Mən teatrda
xoşbəxtəm
Gənc aktrisa
Roza İbadova: ««Müharibə» tamaşanı təhvil verəndən
sonra bir-birimiz üçün darıxırdıq»
Ötən ay Lars Nurenin “Müharibə” dramı əsasında hazırlanan eyniadlı tamaşaya baxdım. Tamaşanın uğurları barədə isə mətbuatda kifayət qədər səs-səda yayıldı. Səhnə əsərinin baş rejissoru Bəhram Osmanovdur, iki hissəli dramı Dilsuz tərcümə edib. Əsərdə beş qəhrəman yer alıb: Rolları Kəmalə Hüseynova (ana), Qurban İsmayılov (ata), Rasim Cəfərov (əmi), Nigar Məmmədova (böyük qız – Bemina), Roza İbadova (kiçik qız – Semina).
Roza İbadova son illərdə teatr sənətinə
gələn və adı tez bir zamanda
tamaşaçıların ürəyini yol tapan
aktrisadır. Rozanın da rol aldığı “Müharibə”
tamaşası ilə bağlı Rozayla maraqlı bir söhbət
etdik.
– Tamaşada ən konfliktli rollardan
biri sənin idi, çünki ana və ata mübarizəsinin
arasında vicdani yolu saxlamaq öhdəçiliyi sənin
boynuna düşmüşdü. Bu problematika səndə
oynadığın obraza qarşı hansı fikirləri
formalaşdırırdı?
– Bu
rolu məşq etməyə başlayanda obrazın mənfi və
müsbət tərəfini də beynimdə
formalaşdırmağa başladım. Ona görə ki, bilməli
idim ki, o qız nə istəyir. O, nə qədər
inkarçı, görünsə də, əslində, hər
şeyi qəbul edir. Anasının əmisi ilə münasibətdə
olmasını da, bacısının əxlaqsız yola
düşməsini də, özünün zorlanmasını
da, atasının kor halda müharibədən
qayıtmasını da qəbul edir. Ancaq o bircə atasına
qarşı olan haqsızlığı qəbul edə bilmir.
Anası onun atasına deyəndə ki, sən korsan və sənə
kim baxacaq? – onda balaca qızcığaz deyir: – necə yəni
kim baxacaq, mən baxacağam. Çünki atası onun xəyallarıdır.
O həmişə inanıb ki, atası nə vaxtsa müharibədən
qayıdacaq. Bəzi tamaşalara insanlar müxtəlif tərəflərdən
yanaşırlar. Məsələn, mentaliteti əsas tutaraq, əxlaqi
dəyərləri əsas tutaraq, ictimai məzmunu əsas
tutaraq və s. amma bu tamaşaya sırf tamaşanın öz
içindən yanaşmaq lazımdır. Demirəm ki,
oynadığım Semina rolu normal obrazdır. Xeyr, o bir şey
olan kimi anasına hədə-qorxu gəlir ki, bütün sirləri
açıb deyəcəm. Və yaxud bacısına acıq
verir. Semina başa düşür ki, onun bədənində
hansısa fizioloji dəyişmələr baş verir. O,
böyüyür, amma anası həmişə onun beyninə
yeridir ki, sən uşaqsan. Nəticədə Semina
dözə bilmir və anasına deyir: – mən uşaq deyiləm.
Anası onu başa salır ki, sən uşaqsan, bəzi həqiqətləri
dilə gətirmək olmaz. Olanları unutmalısan. Amma Semina
böyüdükcə başa düşür ki, heç nəyi
unutmaq olmur. O, bacısının necə pul
yığmasını da, hansı yolla pul qazanmasını
da, anasının və əmisinin nələr etdiyini də
yaxşı bilir.
– Sanki yazıçı bu əsərlə
göstərmək istəyir ki, hamı günahsızdır,
yalnız müharibədir günahkar. Sən necə
düşünürsən?
– Bəli,
hamı günahı müharibədə görür. Ana
düşünür ki, ərim yanımda olsaydı öz
qaynımla yaşamazdım. Semina düşünür ki,
müharibə olmasaydı məni zorlamazdılar. Ata fikirləşir
ki, müharibə olmasaydı kor olmazdım. Əmi fikirləşir
ki, müharibə olmasaydı öz oğlumu öldürməzdim.
Bemina fikirləşir ki, müharibə olmasaydı əxlaqsızlıq
etməzdim. Əgər bu yola düşməsəydim ailəm
necə dolanardı və s. Semina da fikirləşir ki,
müharibə olmasaydı bacım pozğun yola düşməsəydi,
mən də onu izləyərək arxasınca getməsəydim
məni də zorlamazdılar. Amma rejissor sonda beşimizi də
bir yerə yığır. Yəni ki, bu insanlar bu həyatı
yaşamağa, özü də bir yerdə yaşmağa məhkumdurlar.
Onsuz da, taleyi yazan yazıb, hamı öz taleyinə məhkumdur.
– Qəribəsi odur ki,
insanların illərdir sirr kimi gizlətdiyi böyük həqiqətlər
(əxlaqsızlıq, zorlanma, xəyanət və s) sonda
çox rahat şəkildə qəbul olunur.
– Ona
görə ki, bu hadisələr olub-bitib. Artıq heç nəyi
geri qaytarmaq olmaz. Bu hadisələri illərlə öz qəlblərində
yerbəyer ediblər. Sadəcə atanın gəlməsi ilə
hamı həqiqətləri dilə gətirir. Sanki ata
onların həqiqəti deyəcəyi yerdir. Sonda ata deyir ki,
biz belə də yaşaya bilərik. Bununla da Seminanın illərdir
ürəyində bəsləyib böyütdüyü: “Atam
gələcək və hər şey dəyişəcək”
xəyalları puç olur. Biz belə də yaşaya bilərik
– cümləsi ilə Seminanın bütün idealları
ölür. Rejissor da, yazıçı da göstərir ki,
müqavimət qəbul olunan kimi öz həyati dəyərini
itirir və məhv olur.
– Amma əsər çox adi konfliktlə
başlayır. Bacılar bir-birinin odeyallarını
dartışdıra-dartışdıra keçirirlər gecələrini.
– Bemina əxlaqsızlıq
edir deyə özünə odeyal alıb. Amma Seminanın
odeyalı yoxdur. Elə bu səhnə ilə müharibənin
gətirdiyi bəlalar ilk baxışdan nəzərə
çarpır. Həm də xarakterlər
aydınlaşmağa başlayır. Yəni müharibə
çox adi şeylərə görə adamları
üz-üzə qoyur.
– Bu rol sənə gənc bir aktrisa
kimi sənə nə verdi?
– Bu rol mənə
hər şeydən əvvəl özümə inam hissi
yaratdı. Dərk etdim ki, insan zəhmətlə, həvəslə
nəsə edirsə, mütləq müsbət nəticə əldə
edir. Müxtəlif rollarım olub, müxtəlif rejissorlarla
işləmişəm. Sağ olsun Bəhram Osmanovu ki, belə
məsuliyyətli bir rolu inanıb mənə həvalə
etdi. Çünki mənim hələ belə bir rolum
olmamışdı. Dilsuz müəllim də əsəri
çox gözəl tərcümə etmişdi. Tamaşa
vaxtı Kəmalə Hüseynovaya (ana obrazı), Nigar Məmmədovayla
(bacı obrazı), Qurban İsmayılova (ata obrazı), eləcə
də rejissor Bəhram Osmanovla bir-birimizə o qədər
bağlanmışdıq ki, “Müharibə” tamaşanı təhvil
verəndən sonra bir-birimiz üçün
darıxırdıq. Sanki, doğrudan da, bir ailəyə
çevrilmişdik.
– Bir də rolların seçimi
çox dəqiq idi. Adama elə gəlirdi ki, sənin
oynadığın rolu Nigar, Nigarın oynadığı rolu
da sən heç vaxt oynaya bilməzsən.
–
Müşahidən çox doğrudur. Bunu bir neçə
başqa teatrsevərlər də bizə deyib. Təbii ki, bu
da Bəhram müəllimin uğurlu və dəqiq seçimi
ilə bağlıdır. Qeyri-etik də çıxsa deyəcəm,
sanki Nuren bu rolu bizim üstümüzə yazmışdı.
Tamaşa sizin də gördüyünüz kimi çox
uğurla keçdi. Tamaşaçılar zaldan getmək istəmirdilər.
Ağlayan adamların da sayı çox idi.
Görünür, tamaşaçıların ürəyinə
yol tapa bildik. Teatrsevərlərin dediyinə görə bu
tamaşa ölkədəki ən yaxşı tamaşalardan
biridir. Maraqlıdır ki, dublyorumuz da yoxdur. Dublyorsuz
rolları daha çox sevirəm. Ona görə ki, dublyor
olmayanda rejissor bir adamla rahat və çox işləyir.
– Teleserialda oynamağa dəvət
almısınızmı?
– Bəli, dəvət almışam, amma teleserialda çəkilməyə çox da can atmıram. Mənim istəyim filmə çəkilməkdir. Mən teatrı sevirəm və teatra bağlıyam. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidov da gənclərin inkişaf etməsində, teatra, səhnəyə yol tapmasında çox böyük xidmətlər göstərib. Ona görə biz ona minnətdarıq. Hal-hazırda 10-a yaxın tamaşada rolum var. Bir sözlə mən teatrda xoşbəxtəm.
Fərid Hüseyn
Kaspi.-2013.-21 may.-S.12.