Azərbaycan birinciliyə layiq idi
Mütəxəssislər
Fərid Məmmədovun “Eurovision”da ikinci yer qazanmasını
obyektiv göstərici kimi qiymətləndirirlər
Mayın 18-i bütün Avropanın və eləcə
də digər ölkələrin diqqəti “Eurovision-2013”
yarışmasına yönəlmişdi. Azərbaycan təmsilçisi
Fərid Məmmədov iyirminci nömrə altında
çıxış edərək Avropa
tamaşaçılarına möhtəşəm şou
göstərdi. İştirakçımızın
yaratdığı gözəl və dərin mənalı
performansdan sonra mahnımız Avropanın favoritinə
çevrildi. Fərid Məmmədov dünyaca məşhur
“William Hill Online Betting” bukmeker kontorunun “stavka”larında
13-cü yerdən ilk üçlüyə qalxdı. Fəridin
səhnə çıxışı adi elementlərin sintezi
idi. İki rəqqas, kub formasında şüşə
konstruksiya və 20 metrlik şleyfi olan uzun paltar istedadlı
müğənni ilə onun emosional mahnısı
üçün möhtəşəm şou yaratdı.
İdmançı
bədən quruluşu isə Fəridə müsabiqənin
finalı başlanmazdan əvvəl “Eurovision” Next Male Top Model
yarışında qələbə
qazandırmışdı. Avropa mediası Fəridin
istedadını və onun səhnə kompoziyasını bəyənib,
onun haqqında öz proqnozlarını irəli
sürmüşdü. Bundan başqa, “Eurovision-2013”ün
finalına bir neçə dəqiqə qalmış Fərid
Məmmədov “Müsabiqənin ən yaxşı artisti”
nominasiyasında nüfuzlu “Marcel Bezencon” mükafatına layiq
görüldü.
26 ölkənin
birincilik uğrunda mübarizə apardığı 58-ci
“Eurovision” final mərhələsində Danimarka təmsilçisi
Emili de Forest 281 səslə birinci oldu. Bu, Danimarkanın
“Eurovision” yarışması tarixində sayca 3-cü qələbəsidir.
Azərbaycan təmsilçisi Fərid Məmmədov 234 səslə
ikinci yeri qazandı. Sonrakı yerləri Ukrayna, Norveç və
Rusiya bölüşdürdü.
Emili de
Forestin qələbəsi bir çox insanlarda artıq
şübhə yaratmağa başlayıb. İnternetdə
danimarkalı iştirakçının mahnısının
plagiat olduğu qeyd olunur. İnternet istifadəçiləri
“Only Teadrops” mahnısının müğənni K-Otic-in
“İ Surrender” mahnısına çox bənzədiyini iddia
edirlər. Mahnılarda bənzərlik var, lakin Forestin qələbəsinin
ləğv olunacağı inandırıcı səslənmir.
Yarışma
barədə yerli mütəxəssislərimiz də öz
fikirlərini bildirərək Fəridin ifasını bəyəndiklərini
söylədilər.
Əməkdar
artist Tünzalə Ağayeva bizimlə söhbətində təmsilçimiz
Fərid Məmmədovun çıxışını
çox bəyəndiyini və 2-ci yeri
qazanmağımızı sevindirici hal kimi qiymətləndirdi:
“Mənim üçün 2-ci yer çox yaxşı və
layiqli bir yerdir. Fəridi Eurovision yarışması
üçün çox layiqli qalib hesab edirəm. Eurovision
tarixində Malmödə daha bir qalibiyyət yazdıq.
Favoritim Fərid idi. Ondan əlavə, Ukrayna təmsilçisini
çox bəyəndim. Danimarkanın da
çıxışı maraqlı idi və Fərid
üçün onlar ən yaxşı rəqib idilər. Yenə
də Azərbaycan birincilər sırasındadır. Bu mənim
üçün çox qürurverici haldır”.
Əməkdar
incəsənət xadimi, bəstəkar Faiq Sücəddinov
ikinci yerin məsuliyyətliliyini və Fərid Məmmədovun
birinci yerə layiq potensialı olduğunu qeyd etdi: “Azərbaycan
Eurovision yarışmasına qatıldığı gündən
etibarən burada keçirilən seçim mərhələsinin
münsiflər heyətinin sədri kimi iştirak edirəm. Fəridin
ifası ilə bağlı onu deyə bilərəm ki, o,
birinci yerə layiq idi. Yarışmada ən gözəl
çıxış edən də elə bizim təmsilçimiz
idi. Ukrayna iştirakçısının da səsini bəyəndim.
Fərid Malmöyə getməmişdən öncə onun
çıxışını ilk üçlükdə
gördüyümü söyləmişdim. Fəridin səsi
və mahnısı çox yüksək səviyyədə
idi. Eurovisiona gedən iştirakçılarımızın
hamısı - Eldar Qasımov, Səfura Əlizadə və digərləri
gözəl səs diapazonuna malikdirlər. Onları itirsək,
uduzarıq”.
Bəstəkar
ikinci yerə layiq görülməyimizdən sonra xəbər
portallarında bu yeri guya hansısa saxta yollarla əldə
etdiyimizi söyləyərək qurama videoroliklər
paylaşan insanları təxribatçı adlandırdı:
“Həmin videoları yayan insanlar çox savadsız və məntiqsiz
insanlardır. Mən peşəkar olaraq deyə bilərəm
ki, o ifadəni işlədən insanlar təxribatçıdırlar.
Hər kəsin gözü qarşısında Fərid öz
performansını nümayiş etdirdi. Bizim səhnə tərtibatımız
və ümumiyyətlə, hər şey çox gözəl
təşkil olunmuşdu. Danimarkalı
iştirakçının plagiat məsələsinə
qaldıqda isə, mahnılar bir-birinə oxşaya bilər.
Ümumiyyətlə Avropa mahnıları bir-birinə
çox bənzəyir. Plagiat da ola bilər. Ancaq orada finala
keçməzdən öncə münsiflər heyəti
mahnılara diqqət edir, onlar boşuna oturmayıb ki,
kürsüdə. Mahnıların seçilməsinə də
ciddi yanaşmaq lazımdır”.
Əməkdar
incəsənət xadimi, bəstəkar Gövhər Həsənzadə
Eurovision yarışmasında musiqi sənətindən
başqa digər amillərin də önəm
daşıdığını və Azərbaycanın ən
azı ikinci yerə həqiqətən layiq olduğunu
bildirdi: “Mən bu layihədə iştirak etmişəm və
bilirəm ki, təkcə sənət mübarizəsi deyil. Azərbaycanın
bu yarışmaya qatıldığı gündən, yəni
2008-dən sonra bizim ən uğurlu seçimimiz idi. Fəridin
mahnısı çox gözəl seçilmişdi.
İştirakçımızın geyimi, səhnə
performansı bir-birini tamamlayırdı. Fərid səhnədə
əsl azərbaycanlı kişisi təsiri
bağışlayırdı. Azərbaycan öz layiqli yerini
tutdu. Mənim favoritlərimə gəlincə isə,
Gürcüstan və İsrailin, Ukraynanın, San Marinonun,
Bolqarıstanın iştirakçılarını bəyəndim.
Peşəkar baxımdan yanaşdıqda, yarışmada
güclü səslər var idi. Amma Azərbaycan ən
azından ikinci yerdə olmalı idi və orda da oldu.
Halallıqla ikinci yer bizim idi. Fərid birinci yerə də
çıxa bilərdi. Çıxışına görə,
o, birinci yerin formatlarına cavab verirdi. Biz ötən il ev
sahibliyi etdik, böyük məsuliyyətdən
çıxdıq. Digər ölkələrə də bu,
qismət olsun. Belə ifa gözləmirdim. Fəridə halal
olsun. İnanıram ki, xalqımız bundan sonra Fəridə
böyük dəstək olacaq. Ümid edirəm ki, o, digər
iştirakçılarımız kimi unudulmaz. Əfsuslar olsun
ki, iştirakçılarımıza xaricdə bir-iki klip
çəkirlər və bunun da Azərbaycanda onların
inkişafı üçün heç bir təsiri olmur.
İstəyərdim burda da həmin
iştirakçılarımıza şərait
yaradılsın və düşünürəm ki, bu, Fəridə
qismət olacaq.
Tanınmış
estrada müğənnisi Natavan Şeyxova bizimlə söhbətində
Fərid Məmmədovun birinci yerə layiq olduğunu və
gözəl səs diapazonu ilə hər kəsi valeh etdiyini
söylədi: “Fərid birinci yerə layiq görülməli
idi, ikinci yer onun performansı üçün
aşağı göstəricidir. Birinci yerə layiq
görülən danimarkalı ifaçının
mahnısı plagiatdır. Mən də mahnını dinlədikdə
eyni olduğunu gördüm, sadəcə, bir az mahnıya dəyişiklik
olunub və yarışmaya təqdim edilib. Plagiat olan mahnı
birinci yeri tuta bilməz. Eurovision mahnı müsabiqəsi
üçün yeni mahnı yazılmalıdır. Fəridin
mahnısı da, performansı da çox yaxşı idi. O
özünü Avropaya çox yaxşı göstərə
bildi. Elə ölkələr var idi ki, Fəridə
yaxşı bal verdilər, yəni bizim o ölkələrlə
elə də yaxın münasibətimiz yox idi. Bu da onun
göstəricidir ki, sənətə hər yerdə qiymət
verirlər. Gürcüstan və Ukrayna, Moldova mənim favoritlərim
sırasında idilər. San-Marino ifaçısının
mahnısı melodik idi, ancaq finala keçə bilmədi.
Rusiyalı iştirakçının da səsi çox
yaxşı idi, ancaq səhnə performansı yox idi.
Yunanıstan iştirakçısının səsi elə də
güclü deyildi, ancaq yaxşı performansı var idi deyə,
gözəl nəticə əldə etdi. Müsabiqədə
performans çox önəmlidir. Yarışmada diqqəti cəlb
etmək də əsas nüanslardandır”.
Qeyd
etdiyimiz kimi, Azərbaycan təmsilçisinin
çıxışını Avropa ictimaiyyəti daha
çox bəyənib. Fəridin "Hold me"
mahnısı "Eurovision" müsabiqəsinin rəsmi
Youtube səhifəsinə də yüklənib, həmin
videonun altında avropalı musiqisevərlər öz rəylərini
yazaraq, onun çıxışını çox bəyəndiklərini
qeyd ediblər. Fəridin çıxışına ən
çox səs verənlər isə rusiyalı İnternet
istifadəçiləri olublar. Bu şərhlər
arasında ermənilərin riyakarlıq və paxıllıq
kimi hisslərindən hali olmayan şəxslərin şərhləri
olsa da, hətta bəzi ermənilər öz
soydaşlarına tövsiyə ediblər ki, Azərbaycan təmsilçisinin
gözəl çıxışına paxıllıqla
münasibət bildirməsinlər. Həmin şərhçilər
"Hold me" mahnısının və səhnə
performansının möhtəşəm olduğunu etiraf
ediblər. Ermənilərdən biri yazır: “Doğrudan da
utancvericidir! Ona görə yox ki, Dorians (erməni təmsilçi
– red.) şərəfli yer tutmadı (düşünürəm
ki, az adam onun ilk beşliyə düşəcəyi barədə
illüziyalara qapılıb). Hətta ona görə də yox
ki, Azərbaycan bizdən çox irəlidədir. Bizə
toxunana başqa şeydir. Belə qeyri-ciddi dövlətimizin
olması bizə toxunur”.
Vaqan adlı başqa bir erməni Azərbaycana qibtə etdiyini "VKontake" sosial şəbəkəsindəki profilində yazıb. O, "Eurovision"u misal gətirərək, əgər Ermənistan bu müsabiqədə qalib olsaydı belə, onu keçirməyə gücü olmazdı kimi fikirlər səsləndirib: “Dövlətimizin bu tədbiri keçirmək üçün gücü yoxdur. Hətta belə əhəmiyyətli tədbiri keçirməyə yerimiz də yoxdur. Azərbaycanlılara isə halal olsun. Artıq neçənci ildir ki, müsabiqədə mötəbər yerlər tuturlar. Yaxşı səsləri olan gözəl qızlar, oğlanlar gəlirlər və ölkələrini yaxşı tərəfdən Avropaya, hətta dünyaya təqdim edirlər. Məgər bizdə belə gözəl və yaxşı müğənnilər yoxdurmu? Düşünürəm ki, kifayət qədərdir, hətta onlardan da yaxşıları var. Amma lazımlı adamlar başa düşürlər ki, onsuz da Ermənistanın "Eurovision"a ev sahibliyi etməyə imkanı yoxdur. Azərbaycan isə hətta hər il keçirə bilər”.
Xəyalə Rəis
Kaspi.-2013.-21 may.-S.13.