Onun ürəyinə ürək
çatmazdı
Nahid Hacızadə
Unudulmaz müəllimim,
böyük yazıçı və pedaqoq Mir Cəlalı
xatırlayarkən…
Hərdən
qəlbimdə acılı-şirinli xatirələr
oyanır. Doğma,
tanış insanlar yada düşür. Onlar haqqında yazmaq, söz açmaq keçir
ürəyimdən. Yaddaşım vərəq-vərəq
olur. Əlim qələmə uzanır…
Əlli
beşinci il. Qaynar nəfəsli,
qayğılı, intizarlı avqust öz yerini arzular dolu
sentyabra təzəcə vermişdi. O günəşli
günün rəngləri, sevinc və həyəcanları qəlbimə
yazılıb, həmişəlik qəlbimdə qalıb.
Tələbəliyimiz başlayırdı. Necə xoş xəyallarla,
şirin, qanadlı arzularla açmışdıq o səhəri!
Dəhlizlər qaynayıb-daşırdı.
Birinci kurs tələbələri — Azərbaycanın
müxtəlif yerlərindən gəlmiş oğlanlar,
qızlar hələ bir-birlərinə o qədər də
isnişməmişdilər.
Dəstə-dəstə dayanıb dərsin
başlanmasını gözləyirdik.
Bu da ilk zəng,
ilk mühazirə! Səs-küylə auditoriyaya
doluşduq. Gözümüz qapıda idi.
İntizarımız çox çəkmədi.
Ortaboylu, gülərüz, xoşsifət bir adam
içəri daxil oldu. Necə deyərlər,
üzündən nur tökülürdü. Əynində hava rəngli yüngül yay kostyumu
var idi. Çoxdan dən
düşmüş saçları seyrəlmişdi.
Gözümüzü ondan ayırmırdıq…
Asta
addımlarla irəlidə, partaların qabağında
qoyulmuş stolun arxasına keçdi və uzun, mülayim
baxışlarla auditoriyanı süzərək:
— Xoş
gördük, əziz tələbələr! — dedi.
Biz onu dərs kitablarından, əsərlərindən
tanıyırdıq. Və cədvəldən onu da bilirdik ki, bizə ilk
mühazirəni kim oxuyacaq. Ona görə
də hamımız bir ağızdan, qürur və sevinclə
cavab verdik:
— Salam,
Mir Cəlal müəllim!
—
Uşaqlar, mən sizə «Ədəbiyyatşünaslığa
giriş» fənnindən mühazirə oxuyacağam. —
Sözünə azca ara verib, sakit bir axarla
mühazirəyə başladı, — Yaxşı bilirsiniz ki, ədəbiyyat
söz sənətidir. Həyatın
güzgüsüdür. Qış
sessiyasınacan bizim əsas söhbətimiz bu barədə
olacaq.
O,
aram-aram danışır, hərdən pəncərə
qarşısında dayanıb dalğın-dalğın harasa
baxır, auditoriyada olduğunu, mühazirə oxuduğunu belə
unudurdu…
Qoşa saatın yarısını başa vurduq. Tənəffüs
boyu söhbətimizin mübtədası da, xəbəri də
Mir Cəlal müəllim oldu. İçimizdə bir
qürur hissi çırpınırdı: «Görün bizə
necə bir insan dərs deyir!»
Mən o
vaxtacan Mir Cəlal müəllimin hekayələrini, «Bir gəncin
manifesti» və «Dirilən adam»
romanlarını oxumuşdum. Adı sevdiyim
yazıçıların ilk cərgəsində idi.
«Bir gəncin manifesti» sarsıtmışdı məni, əsərin
qəhrəmanı Mərdanın «Bahar, mənim mələr
quzum, körpə qardaşım» — deyə qopardığı
o dəli haray, ürək yandıran o göynəkli monoloq
göz yaşlarıma qarışıb qəlbimə
axmışdı…
Çox
sonralar bu barədə Mir Cəlal müəllimə
danışanda, kövrələrək:
— O dərdi,
o faciəni yazanda mən özüm də
ağlamışam, — dedi. — Bu əsərin qəlbimdə
ayrıca yeri var.
— Onun ədəbiyyatımızda
da yeri ayrıdır, — dedim.
Tərifdən
həmişə uzaq qaçan, təvazökarlığı
hər şeydən uca tutan Mir Cəlal müəllim
cavabı döndərdi:
— Bunu
zaman göstərər, gələcək göstərər.
…Tənəffüsdən
sonra tələbələrlə tanışlığa
başladı. O, cərgələrin arasında ayaq
saxlayır, bir-bir adımızı, soyadımızı
soruşur, xoş sözlər deyirdi. Mənə çatanda əlini
çiynimə qoyub mehribanlıqla:
— Bəs
sənin adın nə oldu? — dedi.
— Nahid.
— Bizdə
çox seyrək rast gəlmək olar bu ada, — dedi. — Türklərdə,
ərəblərdə daha geniş yayılıb. Ərəblərin Nahid adında məşhur bir
şairləri də var.
Azca irəli
yeriyib təzədən soruşdu:
— Bəs
rayonun hansı oldu?
— Gədəbəy.
—
Özündənsən? — Diqqətlə süzdü məni.
— Yox,
Şınıxdanam.
— Yəqin
ki, Əli Rəsulovu tanıyarsan?
—
Doğmaca əmioğluyuq.
—
Çox gözəl! — Çöhrəsində bir
işıq dalğası gəzdi. — Əli müəllim əvəzsiz
ziyalıdır. O böyük Qaramurad kəndində məktəb
müdiri idi. Hərdən rayon mərkəzində
görüşürdük. O vaxt Gədəbəydə
bank yox idi. Müəllimlərin aylıq məvacibini
Şəmkir bankından alırdıq. Minik
çətin tapılırdı. Bəzən
bu qədər yolu atla, araba ilə gedib-gəlirdik. Başımıza hərdən qəribə-qəribə
işlər gəlirdi. Bu əhvalatları
danışmaqla qurtarmaz.
Əli müəllimlə sözümüz-söhbətimiz
tuturdu. O, Qazax
Seminariyasını, mən isə Gəncə Pedaqoji
Texnikumunu bitirmişdim. Əli müəllim
Osman Sarıvəlli ilə bir yerdə oxumuşdu. Onunla bağlı məzəli söhbətlər
danışırdı. Hərdən də
Səməd Vurğunla, Mehdi Hüseynlə dostluğundan
söz açırdı. Geniş
mütaliəsi var idi Əli müəllimin. Şeir də yazırdı. — Sözünə
ara verib, soruşdu, — İndi nə
işində çalışır?
— Gədəbəy Rayon İcraiyyə Komitəsinin sədridir.
— Xeyli
vaxt onu görmədim, yalan olmasın, on il.
—
Müharibə illərində Zəngilanda Rayon Partiya Komitəsinin
katibi işləyib.
— Hə, belə
de. Bir ara tez-tez
görüşürdük. Əllinci illərə
qədər bir-birimizi görmədik. Ötən il burada — Bakıda görüşdük. Elə bil dünyanı verdilər mənə.
— Bir-iki addım aralanıb, geri qanrıldı, — Görəndə,
məndən salam deyərsən Əli
müəllimə.
— Mütləq!
— sevinclə bildirdim.
Nəyi
isə xatırlayırmış kimi gözlərini azca
qıyıb:
Heç soruşmursan, Gədəbəy hara, mən hara? — Tezcə də
sözünə əlavə elədi, — Mən o torpağa
çox bağlıyam. Gədəbəyin suyu,
havası kimi, insanları da safdır. Gəncədə
Pedaqoji Texnikumu bitirəndən sonra, 20-ci illərin
axırlarında orada müəllim işləmişəm, —
dedi, — Gədəbəyin özündə, həm də
Söyüdlü kəndində, Mirzə Teymurla bir yerdə. İndi onun iki oğlu — Qoşqarla Şamil bizim
universitetdə dərs deyir.
Arxa cərgədə oturan tələbələrdən
kimsə həmin illərin təəssüratı əsasında
yazılmış «Təzə toyun nəzakət qaydaları»
hekayəsini yada saldı. Mir Cəlal müəllim deyəsən
bir az kövrələn kimi oldu…
Xatirələr onu ötən günlərə
qaytarmışdı. Gənclik çağlarından, müəllimlik
illərindən, ilk hekayələrini necə qələmə
almağından maraqlı epizodlar danışdı.
Fikrini belə tamamladı:
— Dağ
adamları düz olur, halal olur. Mərd-mərdanə
camaatı var Gədəbəyin. Orada
çox hörmət-izzət görmüşəm. Ömrüm boyu o yerləri, o insanları unutmaram.
Beləcə, Mir Cəlal müəllimlə «həmyerli»
olduq, ülfət bağladıq,
dostlaşıb-doğmalaşdıq.
Yaradıcılığı
ilə daha yaxından tanış olandan
sonra gördüm ki, Gədəbəy camaatından
gördüyü hörmət və ehtirama öz əsərlərində
ürək genişliyi ilə yer verib, hekayələrində
dönə-dönə bizim yerlərin adını çəkib,
onun saf insanlarından, gözəl təbiətindən məhəbbətlə
söz açıb.
* * *
O, müəllim
adını uca tutan, bu ada şərəf, şöhrət gətirən
yazıçı-pedaqoq idi. Fəxrlə deyə bilərik
ki, Abbas Səhhət, Firudin bəy Köçərli,
Üzeyir Hacıbəyli, Camo Cəbrayılbəyli, Abdulla
Şaiq kimi maarifçilərin, nurlu xalq
ziyalılarının ənənələrini ləyaqətlə
yaşadan, zənginləşdirən bir insan, bir vətandaş
idi Mir Cəlal müəllim!
Biz ondan təkcə «Ədəbiyyatşünaslığa
giriş»i deyil, sənət sirlərini, həm də
insanlıq və ömür-gün fəlsəfəsini
öyrənirdik.
…Dərs
deyən zaman Mirzə Cəlilin «söz ən böyük
yadigardır» deyimi dilindən düşmürdü.
Özü isə bu fikrə söykək olaraq deyirdi: «Söz
ölməzdir, əbədidir. Zaman
dağları belə uçurub aparır. Sözə isə onun gücü çatmır.
Bunun ən yaxşı nümunəsi ulu sənətkarlarımızın,
klassiklərimizin əsərləridir. Bir
baxın, Nizami Gəncəvi «Xəmsə»si, Füzuli
«Divan»ı, Sabir isə «Hophopnamə»si ilə ölməzlik
qazanıb, üzlərini tutublar gələcək əsrlərə,
gələcək nəsillərə.
Mir Cəlal müəllim böyük Hüseyn Caviddən
həmişə yana-yana danışardı. Hər dəfə
ölməz sənətkarla bağlı hadisələri,
aralarında olan söhbətləri yada salanda kövrəlirdi.
Bir dəfə tələbələrdən biri soruşdu:
— Mir Cəlal
müəllim, Cavid necə adam idi?
— Peyğəmbər
kimi insan idi.
Bu sözləri eynilə Mir Cəlal müəllimin
özünə də şamil etmək olardı. Heç kəslə
işi yox idi. Tələbələri onu
sevirdilər. Bu da səbəbsiz deyildi.
O, gənclərmizə həm ədəbiyyatı, sənəti,
həm də həyatı öyrədirdi. Yaşımız
fərqli olsa da söz-söhbətimiz yaxşı tuturdu.
— Onda
İçərişəhərdə yaşayırdıq, —
deyə Mir Cəlal müəllim sözünə davam etdi. —
Tez-tez bizə gəlirdi. Çay içir,
oxuduqlarımızdan, yazdıqlarımızdan
danışır, fikirlərimizi bölüşürdük.
Bir dəfə
gözləmədiyim halda soruşdu:
— Komsomol,
nə yazırsan?
— Elmi iş, yəni dissertasiya.
—
Mövzun nədir?
— Azərbaycan
qadın yazıçılarının
yaradıcılığı.
Bir az fikrə getdi. Sonra üzünü mənə
tutub dedi:
— Komsomol,
heç kağıza, mürəkkəbə heyfin gəlmir? Sənə bir məsləhətim var.
— Buyurun,
Cavid əfəndi, — dedim. — Mən Sizi
özümə ağsaqqal bilirəm. Məsləhətinizə
də həmişə ehtiyacım var.
— Əgər
belədirsə, onda sən bu mövzunu burax getsin. Üzünü Füzuliyə çevir. Füzulidən yaz, qoy sənin adın tarixdə
Füzuli ilə bərabər yaşasın.
Ustadın bu sözləri məni çox
düşündürdü. Gördüm ki, Cavid əfəndi
düz deyir, mənə ağıllı məsləhət
verir. O kişiyə min-min rəhmət diləyirəm
ki, məni yuxudan ayıltdı. Ürəklə
işə girişdim, gecəni-gündüzə qatıb
«Füzuli poetikası» kitabını yazdım. Başqa bir xeyirxahın, böyük filosofumuz
unudulmaz Heydər Hüseynovun məsləhəti, həm də
köməyi ilə bu kitab namizədlik dissertasiyam oldu.
Cavid əfəndi ilə bir yerdə olmaq, ondan öyrənmək
mənim üçün nə qədər xoş idi.
Söhbətlərimizin
birində heç özüm də bilmədən ona belə
bir sual verdim:
— Cavid əfəndi,
siz həm nəzmlə, həm də nəsrlə pyeslər
yazırsınız.
— Necə
bəyəm?
— Mənimçün
maraqıdır. Bunun hansını daha çox
sevirsiniz? Şeiri, yoxsa nəsri?
— Əgər
sənə şeirlə cavab verə bilsəydim, mən
söhbəti elə şeirlə davam etdirərdim.
— Mənə
hər şey aydın oldu, Cavid əfəndi, — dedim».
* * *
…Gözümüzü
açıb-yumunca qış sessiyası gəlib
çatdı. Gecəni gündüzə qatıb
oxuyur, öyrənir, zaçot və imtahanlara
hazırlaşırdıq. Deyirlər, tələbəliyin
ən çətin dövrü birinci kursdur. Bu çətinliyi dəf etsən, yəni imtahan və
zaçotları uğurla verib, gələcək illərə
möhkəm təməl yarada bilsən, daha sənə zaval
yoxdur. Yolu necə tutmusansa, eləcə də
gedəcəksən. Vay o gündən ki,
yolun başlanğıcında kəsirin olsun, adın
düşəcək qara siyahıya.
Mən
Universitetə qəbul vaxtı yeddi imtahanın
hamısından «dörd» və «beş» qiymətlər
alıb, yüksək bal ilə tələbələr
cərgəsinə qoşulmuşdum. Təqaüd
də alırdım. Bunu da deyim ki, o vaxtlar
bir «kafi»si (üçü) olana təqaüd verilmirdi.
Evdən heç bir köməyim yox idi. Qardaşım da ali məktəbi bitirib, bir neçə ay dərs
deyəndən sonra əsgər getmişdi. O zaman birinci kurs tələbələrinin
yataqxanada yer alması da müşkül idi. Texnikumda oxuyan iki
yaxın tanışımla «Kömürçü
meydanı»ndan azca yuxarıda adama beş
manat verib kirayənişin qalırdıq. Bir
sözlə, maddi sıxıntı içində
çırpınırdım. Təqaüddən
düşsəydim, illərdən bəri arzularımda
yaşatdığım sevimli universiteti buraxıb, tələbəliyə
«əlvida» deməkdən başqa çıxış yolu
görmürdüm.
Zaçotların hamısını verdim. Qarşıda
iki fəndən imtahanımız var idi. — «Ədəbiyyatşünaslığa
giriş» və «Məntiq». Qorxum yox idi. İkisinə də yaxşı
hazırlaşmışdım. Yaxın
dostlarmın bir neçəsi ilə yığışıb,
bir-birimizlə dəfələrlə sual-cavab eləmişdik.
Dostlarım mənə ürək-dirək
verib, «sənin qorxun yoxdur, ölçüsü
«dörd»ün var» — demişdilər.
Mən yenə arxayınlaşmır, konspektləri,
kitabları, əlavə dərs vəsaitlərini əlimdən
yerə qoymurdum.
Mir Cəlal müəllimin imtahanına şövqlə,
necə deyərlər, ilhamla gəlmişdik. Çünki
qrupumuz onu həm ürəkdən sevir, həm də ona
inanırdı. O da bizim hər birimizə öz
doğması, övladı kimi baxırdı. İmtahandan
hamımız «dörd», «beş» aldıq.
Mir Cəlal
müəllim zaçot kitabçama «əla» yazandan sonra
üzümə baxıb:
— Bundan
sonra neçə imtahanın qalıb, — deyə soruşdu.
— Bircə
dənəsi qalıb, — dedim.
—
Hansı fəndəndi?
— Məntiqdən.
Gözlərini azca qıyıb fikrə getdi. Sonra da:
—
Hazırlığın necədi? — soruşdu.
—
Gücüm çatan qədər oxumuşam. Az
qala bütün kitabı əzbərləmişəm.
— Məntiq
elə fəndir ki, hardasa bir az əzbərçiliyi
sevir. — Baxışlarını pəncərəyə
sarı döndərdi. — İmtahan neçə gündən
sonradır?
— Hələ
bir həftə var.
— Nə qədər
imkanın var oxu, — dedi. Çalış əlaçılığa
düşəsən. Hər halda ehtiyatı
əldən vermə. Bunu ona görə
deyirəm ki, sənin o məntiq müəllimin özü bir
məntiqsiz adamdır.
Kasıb-kusubun qənimidir. Hər semestrdə neçə tələbəni
gözüyaşlı qoyur…
Mir Cəlal müəllimin bu söhbəti məni silkələyən
kimi oldu. Aradan iki-üç gün keçdi. Sonuncu seminarımız idi. Əlibala müəllim
şişman portfelini yellədə-yellədə içəri
girib, auditoriya ilə ağızucu salamlaşdı:
—
Uşaqlar, — dedi, — bilirsiniz ki, imtahanınızın vaxtı
gəlib çatıb. Belə götürəndə,
imtahansız da keçinmək olar. Çünki
mən öz dəftərimdə hamınızın qiymətini
yazmışam. Bilirəm kimin qabında nə
var. Diqqətlə qulaq asın. İndi
qiymətləri oxuyacağam.
Başladı aramla siyahını oxumağa. Mənim də
adım «üç» yazdıqlarının sırasında
çəkildi. Elə bil başıma
qaynar qazan əndərdilər. Dünya gözümdə
qaraldı…
Tələbələrin səsi auditoriyanı
başına götürmüşdü. Sual verən kim,
narazılığını bildirən kim: «Müəllim, mən
bir dərs də buraxmamışam, seminarlarda da həmişə
cavab vermişəm. Necə olur mənə «üç»
verirsiz» filankəsə «beş»?», «Müəllim
bu insafsızlıqdır, məcburam dekana, rektora şikayət
edim».
Bu «şikayət» sözü onu cin atına mindirdi. O, əsəbi halda
qapıya yönəldi: «Kimə şikayət edirsiniz edin.
Heç kəsin qiymətini düzəltməyəcəyəm!
Allahınıza şükür eləyin, yoxsa
o «3»ləri də «2» eləyərəm».
Qapını çırpıb, tələsik
özünü kafedraya saldı. Biz onun arxasınca baxa-baxa qaldıq…
İmtahan günü çatdı. Bilet çəkib,
stolun arxasına keçdim. Suallara baxanda
sevindim, ürəyim atlandı. Növbəm
çatanda gəlib onunla üzbəüz oturdum.
— Cavab
verməsən də olar, — deyə, əyri-əyri mənə
baxdı.
— Nə
üçün, müəllim?
— Onsuz da
qiymətini yazmışam. Biliyin «3»dən
aşağıdır ki, yuxarı deyil.
— Müəllim,
xahiş edirəm, icazə verin dekanı
çağırım, onun yanında cavab vermək istəyirəm.
Elə
bil od vurdular ona. Rəngi boğuldu:
— Mənim
imtahanıma, yazdığım qiymətə heç kəs
qulp qoya bilməz! Anladın?
— Axı,
müəllim, sizin dərsinizi yaxşı-yaxşı
öyrənmişəm.
— Bu elə-belə
predmet deyil. Lenin kimi adam ondan «dörd»
alıb. — Qəzəblə üzümə baxdı. — Bir
bunun vidinə-fasonuna bax! A bala, baxıram sənə,
görkəmindən çobanlıq yağır. Qayıt kəndinə, get, qoyun-quzunu otar. Universitet sənin kimi kəndçi-kündçü
yeri deyil. Onsuz da sən buranı bitirib,
diplom ala bilməyəcəksən.
Çox
çənə-boğazdan sonra:
—
Yaxşı, suallara cavab ver, görüm, — dedi.
Bir az sevinən kimi oldum. Ürəyimdə
düşünürdüm:
«Bəlkə insafa gəldi». Başladım suallara
cavab verməyə.
— Bala, —
dedi, — əslində sənə şişirdilmiş qiymət
vermişəm.
— Müəllim,
qadan alım, əlavə suallar da verin. «üç»üm
olsa, mənə təqaüd verməyəcəklər.
— Mən
sözümü geri götürən adam
deyiləm. Deyirəm: «üç», qurtardı-getdi, vəssalam!
Gördüm çənə döyməyin,
yalvarışın xeyri yoxdur. Qəhər məni
boğurdu. Zaçot kitabçamı
götürüb, göz yaşları içində
qapıdan çıxdım. Bərk
sarsılmışdım.
Dekanlığın qabağından keçəndə
Mir Cəlal müəllim qarşıma çıxdı. Həyəcandan salam da verə bilmədim. O məni
qabaqladı:
— Nahid, sənə
nə olub?
— Mir Cəlal
müəllim, deyəsən universiteti buraxmalı olacağam.
—
Qardaş, niyə? Nə olub ki?
— Əlibala
müəllim «üç» verdi. Təqaüd
ala bilməsəm…
— Ay kəmfürsət!
— Qəzəbini boğa bilmədi. — Bu, nə müəllimliyə,
nə də insanlığa sığar. Yıxılanı
qaldırarlar, itələməzlər axı. Sən nə bilirsən ki, bu tələbə nə
zülümlə qəbul olub? Onun gələcəyinin
üstündən niyə qara xətt çəkirsən?
Ürəyin daşdı bəyəm?
Mir Cəlal müəllim məhvərindən
çıxmışdı. Bir az aram olub,
özünə gələndə:
—
Yaxşı, düzünü de, təzədən imtahan verməli
olsan, yaxşı qiymət ala bilərsən? — deyə
soruşdu.
Qətiyyətlə:
— Alaram, —
dedim.
— Onda vaxt
itirmə, get rektorun qəbuluna. Əhvalatı
yerli-yataqlı danış ona. Yusif müəllim
elə adamdır ki, heç vədə haqqı-nahaqqa verməz.
O zaman
rektorumuz akademik Yusif Məmmədəliyev idi. Allah ona qəni-qəni
rəhmət eləsin!
Tərəddüd içində qəbul
otağının qapısından içəri girdim. Rektorun köməkçisi
Qəmər xanım stolun arxasında diqqətlə
üzümə baxaraq:
— Ay bala,
nə olub sənə, özündə-sözündə
deyilsən? — dedi.
—
Oğlum, iclasa tələsir.
— Nə
olar, bircə dəqiqə…
Elə bu
an qapı açıldı. Yusif Məmmədəliyev
makintoş paltosunun belini bağlaya-bağlaya yanımdan
keçib getmək istərkən, Qəmər xanım:
— Yusif
müəllim, — dedi, bu oğlanın sizə sözü var.
Mümkünsə…
O, «iclasa
gecikirəm» dedi. Birdən nə düşündüsə,
geri qanrılıb üzünü mənə tutdu:
—
Oğlum, nə sözün varsa, de.
Elə orada, ayaq üstə başıma gələnləri
danışdım. Rektorun rəngi dəyişdi. Görünür, geyimim-keçimim, tarimar
baxışlarım onu təsirləndirmişdi.
Üzünü Qəmər xanıma tutdu:
— Tez
filologiya fakültəsinin dekanını çağır
bura.
Dekanlıq
iki otaq o yana idi. Professor
Muxtar Hüseynzadə quşun qanadında gəldi. Rektor
ona tapşırıq verdi:
— Professor Makovelskinin rəhbərliyi ilə komissiya
yaradın, qoyun bu uşaq özünü bir də
sınasın.
Əlibala Səmədovdan başqa tələbələrin
də şikayəti var. Onları da araşdırın.
Rektorun otağından çox sevincək
çıxdım. Uşaqlar məni dövrəyə aldılar: «Necə
oldu? Rektor nə dedi?»
Görüş necə olubsa, eləcə də
danışdım. Tələbə yoldaşlarımdan biri
qınaqla «Bu şikayətin sənə ziyanı da dəyə
bilər», — deyə sanki xəbərdarlıq etdi. Mən
isə belə cavab verdim:
— Qaradan o
yana rəng yoxdur!
Öyrəndim ki, Makovelski ağır xəstədi. Onun yerinə
başqa qruplarda dərs deyən Saleh Hacıyevi təyin etdilər.
Bəxtimdən Saleh Hacıyev də Bakıda
deyildi. Deyilənə görə, Şəki
tərəfə ova getmişdi.
Mən hər gün səhər dekanlığa gəlir,
imtahanın nə vaxt olacağını gözləyirdim. Düz bir həftə
gəldim-getdim, bir şey çıxmadı. Pulum da qurtarırdı. Axır ki, dekan
müavini Rəhim Sultanov mənə dedi:
— Sabah
saat onda hökmən burada ol.
İmtahan
günü bərk həyəcan keçirirdim: «görəsən
necə olacaq?» Filologiya fakültəsinin
dekanlığında xeyli adam
yığışmışdı. Aralarında
mənə dərs deyənləri də var idi, deməyənləri
də. Ancaq hamısını
tanıyırdım. Professor Əli Sultanlı, Mir Cəlal
Paşayev, Həmid Araslı, Muxtar Hüseynzadə…
Nəhayət, məni içəri
çağırdılar. Bilet çəkdim.
Suallar o qədər də çətin deyildi.
İlk dillənən Cəfər Xəndan oldu:
— Bala,
çox çətin deyil ki, sualların?
— Xeyr, —
dedim, professor. Üçünü də bilirəm.
İstəyirsiniz cavab verim.
Mir Cəlal
müəllim söhbətə qoşuldu:
—
Qardaş, burada sənin taleyin həll olunur, — dedi. — Fikrini
topla, sualların cavabını ətraflı yaz, sonra
danışarsan.
Komissiya üzvləri öz aralarında
danışır, gülür, şirin-şirin söhbət
edirdilər.
Sıxıla-sıxıla üzümü onlara tutub:
— İstəyirəm
suallara cavab verəm, — dedim.
Mir Cəlal
müəllim doğma bir səslə:
— Nahid, ya
Allah, başla görək, — dedi.
Onun sözləri elə bil məni göylərə qaldırdı. Bütün
qorxunu, həyəcanı unutdum. Üç
sualın üçünü də cavablandırdım.
Saleh müəllim əlavə suallar da verdi.
Gözaltı Mir Cəlal müəllimə
baxdım. Onun baxışları gülürdü…
Mənə
dedilər: «Çıx katibənin yanında gözlə. Bir azdan nəticəni bilərsən».
Ürəyim
əsirdi: «Görəsən qiymətimi qaldıracaqlarmı?»
Qapı azca aralı idi. İçəridən
gələn səslər aydınca eşidilirdi. Xeyli mühabisə oldu. Əlibala müəllim
yenə də dediklərini təkrarlayırdı: «Onun qiyməti
«üç»dən yuxarı deyil».
Professor Əli
Sultanlının ovxarlı səsi eşidildi:
— Necə
yəni «üç»dən yuxarı deyil?! Tələbə əməlli-başlı
cavab verdi. Daha ondan nə istəyirsən,
ay Əlibala müəllim?
Mir Cəlal
müəllimin səsi ucaldı:
— Bilmirəm
bu oxuyan tələbələrin qabağına niyə daş
dığırlayırlar. Biz bununla onların
inamını qırırıq. Hamımız
görürük ki, bu uşağın oxumaqdan başqa fikri
yoxdur. Biz belə tələbələrin
qolundan tutub, qaldırmalıyıq. Mənim
təklifim budur ki, ona «dörd» verək, gedib təqaüdünü
alsın, oxusun. Əlibala müəllimdən
də xahişimiz bu olsun ki, bundan sonra tələbələri
boş yerə incitməsin. Özünün
də əsəbini qorusun, onların da.
Hamı Mir Cəlal müəllimin təklifinə tərəfdar
çıxdı. Bir azdan məni içəri çağırıb,
komissiyanın qərarını bildirdilər: «Dörd».
Komissiya üzvləri iki-bir, üç-bir
çıxıb getdilər. Mir Cəlal müəllim
axıra qalmışdı. Gözlədim,
o da çıxdı. Yaxınlaşıb:
— Mir Cəlal
müəllim, təşəkkürümü bildirirəm, —
dedim. — Bu yaxşılığı ömrüm boyu
unutmayacağam.
— Nə
yaxşılıq, — dedi, — qardaş, sən öz halal qiymətini
aldın. Çalış həyatda həmişə
öz halal haqqını müdafiə etməyi bacarasan.
İndi sən də rahat oldun, mən də…
* * *
Universitetin birinci kursunda oxuyanda bizə həm Mir Cəlal
müəllim, həm də Bəxtiyar Vahabzadə dərs
deyirdi. Tələbələr Bəxtiyar Vahabzadənin
apardığı xüsusi kursa çox böyük maraq
göstərirdilər.
Bəxtiyar Vahabzadə mühazirələrdə Səməd
Vurğundan, Mehdi Hüseyndən geniş ürəklə
söz açırdı. Mir Cəlal müəllim
şairə də dərs demişdi. Bəxtiyar
Vahabzadə onu özünə ustad sayırdı. Bəxtiyar
müəllimin dediklərindən yadımda qalanlar: «Onun təmiz
və büllur dili var. Onun dili xalq danışıq dilinə
uyğun, son dərəcə zəngin və bədii dildir. Buna görə də o istər elmi, istərsə də
ilk növbədə dilin təmizliyi, qüsursuzluğu, ən
ümdəsi isə xəlqiliyi baxımdan yanaşıb.
Bu şərtləri hamıdan da tələb
edir».
* * *
O,
gözü-könlü tox, nəcib, təvazökar bir insan
kimi seçilir, sevilirdi. Sözün əsl mənasında
ləyaqət timsalı idi. Adı çəkiləndə
adamın ürəyi işıqlanırdı. O,
başını aşağı salıb həyatın
gündəlik axarında öz işini görür:
universitetdə dərs deyir, aspirantlarına elmi rəhbərlik
edir, bədii və elmi əsərlərini yazır, halal
qazancı ilə balalarını böyüdürdü. Başqalarından fərqli olaraq
övladlarını öz sahəsi üzrə deyil,
başqa-başqa ixtisaslara, daha çox da dəqiq elm sahələrinə
yönəldirdi. Deyirdi: «İstəyirəm mənim
balalarım elə ixtisaslara yiyələnsinlər ki, heç
bir ağzıgöyçək deməsin ki, Mir Cəlalın
filan oğlu, yaxud filan qızı atasının kölgəsində
bu mənsəbə çatıb. Bir ailədə
bir yazıçı, ədəbiyyatçı olar».
Övladları da onun bu arzusunu ləyaqətlə yerinə
yetirdilər.
İndi oğullarından ikisi — Arif və Hafiz
fizika sahəsində görkəmli alim kimi tanınır.
Qızı Elmira musiqiçidir. O biri
qızı Ədibə xanım isə ədəbiyyatçıdır.
Qəribə xasiyyəti var idi. Ekrandan, efirdən həmişə
uzaq qaçırdı. Radio və
televiziyada işlədiyim uzun illər ərzində bircə dəfə
də olsun məndən — keçmiş tələbəsindən
nəyisə xahiş elədiyi yadıma gəlmir. Ekranı, efiri döyənək eləyən
yazıçıları xoşlamırdı. Hərdən
deyirdi: «Yazıçının, şairin ömrü yazı
stolunun arxasında keçməlidir. Oxucular
onları kitablarına görə sevməlidirlər. Ekran, efir yazıçıların yox,
aktyorların, müğənnilərin, siyasətçilərin
meydanı olmalıdır».
50-ci illərin ortalarında Azərbaycan Gənc
Tamaşaçılar Teatrında böyük uğurla
tamaşaya qoyulan «Bir gəncin manifesti» aləmə səs
salmışdı. Baş rolun — Mərdan rolunun ifaçısı
Lütfi Məmmədbəyov bu tamaşa ilə şöhrət
zirvəsinə ucaldı. Kim bilir, bu əsərə
neçə dəfə baxmışdım! Hər
dəfə də zaldan göz yaşları içində
çıxırdım.
Azərbaycan televiziyası yenicə fəaliyyətə
başlamışdı. O zaman radio ilə əməkdaşlıq eləyirdim. Lütfi Məmmədbəyov tez-tez Radio və
Televiziya Komitəsinə gəlib gedirdi. Sən demə,
«Bir gəncin manifesti»nin televiziya
versiyası hazırlanırmış. O zaman hələ video
haqqında təsəvvür belə yox idi. Bütün
verilişlər efirə birbaşa verilirdi. Nəhayət, məşqlər sona çatdı.
Ədəbiyyatımızın incilərindən
sayılan, yüz minlərcə oxucunun qəlbini fəth edən
«Bir gəncin manifesti» qarlı bir qış axşamında
Bakı tamaşaçılarını əfsunladı.
Həmin günün səhəri idarə və müəssisələrdə,
ali məktəblərdə bu tamaşadan,
onun ürəklərdə oyatdığı xoş duyğulardan
danışırdılar.
Mir Cəlal müəllim mənim radio ilə əməkdaşlığımı
bilirdi.Tamaşa efirə gedəndən bir neçə gün
sonra dekanlığın qabağında rastlaşdıq. Dərslərimi
soruşdu. Hər şeyin qaydasında
olduğunu söylədim və özümə borc bildim ki,
sevimli müəllimimi təbrik edim.
— Mir Cəlal
müəllim, — dedim, — «Bir gəncin manifesti» ürəkləri
yerindən oynatdı. Letuçkada
tamaşanı çox təriflədilər. Sədrimiz yaradıcı heyətə dönə-dönə
təşəkkürünü bildirdi.
— A
qardaş, — dedi Mir Cəlal müəllim, — bu televiziya nə
böyük möcüzə imiş. Mən də
tamaşaya çox heyranlıqla baxdım. Adamın üstə Allah var, tamaşa bəlkə də
romanın özündən daha güclü təsir
bağışladı mənə. Yaman
riqqətləndim. Sağ olsun orda çalışanlar
da, zəhmət çəkib tamaşanı hazırlayanlar
da.
Aradan illər keçdi. Mən artıq
televiziyanın ədəbi-dram verilişləri
redaksiyasında baş redaktor işləyirdim. Populyar bir verilişimiz var idi. «Hekayə
axşamı». Bu verilişdə Azərbaycan
və dünya ədəbiyyatının ən gözəl
nümunələrindən seçmələr verilirdi. Hekayələr əsasən səhnələşdirilirdi.
Kiçik hekayələrsə məşhur
aktyorların ifasında bədii qiraət formasında
verilirdi. Hərdən Mir Cəlal müəllimə zəng
eləyib:
— Mir Cəlal
müəllim, deyirdim, — niyə bizə hekayə vermirsiniz?
Çox
vaxt cavabı belə olurdu:
— Təzə
hekayəm olsa, mətbuatda çıxar, sən də
oxuyarsan. Yoxdur, deməli, qələmi dincə
qoymuşam. Yaxşısı budur mənim
kitablarımı götür vərəqlə, ya da
rejissorlardan birinə tapşır bu işi. Qoy onlar seçsinlər. Elə
bilirsən mənim hekayələrimin hamısını
oxuyublar?! Televiziyanın qüdrəti
çox böyük imiş. Bircə gecənin
içində adamı məşhuri-cahan eləyir.
…O, həyat
adamı idi, mövzularını da həyatdan alırdı. Kiçik formalara — novella janrına
üstünlük verirdi. Elə buna
görə də daha çox hekayə ustası kimi
tanınıb, şöhrətlənmişdi.
Satirik-yumoristik səpkidə yazılmış «Kəmtərovlar
ailəsi» və «İclas qurusu» hekayələrini bir dəfə
oxusan, cazibəsindən ömürlük çıxa bilməzsən. Ədəbiyyatımızın
klassik nümunələri sayılan bu iki hekayə C.Məmmədquluzadə
və Ə.Haqverdiyev kimi ustadların qələmindən
çıxan əsərlərlə bir sırada, bir zirvədə
dayanır. Bunu demək xoşdur ki, bu iki
hekayə Amerikada da nəşr olunub və hüsn-rəğbətlə
qarşılanıb.
…Bir
gün unudulmaz gülüş ustası, respublikanın əməkdar
artisti Eldəniz Zeynalov yanıma gəlmişdi. Aramızda çox səmimiyyət var idi. O,
özünəməxsus əda ilə:
— Qədeş,
— dedi, — Mir Cəlal müəllimdən sənə bir qucaq salam gətirmişəm.
— Göndərən
də sağ olsun, gətirən də, — dedim, tezcə də
qayıtdım ki, — Ay Eldəniz, sən hara, Mir Cəlal müəllim
hara?!
Dodaqlarından
heç vaxt gülüş əskik olmayan Eldəniz söz
altında qalmadı:
— Qədeş,
inciyərəm səndən ha… Necə yəni
Mir Cəlal müəllim hara, sən hara. Sənətkar
sənətkarı tanıyar da. Mən
onun pərəstişkarıyam. Görüşlərdə
hekayələrini tez-tez oxuyuram, o da mənim tamaşalarıma
həvəslə baxır, həmişə də təbrik eləyir
məni. — Mətləb üstünə gəldi: —
Çoxdandır Mir Cəlal müəllimin iki hekayəsini
hazırlamışam. Əvvəlcə istəyirdim
«Hekayə axşamı»nda getsin. Sonra fikirləşdim
ki, ayrıca veriliş olsa yaxşıdır. İndi yanına gəlmişəm ki, plana salasan bu
verilişi. Başlıq da belə olsa
yaxşıdır: «Bədii qiraət: Mir Cəlal — «İclas
qurusu», «Kəmtərovlar ailəsi». Söyləyir
respublikanın əməkdar artisti Eldəniz Zeynalov».
Soruşdum:
— Tam
hazırsan,
— Qədeş
canı, su kimi əzbər bilirəm. İstəyirsən
söyləyim ikisini də.
Verilişi plana saldıq. İnsafla desək, Eldəniz
Zeynalov çox ürəkdən hazırlamışdı bu
hekayələri. Veriliş
tamaşaçıların da, Mir Cəlal müəllimin də
ürəyincə oldu. O, zəng eləyib təşəkkürünü
bildirdi. Sözarası dedi:
— Bu hekayələri
mən çoxdan, gənclik illərində yazmışam. Ancaq görürəm ki, bu gün də
aktualdır. Onları səhnələşdirib
bir neçə aktyorun ifasında versəydiniz, bəlkə təsiri
daha böyük olardı.
Mir Cəlal
müəllim, sağlıq olsun, — dedim, — burda çətin
heç nə yoxdur. Bir az üstündən
keçsin. Bünyad Məmmədov adında yaxşı bir
rejissorumuz var. «Hekayə axşamı»nı
o hazırlayır. Ona tapşıraram bu işi.
Aradan xeyli vaxt keçdi. Biz «İclas qurusu»
hekayəsinə bir də müraciət elədik. Bünyad hekayə əsasında çox gözəl,
emosional bir tamaşa hazırlamışdı. Baş rolu böyük sənətkarımız
Hamlet Xanızadə oynayırdı. Ürəklə
demək olar ki, o, dahiyanə bir bürokrat obrazı
yaratmışdı. Təəssüf, min
təəssüf ki, Mir Cəlal müəllim bu
tamaşanı görə bilmədi. O, əbədiyyətə
qovuşmuşdu…
O,
gördüklərini, duyduqlarını,
yaşadıqlarını qələmə alırdı.
Çoxumuza adi görünən hadisələrə elə
bir məna, poetik çalar və cazibə verirdi ki, adam heyran qalırdı. Tez-tez təkrar edirdi:
«Bədii həqiqət həyatdan uca durmalıdır. Sənət insanı öz cazibəsinə
almalı, ucalara qaldırmalıdır».
Bir dəfə dərs zamanı dramatik bir əhvalat
danışdı. Qısa məzmunu belədir:
— Biz, bir
dəstə adam söhbət edə-edə
Kommunist (indiki İstiqlal) küçəsi ilə
üzüaşağı gedirdik. Akademiyanın
yanına çatanda «Azərnəşr» tərəfdən zəng
çala-çala tramvay çıxdı. Bizim bərabərimizə çatanda bir
uşağı qəfil altına aldı. Bu, o qədər gözlənilməz oldu ki,
izdihamlı küçə birdən, bir göz
qırpımında dondu. Əsəblər
tarıma çəkildi. Hamı gözlərini
yumdu. Bu dəhşətə ürəkmi
dözərdi?
Bir də gördük ki, uşaq tramvayın arxa tərəfindən
çıxaraq, heç nəyi vecinə almadan
qaça-qaça gedir. Gözlərdə sevinc yaşı
parladı. Ürəklərdən bir nida qopdu:
— Allah, sənə
şükür!
O boyda
küçə elə bil bayram sevincinə
büründü. Ürəkləri ürəklərə
qoşan bir sevinc insan həmrəyliyinin himni idi!
Mir Cəlal
müəllim hadisəni o qədər təsirli
danışdı ki!..
Qeyri-ixtiyari
olaraq dedim:
— Nə əcəb
indiyə kimi onu yazmamısınız?
— İndi
birdən, gözləmədiyim halda yadıma düşdü
bu əhvalat. — Fikirli-fikirli üzümə baxdı. — Bəlkə
də sənin sözündə bir həqiqət var. Əgər
bu əhvalat ürəyimin qapısını bir də
döysə, hökmən yazacağam.
Çox keçmədi ki, zərif çiçəyə
bənzəyən «Lirika» hekayəsi oxucuların qəlbini
titrətdi.
…Universitetin
son kursunda oxuyanda radionun Xarici ölkələrə
verilişlər hazırlayan redaksiyasında müxbir işləyirdim.
Elm və mədəniyyət xadimlərimizdən
ibarət böyük bir nümayəndə heyəti Fransaya
getmişdi. Həmin tərkibdə bizim
müəllimlərdən professor Cəfər Xəndan və
yazıçı Mir Cəlal da var idi. Onların
ikisi də köhnə «İnturist»in böyründə —
«Alimlər evi»ndə yaşayırdı. Baş
redaktorumuz Muxtar Hacıyev tapşırmışdı ki, səfər
iştirakçıları ilə görüşüb,
veriliş hazırlayım. Əvvəlcə
Cəfər müəllimlə görüşdüm. Sonra isə Mir Cəlal müəllimgilə getdim.
Qapını özü açdı:
— Ya Allah,
həmişə sən gələsən! — Məni gülərüzlə
qarşılayıb iş otağına apardı, dərslərimlə,
iş-gücümlə maraqlandı:
— Əyani
oxumaqla işləmək çətin deyil ki?
—
Çalışıb birtəhər çatdırıram.
— Tələbəlikdə
pul qazanmağın da öz aləmi var, — dedi. — Heç kəsdən
asılacağın olmur. Sərbəstlik —
sultanlıqdır.
İş otağı öz sahibinin zövqündən
xəbər verirdi. Rəflərdə dünya klassiklərinin
əsərləri cərgələnmişdi. Stolun
üstündə «papağı» göy rəngə çalan
gecə lampası, yazı ləvazimatı və bir qalaq ağ kağız var idi.
Mir Cəlal müəllim baxışları ilə rəflərdəki
kitabları «sığallayır», onlardan şövqlə
danışırdı. Qulağım onda olsa da fikirləşirdim: «Vaxt gələcək,
stolun üstündəki bu kağız qalaqları əriyib
gedəcək, onun səhifələrindən yeni əsərlər
boylanacaq».
— Yazmaq,
yaratmaq çox böyük sevincdir, xoşbəxtlikdir! — Mir Cəlal
müəllim qəlbimdən keçənləri
gözümdən oxuyurmuş kimi dedi. —
Yazıçılıq ağır işdir. Çox adam onun şöhrət tərəfini
görür, zəhmət tərəfini isə yox. Yazmaq — qaya çapmaqdan da çətindir. Yazıçı öz ömrünü gilə-gilə
əsərlərinə verir. Bəzən
taleyini də girov qoyur. Əbəs yerə
deyil ki, Tolstoy kimi bir söz nəhəngi yazıçı əməyini
qul əməyinə bənzədir. Ancaq
bununla belə, yazıçılıq böyük şərəfdir.
Xalq sevgisini qazananda onun xoşbəxtliyi əlçatmaz olur… Söhbət nə qədər xoş, cəlbedici
olsa da, mən elə bil iynə üstündə
oturmuşdum. Materialı vaxtında efirə
çatdırmalı idim. Ehtiyatla
maqnitofonu stolun üstünə qoyub, qapağını
qaldırdım. Bununla «başlayaq» demək
istəyirdim. Mir Cəlal müəllim
fikrimi göydə aldı. Ancaq yenə təmkinini
pozmadan:
— Hara tələsirsən,
qaçaqaç deyil ki? — dedi. — Xeyli vaxtdır
görüşmürük. Veriliş öz
yerində. Sənə Fransada
gördüklərimi danışmaq istəyirəm. Səfərimiz çox maraqlı,
yaddançıxmaz bir səfər idi.
— Buyurun,
buyurun! — əlimi maqnitofonun düyməsindən
çəkdim.
O, ilk dəfə
idi ki, xaricdə olurdu. Fransa kimi ölkəni gəzib-dolaşmaq
böyük xoşbəxtlik sayılırdı. Bu həm də adama möcüzə kimi gəlirdi.
Mir Cəlal müəllim səfərdən
çox zəngin təəssüratla
qayıtmışdı. Parisdən, Sena
çayından, şəhəri dövrələyən
Bulon meşələrindən, Eyfel qülləsindən, Zəfər
tağından, Luvr muzeyindən necə vəcd və
heyranlıqla danışırdı!
Mən nəfəs
çəkmədən əziz müəllimimi dinləyə-dinləyə
xəyalən onun gəzdiyi, gördüyü yerlərdən
keçirdim…
Sözünə
ara verib:
—
Bunları danışmaqla qurtaran deyil, — dedi. — Parisi təsvir
etmək üçün gərək adamda Viktor Hüqo
qüdrəti ola. — Fikrinə nə gəldisə,
dayanıb üzümə baxdı. Sonra: — Yüz eşitməkdənsə,
bir dəfə görmək yaxşıdır, — dedi. —
Sağlıq olsun, vaxt gələr, sən də gedib görərsən
o yerləri.
Baxışları
kitab rəflərində gəzdi:
— Amerika
yazıçısı Ernest Heminqueyin gözəl bir povesti
var, Parisə həsr edilib. Hələ bizim dilə
tərcümə olunmayıb. Ruscası belədir:
«Prazdnik, kotorıy vseqda s toboy».
Mən diqqət kəsilmişdim. Mir Cəlal müəllim
şövqlə danışırdı:
—
Heminqueyin gəncliyi Parisdə keçib. O, burada çox
coşqun bir həyat yaşayıb. Paris onu
sevib, o da Parisi. Heminquey deyir ki, Paris bir bayramdır.
Parisi bir dəfə görənlər, Sena
sahillərindən bir dəfə keçənlər onu
ömrü boyu unutmazlar. Hara getsələr,
harada olsalar da bu bayram, bu ilahi xatirə daim ürəklərində
çırpınacaq.
Aradan çox illər keçəndən sonra Parisi
görmək, bir vaxtlar əziz müəllimimin keçdiyi
yerlərdən keçmək, füsunkar, təkrarsız Sena
gözəlliklərini seyr etmək, Eyfel qülləsinə
qalxıb, oradan Parisə — dünyanın bu gözəllik sərgisinə
göz-könül dolusu tamaşa etmək mənə də
qismət oldu.
Onun
çox sevdiyi, həmişə əsərlərindən
misal gətirdiyi böyük Viktor Hüqonun adını
daşıyan prospektin qurtaracağında dayanıb, gur
işıqlar içindən əzəmətlə göylərə
boylanan Zəfər Tağına heyran-heyran baxarkən əziz
müəllimimin bu şəhər haqqında
danışdıqları birər-birər xəyalımda
göyərirdi…
Başımı qaldıranda gördüm ki, artıq
axşam düşüb. İş vaxtının
qurtarmasına az qalırdı. Bilirdim ki, Muxtar müəllim məni danlayacaq. Ancaq gecikməyimə o qədər də təəssüf
etmirdim. Burada — əziz müəllimimin iş
otağında mənalı, yaddançıxmaz neçə
saat vaxt keçirmişdim.
Mir Cəlal
müəllim əlini çiynimə qoyub:
— Buracan
dediklərim, danışdıqlarım sənin özündən
ötrü idi, — dedi. — İstədim Fransa haqqında, Paris
haqqında az da olsa səndə təsəvvür
yaradım. — Dodaqlarında ötəri bir təbəssüm gəzdi:
— Ağlımız kəsəndən bizə kapitalizmi söyməyi
öyrədiblər. Ancaq gəl gör kapitalizm
Fransanı hansı yüksəkliyə qaldırıb,
hansı əlçatmaz mədəniyyət zirvəsinə
ucaldıb.
Yenə də yazıçı xəyalı onu öz
sakit təbiətindən, təmkinindən
ayırmışdı. O, çox ehtiyatlı, hər şeyi
ölçüb-biçən, dediyinə,
yazdığına son dərəcə məsuliyyətlə
yanaşan bir insan idi. Bəlkə də indi,
Fransa haqqında belə məftunluqla
danışdığına görə ürəyinin dərinliyində
özünü qınayırdı.
Səhv etməmişdim. O, stolun siyirməsini çəkib
iki-üç vərəq yazılı kağız
çıxararaq:
— Hə,
indi maqnitofonu işə sal, — dedi, — indiyəcən
danışdıqlarım qalsın burada, bu
kağızdakılar isə sizin xarici ölkə dinləyiciləri
üçündür. Qoy qulaq asıb feyziyab
olsunlar.
Bu
sözləri deyərək gülə-gülə əlini
çiynimə qoydu:
— Hə,
belə-belə işlər, mənim əziz tələbəm!
* * *
… Axşamçağı idi. Şəhərə
çıxmışdım. Nizami muzeyinin
yanından keçəndə irəlidən — dəniz tərəfdən
toz burulğanı qalxdı. Birdən
qarşımda Mir Cəlal müəllimi gördüm.
O, bir əli ilə yaşarmış gözlərini silə-silə
o biri əlini irəli uzatdı:
— Nahid,
qardaş, qoluma gir, — dedi, — küləyin ikimizə bir yerdə
gücü çatmaz. — Azca getmişdik ki, burulğan son
gücünü göstərdi. Yenə ətraf
toz dumanı içində görünməz oldu. Mir Cəlal
müəllim yumora keçdi:
— Bu,
kiminsə dalınca düşüb. Bizim nə
günahımız var?
— Bəzən
qurunun oduna yaş da yanır.
Ayaq
saxladı:
— Gör,
xalq fikrini deyəndə necə dəqiq deyir!
Xeyli dinməzcə getdik. Yenə söhbətə
körpü saldı:
— Mən
bura Gəncədən təzə gələndə Bakı
tamam başqa bir şəhər idi. Toz-torpaq əlindən
göz açmaq olmurdu. İndi Bakı
tanınmaz olub.
Mən
özüm də bilmədən söhbəti döndərdim:
— Təzə
nə yazırsınız?
Elə
bil bu sözə bənd imiş kimi odlandı:
—
Adamı yazmağa qoyurlar ki?
— Kim?
—
«Kommunist» qəzetini oxumamısan?
— Yəqin Abbas Zamanovun məqaləsini deyirsiniz, hə?
O,
dayandı, gözləmədiyim əsəbi bir səslə:
— Bəs
hansı məqalə olacaq? — dedi. — Səncə düz
yazıb?
Mən dinmədim. Ona görə ki, Abbas Zamanov da mənim
sevimli müəllimim olmuşdu. İndi də
aramızda xoş münasibət var idi.
Səsi
ovxarlı qılınca döndü:
— Bir
filoloq kimi, jurnalist kimi səndən soruşuram, düz
yazıb?
— Yox, —
dedim, — düz yazmayıb! «Yolumuz hayanadır»
Sabirə layiq romandır. Bu, tək mənim
fikrim deyil, ədəbi ictimaiyyətin fikridir.
— Bəs
niyə səsini çıxardan yoxdur?
— Bəlkə
ehtiyat edirlər, xətir-hörmət gözləyirlər?
— Bir alim kimi
Abbas Zamanova mənim də böyük hörmətim var. —
Sözümün arxasını ləngitdi. — Ancaq hər
şeyin — tərifin də, tənqidin də həddi-hüdudu
olmalıdır. Tənqidin borcu fikir demək,
istiqamət verməkdir. Daha başkəsənlik yox!
Mir Cəlal
müəllimi belə əsəbi görməmişdim!
Hamı onun həlim xasiyyətinə, xoş
davranışına, hədsiz mülayimliyinə qibtə
edirdi.
Öz-özünə
danışırmış kimi:
—
Başına dönüm Mehdi Hüseynin, oğuldu, oğul! —
dedi.
— Neyləyib
ki, Mehdi Hüseyn?
— Neyləyəcək,
həqiqəti ortaya qoydu, qanad verdi,
yaşatdı məni!
Yeraltı keçidi adlayıb genişliyə — dəniz
sahilinə çıxdıq. Deyəsən əsəbiliyi bir az keçmişdi.
— Bir
axşam götürüb Mehdiyə zəng elədim, — deyə
söhbətə təzədən körpü saldı. —
İlk sözü bu oldu: «Məqaləni oxumuşam, romanı
çatdır mənə».
Səhəri gün əsəri ona göndərdim. Fikirləşdim
ki, bəyənməsə, demək, Abbas Zamanov
haqlıdır, roman alınmayıb.
Mehdinin
telefon zəngi məni nigarançılıqdan qurtardı:
—
Romanı oxudum. Bəri başdan səni təbrik edirəm! Hazırlaş, iki gündən sonra
Yazıçılar İttifaqında müzakirədir. Məruzəçi də özüm olacağam.
Mehdiyə çox inanırdım. Elə bil
üstümdən ağır dağ götürüldü.
Onun xoş sözləri mənim
üçün ən böyük mükafat idi. — Hə,
nə başını ağrıdım, — deyə
sözünə davam elədi. — Mehdi elə bir ton verdi ki, duran-oturan onun dediklərini təsdiq elədi.
Həmin gün mənim üçün bir
bayrama çevirildi. Çünki haqq-ədalət
öz yerini tutmuşdu.
Neçə ay idi ki, əsəbilikdən, ruh
düşkünlüyündən əlimə qələm
ala bilmirdim. Mehdi Hüseynin bu kişiliyi məni yenidən
yazı masası arxasına qaytardı.
…Mir Cəlal
müəllimin altmış illiyi olanda mən radionun Ədəbiyyat
redaksiyasının müdiri işləyirdim. Yubiley
münasibətilə böyük bir veriliş
hazırladıq.
Qələm dostları, tələbələri,
oxucuları hörmətli sənətkarımızın
yaradıcılığı, pedaqoqluğu,
insanlığı barədə ürəkdən gələn
dürlü-dürlü sözlər, fikirlər dedilər. Veriliş efirə gedəndən
sonra Mir Cəlal müəllim zəng edib təşəkkürünü
bildirdi və yenə də yumorundan qalmayaraq:
—
Qardaş, çox sağ ol! — dedi. — Ancaq qorxuram bəzi
ağzıgöyçəklər desinlər ki, tələbəsi
müəlliminə üzgörənlik edib…
Öz
aramızdır, tərifin dozası bir az
artıq oldu.
— Yox, Mir
Cəlal müəllim, biz olanı demişik. Siz bizim
böyük sənətkarımızsınız!
Səsi dəyişdi:
— Bu
olmadı. Böyük sənətkarlar Nizamidir,
Füzulidir, Sabirdir, bizimkilər isə — sadəcə
yazardır, söz fəhləsidir.
Mir Cəlal
müəllim ailəcanlı bir adam idi.
Tez-tez deyərdi: «Ailə qoşa ürəyin
mahnısıdır. Bu ürəklər
axıracan da qoşa oxumalıdır. Yoxsa
əsl səadətdən danışmaq olmaz».
Uşaqların
ürəyincə adlar seçmişdi: Arif, Elmira, Ədibə,
Aqil, Hafiz… Onlardan həmişə fəxrlə
danışardı. Övladlarına ibrətamiz
hekayələr həsr etmişdi. İndi
onların adları sənət əsərlərində
yaşayır, ata arzularını sabaha, gələcəyə
aparır.
* * *
…Yay
günlərinin birində şair İlyas Tapdıqla dəniz
sahilində ona rast gəldik. Xeyli söhbətləşdik,
dolandıq, gəzdik. Birdən haradansa ağlıma gəldi:
— Mir Cəlal
müəllim, Sizi Yazıçılar İttifaqı tərəflərdə
heç görmürəm, — dedim. — Yoxsa o tərəfdən
küsmüsünüz?
—
Ağlım kəsəndən həmişə
söz-söhbətdən uzaq qaçmışam, — dedi. —
Özün də yaxşı bilirsən ki,..
— sözünün arxasını
qısdı və dərindən köks ötürdü, —
qabaqlar ora Səməd Vurğunun, Mehdi Hüseynin üzünə
gedirdim. Yaxşı dostları itirmişəm,
təklənmişəm.
Qəribə xasiyyəti var idi. Ən qəmli hadisələrdən
danışanda belə, hansısa bir məqamda söhbəti
döndərib, ona məzə qatırdı. İndi də
belə oldu:
—
Soruşursan ki, niyə görünmürəm o tərəflərdə?
— Dodaqları təbəssümləndi: — Sirri var bunun, deyim,
ikiniz də eşidin: son vaxtlar Əzrayıl yaman dadanıb
Yazıçılar İttifaqına. Mənim də
nə işim gözə görünüm? Canımdan bezməmişəm ki?
İlyas
tapdıq söhbətə qarışdı:
— Mir Cəlal
müəllim, Əzrayılla bağlı bir lətifə
var, İsi Məlikzadə düzüb-qoşub, eşitmisiniz
onu?
— Yox.
İlyas
Tapdıq dedi:
— Bunu
İsmayıl Şıxlı qiyamət danışır. Mənim yadımda ordan-burdan qalıb.
— Nə
qalıb, danış.
Bir gün Əzrayıl gəlib çıxır Mirzə
İbrahimovun kabinetinə. Deyir, norma var,
yaşlı yazıçılardan beş nəfəri
aparmalıyam. Mirzə İbrahimovun rəngi
avazıyır. Zəngi basıb köməkçisini —
Kübra xanımı çağırır:
— Tez ol,
prezidiumu yığ!
Çox keçmir ki, rəyasət heyətinin üzvləri
— qocaman sənətkarlar sədrin kabinetində cəm olurlar. Mirzə
müəllim onları məsələdən agah edir. Elə bil hamının üstünə soyuq su
çilənir. Əzrayılın iti
baxışları bir-bir görkəmli qələm sahiblərinin
üzündə gəzir. Birdən Mirzə müəllimin
yadına nəsə düşür, sevincək bildirir:
— Əzrayıl
yoldaş məsələyə çox humanistcəsinə
yanaşır. Deyir ki, yaşlı
yazıçılar öz əvəzlərinə cavan həmkarlarından
namizədlər də verə bilərlər.
Kabinet birdən-birə hərəkətə gəlir. Baxışların
ifadəsi dəyişir. Pıçıltılar,
məşvərətlər başlayır. Məmməd
Rahim fürsəti fövtə vermədən cəld yerindən
sıçrayıb, Əzrayıla təşəkkürünü
yetirir, sonra da:
— Mən
öz əvəzimə Tofiq Bayramı təklif edirəm! — deyir.
— Mənə
xeyli borcu da var. Buradakılar hamı gözəl bilir ki, «dədə»
deyir Tofiq Bayram mənəm. Ata-oğul kimiyik.
Əzrayıl
könülsüz-könülsüz razılaşır:
—
Yaxşı nə deyirəm…
Məmməd Rahim çox sevincək olur. Elə bu an
Əli Vəliyev yerindən dikəlir:
— Əkrəm
Əylisli! İlk kitabına — «Gilas ağacı»na mən resenziya yazmışam. Tərifləyib,
göylərə qaldırmışam onu. Borclu borclunun sağlığını istər.
İndi zəhmət çəkib əvəzini
qaytarsın.
Əzrayıl uzun baxışlarla altdan yuxarı Əli
Vəliyevi süzür.
Sonra Mirzə
müəllimə sarı dönür:
— Yox,
keçməz.
— Niyə?
— Əli Vəliyev incik halda deyir. — Niyə keçmir?
Əkrəm Əylisli çox istedadlı yazıçıdır. Hərçənd ki…
Əzrayıl
gözlərin Əli Vəliyevdən ayırmadan:
— Burada
boy məsələsi də nəzərə alınır, —
deyir. — Heç olmasa arada bir az uyğunluq,
simmetriya olmalıdır.
Əli Vəliyev
alnını ovuşdurur:
— Üstəlik
də İsi Məlikzadə!
Əzrayıl
bic-bic gülür:
—
Yaxşı, Əli Qaraoğlu, yaşını,
xeyirxahlığını nəzərə alıb arzunu yerinə
yetirərik.
Əli Vəliyev
əlini əlinə vurur:
— Ay can,
ay can!
Söhbətin bu yerində İlyas Tapdıq dilini
sürüdü. Mir Cəlal müəllim dedi:
— Bəs
sonra?
—
Sonrasını mən danışım, — deyə Mir Cəlal
müəllimin qoluna girdim:
— Lətifənin
bu hissəsi İlyas Tapdığın özü ilə
bağlıdır. Ona görə də
qaçır, danışmaq istəmir.
— Onda ən
maraqlı yeri qabaqdadır ki! — Mir Cəlal müəllim
ürəkdən güldü.
Mən başladım ki, Əli Vəliyevdən sonra
Süleyman Rüstəm ayağa qalxır. Hamının
baxışları ona dikilir. Fikirləşirlər
ki, görəsən öz yerinə o, kimi namizəd göstərəcək?
Süleyman
Rüstəm deyir:
— Bizim
gözəl bir şairimiz var — İlyas Tapdıq…
Əzrayıl
ona aman vermir, sözünü yarımçıq kəsir:
—
Keçməz-keçməz!
Süleyman
Rüstəm bərk dilxor olur:
— Nə
olub ona? İlyas Tapdıq Azərbaycanın
görkəmli şairlərindən biridir. Həm də naşirdir.
—
İlyas Tapdığı bir gözünüzün
önünə gətirin! — Əzrayıl əsəbi halda
deyir: — O, bizim öz kadrımızdır. Onun
canını çoxdan almışıq.
Mir Cəlal müəllim ilk dəfə
görürmüş kimi dönüb zənlə İlyas
Tapdığa baxdı və gözləri yaşarıncaya qədər
güldü.
Özünə gələndə:
—
Adamın üstündə Allah var, İsi Məlikzadə
yaxşı düzəldib bunu, — dedi.
Sonra yenə
özünü saxlaya bilmədi, güldü, güldü…
* * *
…Arxivimizdəki
saralmış-solmuş köhnə qovluqları səliqəyə
salırdım. Gözüm hər iki tərəfdən dəfnə
yarpağı ilə haşiyələnmiş, tünd göy
rəng içində boylanan, iri ağ
şiriftlərlə «50» yazılmış «Dəvətnamə»də
ilişib qaldı. Fikrimiz yüz yerə getdi:
«Görəsən bu nə dəvətnamədir? Hardan düşüb bu
qovluğa?»
Beynimdə işaran bu suallar elə-belə deyildi. Mənim bu
yaşacan iştirak etdiyim yubileylərin, təntənələrin,
müxtəlif məclislərin sayı-hesabı olmayıb.
İndi gəl yadına sal görüm bu
hansı vaxtın, bu hansı tədbirin dəvətnaməsidir?
Tezcə onu açıb baxdım. Gözlərim
sətirlərdə gəzdi. Elə bil qəlbimə
işıq seli axdı. Sol tərəfdə unudulmaz
müəllimim, böyük ədibimiz Mir Cəlalın şəkli
verilmiş, sağ tərəfdə isə bu sətirlər
sıralanmışdı:
«Hörmətli yoldaş Hacıyev N.
Azərbaycan
Sovet Yazıçılar ittifaqının Rəyasət Heyəti
və S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti
Sizi, yazıçı Mir Cəlal Paşayevin anadan
olmasının 50 illiyinə həsr olunmuş Yubiley gecəsinə
dəvət edirlər.
Gecənin
proqramı:
I. Azərbaycan Sovet Yazıçılar
İttifaqının sədri Mehdi Hüseyn yoldaşın
giriş sözü.
Mir Cəlalın həyat və
yaradıcılığı — məruzçi Cəfər Xəndan
yoldaşdır.
Təbriklər.
II. Bədii
hissə.
Gecə
1958-ci il may ayının 9-da, axşam saat
8-də Azərbaycan SSRİ Elmlər Akademiyasının
binasında (Kommunist küçəsi, 10) olacaqdır.
Yubiley komissiyası.
… «Dəvətnamə»yə baxdım, baxdım.
Xəyal məni qanadlarına almış, qəlbim xatirələrə
yelkən açmışdı… O vaxtdan az
qala yarım əsr keçirdi. Onda mən tələbə
idim, universitetin üçüncü kursunda oxuyurdum. Bu
dəvətnaməni bizə qrup komsomol təşkilatçısı
Firəngiz Qədirli paylayanda demişdi: «Uşaqlar,
çalışın hamınız iştirak edin. Mir Cəlal müəllim bizim qrupu çox istəyir.
Bilirəm zalda gözü bir-bir bizi axtaracaq.
Elə olmasın ki, kimsə gözünə dəyməsin,
yoxsa inciyər bizdən».
Bahar ətirli
ilıq bir may axşamı idi. Bakının
gözü sayılan Kommunist küçəsilə (indiki
İstiqlal) dəstə-dəstə adamlar Akademiyanın
binasına tərəf axışırdılar. Əllərdə
nə qədər gül-çiçək var idi!
Universitetin filologiya fakültəsinin tələbələri
bu möhtəşəm tədbirə hamıdan qabaq gəlmişdilər. Bizim qrup orta cərgələrdə
yer tutmuşdu. İntizarla gecənin
başlanmasını gözləyirdik. Dəqiqələr
ötdükcə boş yerlər dolur, əzəmətli zal
dəniz kimi dalğalanırdı.
Nəhayət, Mir Cəlal müəllim qabaqda,
arxasınca da bir dəstə yazıçı, şair, alim
səhnədə göründü. Zal ayağa qalxdı.
Gur alqışlar qədim İsmailiyyə
binasının monolit divarlarını titrədir,
açıq pəncərələrdən axıb yaz
axşamının sakitliyinə qarışırdı.
Yubilyarın həmişə görməyə
adət etdiyimiz sakit, gülümsər baxışlarında
bir utancaqlıq, həyəcan ifadəsi apaydın oxunurdu.
Alqış səsləri qalxdı-endi.
Axır ki, zal aram oldu.
Mir Cəlalın əqidə və məslək dostu,
Yazıçılar İttifaqının sədri, xalq
yazıçısı Mehdi Hüseyn cəld addımlarla
tribunaya yaxınlaşdı. O, bir anlıq cərgələrə
göz gəzdirib, sözünə belə başladı: «Mən
burada söz-sənət adamlarını, görkəmli alimləri,
ziyalıları, Mir Cəlal müəllimin tələbələrini
və oxucularını görürəm. Zala baxdıqca, qəlbən
sevinir, qürur duyğusu keçirir və hər birinizə
«sağ olun, var olun!» deyirəm.
Mənim böyük dostum, ustad yazıçımız
Mir Cəlal əsil xəlqi sənətkardır. Ona görə
də qədirbilən xalqımız onu — öz ləyaqətli
oğlunu belə ürəkdən sevir, bağrına
basıb əzizləyir».
Mehdi Hüseyn həmişə dərin hörmət,
ehtiram bəslədiyi, şəxsiyyətinə,
yaradıcılığına yüksək qiymət verdiyi,
çətin vaxtlarda sinəsini irəli verib qoruduğu,
müdafiə etdiyi qələm dostunun ayrı-ayrı əsərlərindən
məhəbbətlə söz açdı. Onu Azərbaycanın
ən çox oxunan, sevilən, geniş oxucu auditoriyası
qazanan sənətkarlarından biri kimi səciyyələndirdi.
Sonra məruzəçi,
professor Cəfər Xəndan öz müəllim
yoldaşı, qonşusu Mir Cəlalı ustad
yazıçı, böyük alim və mahir pedaqoq kimi dəyərləndirdi.
Sözünə belə yekun vurdu: «Mir Cəlalın sənət
cazibəsi böyükdür. O, ölməz sələfləri
Mirzə Cəlil və Əbdürrəhim bəy Haqverdiyevin ən
layiqli davamçısı olmaqla, müasirləri arasında
hekayə ustası kimi şöhrət qazanmışdır. Mir Cəlal şəxsiyyət kimi də, insan kimi də
sadəliyin və müdrikliyin timsalıdır.
İstər Mehdi Hüseynin, istərsə də Cəfər
Xəndanın dedikləri hamının ürəyindən xəbər
verirdi. Ona görə də zaldakılar onları nəfəs
çəkmədən dinləyir, yeri gəldikcə hərarətlə
alqışlayırdılar.
Səhnədə Azərbaycanın xalq şairi
Süleyman Rüstəm göründü. O, gənclik xatirələrini
yada saldı, Səməd Vurğun ilə Mir Cəlal
dostluğundan danışdı və yubiley münasibətilə
qələmə aldığı şerini oxudu. Sonda
Sadə
ürəklərdə yandırıb çıraq,
Qazandın ellərin məhəbbətini.
Yaşa
yüz il daha, unutma ancaq
Molla Nəsrəddinin vəsiyyətini. —
deyib, həmişə
böyük rəğbət bəslədiyi, əsərlərini,
yaradıcılığını təqdir etdiyi əziz dostu
Mir Cəlalı alqış sədaları altında hərarətlə
bağrına basdı. Bu, böyük ədibi necə də
təsirləndirmişdi!
Mir Cəlal Azərbaycan Dövlət Universitetində dərs
dediyi uzun illər ərzində minlərlə gəncə
ustad dərsi vermiş, sənət aləminin sirlərini
öyrətmişdi. Bu gənclərdən biri də
istedadlı şairimiz Hüseyn Hüseynzadə (Hüseyn
Arif) idi. O da öz ustadının yubiley təntənəsinə
təbrik şeiri ilə gəlmişdi. Şeirin bəzi bəndləri
indi də xatirimdədir:
Mən
bağban olsaydım, əziz sənətkar,
Sənə öz bağımdan gül gətirərdim.
Loğman
yaransaydım, şirin ömrünə
Neçə-neçə
şirin il gətirərdim.
Hər kəsə
bəllidir elmin, sənətin,
Bu əziz
günündə kim sevinməyir?!
O mənə
dərs deyən müəllimlərin
Çoxu bu gün sənə müəllim deyir.
Qüdrətim
çatsaydı, gətirib bu dəm
Sənə bəxş edərdim bir göy çəməni.
Neynəyim,
hədiyyəm kiçik şeirdir,
Əziz müəllimim bağışla məni.
Təbriklər,
gül dəstələri bir-birini əvəz edirdi… Yubilyarın özünə söz verildi. O,
tribunaya qalxdı. Səsində bir titrəyiş
vardı. Mən onu heç vaxt belə həyəcanlı
görməmişdim. Mir Cəlal müəllim
üzünü salondakılara tutub:
— Əziz
yoldaşlar, — dedi, — burada çıxış eləyən
yazıçı dostlarıma da, sizə də ürəkdən
təşəkkürlərimi yetirirəm. Sağ olun ki, məni
sayıb yubileyimə gəlmisiniz. Açığını
deyim, tərif bir az çox oldu. Məni utandırdınız. Çalışacağam
ki, deyilənlərə layiq olum — həm yazıçı, həm
pedaqoq kimi. Mən burada özümü həmişə
ustad saydığım böyük Mirzə Cəlilin bu
sözlərini yada salmaq istəyirəm. O deyirdi: «Qələmin
müqəddəs vəzifəsi xalqın xoşbəxtliyi
yolunda xidmət etməkdir. Bu ola gərək
hər bir qələm sahibinin amalı».
Mənim də amalım həmişə xalqa xidmət
olub. Hələ çox borcluyam xalqıma. Ömrümün qalan illərini də onun xoşbəxtliyi
yolunda əsirgəməyəcəyəm. Bir daha hamınıza minnətdarlığımı
bildirirəm. O ehtişamlı may axşamı
Bakının bir vaxtlar əlçatmaz
sandığımız ədəbi mühiti, mədəni həyatı
ilə yenicə tanış olmağa
başlayan tələbələrin yaddaşında silinməz
izlər qoydu. İndinin özündə belə
köhnə dostlar — o uzaq illərin tələbələri
bir yerə yığışanda Bakıya gəldiyimiz ilk illəri,
bizim üçün hadisəyə çevirən o möhtəşəm
gecəni kövrək duyğularla anır, bir şəxsiyyət
kimi yetişməyimizdə canını, qanını qoyan
müəllimlərimizi hörmət və ehtiramla yad edirik.
Bu sırada Mir Cəlal müəllimin ayrıca
yeri, istək mərtəbəsi var. O öz adını hər
birimizin qəlbinə nurlu hərflərlə nəqş edib.
Unudulmaz müəllimimizin, gözəl sənətkarımızın
işıqlı obrazı xəyallarımızdan gələcək
illərə boylanır. Fikrimizdə isə
hamımızın eyni vurğu ilə dilə gətirdiyimiz
sözlər qanadlanır: «Ürəyinə ürək
çatmazdı, bir işıq idi Mir Cəlal müəllim!»
* * *
Xalqımız öz sənətkar, alim oğlunun xatirəsini
əziz tutur.
Böyük
ədibin yaradıcılığı orta və ali məktəblərdə geniş tədris
olunur, əsərləri təkrar-təkrar nəşr edilib,
gələn nəsillərə çatdırılır.
Bakı — ürəkdən, candan sevdiyi doğma
paytaxtımız qələm dostları Səməd Vurğun
və Mehdi Hüseynlə birgə ona da qəlbində yer
verib. İndi Bakının ən gözəl küçələrindən
biri ölməz yazıçının adını
daşıyır, qismət belə gətirib ki, mən bu
küçənin sakini olmuşam. Hər
dəfə evlərin divarlarına vurulmuş «Mir Cəlal
küçəsi» lövhəsini görəndə
qanadlanıram. Qəlbimdən bir səs qopur: «Salam, Mir Cəlal
müəllim! Salam, ustad!»
Kaspi.-2013.-18-20 may.-S.23.