Əlil uşağı necə
oxutmalı?
Azərbaycanda fiziki qüsurlu
uşaqların təhsil alması problem olaraq qalır
Bu
gün ölkəmizdə fiziki qüsurlu uşaqların təhsil
məsələsi problem olaraq qalmaqdadır. Hər kəsə
məlumdur ki, hər bir fiziki qüsurlu uşaq qüsursuz
uşaqlarla eyni hüquqlara, həmçinin təhsil almaq
hüququna malikdir. “Təhsil haqqında” qanunda da qeyd olunub ki,
cəmiyyətin bütün üzvlərinin - istər
sağlam, istərsə də sağlamlıq imkanları məhdud
insanların bərabər təhsil alma hüquqları var.
Lakin ölkəmizdə sağlamlıq imkanları məhdud
olan uşaqların sağlam uşaqlar kimi təhsildən
yararlanması problemli məsələlərdəndir.
Statistika
Rəsmi
statistikalara görə, Azərbaycanda 60 minə yaxın əlilliyi
olan uşaq var. Onun 12 minə yaxını təhsilə cəlb
olunur və böyük əksəriyyət təhsildən kənarda
qalır. Statistikaya görə əlilliyi olan uşaqların
böyük bir hissəsinin yaş həddi məktəbəqədər
yaş dövrünü əhatə edir. Lakin ölkəmizdə
fiziki qüsurlu uşaqların əksəriyyəti həmyaşıdları
ilə birlikdə təhsildən yararlana bilmir və bu da
onların savadlanmasının, elmə, biliyə yiyələnməsinin
qarşısını alır. Məktəbəqədər
təhsildən yararlana bilməmələri onların
ümumi məktəb həyatına da əngəl törədir
və cəmiyyətə inteqrasiyasını çətinləşdirir.
Çünki məktəbəqədər təhsil hər
bir uşağın həyatında önəmli mərhələdir.
Araşdırmalara görə, uşaqların bağçaya
getməsi onların sonrakı həyatına və təhsil fəaliyyətinə
müsbət təsir göstərir. Məktəbdən əvvəl
bağçada təhsil almış uşaqlar oxumağı,
yazmağı digərlərinə nisbətən daha tez
qavrayırlar. Xüsusilə əlilliyi olan uşaqların məktəbəqədər
təhsil formasından yararlanmadıqda ümumi təhsilə
keçmələri onların qavramalarında müəyyən
çətinliklər törədir. Bəs Azərbaycanda
fiziki qüsurlu uşaqların məktəbəqədər təhsilə
cəlb olunması hansı səviyyədədir? Onlar təhsilin
bu növündən kifayət qədər yararlana bilirlərmi?
Əlil uşaqlar bağçaya
göndərilmir
Xüsusi
qayğıya ehtiyacı olan uşaq və yeniyetmələrin
reabilitasiyası ilə məşğul olan "Göy
qurşağı" yardım mərkəzinin direktoru Yeganə
Məmmədəliyeva bizimlə söhbətində bildirdi
ki, ölkəmizdə əlilliyi olan uşaqların məktəbəqədər
təhsil səviyyəsi yox dərəcəsindədir: “Azərbaycanda
əlilliyi olan uşaqların məktəbəqədər təhsildən
yararlanmaları üçün xüsusi uşaq
bağçaları yox səviyyəsindədir. Biz Təhsil
Nazirliyi və UNİSEF-in xətti ilə normal uşaqların
oxuduğu bağçalarda bir neçə qrup yaratdıq.
Amma onların kütləvi şəkildə təhsil
almaları üçün bu qruplar kifayət etmir.
İnkluziv təhsil proqramını tətbiq etdikdə isə
valideynlərin münasibəti birmənalı olmur.
Düzgün inkişaf etmiş uşaqların valideynləri
övladlarının əlil uşaqlarla birlikdə təhsil
almalarına qarşı çıxırlar. Bunun əsas səbəbi
isə onların bu istiqamətdə düzgün yönləndirilməmələridir.
Buna görə də bu mövzuda valideynlər arasında
maarifləndirilmə işlərinin aparılmasına
böyük ehtiyac var. Çünki əgər tərbiyəçilər,
ümumi qrup hazırdırsa, əlilliyi olan uşaqları ora
cəlb etmişiksə, lakin normal uşaqların valideynləri
bunu qəbul etmirsə, biz bunu tətbiq edə bilmərik”.
Xatırladaq
ki, inklüziv təhsil xüsusi qayğıya ehtiyacı olan
uşaqların ümumi təhsil müəssisələrində
sağlam uşaqlarla birgə təhsil almasıdır. Proqrama
görə, əgər bir qrupda 20 nəfər uşaq varsa,
bunların ikisi və ya üçü fiziki qüsurlu
uşaqlar olmalıdır.
Qüsurlu uşaq təhsil ala bilməz?
Fiziki qüsurlu uşaqların təhsilə cəlb edilməsində əsas problemlər haqqında məlumat verən Y.Məmmədəliyeva təhsildən
kənar qalan əlillərin insanlarla ünsiyyətdə çətinlik
çəkdiyini bildirdi:
“Əlilliyi olan uşaqların təhsilə
cəlb edilməsində
əsas problemlərdən
birincisi valideynlərin
uşaqların hüquqlarını
bilməməsindən irəli
gəlir. Onlar elə hesab
edirlər ki, əgər uşaqları
qüsurludursa təhsil
ala bilməz. Bir çox
hallarda valideynlər belə düşünür.
Ona görə də uşaqları təhsildən
kənarda qalır və cəmiyyətə inteqrasiyası zəif olur”.
Xarici təcrübə
Xarici təcrübə haqqında
məlumat verən Y.Məmmədəliyeva bu
təcrübənin Azərbaycanda
da tətbiq edilməsinin gərəkli
olduğunu bildirdi: “Dünyada hər bir ölkədə fiziki qüsurlu uşaqlara qarşı yanaşma müxtəlifdir.
Amma bu da həqiqətdir
ki, bizim ölkə bu baxımdan inkişaf etmiş ölkələrdən
geri qalır. Çünki Avropada əlilliyi
olan uşaq anadan olubsa, artıq doğum evindən müvafiq qurumlara məlumat verilir. Orada 0-dan 3 yaşına qədər ailələrə
sosial işçilər
cəlb olunur. Onlar uşağın valideynləri
ilə söhbət aparır, onlarla nə etmək, necə işləmək,
övladlarının hansı
bacarıqlarını inkişaf
etdirmək lazım olduğu haqqında məlumat verir. Üç yaşına qədər uşağın
tədrisi ev
şəraitində aparılır.
3 yaşından 6 yaşına
qədər olanlar uşaq bağçalarına
göndərilir, 6 yaşından
18 yaşına qədər
olanlar məktəblərə
göndərilir, sonra
ali təhsil, daha sonra iş
yerlərinə ezam edilir. Əgər uşağın təhsili qavrama səviyyəsi aşağıdırsa,
bu zaman o, hansısa texniki peşəyə yiyələnir.
Düşünürəm ki, fiziki qüsurlu uşaqların cəmiyyətə inteqrasiyasını
təmin etmək üçün bunları
Azərbaycanda da tətbiq etmək mümkündür və lazımdır”.
“Qanunvericilikdə
boşluq var”
Uşaq
Hüquqları üzrə
Azərbaycan QHT Alyansının
sədri Nazir Quliyev bizimlə söhbətində bildirdi
ki, bununla bağlı qanunvericilikdə
boşluq var. Bu səbəbdən
fiziki qüsurlu uşaqların təhsilə
cəlb olunması və inkluzivliyi təmin olunmur: “Araşdırmalar göstərir
ki, təhsilə cəlb olunan əlil uşaqların böyük əksəriyyəti
evlərində təhsil
alırlar. Lakin evdə təhsil
almaq üsulu müasir dövrdə səmərəli deyil.
Burada əsas məsələ onların cəmiyyətə
inteqrasiya olunmasıdır,
bunun üçün
də əlil uşaqlar öz həmyaşıdları birlikdə
təhsil almalı və ünsiyyətə girməlidirlər. Bundan əlavə,
qanunvericilikdə boşluqlar
olduğu üçün
fiziki qüsurlu insanların infrastruktur baxımından problemləri
var. Onların hərəkəti
üçün lazımi
şərait yaradılmır
və nəqliyyatdan rahat istifadə edə bilmirlər. Burada kompleks təminetmə olmalıdır. Həm infrastruktur,
həm də qanunvericilik düzgün qurulmalıdır. Onların cəmiyyətə
inteqrasiyası üçün
əsas məsələlərdən
biri isə valideynlərin maarifləndirilməsidir.
Təcrübədə göstərilir ki,
əlilliyi olan uşaqların valideynləri
uşaqların cəmiyyətə
qaynayıb-qarışmasında, təhsil almasında və gələcəyinin
düzgün təməl
üzərində qurulmasında
böyük rol oynayır”.
N.Quliyevin
sözlərinə görə,
əlil uşaqların
təhsil almaması onların gələcək
həyatında böyük
fəsadlar yaradır:
“Əlil övladı
olan hər bir ailə bilməlidir
ki, uşaqların kiçik yaşlarından
təhsil almaları olduqca vacib məsələlərdəndir.
Çünki, uşaq təhsil
ala bilməyərək cəmiyyətdən
kənarda qalır və gələcəkdə
ailənin üzərinə
yük olur, özünü cəmiyyətə
yarasız insan kimi hiss edir. Ailənin gəlir gətirən üzvü isə məcbur olur ki, əmək fəaliyyətini saxlayıb
uşağa baxsın.
Bundan əlavə, əlillərin
əmək fəaliyyəti
ilə məşğul
olmamaları cəmiyyətdə
sosial yükün ağırlaşmasına gətirib
çıxarır. Amma onlar
peşə təhsili
alsalar, lap kiçik yaşlarından əmək
fəaliyyətinə cəlb
olunsalar, cəmiyyətə
faydalı insan olarlar və yükə çevrilmirlər.
Təcrübələr də göstərir
ki, təhsili olan fiziki qüsurlu
insanın digər insanlardan heç bir fərqi yoxdur, sadəcə, onlara uşaqlıqdan qayğı göstərərək
düzgün yönləndirmək
lazımdır”.
Aygün Cəfərli
Kaspi.-2013.-22 may.-S.7.