“Ondan sonra səhnə
boş qaldı...”
“Deyirlər ki, əvəzolunmaz insan
yoxdur, amma var. Lütvəli Abdullayev əvəzolunmaz insan və
sənətkar idi. İndi sənət o qədər
ucuzlaşıb ki, o cür insanları səhnədə də,
həyatda da axtarırsan. Onlar məktəb
olub. Lütvəli kimi aktyorlar dünyaya dahi gəlib,
dahi də gediblər. Onlar bu gün də
yaşayırlar”.
Görkəmli aktyor Lütvəli Abdullayev haqqında
yazmaq istərkən sənət yoldaşlarından birinin
dilindən eşitdiyim ilk sözlər bunlar oldu. İstedadlı
səhnə ustasının həyat və sənət yoluna
işıq salan bu sözlər yadıma vaxtilə evində
qonaq olub ömür-gün yoldaşı, mərhum Sevda
Pepinovanın və sənət dostu Nəsibə
Zeynalovanın dilindən eşitdiyim xatirələri saldı.
Hamıya kömək əli
Sevda Pepinova da Lütvəli Abdullayevi əvəzolunmaz
insan adlandırmışdı. Deyirdi ki, Lütvəli Abdullayev
hamının işinə yarayan, hər kəsə kömək
əli uzadan, xeyirxah bir insan olub: “Kimini məktəbə,
kimini xəstəxanaya düzəldərdi. Bir dəfə
hansısa kolxozdan onun yanına gələrək: “Bizə
traktor lazımdır. Nazirlikdən nə qədər xahiş
etsək də, vermədilər, bəlkə bizə kömək
edəsən?» dedilər. Lütvəli tez
geyinib onlarla getdi və nazirlik də həmin adamlara 4 ədəd
traktor verəcəyinə söz verdi. Mən
hirslənib ona “sən naziri tanıyırsanmı, traktor da
xahiş edəsən?” deyəndə, o: «Mən naziri
tanımasam da, nazir məni yaxşı tanıyır» - deyə
cavab verdi. Sevda xanım
danışırdı ki, evlərindən heç zaman
qonaq-qara əskik olmazmış.
Tanıdı-tanımadı hər kəs kömək
üçün qapılarını döyürmüş:
“Bir gün səhər tezdən məni oyatdı ki, tez qalx,
evə qonaqlar gəlib. Qonaq otağında
üç nəfər tanımadığım adamın
olduğunu gördüm. Çay-çörək
hazırladım. Yedilər-içdilər,
sonra Lütvəlini də götürüb getdilər.
Gedəndə dedi ki, «Nahar hazırla, qonaqlarla
gələcəyəm». Ancaq günorta gəlib
çıxmadılar. Axşamüstü
isə tək gəldi. Soruşdum ki, kim
idi bu qonaqlar? O: «düzünə qalsa, heç mən də
tanımadım. Uzaq rayondan gəliblər, xəstələri
vardı. Onlara xəstəni Moskvaya aparmaq
üçün göndəriş lazım idi, nazirlik isə
verməmişdi. Məsələni həll etdim» - dedi. Lütvəli nəinki məsələni həll etmişdi,
üstəlik, onları aeroporta apararaq təyyarəyə
bilet də alıb yola salmışdı. Onu
“Baksovet”ə deputat seçmişdilər. Lakin heç vaxt iclaslara getmirdi.
Narazılığını gizlətməyərək: «Mən
artistəm, niyə qoymurlar öz işimlə məşğul
olum? Mən xalqıma deputat kimi yox, yalnız
aktyor kimi xidmət edə bilərəm. Qoy
elə məni artist kimi tanıyıb sevsinlər,
deputatlıq mənim işim deyil» - deyirdi.
Onlar ailə quranda Lütvəli Abdullayevin 43, Sevda
xanımın isə 30 yaşı vardı. Sevda
xanımın üzərində «Xalq düşməninin
qızı» damğası vardı. O, Əhməd bəy
Pepinovun qızı idi. Atasını
müsavatçı nazir kimi 32-ci ildə güllələmişdilər.
Bu üzdən heç kim cürət edib
onların qapısını açmırdı. O vaxt bu
cür qapılara nəinki elçi getmək, hətta, onlarla
ünsiyyətdə olmaq da yasaq edilmişdi. Ancaq
Lütvəli Abdullayevin heç nəyə məhəl
qoymadan qəlbini ona açması, onların qapısına
elçi göndərməsi onu Sevda xanımın ailəsinin
gözündə ucaldıb. Onlar evləniblər.
Sevda xanım danışırdı ki, evlənəndən
sonra həyat yoldaşı ona işdən çıxıb
edə oturmağı təklif edib. Xarici Dillər
İnstitutunda alman dili müəlliməsi işləyən
Sevda xanım isə etiraz edib: «İndi ki, mütəxəssissən
onda əlasından olmalısan» - deyə Lütvəli
Abdullayev da bildirib. O, həqiqətən də həyat
yoldaşını bütün məişət
qayğılarından azad edib. Filologiya elmləri
namizədi adını almasına imkan yaradıb. Sevda
xanım həyat yoldaşını qayğıkeş, ailəyə
bağlı insan kimi xatırlayırdı: «Mənə
qabaqcadan demişdi ki, uşaqlara qarşı tələbkar
ol. Özü isə uşaqlara qarşı çox ciddi ola bilməyəcəyini söyləyirdi. Heç vaxt da uşaqlara qarşı kobudluq etməz,
onların bütün dəcəlliklərinə göz
yumardı. «Bu uşaqlar səndən
çəkinməlidir, bir az tələbkar ol»- deyə həmişə
hirslənəndə «Bunu məndən umma» - deyirdi. Ona görə də uşaqlar atalarını daha
çox sevirdilər.
Sevda xanım bu evlilikdən heç vaxt peşman
olmayıb. Əksinə,
tale onu böyük qəlbli, alicənab bir insanla
rastlaşdırıb: “Mən onunla küçəyə
çıxmaq istəmirdim. Çünki iki
addımlıq yolu bir saata qət edirdi. Yolboyu
o qədər tanımadığı adamlarla söhbət
edirdi ki, bezirdim. Etirazımı bildirəndə də
gülə-gülə deyirdi: «Görmürsən tipdir?». O, yaratdığı obrazların əksəriyyətini
həyatda rast gəldiyi həmin tiplərlə ünsiyyətdən
zərrə-zərrə toplayıb yaradırdı. O,
heç vaxt oynayacağı obrazın sözlərini evdə
əzbərləməzdi. Özünü daxilən
rola kökləməyə çalışardı” deyə
Sevda xanım xatırlayırdı.
Həm sirdaş, həm qardaş, həm
sirr...
Vaxtilə «Muskomediya»nın tamaşalarını izləyənlər
«İndiyə qədər Nəsibə-Lütvəli dueti kimi
bir duet olmayıb» deyə xatırlayırlar. Nəsibə xanım həmişə
Lütvəli Abdullayevdən danışanda üzünün
ifadəsi dəyişir, çöhrəsindən sanki bir gənclik
dalğası keçirdi: «Lütvəli mənim həm
sirdaşım, həm qardaşım, həm sirrim, həm
pulum, həm də pulsuzluğum olub. Lütvəlinin yeri mənim
qəlbimdə başqadır» - deyirdi Nəsibə xanım:
«Biz bir-birimizə o qədər inanırdıq ki. “Çalış ölmə, öldünsə
qurtardı getdi”- bu, onun sözləri idi. Deyirdi
ki, ad günlərimi mən öləndən sonra sən
keçirəcəksən. Mən səhnəyə
çox aktyorlarla çıxmışam, amma Lütvəli
kimi tərəf-müqabilim olmayıb. O, hər yerdə
sənət axtarışında idi. Adi bir
sözlə, eyhamla, bir baxışla öz istədiklərini
tamaşaçıara çatdırırdı. Onun rollarının arxasında həmişə əsl
artist görünürdü. O, fitrən komik aktyor kimi
doğulmuşdu. Ondan sonra səhnə boş
qaldı”.
İnsan sənətkar
Musiqili
Komediya Teatrının aktyoru, Əməkdar artist Novruz Qartal
vaxtilə “əmi” deyə çağırdığı
Lütvəli Abdullayevi “bütün zamanların aktyoru”
adlandırır: “Lütvəli gözəl sənətkar
olmaqdan savayı gözəl və xeyirxah insan idi. Tanrı ona hər şey vermişdi – istedad, gözəl
xasiyyət, vətənpərvərlik, humanistlik. Bütün bunlar Lütvəli Abdullayevdə cəm
olmuşdu. Elə adam yox idi ki,
Lütvəli ona köməklik etməsin. Hətta,
rayonlardan gələrək «Lütvəli müəllim, bizim
filan işimizi düzəlt» deyirdilər. O, həmin
adamları tanımırdı, ancaq uşaq kimi onların
qarşısına düşür və problemlərini həll
etməyə gedirdi. Mən bütün
bunları öz gözümlə görmüşəm.
Sənətkar olmaq asandır, ancaq insan olmaq
çətindir. Lutvəli Abdullayev insan sənətkar
idi. Biz uzun illər bir yerdə işlədik
və mən onu bircə dəfə də əsəbiləşən
görmədim. Həmişə deyib-gülən, zarafat
edən bir adam idi. Səhnədə
nə qədər komik idisə, həyatda bir o qədər
ağır təbiətli idi. O, gözəl ailə
başçısı idi. Ailəsini sevən,
sənətinə hədsiz məhəbbəti olan insan idi”.
Novruz Qartal heç vaxt unuda bilmədiyi bir hadisəni xatırlayır:
“Bir dəfə məni hərbi xidmətə
çağırırdılar. Bir tərəfdə
qanıqara dayanmışdım. Məni
görüncə, əhvalımı soruşdu, mən də
vəziyyəti izah elədim. «Səndən
əsgər olar? Sabah saat 9-da burda ol, hərbi
komissarlığa gedək»- dedi. Səhər
öz maşını ilə gəlib məni
götürdü və Biləcəriyə getdik və hərbi
komissarın qəbuluna düşdük. “Bizim
uşağı əsgərliyə aparırlar. O, gələcəyin
Lütvəlisidir. Buna bir il möhlət verin”
deyə xahiş etdi. Bununla da məsələ
həll olundu. Qapıdan çıxanda general «Lütvəli,
xahiş edirəm, bir də bura gəlmə» - deyəndə
Lütvəli gülərək: «İstəyirsənsə bir
də bura gəlməyim, onda nə Şəki zonasından, nə
də aktyorlardan əsgər aparma» - deyə cavab verdi”.
Novruz Qartal danışır ki, səhnəyə ilk
çıxdığı vaxtlarda Lütvəli Abdullayev Bəşir
Səfəroğlu ilə «Toy kimindir» komediyasında
oynayırmış. Gənc aktyor da həmin rolda oynamağı arzulayıb:
“Mən həmin rolu hazırladım və dedim ki, əmi, bir
bu rola bax, gör, mən bunu oynaya bilərəm, ya yox? O, zaman
Tağıyev teatrının yuxarı mərtəbəsində
məşq zalı var idi. Biz yuxarı
qalxdıq. O, tamaşanın bir hissəsinə baxdı
və güldü: «Afərin, bunu sən nə mənə
oxşatmısan, nə də Səyavuş Aslana. Sənin
öz yolun var. Bu rol sənindir, oyna»-dedi. O vaxtdan da mən bu
rolu oynayıram. Elə bu gün də həmin
balaca hissəni müasirləşdirərək təqdim edirəm.
Çünki bu, Lütvəli Abdullayevin
xeyir-duası ilə mənə verilən bir obrazdır».
Novruz
Qartal Lütvəli Abdullayevlə bir sıra tamaşalarda – «Məşədi
İbad», «Gözün aydın», «Hicran», «Məmmədəli
kurorta gedir», «Olmadı elə, oldu belə», «Özümüz
bilərik» və s. səhnə əsərlərində tərəf-müqabil
olub. Aktyor deyir ki, vaxtilə Lütvəli
Abdullayevlə səhnəyə çıxan aktyorlardan
sağ qalanlar da barmaqla sayılası qədərdir.
Çoxu dünyasını dəyişib: «Nəsibə
Zeynalova, Mobil Əhmədov, Ofeliya Aslan, Lütviyyə Səfərova
– hamısı vəfat edib. Lütvəli
Abdullayevin ən çox işlədiyi rejissor Şəmsi Bədəlbəyli
də dünyadan köçüb. Onlar həmçinin
yaxın dost idilər. Lütvəli Şəmsinin
sağ əli idi. Onlar birlikdə
«Muskomediya»nın yaradıcıları olublar”.
Novruz
Qartal “Lütvəli-Nəsibə” duetini isə teatr tarixində
ayrıca bir səhifə adlandırır: «Bu iki sənətkar
bir-birini çox gözəl başa düşürdü. Bir də görürdün Nəsibə xanım
söz atır, Lütvəli o saat sözü tutub ona cavab
verirdi. Bir-birini him-cimlə
anlayırdılar. Onların hər ikisi
improvizə ilə oynayan, xüsusi istedada malik olan insanlar idilər.
Onlar heç vaxt «tekst»lə səhnəyə
çıxmırdılar”.
Novruz Qartal təəssüflə deyir ki, böyük sənət yoldaşlarının – Bəşir Səfəroğlunu, bəstəkar Süleyman Ələsgərovun, rəssam Böyükağa Mirzəzadənin yeri hələ də teatrda görünür: “İndi o sənətkarların yeri boş qalıb. Bəzən səhnədə tərəf-müqabilimin zəif olduğunu görürəm. Onda dərhal gözümün qabağına Lütvəli Abdullayev kimi sənətkarlar gəlir. Mən o sənətkarlardan səhnə mədəniyyəti, davranış, məclislərdə özlərini necə aparmaq qaydasını, xeyirxahlığı öyrənmişəm. Mən bu gün də gənclərə onlardan öyrəndiyimi öyrədirəm. Yaxşı ki, bu cür sənətkarlar olub və biz onları səhnədə görmüşük, onlardan öyrənmişik. Çünki onlar ustad olub”.
Təranə Məhərrəmova
Kaspi.-2013.-22 may.-S.12.