“Azərbaycana
qayıdacağım
vaxtı özüm heç
kimə demədim”
Mətbuat nümayəndələri
ilə ayaqüstü görüşən “Eurovision” təmsilçimiz,
səhər saat 5-də kiminsə yuxusuna haram qatmaq istəməyib
Azərbaycanın
“Eurovision 2013” Mahnı Müsabiqəsindəki təmsilçisi,
ölkəmizə ikincilik qazandıraraq adını tarixə
yazdıran Fərid Məmmədov bu gün ulu öndər
Heydər Əliyevin abidəsini ziyarət edərək gül
qoydu. Təmsilçimiz pərəstişkarları ilə
görüşüb, mətbuat nümayəndələrinin
suallarını da cavablandırdı.
Kaspi.az-ın
məlumatına görə, Heydər Əliyev Sarayı
önündəki parkda bir qrup gənc Fərid Məmmədovu
alqışlarla qarşıladı və yarışmada 2-ci
yerə layiq görüldüyü üçün təşəkkürlərini
bildirərək onunla fəxr etdiklərini söylədilər.
Pərəstişkarları ilə görüşən
iştirakçımız mətbuat nümayəndələrinin
də suallarını cavablandıraraq, müsabiqə
zamanı ona dəstək olan hər kəsə minnətdarlığını
bildirdi: “Artıq vətənimdəyəm və sizlərlə
görüşməkdən məmnunluq duyuram. Mənə dəstək
olan hər kəsə təşəkkür edirəm.
“Eurovision” yarışmasında 2-ci yerə layiq
görüldüyüm üçün sevinirəm və bu,
böyük nəticədir. Gələcəkdə konsertlər,
mahnılar və maraqlı layihələrim olacaq.
Yarışma ilə fəaliyyətimi dayandırmaq fikrində
deyiləm”.
Mətbuat
nümayəndələrinin bukmekrlərin məhz onu birinci
yerə layiq gördüyünü, ancaq 2-ci yeri tutması ilə
bağlı verdiyi suallara cavab olaraq F.Məmmədov qismətində
2-ci yer yazıldığını söylədi: “Bəli,
yarışmada Azərbaycan favoritlər sırasında idi. Bu
bizim üçün gözəl haldır. 2-ci yer də pis nəticə
deyil. İstəyərdim ki, 1-ci olaq. Ancaq Allah tərəfindən
belə məsləhət imiş, qismətimdə ikinci yer
yazılıbmış. Hər şey gözəl oldu,
yaxşı performans və ifa nümayiş etdirməyim
üçün heç nə mənə mane olmadı.
Düşünürəm ki, əldə olunan nəticə də
iki aylıq zəhmətimin bəhrəsi idi. Yarışmaya
qədər gündəlik məşqlər keçirirdik,
çalışırdıq. İnşallah, gələcəkdə
yenə də birinci olarıq”.
Danimarka
təmsilçisinin çıxışı haqqında fikir
bildirmək istəməyən Fərid bu barədə
heç bir söz deyə bilməyəcəyini söylədi:
“Qoy, onların mahnıları haqqında olan fikrim
özümdə qalsın. Onu deyə bilərəm ki,
İsveç təmsilçisinin mahnısını çox
bəyəndim. Amma həmin mahnı heç onluğa da daxil
olmadı. Yarışmada mübarizə aparan yaxşı
mahnılar çox idi, onlar heç onluqda belə yer
almadılar. Müsabiqə şəffaf keçdi. Bizim
hazırladığımız səhnə performansı hər
kəs tərəfindən sevildi, yaxşı
qarşılandı. Biz digər ölkələrin
iştirakçılarından daha yaxşı
hazırlaşmışdıq. Bizim hər il yaxşı
çıxışlarımız olur və hər dəfə
də onluqda oluruq. Hər şeydən razı qaldım.
İstəyirdim ki, çıxışımı layiqincə
yerinə yetirim və bunun üçün çox
çalışırdım. Hər şeyə görə
şükür etmək lazımdır”.
Fərid
Məmmədov mətbuat nümayəndələrinə
Malmödə olduğu müddətcə “Facebook” sosial şəbəkəsinin
fan səhifəsində bütün dünyadan onu izləyən
pərəstişkarlarına necə
hazırlaşdığını göstərməyə
çalışdığını dedi: “Hər dəqiqəmi
fan səhifəmdə əks elətdirirdim. Qoy hər kəs bilsin ki Azərbaycan
“Eurovision”-a necə hazırlaşır”.
İfaçı Bakıya qayıtdıqda,
soyuq qarşılanması
haqda deyilənlərə
də aydınlıq gətirdi: “Heç də vətənimdə soyuq qarşılanmadım.
Azərbaycana gələcəyimi özüm heç kimə demədim. Çünki Bakıya səhər
saat 5-də gəldim və heç kimi həmin vaxt narahat etmək
istəmədim. Saat 5-də kiminsə
yuxusuna haram qatmaq istəmədim”.
Zəhra Bədəlbəyli də
Azərbaycanın iştirakçısının
Malmödə yaxşı
qarşılandığını və yarışmanın
şəffaf şəkildə
keçirildiyini qeyd etdi. Onun sözlərinə görə, Fəridin ifasını və performansını Avropa nümayəndələri çox
bəyənib.
Xəyalə Rəis
Kaspi.-2013.-22 may.-S.13.