Çığırıram:
“Paralel relslər bərabərlik işarəsidir,
bərabərlik işarəsi.
Mənsə sənə bərabər
yox, sən adlı nöqtə olmaq istəyirəm.
nöqtə”. Belə qəribə sözlər
çığırıram, amma səsim eşidilmir elə bil.
- Bilirsən o qatar
nə qatardı. O zamandır. Çoxdan gəlib keçib
üstümüzdən.
- Yox. Hələ keçməyib. O qatarı saxlayacağam.
- O əclaf “zaman”ı çətin saxlaya biləsən. Hər gün içki,
narkotika. Üstəlik zorakı hərəkətlər,
təhqir. Dözə bilmirəm
daha. O zaman, səni bilmirəm, məni çoxdan yerlə bərabər edib.
- Saxlayacam. Sadəcə sən mənə
inan.
- İnanıram e. Amma
nə faydası. Əlimizdən nə gələr. Day yaşaya bilmirəm.
Artıq
hər şeyə hazıram. Heç nə gözümdə
deyil.
- Susss... hər şey sən istədiyin kimi olacaq.
Xeyli üz-üzə
dayanıb, səssizliyə
qərq olmuş otaqda bir-birinə sevgiylə zillənən baxışları dinlədilər. Sonra ölümünə
sevişdilər.
Az sonra isə dayanıb döşəmədə qan
içində uzanan meyitə baxırdılar.
O içəri girən
kimi açılan atəş həyatına
son qoymuşdu. Yox. Qətl hadisəsi
başqa cür baş vermişdi. Zəhərləmişdilər onu. Axı, deyəsən,
belə də olmayıb. Sərxoş halda eyvana çıxıb aşağı
boylanarkən yıxılıb.
Qəribədir; bir adam neçə
cür ölərmiş.
Hər nəsə. Necə ölməsindən
asılı olmayaraq onların istədiyi həyata keçmişdi.
Rahatlıq içində evi tərk edib arxayın-arxayın gəldiyi
yolla geri qayıtmağa çalışsa
da, geriyə hərəkət mümkün
deyildi. Çox cəhd etsə
də bir şey alınmadığını
görüb, əks istiqamətdə - irəli
hərəkət etməyə
başladı. Asanlıqla irəli
hərəkət edən
Z. düzbucaqlı zolağın
sonuna, yəni eni açıq tərəfinə çatarkən
qəfil bir boşluğa düşdü.
Boşluqdan sürətlə ikinci bir zolağa
keçib ani dayandı. Bu zolaqdan asanlıqla üçüncü bir zolağa keçmək mümkün idi. Bu iki zolaq da eynən birinci
zolağı xatırladırdı.
Artıq
əvvəlki rahatlığından
əsər-əlamət qalmamışdı.
Anlaşılmaz qorxu, peşmanlıq
hissi hakim kəsilmişdi
varlığına. İki
zolaq arasında var-gəl edərək birinci zolaqda baş verən hadisə barədə düşünürdü: “Bu necə
baş verdi
axı. Mən tapdadığım qarışqa
taleyinə acıyan, kəpənək ölümünə
duruxan adam
kiminsə qətlinə
bais oldum. Yəni sevgi hissi doğurdan
da hər şeyə qadirdir. Yoxsa bu, sadəcə özünü təsdiqidir
adamın. Axı həmişə
düşünürdüm zəif, qorxaq adamlar belə hərəkətə yol verə bilər. Həyat necə də anlaşılmazdı. Varlığım döyüş meydanıdır
elə bil. Sanki daxilimdə üç
adamın mübarizəsi
gedir”. Bu kimi düşüncələr içində
bir tərəfdən
də haradansa süzülüb gələn
zəng səsi məkanı doldurur, həyacanını birə
beş artırırdı...
Telefon bayaqdan zəng çalırdı. Divardakı
saata nəzər saldı: 00:30. Bu vaxt
kimdir zəng edən – düşündü.
Telefona yaxınlaşıb dəstəyi
qaldırdı.
- Bəli. Eşidirəm.
- Mənəm – sevdiyi qadının səsi idi. – Nəhayət, getdi, birdəfəlik getdi.
- Kim getdi? Hara getdi? – hələ də fikrini tam cəmləyə
bilmədiyindən soruşdu.
- Kim olacaq. O da. Həyatımdan getdi. Özü də
həmişəlik. Artıq azadam.
Başa düşürsən – azad.
Az əvvəl içində olduğu hadisələri, sevgi səhnəsini, meyiti, boşluqla zolaqdan zolağa keçdiyini xatırlayan Z. ani duruxdu. Sonra bütün günü
evdən çıxmadığını
xatırlayıb sevindi.
- Nə yaxşı. Bəs hadisə neçə
baş verib? – soruşub, həyacan
içində maraqla dinləməyə başladı.
... –
14.05.2013
Əlisa Şükürlü
Kaspi.-2013.-18-20 may.-S.22.